Məhkəmə qərarları › İş №e-2-1(112)-4318/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4318/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4318/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “Prezident təqaüdünün təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona "Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün" müraciət etdiyi tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq, məhkəmə iclasının protokolu ilə iş üzrə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair sonuncu ərizəsində X1 İnstitutunun Geofizika və Geologiya İdarəsinin tərkibində olduğu müddət ərzində Geofizika və Geologiya İdarəsində işlədiyi (3 fevral 2006-10 avqust 2012-ci il) dövrün əsas iş yeri üzrə elmi müəssisədə əmək stajı kimi nəzərə alınmaqla, "Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün" təsis edilməsi haqqında 30 dekabr 2020-ci il tarixli, 1229 nömrəli Fərmana əsasən, ona həmin təqaüdün təyin edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 03 iyul 2024-cü il tarixdə 1 saylı Bakı DOST Mərkəzində rəsmi qaydada cavabdehə müraciət etmiş və ona "Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün” təyin edilməsini xahiş etmişdir. Müraciətinə imtina cavabı verilmişdir. İmtinanın səbəbi kimi xx.xx.1992-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində Geofizika və Geologiya İdarəsinin elmi müəssisə olmaması əsas göstərilmişdir. Cavabdeh, "Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün" təsis edilməsi haqqında 30 dekabr 2020-ci il tarixli (№1229) Fərmana əsasən həmin təqaüdün təyin edilməsi üçün tələb olunan elmi müəssisədə 25 il əmək stajına malik olduğu faktını inkar edir, təqaüdün təyin edilməsindən imtina edir. "Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün" təsis edilməsi haqqında 30 dekabr 2020-ci il tarixli (№1229) Fərmana əsasən, iddiaçının elmi müəssisədə 25 il əmək stajına malik olduğu faktının araşdırılması və müəyyən edilməsi öhdəliyini cavabdeh daşımır və bu həmin qurumun səlahiyyətləri xaricindədir. Odur ki, iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə ona Prezident təqaüdünün təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. 1 saylı DOST Mərkəzindən daxil olmuş ərizə və ona əlavə edilmiş sənədlərə Filialda aidiyyəti üzrə baxılmışdır. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2- H-251681 nömrəli imtina məktubuna əsasən sözügedən təqaüdün təyin edilməsi üçün qanunvericiliklə tələb olunan kifayət qədər (25 il) sosial sığorta stajının olmaması səbəbindən (16 il 10 ay 23 gün olduğundan) təqaüdün təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçının əmək kitabçasının surətində xx.xx.1992-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində Geofizika və Geologiya İdarəsində işlədiyi qeyd edilmişdir. Sözügedən müəssisənin elmi müəssisə və təşkilatların və ya təhsil müəssisələrinin siyahısına daxil olub-olmamasını müəyyənləşdirmək məqsədilə Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) müvafiq bölməsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq daxil olmuş müvafiq məktuba əsasən bildirilir ki, 14 iyun 2016-cı il tarixli 271-VQ nömrəli “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi ilə elmi müəssisə və təşkilatlarda müəyyən edilən elmi işçi vəzifələri təsbit olunmuşdur. Belə ki, Qanunun 8.5-ci maddəsinin tələbinə əsasən elmi işçilər elmi müəssisə və təşkilatın və ya ali təhsil müəssisəsinin elmi şurasında seçilir. Elmi işçinin müsabiqə yolu ilə seçilməsi qaydaları elmi müəssisə və təşkilatın nizamnaməsi (əsasnaməsi) ilə tənzimlənir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən elmi müəssisə və təşkilatların ali idaretmə orqanı onun elmi şurasıdır. Elmi şura elmi fəaliyyətin bütün istiqamətləri üzrə həyata keçirilən işləri və onların nəticələrini müzakirə edir, müvafiq qərarlar qəbul edir, gələcək inkişaf planlarını hazırlayır və təsdiq edir. Fondun müvafiq xidməti məktubuna əsasən Geofizika və Geologiya İdarəsinin nizamnaməsində ali idarəetmə orqanı olaraq elmi şuranın fəaliyyəti müəyyən edilmədiyi üçün Geofizika və Geologiya İdarəsi elmi müəssisə və ya təşkilat hesab olunmur. Qeyd olunanlar nəzərə alaraq bildirilir ki, idiaçının ümumi sığorta stajı (16 il 10 ay 23 gün) Fərmanla tələb olunan 25 il sığorta stajından az olduğu üçün sözügedən təqaüdün təyin edilməsi Fərmanın tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraza əlavədə bildirilmişdir ki, məhkəmə icraatı zaman iddiaçının ümumi sosial sığorta stajının hesablanmasında nəzərə alınan dövrlərin aydın şəkildə göstərilməsi, həmçinin SOCAR-ın məhkəmə sorğusuna cavab qismində ünvanladığı xx.xx.2025-ci il tarixli 14-2-4/2-351/2025 nömrəli məktuba ətraflı münasibətin bildirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraa işə dair etiraza əlavə təqdim edilir və hesab edilir ki, cavabdeh orqan tərəfindən verilmiş imtina qanunauyğun, iddiaçının iddia tələbi isə əsassız hesab edilərək məkkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə ona elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2- H251681/2024 nömrəli imtina məktubuna əsasən sözügedən təqaüdün təyin edilməsi üçün qanunvericiliklə tələb olunan kifayət qədər (25 il) sosial sığorta stajının olmaması səbəbindən (16 il 10 ay 23 gün olduğundan) təqaüdün təyin edilməsindən imtina edilmişdir. Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-43523/2025 nömrəli xidməti məktubu ilə iddiaçının ümumi sosial sığorta stajına daxil edilən dövrlərə ətraflı münasibət bildirilmişdir. Belə ki, sözügedən məktubun məzmunundan görünür ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən: xx.xx.1973-cü i tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1974-cü i tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1976-cı i tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınaraq cəmi sosial sığorta stajı 16 il 10 ay 23 gün təşkil etməkdədir. Həmçinin, qeyd olunan xidməti məktuba Fondun Sosial Ödənişlər Departamentinin xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-80585/2024 nömrəli xidməti məktubu qoşma edilmişdir. Həmin qoşmaya əsasən Geofizika və Geologiya İdarəsi elmi müəssisə və ya təşkilat hesab olunmadığından əmək kitabçanın surətində qeyd olunan xx.xx.1992-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində Geofizika və Geologiya İdarəsində əmək fəaliyyəti dövrləri nəzərə alınmamışdır. Əlavə olaraq qoşma məktubda qeyd edilmişdir ki, X2 departamenti tərəfindən Geofizika və Geologiya İdarəsinin elmi müəssisə və ya təşkilat hesab edilib-edilməməsinə dair məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına (Komissiya) sorğu ünvanlanmışdır. Sözügedən sorğuya cavab olaraq, Fonda daxil olmuş 23 sentyabr 2024-cü il tarixli 3-50/2-435/2024 nömrəli məktubda qeyd olunur ki, elmi müəssisə və təşkilatın anlayışı “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanunu ilə müəyyən edilir. hazırki iş üzrə iş materiallarına əlavə olunmuş Geofizika və Geologiya İdarəsinin nizamnaməsinin 7.1-ci bəndində baxış keçirdikdə, qeyd olunan idarəyə təkbaşına idarəçilik prinsip əsasında fəaliyyət göstərən İdarənin rəisinin rəhbərlik etdiyini görmək mümkündür. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək, İddiaçı elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan əsasların mövcud olmadığına dair sübutlar məhkəmənin nəzərinə çatdırılır: 1. iddiaçının işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində Geofizika və Geologiya İdarəsinin elmi-texniki şurası mövcud olsa da, qeyd edilən şura Qanunun 21.4cü maddəsinə uyğun olaraq ali idarəetmə orqanı statusuna malik deyildir (Geofizika və Geologiya İdarəsinin nizamnaməsinin 7.1-ci bəndi); 2. Qeyd olunan iderə elmi müəssisə hesab edilmədiyindən, iddiaçının xx.xx.1992-ci il tarizindən xx.xx.2021-ci il tarixinədək əmək fəaliyyəti dövrünün onun ümumi sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır; 3. İddiaçıya elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi üçün qanunvericiliklə tələb olunan kifayət qədər (25 il) sosial sığorta stajının olmaması (16 il 10 ay 23 gün). Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini dəqiqləşdirilmiş formada müdafiə edərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli sonuncu məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sığorta stajı (19 il 7 ay 25 gün) Fərmanla tələb olunan 25 il sığorta stajından az olduğu üçün sözügedən təqaüdün təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilərək tələbin təmin edilməsindən imtina edilmişdir. -İddiaçıya məxsus xx.xx.2003-cü il tarixdən doldurulmağa başlamış ИТ– İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində rəis müavini, xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin İdarədə şöbə rəisi, əməyin mühafizəsi üzrə rəis müavini vəzifəsində işləmişdir. -Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş diplomun surətindən görünür ki, Komissiyanın xx.xx.2005-ci il tarixli qərarı ilə İddiaçı texnika elmləri namizədi alimlik dərəcəsi verilmişdir. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubun surətindən görünür ki, iddiaçının avtomatlaşdırılmış qaydada təyin edilmiş pensiyası yenidən hesablanaraq 31 il 6 ay sığorta stajı və 143548 manat pensiya kapitalına uyğun olaraq ona 1163.77 manat pensiya təyin edilmişdir. -Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla SOCAR-ın xx.xx.2006-cı il tarixli 15 №-li və xx.xx.2012-ci il tarixli əmrlərinin arxiv surəti təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsinin strukturunun təsdiq edilməsi barədə xx.xx.2006-cı il tarixli, 15 №-li əmri ilə “Azərgeofizika Elmi-Tədqiqat İnstitutu”nun maddi-texniki bazasında “Geofizika Elmi-Tədqiqat İnstitutu” yaradılmışdır (2.3). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli, 104 №-li əmri ilə İdarənin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən “Geofizika Elmi-Tədqiqat İnstitutu” xx.xx.2012-ci il tarixdən ləğv edilmişdir. -Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Geofizika və Geologiya İdarəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən təsis edilmiş və xx.xx.2006-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Geofizika və Geologiya İdarəsinin əsas məqsədi Azərbaycan Respublikasının quru və dəniz ərazisində neft və qaz üzrə kəşfiyyat və mədən geofizikası, atma-partlayış, mühəndis geologiyası, geodeziya və geoloji kəşfiyyat işlərinin həyata keçirilməsindən, vəzifələri isə neft, qaz kondensat ehtiyatı artımı tapşırığının yerinə yetirilməsi üçün Respublikada perspektivli strukturların geofiziki kəşfiyyat üsulları ilə aşkar edilməsinin və qazmaya hazırlanmasının təmin edilməsindən ibarətdir. Geofizika və Geologiya İdarəsi, göstərilən məqsəd və vəzifələrinə nail olmaq üçün quruda və dənizdə qazılan bütün növ quyularda geoloji kəsilişin öyrənilməsi, neft və qazlılığın müəyyənləşdirilməsi, layların öyrənilməsi, hesablama əmsallarının, kollektorların petrofiziki parametrlərinin təyin edilməsi məqsədilə mədən geofiziki, hidrodinamiki və digər tədqiqatların aparılması, Respublika ərazisindəki neft, qaz və qazkondensat yataqlarının işlənilməsinə və quyuların istismarına geofiziki üsullarla nəzarət edilməsi, texniki vəziyyətinin öyrənilməsi, quyularda olan qəza və mürəkkəbləşmələrin müxtəlif geofiziki və atma-partlayış üsulları ilə aradan qaldırılması, mühəndis-geoloji və topogeodeziya, geoloji kəşfiyyat işlərinin aparılması və nəticədə əldə edilmiş materialların interpretasiyası və digər fəaliyyət növlərini həyata keçirir. Qeyd edilir ki, "Geofizika və geologiya" İdarəsi SOCAR-ın 2006-cı ilin 03 fevral tarixli 15 nömrəli əmrinə əsasən SOCAR-ın strukturuna daxil olmuş, hüquqi şəxs statusuna malik olmayan müəssisələr, o cümlədən “Geofizika” Elmi-Tədqiqat İnstitutu (ETİ) bazasında yaradılmışdır. Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti geofizika və geologiya sahələrində elmi-tədqiqat işlərinin həyata keçirilməsindən ibarət olmuşdur. Həmin İnstitut 2024-cü il tarixədək (siyahıya dəyişiklik edilənədək) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların elmi müəssisə və təşkilatların Siyahısı”nda mövcud olmuşdur. Bununla belə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “ARDNŞ-nin Geofizika və geologiya İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” 10 avqust 2012-ci il tarixli 104 nömrəli əmrinə əsasən, GGİ yenidən təşkil edilmiş və onun tərkibində olan “Geofizika” Elmi-Tədqiqat İnstitutu 01 sentyabr 2012-ci il tarixdən ləğv olunmuşdur. Əlavə olaraq bildirilir ki, Geofizika və geologiya İdarəsində Elmi-Texniki Şura 2006-cı ildən fəaliyyət göstərir. Lakin Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının 3/1 nömrəli Qərarının maddə 20a bəndinə əsasən 2006-cı il tarixdən yaradılmış Elmi-Texniki Şuranın yaradılması haqqında əmrin və İstehsalat əmri kitabının saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq Elmi-Texniki Şurasının yeni tərkibi haqqında xx.xx.2017-ci tarixli SOCAR**********00040020A00053 nömrəli əmrinin təsdiq edilmiş surəti və Geofizika və geologiya İdarəsinin Nizamnaməsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Geofizika və geologiya İdarəsinin Nizamnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İdarənin əsas fəaliyyət növlərindən biri geofizika və geologiya sahələrində elmi-tədqiqat, layihə və konstruktor işlərinin həyata keçirilməsidir. Beləliklə, işin faktiki hallarından və məhkəmə iclaslarında tərəflərin izahatlarından müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü iddiaçının cavabdeh inzibati orqana pensiya hüququ yarandığı tarixdən elmlər doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidenti təqaüdünün təyin edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Cavabdehin əsas dəlili iddiaçının iş stajının 19 il 7 ay 25 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olması və xx.xx.1992-ci il tarixdən xx.xx.2021-ci il tarixədək SOCAR-ın Geofizika və Geologiya İdarəsində işlədiyi dövrlər ilə bağlıdır. Qeyd olunan dövrlərdə olan sosial sığorta stajı elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olmadığından elmi fəaliyyətə daxil edilməmişdir. İddiaçı isə cavabdehin imtinası ilə razılaşmır və qeyd edir ki, onun xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək Geofizika və Geologiya İdarəsində çalışdığı dövr əsas iş yeri üzrə elmi müəssisədə əmək stajı kimi nəzərə alınmalıdır. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinin hazırkı redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli, 1229 №-li Fərmanının 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2021ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2023-cü il tarixli, 1969 №-li Fərmanına əsasən, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manata çatıdırlmışdır. “Elm haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.22-ci maddəsinə əsasən, elmi müəssisə və təşkilat – elm və elmi-texniki fəaliyyətlə məşğul olan hüquqi şəxsdir. -6.0-cı maddəsinə əsasən, elmi fəaliyyət sahəsində dövlətin vəzifələri aşağıdakılardır: ... 6.0.19. müxtəlif statuslu dövlət elmi müəssisə və təşkilatlarının yaradılması. -10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və xüsusi, təşkilati-hüquqi formasına görə isə publik, kommersiya və qeyri-kommersiya elmi müəssisə və təşkilatları fəaliyyət göstərir. -10.4-cü maddəsinə əsasən elmi müəssisə və təşkilatlara aşağıdakılar aiddir: 10.4.1. dövlət ali elmi təşkilatı; 10.4.2. elmi tədqiqat institutu (elmi fəaliyyətlə məşğul olan qurumlar, sahə elmi tədqiqat institutları, bölmələr, laboratoriyalar və digər); 10.4.3. ali təhsil müəssisəsinin elmi qurumları; 10.4.4. elmi mərkəzlər; 10.4.5. təcrübi-konstruktor, layihəkonstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr; 10.4.6. elmi işçilərin ictimai qurumları. -10.5-ci maddəsinə əsasən, elmi müəssisə və təşkilatın nizamnaməsində aşağıdakılar nəzərdə tutulur: ...10.5.6. elmi və ya elmi-texniki şura və onun təşkili qaydaları; -15.1. Təcrübi-konstruktor müəssisəsi (bürosu) elmi tədqiqat işlərinin nəticələrini texniki, mühəndis, laboratoriya sınaqları səviyyəsinə çatdırmaqla onların istehsalatda tətbiqini təmin edir. Bu tipli müəssisələr məhsulun nümunələrini və istehsal üçün zəruri olan texniki sənədlərin hazırlanmasını təmin edir. -15.2. Layihə-texnoloji müəssisələrin (büroların) əsas fəaliyyəti elmi tədqiqat işləri, biznes-planları və investisiya layihələrinin əsaslandırılması mərhələsində innovasiya xarakterli işləmələrin kompleks layihələndirilməsini həyata keçirməklə onların tətbiqini təmin etməkdən ibarətdir. -21.1-ci maddəsinə əsasən, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, elmi müəssisə və təşkilatlar bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq idarə edilir. -21.4-cü maddəsinə əsasən, elmi müəssisə və təşkilatların ali idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura elmi fəaliyyətin bütün istiqamətləri üzrə həyata keçirilən işləri və onların nəticələrini müzakirə edir, müvafiq qərarlar qəbul edir, gələcək inkişaf planlarını hazırlayır və təsdiq edir. İstinad olunan Fərmanın tələblərindən göründüyü kimi, şəxsə Prezident təqaüdünün təyin edilməsi üçün eyni zamanda dörd şərtin mövcud olması zəruridir:

1. əsas iş yeri kimi elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmalı;

2. elmi dərəcəsi olmalı;

3. əmək pensiyaçısı olmalı (qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçısı istisna olmaqla);

4. işləməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə elmi dərəcəsinin olması, ona yaşa görə əmək pensiyası təyin edilməklə, hazırda işləməyən əmək pensiyaçısı kateqoriyasına aid olması işin mübahisəsiz hallarıdır. Göründüyü kimi sözügedən 3 şərtin ödənilməsi ilə bağlı hər hansı mübahisə yoxdur. İş üzrə yeganə mübahisə iddiaçının ona Prezident təqaüdünün təyin edilməsi üçün Fərmanda nəzərdə tutulmuş 25 il sığorta stajına malik olmamasıdır. Məhkəmə bununla bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması dövründə əldə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçının əsas iş yeri olan ARDNŞ-nin Geofizika və geologiya İdarəsinin strukturunda (xx.xx.2006-xx.xx.2012-ci illərdə) Elmi-Tədqiqat İnstitutunun fəaliyyət göstərməsi, fəaliyyət istiqamətinin geofizika və geologiya sahələrində elmi-tədqiqat işlərinin həyata keçirilməsindən ibarət olması, eyni zamanda Geofizika və Geologiya İdarəsinin Nizamnaməsində (4.3-cü bəndində) qanunvericiliyə uyğun olaraq geofizika və geologiya sahələrində elmi-tədqiqat, layihə və konstruktor işlərinin həyata keçirilməsinin İdarənin əsas fəaliyyət növlərindən biri olması öz təsdiqini tapmışdır. Odur ki, ARDNŞ-nin Geofizika və geologiya İdarəsinin Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti “Elm haqqında” Qanunun 10.4.5-cü maddəsinə əsasən elmi müəssisə və təşkilatlara aid edilməli, iddiaçının da həmin müəssisədəki xx.xx.2006-xx.xx.2012-ci illərdəki əmək fəaliyyəti dövrü onun sosial sığorta daxil edilməlidir. Belə olan halda, iddiaçının əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 il çalışdığı müəyyən olunur. (mübahisəsiz 19 il, 7 ay, 25 gün + 6 il, 6 ay, 8 gün). Bu da sözügedən Fərmanın 1-ci bəndinin tələblərinə uyğundur. Beləliklə, iddiaçının 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən ona elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsindən cavabdehin imtinası qanunazidd sayılmalı, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar