Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4319/2025 19.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, təqdim edilmiş sənədlərin surətlərinə əsasən iddiaçının cəmi sığorta stajı 21 il 10 ay 16 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş 07.01,1999-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulub (işdənçıxma əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun verilməli olduğu halda 37- ci maddəsinə uyğun olaraq verilib). Mötəbərliyinə əsaslı şübhələr olan "xxxx" Elmi- İstehsalat birliyində xx.xx.1999-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli aktına əsasən sözügedən müəssisənin hüquqi, faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından orada işlədiyiniz dövr ərzində əməkhaqqı almağınızı müəyyən etmək mümkün olmamışdır. Həmçinin Arxiv və Sosial Ödəniş işlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli xidməti məktubuna əsasən "İnformatika” Elmi-İstehsalat birliyinin iş qovluğu təhvil verilməmişdir. Bu səbəbdən həmin dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiəsasında həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən proaktiv qaydada yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələbləri nəzərə alınaraq iddiaçıya xx.xx.2024-cü il tarixindən proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmiş və hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 63 yaş 6 aydan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.1960-cı il təvəllüdlü Bakı şəhərində doğulmuş İddiaçı əmək fəaliyyətinə xx.xx.1977-ci il tarixdən başlamış və xx.xx.2004-cü il tarixədək davam etdirmişdir. Ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzinə ərizə ilə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə ərizəni təmin etməmişdir. Əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlanılmasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əmək haqqı cədvəllərinin, əmr kitablarından çıxarışların və s.) aşkarlanmaması, onların arxivə təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu tasdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə müvafiq dövrdə qüvvədə olmuş qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsasə verən xüsusat kimi təsbit edilməmişdir. Əmək kitabçasında qeyd olunan dövrdə iddiaçının əmək haqqı almamasına gəldikdə isə həmin dövrdə (xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək) əmək haqqı verilməsə belə, iddiaçının işdən azad olunmaması onu başqa qurumda işlə təmin olunma imkanından məhrum etmişdir və belə halda işlədiyi müddət onun sığorta stajına daxil edilməlidir. Onun müvafiq dövrdə əmək haqqı almaması işləməməsi kimi birmənalı şəkildə qəbul oluna bilməz və belə hal iddiaçının iradəsi ilə bağlı olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bundan başqa, İddiaçı "xxxx" Elmi-İstehsalat birliyində işlədiyi və sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi əmək fəaliyyətinin bir hissəsi 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti də qoyulmamışdır. DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı İddiaçı əmək kitabçasında qeyd olunmuş, lakin hazırki iddia üzrə mübahisələndirilən dövrün (xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək) onun sığorta stajına daxil edilməməsi qanuna ziddir. Mübahisələndirilməyən dövr 21 il 10 ay 16 gün təşkil etdiyindən, həmin staj da nəzərə alınmaqla iddiaçının sığotra stajı 25 ildən artıq etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, iddia tələbinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində qadınların yaş həddi 1 iyul 2023 - 30 iyun 2024-cü il üzrə 63 il 6 aydır. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2023 - 30 iyun 2024-cü il üzrə qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 63,6 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdə olan AZE seriyalı 0******* nömrəli vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuş, onun 63,6 yaşı xx.xx.2024-cü il tarixdə tamam olmuşdur. Deməli, iddiaçı ona xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş tələbini ödəyir. İş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, nəticədə iddiaçının xx.xx.2006-cı il tarixədək olan stajın sığorta kapitalına çevrilməsi isə ümumilikdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermişdır. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. İşdə olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1977- xx.xx.1992-ci illərdə Bakı uşaq paltarları tikiş istehsalı birliyində, xx.xx.1992xx.xx.1994-cü illərdə “Günel-3” kooperativində mühasib, xx.xx.1994-xx.xx.1999-cu illərdə “Tural” kişik müəssisəsində, xx.xx.1999-xx.xx.2004-cü illərdə "xxxx" Elmi-istehsalat birliyində işləmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi dövrdə, yəni xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmin Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Göründüyü kimi, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən xx.xx.2006-cı il tarixədək iş stajını təsdiq edən əsas sənəd şəxsin əmək kitabçası olmuşdur. İddiaçının əmək kitabçasında xx.xx.2006-cı il tarixədək olan qeydlərə əsasən müəyyən olunur ki, onun həmin tarixə 27 il 4 ay 13 gün ümumi iş stajı mövcuddur. İşdən görünür ki, cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilən bütün dövrləri qəbul etməmiş, xx.xx.1999-xx.xx.2004-cü illərdə "xxxx" Elmi-istehsalat birliyində işlədiyi dövrü mübahisələndirmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv olunmuş Dövlət Elm və Texnika Komitəsinin "İnformatika” X3 Baş Müəssisəsinin bazasında keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi departamentinin xx.xx.2003-cü il tarixli, 86 nömrəli sərəncamı ilə "Sabunçu Texniki Xidmət” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2004cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. "Sabunçu Texniki Xidmət” Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) güzəştli satışda iştirak etmək hüququ olan əmək kollektivinin üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Məhkəməyə xx.xx.2003-cü il tarixli "İnformatika” X4 üzrə 01 yanvar 2003-cü ilə səhmləri güzəştli almaq hüququ olan şəxslərin siyahısı təqdim edilmiş, həmin siyahıda əsas iş yeri müəssisə olan işçilərin arasında iddiaçının adı olmamışdır, halbuki iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən həmin tarixdə Birlikdə işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək kollektivi — işəgötürənlə əmək münasibətlərində olan, bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əmək, sosial, iqtisadi hüquqlarını birgə həyata keçirmək və qanuni mənafelərini kollektiv halında müdafiə etmək səlahiyyətinə malik müvafiq iş yerlərində çalışan işçilərin birliyidir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən özəlləşdirilmiş dövlət müəssisəsinin (obyektinin) yeni mülkiyyətçisi və yaxud onun müvəkkil etdiyi orqan ilə əmək kollektivi arasında kollektiv müqavilələrin bağlanması və əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə 2-ci Dövlət Proqramı“nın 1.7-ci bəndinə əsasən müəssisənin özəlləşdirmə planı təsdiq edildiyi andan əmək kollektivinə güzəştli satış başlayana qədər onun strukturunun və ştat cədvəlinin dəyişdirilməsi və işçilərin ixtisarı qadağandır. Həmin Proqramın 4.2.1-ci maddəsinə əsasən əsas iş yeri həmin müəssisə hesab edilən işçilər özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, əmək kitabçasındakı qeydlər qəbul edildiyi halda iddiaçının müəssisənin özəlləşdirilməsinə başlandığı 2003-cü il tarixə həmin müəssisədə 4 ildən çox iş stajı olur ki, belə olan halda onun adı səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında olmalı idi. Lakin həmin siyahıda iddiaçının adının olmaması onun həmin tarixdə müəssisənin əmək kollektivinə daxil olmadığını, yəni həmin tarixdə müəssisədə işləmədiyini təsdiq edir. Bundan əlavə, iddiaçı həmin müəssisədə işləmiş X2 əmək pensiyası təyin edilməsinə istinad edərək, ona dair əmək kitabçasının surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, birincisi, X1 adı yuxarıda istinad edilən "İnformatika” X4 üzrə 01 yanvar 2003-cü ilə səhmləri güzəştli almaq hüququ olan şəxslərin siyahısında mövcud olmuş, onun həmin müəssisədə iqtisadçı vəzifəsində işləmişdir. İkincisi, T.Paşutina xx.xx.2004-cü ildə həmin müəssisədəki işindən azad edilmiş, bu barədə əmrin nömrəsi 35/k olmuş, lakin iddiaçı xx.xx.2004-cü ildə işdən azad edilsə də, bu barədə əmrin nömrəsi 45/k qeyd edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh həmin dövrü, yəni iddiaçının xx.xx.1999-xx.xx.2004-cü illərdə "xxxx" Elmi-istehsalat birliyində işlədiyi dövrü onun iş stajına daxil etməməkdə haqlı olmuşdur. Həmin dövr qəbul edilmədikdə isə, aydındır ki, iddiaçının xx.xx.2024-cü il tarixə iş stajı 25 ildən az olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin ona 63 yaş 6 aydan yaşdan pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4319/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4319/2025
19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver