Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4325/2025 26.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-155791/2024 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia tələbinin həcmi artırılaraq 27 dekabr 2024-cü il tarixli qərarın da ləğv edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş digər iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 08 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə inzibati işlər üzrə icraatlar birləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********192768 nömrəli qərarın ləğv edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 155791/2024 nömrəli Qərara əsasən 2024-cü ilin iyul ayına Əlavə dəyər vergisi üzrə 42,935.16 manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunan qərarda hesablama ilə bağlı əsaslandırma kimi göstərilmişdir ki, “sair. **********794400 nömrəli uyğunsuzluq məktubuna əsasən hesablama aparılır”. xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-108042/2024 nömrəli uyğunsuzluq məktubunda qeyd edilmişdir ki, 2022-ci ilin noyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapmış EBCJ seriyalı 261342 nömrəli, EBCJ seriyalı 259270 nömrəli, EBCJ seriyalı 256901 nömrəli, EBCJ seriyalı 791020 nömrəli, EBCJ seriyalı 261578 nömrəli elektron qaimə fakturalar üzrə aparılmış əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. İddiaçı hesab edir ki, həmin qərar əsassız olduğundan, ləğv edilməlidir. Cavabdehin etirazı Etiraz onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması ilə 2021-ci, 2022-ci və 2023-cü illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi sair ixtisaslaşdırılmış tikinti işləri və plastik qapıpəncərə istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisi səyyar vergi yoxlaması ilə əhatə edilən dövr ərzində lisenziyalı fəaliyyət növü ilə məşğul olmuşdur. Bununla əlaqədar, müəssisə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən xx.xx.2020-ci il tarixli EL 323/2020 nömrəli, xx.xx.2021-ci il tarixli İN/L 477/2021 nömrəli, xx.xx.2023-cü il tarixli EL 397/2023 nömrəli və xx.xx.2024-cü il tarixli EL 144/2024 nömrəli lisenziyalar almışdır. Müəssisə tərəfindən 2021-ci, 2022-ci və 2023-cü illər üzrə vergi orqanına xərc sənədləri təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən 2021-ci, 2022-ci və 2023-cü illərin mənfəət vergisi bəyannamələri üzrə gəlirin əldə edilməsi ilə bağlı malların maya dəyəri xərclərini və göstərilmiş iş və xidmətlərə görə istifadə edilmiş xammal və mal materialların dəyərini müəyyən etmək mümkün olmamışdır. Vergi ödəyicisi tərəfindən yoxlamaya Forma 2 sənədləri, müqavilələr, layihələr təqdim olunmamış, həmçinin gəlirlərin formalaşmasına səbəb olan və sifarişçilərə təqdim olunmuş bu sənədlər üzrə görülmüş işlərdə sərf olunmuş mal material hesabatı, hər fəaliyyət növü üzrə xərclərin tərkibi və digər zəruri sənədlər yoxlamaya təqdim edilməmiş, bu barədə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə” Protokolda öz əksini tapmış, nəticədə mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə təsdiq olunmuş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydaları"na əsasən hesablanmışdır. Yoxlama ilə əhatə olunan dövr üzrə cəmiyyətin əldə etdiyi (yerinə yetirilmiş işlərə dair təqdim edilmiş elektron qaimə fakturalara əsasən) gəliri əsasında mənfəəti hesablanmışdır: Bununla əlaqədar, müəssisənin 2021-ci, 2022-ci və 2023-cü illər üzrə mənfəət vergisi gəlirə görə xərclərin müəyyən edilməsi metodu ilə 20 faiz rentabellik səviyyəsi tətbiq edilməklə hesablanmışdır. Cəmiyyət tərəfindən "xxxx" MMC-dən alınmış xx.xx.2021-ci il tarixli EBBF seriyalı 788913 nömrəli qaimə üzrə 12 300,00 manat əsas məbləğ bank hesabı vasitəsilə xx.xx.2021-ci il tarixdə ödənilsə də, 2 214,00 ƏDV məbləği depozit hesabı vasitəsilə xx.xx.2021-ci il tarixdə ödənildiyi üçün, "xxxx" MMC-dən alınmış xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 806341 nömrəli qaimə üzrə 6500,98 manat əsas məbləğ bank hesabı vasitəsilə xx.xx.2021- ci il tarixdə ödənilsə də, 1170,18 ƏDV məbləği depozit hesabı vasitəsilə xx.xx.2021-ci il tarixdə ödənildiyi üçün, "xxxx" MMC-dən alınmış xx.xx.2021-ci il tarixli EBBK seriyalı 361509 nömrəli qaimə üzrə 10595,00 manat əsas məbləğ bank hesabı vasitəsilə xx.xx.2021-ci il tarixdə ödənilsə də, 1907,1 ƏDV məbləği depozit hesabı vasitəsilə xx.xx.2021-ci il tarixdə ödənildiyi üçün, X2 alınmış xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 506314 nömrəli qaimə üzrə 6 193,59 manat əsas məbləğ bank hesabı vasitəsilə xx.xx.2023- cü il tarixdə ödənilsə də, 1 114,85 ƏDV məbləği depozit hesabı vasitəsilə xx.xx.2023-cü il tarixdə ödənildiyi üçün və "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 871490 nömrəli qaimə üzrə 30 134,00 manat əsas məbləğ bank hesabı vasitəsilə xx.xx.2023-cü il tarixdə ödənilsə də, 5 424,12 ƏDV məbləği depozit hesabı vasitəsilə xx.xx.2023-cü il tarixdə ödənildiyi müəyyən edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, onun direktoru iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərardan görünür ki, iddiaçıya 2021-ci il üzrə 148.862,59 manat, 2022-ci il üzrə 800.689,18 manat, 2023-cü il üzrə 590.828,40 manat mənfəət vergisi; 2022-ci il üzrə 61.509,51 manat, 2023-cü il üzrə 38.203,56 manat əlavə dəyər vergisi üzrə vergi borcu hesablanmış, eləcə də ƏDV məbləğinin ödənilməsinə görə VM-nin 58.6-cı maddəsinə görə maliyyə sanksiyası tətbiq edilmişdir. Xəbərdarlıq məktublarından görünür ki, riskli vergi ödəyiciləri hesab edilmiş şəxslərdən əldə edilmiş elektron qaimə fakturalar əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənəd hesab edilməsi əsası ilə verginin əvəzləşdirilməsinə əsas verilmədiyinə istinad edilmişdir. Elektron qaimə-fakturalar qeyd olunan qaimə-fakturalar əməliyyat aparılan vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın (2024-cü il) tarixindən əvvəlki tarixə aiddir. Elektron sistemdən çıxarışlardan və digər sənədlərdən görünür ki, iddiaçının əməliyyat apardığı göstərilən riskli vergi ödəyicisi hesab edilmiş şəxslər 2024-cü il tarixli qərarlar əsasında riskli vergi ödəyicisi hesab edilmişdir. İddiaçının riskli hesab edilmiş elektron qaimə fakturalarının siyahısından və məlumatların tələb edilməsi barədə məktublardan görünür ki, qaimə-fakturalar əməliyyat aparılan vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın tarixindən əvvəlki tarixə aid olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini arzulayır. Qeyd olunmalıdır ki, mübahisələndirilən inzibati akt – mənfəət vergisi, ƏDV vergisi, onlara tətbiq olunmuş maliyyə sanksiyası və VM 58.6-cı maddəsi ilə tətbiq olunmuş maliyyə sanksiyasını ehtiva edir. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirilən qərardan göründüyü kimi əlavə dəyər vergisi üzrə əlavə borc məbləğinin hesablanmasına əsas olmuş hal riskli vergi ödəyicisi hesab edilmiş şəxslərlə iddiaçının əməliyyatlarının mövcudluğu ilə əlaqədardır. Belə ki, vergi orqanı hesab edir ki, həmin şəxslərdən əldə edilmiş elektron qaiməfakturalar üzrə aparılan əməliyyatlar riskli hesab edildiyindən əvəzləşdirməyə əsas vermir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Məhkəmə diqqətə çatdırır ki, riskli vergi ödəyicisi - AR Nazirlər Kabinetinin təsdiq etdiyi Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları-na cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar AR İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərində riskli vergi ödəyicisini, vergi ödəyicisinin apardığı hansı əməliyyatların riskli əməliyyat hesab olunmasını anlayışları təsvir olunmuşdur. İşin faktiki halları nəzərə alınmaqla məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq qərarına əsasən iddiaçının əməliyyat apardığı hüquqi şəxslər ("xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC) riskli vergi ödəyicisi hesab olunmuş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Göründüyü kimi həmin şəxslərin riskli vergi ödəyicisi olması barədə qərarların mübahisələndirildiyi müəyyən edilmir. Nəzərə alınmalıdır ki, baxmayaraq ki həmin şəxslər hal-hazırda riskli vergi ödəyicisi hesab olunsalar da, iddiaçı ilə onların arasında müqavilə münasibətləri yarandığı, əməliyyatların aparıldığı, elektron qaimə fakturaların tərtib edildiyi 2022-2023-cü il tarixi üzrə dövrdə həmin şəxslər riskli vergi ödəyiciləri olmamış, həmin şəxslər 2024-cü il tarixli qərarlar əsasında riskli vergi ödəyicisi hesab edilmişdir. Nəzərə alınmalıdır ki, AR İPM-nin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu məhz cavabdeh sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı riskli vergi ödəyicisi qrupunda olan şəxslə də mülki hüquq münasibətlərinə daxilı ola bilər, bu zaman əməliyyatın real olması əməliyyat aparılan tərəflərdən birinin riskli vergi ödəyicisi olması səbəbindən istisna edilə bilməz. Bunun üçün əməliyyatların faktiki olaraq əmtəəsiz və ya riskli olduğu cavabdeh tərəfindən sübuta yetirilməlidir ki, cavabdeh həmin halı sübut edə bildiyi müəyyən edilmir. Bununla bağlı qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2496/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir. Həmçinin qeyd edilməlidir ki, bu əməliyyatlar Vergi Məcəlləsinin 109.9-cu maddəsinin mənasına görə əmtəəsiz olsaydı belə, yenə də malların dəyəri Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. iddiaçı yuxarıda qeyd edilən müəssisə ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda qeyd edilən müəssisə tərəfindən digər əməliyyatlarını riskli hesab edərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zamanı həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır. Ali Məhkəmənin 2-1(102)-1651/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Digər tərəfdən cavabdehin dəlilinə görə iddiaçının hazırkı mübahisə üzrə əməliyyat apardığı müəssisələr məhz iddiaçı ilə aparılan əməliyyatlar nəticəsində riskli vergi ödəyicisi hesab olunmuşlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir. İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Ali Məhkəmənin 13 iyun 2024-cü il tarixli 2-1(102)-2036/24 nömrəli qərardadında isə kassasiya şikayətinin qəbulundan imtina barədə qərardad qəbul edilmiş, qərardadda qeyd edilmişdir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1644/2024 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-462/2021 nömrəli, xx.xx.2023-ci il tarixli, 2-1(102)-1045/2023 nömrəli qərarlarda və xx.xx.2024-cü il tarixli 2-1(102)- 1918/2024 nömrəli qərardadda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş verməsi halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. İnzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Vergi orqanı vergi ödəyicisinə Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqlarının müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilib-edilməməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Göründüyü kimi mübahisələndirilən qərarların ƏDV ilə bağlı olan hissəsi əsassız olduğundan, həmin hissədə qərar ləğv olunmalıdır. Digər tərəfdən Məhkəmə diqqətə çatdırır ki, vergi məbləğinin hesablanmasının əksər hissəsi mənfəət vergisi ilə əlaqədar olmuşdur ki, həmin hesablama üzrə mübahisə şərti rentabellik normasının tətbiq edilməli olub-olmaması ilə əlaqədardır. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh birbaşa şərti rentabellik normasına istinadla vergi məbləğini hesablamışdır. Halbuki hesablamanın bu qaydada tətbiqi zərurəti aydın olmamışdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Qaldı ki, iddiaçı dəqiqləşdirilmiş ərizə üzrə mülahizəsində qeyd edir ki, cavabdeh iddiaçının xərclərə, o cümlədən malların maya dəyərinə dair sənədlərin olmadığına istinad etsə də, iddiaçının xərclərinə dair təsdiqedici sənədlər mövcud olmuş və həmin məlumatlar baza məlumatlarında mövcuddur. Elektron məlumat əsasında iddiaçının xərcləri müəyyən edilə bilindiyi halda birbaşa şərti rentabellik norması tətbiq edilmişdir. Halbuki, əlaqəli məlumatlara əsasən iddiaçının həmin gəlirlərini və xərclərini müəyyən etmək imkanı mövcud olmuşdur. Məhkəmə bununla bağlı bildirir ki, mövcud xərclərə dair sənədlərin, alınmış mallara dair e-qaimələr, bank əməliyyatları və digər aidiyyəti sənədlərin mövcudluğu, eləcə də cavabdehin baza məlumatlarında mövcudluğu halında xərcin müəyyən edilə bilməmə imkanı üzrə şərti rentabellik normasının tətbiqini zəruri edən hal cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Qeyd olunmalıdır ki, qərarda göstərilir ki, yoxlama ilə əhatə olunan dövr üzrə vergi orqanına heç bir sənəd təqdim edilmədiyi üçün vergi ödəyicisinin gəlirin əldə edilməsi ilə bağlı malların maya dəyərini müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı hər hansı təsdiqedici sənəd təqdim edilməmişdir və şərti rentabellik səviyyəsi 20 faiz götürülərək müəssisənin mənfəəti hesablanmışdır. Məhkəmə qeyd edir ki, heç bir sənəd, təsdiqedici sənədin olmaması dəlilləri ilə iddiaçının iddia ərizəsində qeyd etdiyi vergi orqanında iddiaçıya dair baza məlumatları, alınmış mallara dair e-qaimələr, bank əməliyyatları və digər sənədlərin həmin dəlil üzrə təsdiqedici sənəd hesab edilməsini istisna edən hal cavabdeh tərəfindən sübut edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməsindən cavabdeh imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir. Qeyd olunmalıdır ki, 2-1(102)-2914/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi qərardadında həmin əsasla kassasiya şikayətinin ümumiyyətlə qəbulundan imtina edilmişdir. Analoji mövqe Ali məhkəmənin 2-1(102)-2643/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında, 2-1(102)-671/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021cü il tarixli qərarında öz əksini tapmışdır. Beləliklə, Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar mənfəət vergisi hissəsində də əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə mənfəət və ƏDV vergiləri üzrə əsas borca münasibətdə hesablanmış maliyyə sanksiyasına münasibətdə bildirir ki, qərar həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmadığı halda, o, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz Beləliklə, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, şübhə yoxdur ki, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası vergi ödəyiciləri barəsində tətbiq edilən məsuliyyət tədbirlərindən biri kimi çıxış edir. Vergi hüquq pozuntusuna yol verildiyi müəyyən edildikdə tətbiq edilən bu tədbir öz mahiyyətinə görə vergi qanunvericiliyinin pozulması zamanı tətbiq edilən digər məsuliyyət tədbirləri ilə eyni hüquqi təbiətə malikdir. Vergi Məcəlləsində qəbul edilmiş hüquqi dövlət prinsipinin tələblərindən irəli gələn əsas yanaşma isə ondan ibarətdir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi vergi qanunvericiliyinin pozuntusunda şəxsin təqsirli hesab edə bilmək üçün iki haldan biri mövcud olmalıdır – 1) şəxs və ya Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilmiş olmalıdır və ya 2) şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə vergi pozuntusu törətməkdə təqsirli bilinməlidir.Bu hallardan hər hansı birinin olmaması isə vergi ödəyiciyisinin təqsirziliyi prezumpsiyası üçün əsas verir. Hazırki işin faktiki hallarından da göründüyü kimi mübahisələndirilən qərar mənfəət və ƏDV hissələrində əsassız olduğundan, həmin vergilərə münasibətdə maliyyə sanksiyasının tətbiqindən də söhbət gedə bilməz. Odur ki, qərar həmin vergilərə münasibətdə hesablanmış maliyyə sanksiyası hissəsində də ləğv edilməlidir. Bundan başqa mübahisələndirilən qərardan görünür ki, qərarda vergi ödəyicisinə hesablamaya dair digər hissələrə münasibətdə aparılan aşağı məbləğdə hesablamada bir hissə VM-nin 58.6-cı maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanskiyası ilə əlaqədardır ki, vergi orqanı malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə vaxtında ödənilməmiş 11 830,25 manat ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 5 915,13 manat maliyyə sanksiyası tətbiq etmişdir. İddiaçı ƏDV məbləğinin vaxtında ödənildiyini təsdiq edən hər hansı dəlil təqdim edə bilməmişdir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, qərar həmin hissədə əsaslıdır. Beləliklə Məhkəmə hesab edir ki, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********192768 saylı qərarı – mənfəət və ƏDV, o cümlədən həmin vergilərə münasibətdə tətbiq olunmuş maliyyə sanksiyaları hissəsində ləğv edilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********192768 saylı qərarı - mənfəət və ƏDV vergisi, o cümlədən həmin vergilərə münasibətdə tətbiq olunmuş maliyyə sanksiyaları hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-4325/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4325/2025
26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver