Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4326/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı “Hidroxüsusitikinti" Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş 11 oktyabr 2024-cü il tarixli, 3-21-2-3/2-191840/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarının ləğv olunmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vegisinin ödəyicisi kimi xx.xx.2000-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Müəssisənin Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. MMC-də 2000-ci ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergu yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənimləsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********597500 saylı qərarla 58.917,73 AZN 2022-ci il üçün mənfəət vergisi, xx.xx.2024-cü il tarixli, **********335100 saylı qərarla 15.696,00 AZN 2023-cü il iyun ayı üçün, xx.xx.20224-cü il tarixli, **********999800 saylı qərarla 29.343,00 AZN 2024-cü ilin mart ayı üçün ƏDV heablanmışdır və müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən cavabdehə hesablanmış kameral vergi məbləğinin hesablanmasına dair müraciət edilməsinə baxmayaraq inzibati orqan tərəfindən heç bir tədbir görülməmiş, vergi məbləğləri azaldılmamışdır. Kameral barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq hesablamalar qanunsuz olaraq aparılmışdır. Müəssisə tərəfindən təsərrüfat fəaliyyətindən irəli gələn işlərin görülməsi üzrə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə "xxxx" MMC ilə xidmətlərin göstərilməsi haqqında müqavilələr bağlanılmış və müvafiq olaraq müqavilədə göstərilən ərazilər üzrə torpaq xəritə işləri, kompensator və su nasoslarının quraşdırılması işləri görülmüş, malar alınmışdır. Müəssisəyə hesablanmış ƏDV-nin əsasında göstərilən müəssisələr ilə əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Əlbəttə, onların müəssisə tərəfindən "xxxx" MMC ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən onların riskli vergi ödəyicisi olması barədə məlumatları olmamış, həmçinin, həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati akt çıxarılmamışdır. Halbuki, onlar "xxxx" MMC ilə əməliyyatlar apararkən o riskli vergi ödəyicisi siyahısında olmamışdır. Bu özü göstərir ki, həmin hərəkətlər real mal təqdim edən şirkətdir. Belə ki, onun müvafiq xidmətlər göstərməsi və işlər görməsi barədə müvafiq dövlət orqanlarından lisenziyada da, almışdır. 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Bu nöqteyi nəzərdən vergi orqanının MMCyə münasibətdə ƏDV hesablanmasının aparılmasını ədalətsiz və qanunsuz hesab edirlər. ƏDV hesablanması barədə qərardan isə müraciətlərinə heç bir cavab verilməmişdir. Vergi orqanının qəbul etdiyi qərarı qanunsuz və əsassız hesab edirlər. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılmsı barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da, riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixi, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfinədn Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əmliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindənhazırki iş üzrə müvafiq əməliyyatların aparılmasına dair elektron qaiməfakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirşlər əks olunmamış, cavabdeh də, bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etidiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx" MMC riskli vergi ödəyicisi olmayan müəssisə kimi aparmışdır. İddiaçı həmin müəssisənin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik omuş (əməliyyat aparılarkən elektron xəbərdarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reyestrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də, iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması işin mübahisəsiz halıdır. Eyni zamanda, məhkəmənin nəzərinə çatdırırlar ki, bu tip işlər üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının ümumiləşmiş mövqeyi də, mövcuddur, kifayət qədər oxşar məhkəmə qərarları qəbul edilmişdir. Qeyd edilənlərə əsasən də, iddiaçının hazırki mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Vergi qanunvericiliyinə görə vergi ödəyicisinin gəlir və xərcələrinə dair məbləğlər müvaiq qaydada sənədləşdirildikdən sorna həm mühasibatlıq, həm də, vergi uçotunda əks oluna bilər. Ciddi hesabat blankları, müqavilələr, təhvil-təslim aktları və digər maliyyə sənədləri ilə təsdiq olunan gəlir və xərc məbləğləri vergi qanunvericiliyi tərəfindən qəbul olunur.
3. Sonuncu dəfə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-49861/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-178681/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə Qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, aparılmış araşdırma zamanı 2023-cü il hesablama metodu ilə təqdim edilmiş MV bəyannaməsində uçot məlumatlarına əsasən 604562.82 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər, həmçinin amortizasiya xərclərində 63 372,55 manat kənarlaşma müəyyən edilmişdir. Qeyd olunanlar vergiyə cəlb edilən dövriyyənin azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilmişdir. Bununla əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2024-cü il tarixli **********479300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş və müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin, göstərilmiş xidmətlərə və təqdim edilmiş malara dair müqavilələrin surətləri, ətraflı izahat məktubları və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin, göstərilmiş xidmətlərə və təqdim edilmiş mallara dair müqavilələrin surətləri, ətraflı izahat məktubları və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisinin təqdim etdiyi bəyannamədə 101490,76 manat zərər azaldılmaqla 113 288,92 manat ((667 935,37- 101490,76)*20%) əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli 3- 21-2-3/2-178681/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı göndərilmişdir. Vergi ödəyicisi 2024-cü ilin iyun ayı üzrə təqdim edilmiş bəyannaməsində əvvəlki aylar üzrə əvəzləşmə üçün təqdim edilmiş EBDC seriyalı 950628, EBDM 679378, EBCO 268359, EBDH 173635, EBCO 540874 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. Bununla əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2024-cü il tarixli **********842000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş və müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin, göstərilmiş xidmətlərə və təqdim edilmiş malara dair müqavilələrin surətləri, ətraflı izahat məktubları və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin, ətraflı izahat məktubları və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisinin təqdim etdiyi bəyannamədə 70 920,00 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-49861/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı göndərilmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir.
9. Cavabdehin 17 yanvar 2025-ci il tarixli, 3-21-2-3/2-49861/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən iyun 2024 əlavə dəyər vergisi üzrə iddiaçıya 74.878.10 manat məbləğində vergi borcu məbləği hesablanmışdır.
10. Cavabdehin 10 fevral 2025-ci il tarixli, 3-21-2-3/2-178681/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2023-cü il mənfəət vergisi üzrə iddiaçıya 113.288,92 manat məbləğində vergi borcu məbləği hesablanmışdır.
11. İddiaçı tərəfindən məhkəməyə alqı-satqı müqaviləsi və ona əlavə, təhvil-təslim aktları, xəbərdarlıq məktubu, uyğunsuzluqla bağlı məktub, ödəniş tapşırıqları, elektron qaimələr təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
18. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
19. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin ilkin mübahisəli 11 oktyabr 2024-cü il tarixli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir. Cavabdeh tərəfindən sonradan, məhkəmə icraatı araşdırması dövründə qəbul edilmiş digər qərarlar isə iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək mübahisələndirilmişdir.
20. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, işin hallarından göründüyü kimi, hazırki mübahisənin yaranma səbəbi aparılmış araşdırma zamanı 2023-cü il hesablama metodu ilə təqdim edilmiş MV bəyannaməsində uçot məlumatlarına əsasən 604562.82 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər, həmçinin amortizasiya xərclərində 63 372,55 manat kənarlaşma müəyyən edilmişdir. Qeyd olunanlar vergiyə cəlb edilən dövriyyənin azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilmişdir. Bununla əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2024-cü il tarixli **********479300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş və müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin, göstərilmiş xidmətlərə və təqdim edilmiş malara dair müqavilələrin surətləri, ətraflı izahat məktubları və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin, göstərilmiş xidmətlərə və təqdim edilmiş mallara dair müqavilələrin surətləri, ətraflı izahat məktubları və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisinin təqdim etdiyi bəyannamədə 101490,76 manat zərər azaldılmaqla 113 288,92 manat ((667 935,37- 101490,76)*20%) əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-178681/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı göndərilmişdir. O cümlədən, 17 yanvar 2025-ci il tarixli, 3-21-2-3/2-49861/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən iyun 2024 əlavə dəyər vergisi üzrə iddiaçıya 74.878.10 manat məbləğində vergi borcu məbləği hesablanmışdır. Mübahisəli qərarlar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi 2024-cü ilin iyun ayı üzrə təqdim edilmiş bəyannaməsində əvvəlki aylar üzrə əvəzləşmə üçün təqdim edilmiş EBDC seriyalı 950628, EBDM 679378, EBCO 268359, EBDH 173635, EBCO 540874 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilir.Beləliklə, cavabdeh tərəfindən mübahisəli qərarların qəbul edilməsinə əsas iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-faktura üzrə aparılan əməliyyatların riskli hesab edilməsi olmuşdur. Lakin, həmin elektron qaimə fakturalar üzrə əməliyyatların hansı səbəbdən riskli hesab edilməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən nə aparılmış inzibati icraat zamanı, nə də, məhkəmə araşdırması zamanı hər hansı bir mülahizə və təsdiqedici sənəd təqdim edilməmişdir. Ümumiyyətlə cavabdeh inzibati orqan iddiaçının apardığı əməliyyatları riskli əməliyyat kimi qiymətləndirsə də, bununla bağlı iddiaçı barəsində inzibati icraat aparmamış, iddiaçı barəsində “Riskli vergi ödəyicisi hesab edilmə barədə” hər hansı bir qərar qəbul edilməmişdir. O cümlədən, iddiaçının əməliyyat apardığı vergi ödəyicisi "xxxx" MMC alqısatqı müqaviləsi bağlanarkən və eləcə də, ödənişlər apanlarkən riskli vergi ödəyicisi olmamışdır. Lakin, sonradan AR İN DXVnin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********125900 nömrəli qərar qəbul edilərək, "xxxx" MMC riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. Göründüyü kimi, iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin mübahisəli əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyiciləri olması ilə bağlı hər hansı bir sübut məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdehin əksinə iddiaçı tərəfindən məhkəmə araşdırmasına mübahisəli elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatlarla bağlı təsdiqedici sənədlər (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları və digər) təqdim edilmişdir ki, bu sənədlər də, iddiaçının apardığı mübahisəli əməliyyatların əmtəəsiz əməliyyat olması ilə bağlı cavabdehin əsaslandırılmamış mülahizəsini təkzib etmişdir.
3. Vergi Məcəlləsinin: 13.2.82.riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1 vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
25. Beləliklə, məhkəmə qeyd edir ki, araşdırma zamanı iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən, həmin müəssisələrin riskli olması ilə bağlı təsdiqedici sənədlər təqdim edilmədən) qiymətləndirilmişdir. Lakin, nəzərə alınmalıdır ki, həm iddiaçının özü, həm də, əməliyyatlar apardığı vergi ödəyiciləri riskli vergi ödəyiciləri hesab edilmədən, onların barəsində “Riskli vergi ödəyicisi hesab edilmə barədə” hər hansı bir qərar qəbul edilmədən, aparılmış qarşılıqlı əməliyyatların hansı əsaslarla əmtəəsiz olduğu əsaslandırılmadan iddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla onun üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.
26. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
27. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
28. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
29. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
32. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-49861/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-178681/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva