Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4327/2025 13.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, xx.xx.1992-ci il tarixində “Mayak” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü kimi Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən və cəmi sahəsi 0,10 ha təşkil edən 3-cü Şimal 332 (0.05 ha) və 4-cü Şimal 331 (0.05 ha) saylı bağ sahələrinə dair mülkiyyət hüquqlarının X1 məxsus olmasına dair arayış verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubda göstərmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “Mayak” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında X5 adı aşkar edilməmişdir. Cavabdehin bu imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixində “Mayak” bağçılıq yoldaşlıq təsərrüfatının üzvü kimi Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən və cəmi sahəsi 0,1 ha təşkil edən 3-cü Şimal 332 (0.05 ha) və 4-cü Şimal 331 (0.05 ha) saylı bağ sahələrinə dair mülkiyyət hüquqlarının X1 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, mərhum X10 iddiaçının anası olmaqla xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı və digər 2 vərəsə- X3 ilə X4 xx.xx.2021-ci il tarixində müvafiq vərəsəlik işinin açılması məqsədilə AR Ədliyyə Nazirliyinin Bakı şəhəri 53 saylı notariat ofisinə öz yazılı müraciətlərini təqdim etmişlər. Bunun nəticəsində AR Ədliyyə Nazirliyinin Bakı şəhəri 53 saylı notariat ofisində müvafiq olaraq vərəsəlik işi açılmışdır. X1 xx.xx.1992-ci il tarixində “Mayak” bağçılıq -yoldaşlıq təsərrüfatının üzvü kimi Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən və sahəsi 0,1 ha təşkil edən 3-cü Şimal 332 və 4-cü Şimal 331 saylı bağ əraziləri ayrılmışdır. Sözügedən torpaq sahəsi vərəsələrin birgə istifadəsində olmaqla müvafiq hasar daxilində yerləşir. Halhazırda onun vərəsələri tərəfindən miras əmlakını təşkil edən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə DƏDRX-ə müraciət etmişlər. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən “Mayak” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında X6 adı aşkar olunmamışdır. Bundan əlavə göstərilən sahə bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxeminə əsasən 330-331 saylı bağın ərazisinə uyğun gəlir. İdarənin mütəxəssiləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsünün 1000 kv.m qeyd edilsə də, faktiki 981 kv.m təşkil etdiyi məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Səhiyyə Nazirliyi nəzdində Dördüncü Baş idarənin “Mayak” bağçılıq yoldaşlığın xx.xx.1992-ci il tarixli 3 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, cəmi sahəsi 0,1 ha təşkil edən 3-cü Şimal 332 (0.05 ha) və 4-cü Şimal 331 (0.05 ha) saylı bağ sahələri X8 verilmişdir. Bağçının üzvlük kitabçasından görünür ki, X10 bağçılıq cəmiyyətinin xx.xx.1989-cu il tarixli 2 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və ona xx.xx.1992-ci il tarixdə qeydə alınmış qərara əsasən cəmi sahəsi 0,1 ha təşkil edən Dübəndi qəsəbəsi, 3-cü Şimal 332 (0.05 ha) və 4-cü Şimal 331 (0.05 ha) saylı bağ sahələri daimi istifadə üçün verilmişdir. Bakı şəhəri 53 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 2922 nömrəli məktubundan görünür ki, xx.xx.2019-ci ildə vəfat etmiş - X6 vərəsələri X3 və X2 adından İddiaçı yazılı müraciətlərinə əsasən xx.xx.2021-ci ildə mərhumun adına vərəsəlik işi açılmışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, bağ sahəsinin sərhədləri hər tərəfdən mişar daşı ilə hasarlanmışdır. Sahədə tikili yoxdur. Göstərilən sahənin koordinatları əlavə olunmuşdur. Digər suallara idarənin aiddiyyatı şöbəsində baxılması məqsədəuyğundur. İddiaçı hazırda bu sənədlərə istinad edərək, 3-cü Şimal 332 (0.05 ha) və 4-cü Şimal 331 (0.05 ha) saylı torpaq sahəsinə mülkiyyət hüququnun X8 məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. Göründüyü kimi, qanunverici vətəndaşlara ayrılmış bağ sahələri üzərində hüquqların qeydə alınması əsası kimi aşağıdakı sənədlərdən birinin təqdim edilməsini müəyyən etmişdir:
1. bağ sahələrinə dair verilən icarə müqavilələri;
2. bağ sahələrinə dair verilən sərəncamlar;
3. bağ sahələrinə dair verilən orderlər;
4. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası;
5. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlərin iclasının protokolundan çıxarış; İddiaçı qeyd olunan sənədlərdən protokoldan çıxarış və üzvlük kitabçasını təqdim etsə də, bu sənəd Qanunun tələblərinə müvafiq olmamışdır. Belə ki, istinad olunan normadan da göründüyü kimi, qanunverici həmin sənədlərin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olmasını tələb edir. Lakin işdən görünür ki, T.Bəydullayevanın adı “Mayak” bağçılıq yoldaşlığın üzvlərinin siyahısında mövcud deyil. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 saylı Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Məhkəmə icraatı zamanı baxış keçirilmiş və surəti çıxarılmaqla iş materiallarına əlavə edilmiş cavabdehə təhvil verilən “Mayak” bağçılıq yoldaşlığa dair arxiv sənədlərindən görünür ki, Bakı XDS İK-nın xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarına əsasən Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində əvvəlki Zirə südçülük-tərəvəzçilik socxozuna məxsus olan ərazidən Səhiyyə Nazirliyinin Təcili və təxirəsalınmaz tib idarəsinin 34 nəfərdən ibarət üzvünə bağşılıq yoldaşlıq təsərrüfatının yaradılması üçün 2,28 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərara üzvlərin siyahısı əlavə edilmiş, T.Bəydulayevanın adı o siyahıda aşkar edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlərə gəldikdə, həmin sənədlər kiril əlifbası ilə tərtib olunsa da, T.Bəydullayevaya torpaq sahəsinin ayrılması barədə yazılar latın əlifası ilə və sonradan yazılması aşikar olmuşdur. Həmçinin, iddaçı T.Bəydullayevaya ayrılmış 331 və 332 saylı bağ sahələrinin yerləşmə sxemini təqdim etmiş, lakin həmin sxem bağçılığın arxiv qovluğunda olan bağların yerləşmə sxeminə uyğun olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, T.Bəydullayevanın adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına daxil edilmədiyindən onun təqdim etdiyi üzvlük kitabçası qanunvericiliyin tələblərinə cavab verən sənəd kimi qəbul edilə və həmin sənədə əsasən onun iddiası təmin edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçının hüquqların dövlət qeydiyyatı üçün təqdim etdiyi sənəd həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş sənədlərə uyğun olmamışdır. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova