Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4331/2025 20.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 14 oktyabr 2024-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və iddiaçıya məxsus olan Bakı şəhərri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 0,0788 ha torpaq sahəsi üzərində inşa edilmiş 18 saylı bağ evinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adma qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəh, Sabunçu rayonu, Maştağa qəsəbəsində 0,0788 ha torpaq sahəsi İddiaçı məxsusdur. İddiaçı xx.xx.2008-ci il tarixdə həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, İkİ otaqlı, 20,4 yaşayış, 19,7 kv.m köməkçi sahədən ibarət 18 saylı bağ evinə çıxarış verilib. Həmin bağ evi köhnə olduğundan iddiaçının vəsaiti hesabına sökülmüş və qanunvericiliyin tələblərinə əməl etməklə yeni bağ evi tikilmişdir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 0,0788 ha torpaq sahəsi üzərində inşa edilmiş bağ evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 14 oktyabr 2024-cü il tarixli məktubu ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından İmtina edilmişdir. Cavabdehin bu imtinası tamamilə qanunsuz və əsassızdır, iddiaçının qanunla qorunan hüquqlarını pozur. Cavabdehin imtinasına əsas kimi göstərilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən bağ evinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İnzibati icraat haqqında Qanunun 64.2-ci maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçıya məxsus olmuş əvvəlki bağ evinə dair verilmiş çıxarış hazırda qüvvədədir, hər hansı dövlət orqanı tərəfindən ləğv edilməyib, dəyişdirilməyib və ya etibarsız hesab edilməyib. Cavabdeh qanunsuz olaraq yeni çıxarış vermir, halbuki köhnə evə olan çıxarış yeni tikilmiş bağ evinə verilən çıxarışla əvəz edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 0.0788 ha torpaq sahəsi üzərində inşa edilmiş 18 saylı bağ evinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli **********83 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən bağ evinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış sorğuya cavab olaraq 13-13/2-1/15-14527/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, sözügedən ünvan 6 kV-luq hava elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşir. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində mülkiyyətdə olan 0.0788 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 20.4 kv.m yaşayış, 19.7 kv.m köməkçi sahədən ibarət 18 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 1381 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi: **********12-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixdə tərtib edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 18 nömrəli bağ evinə aid Daşınmaz Əmlakın Texniki Paspotunda göstərilmişdir ki, 1967-ci ildə tikilmiş 1 mərtəbəli 2 otaqlı bağ evi ümumi sahəsi 40.10 kv.m, yaşayış sahəsi 20.40 kv.m, köməkçi sahə 19.70 kv.m olmaqla, tikinti altı sahə 65.12 kv.m, həcmi 214.90 kv.m təşkil edir. Həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri: yarımçıq tikili-2000-ci il tarixdə tikilmişdir, tikintialtı sahəsi 10.60 kvm, hovuz- 2000-ci ildə tikilmişdir, tikintialtı sahəsi 7.60 kv.m, daş hasar 1987-ci ildə inşa olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-18/2-2677/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı tərəfindən Sabunçu rayon İcra Hakimiyyətinə xx.xx.2024-cü il tarixdə tikintinin başa çatması ilə müraciət daxil olmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərişıq ASC-nin xx.xx.2024-cü il tarixli 13-13/2- 1/16-19506/2024 nömrəli məktubunda göstərilmişdir ki, qeyd olunan torpaq sahəsi 6 kv-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə sorğuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-51231/2024 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixli yerli müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi 0.0788 ha, bağ evi 6 otaqdan ibarət olmaqla, ümumi sahəsi 207.7 kv.m, yaşayış sahəsi 100.3 kv., köməkçi sahə 107.4 kv.m təşkil edir. Torpaq sahəsi bir tərəfdən yol, üç tərəfdən qonşu sahələrlə əhatə olunmuşdur. Ərazinin şimal sərhəddindən 1.0 m məsafədən 6.0 kv elektrik xətti keçir. Yeni inşa edilmiş bağ evi iki mərtəbəlidir. Altı yaşayış otağından və köməkçi sahələrdən ibarətdir. Bağ evi layihəyə uyğun inşa edilmişdir. Ev tam təmirlidir, bağ evi kimi istifadə olunur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-3360/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür: -AN seriyalı ******* nömrəli xx.xx.2008-ci il tarixli mənzil barədə Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 18 nömrəli bağ evini alıcı İddiaçı mülkiyyətinə vermişdir. -AN-İ seriyalı ******* nömrəli xx.xx.2008-ci il tarixli torpaq barədə Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X1 ümumi sahəsi 0.1988 ha ibarət olan Maştağa qəsəbəsində Bağ massivində yerləşən 18 saylı bağ sahəsinin 0.12 ha hektar torpaq sahəsini alıcı X2 mülkiyyətinə vermişdir. -MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maşatağa qəsəbəsində mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 20.4 kv.m yaşayış, 19.68 kv.m köməkçi sahədən ibarət 18 nömrəli bağ evi tam mülkiyyət hüquq üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 1381 nömrəli vərəqində qeydiyyat alınmışdır. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsündə göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsisində yerləşən torpaq sahəsi X5 Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1999-cu il tarixli 27 saylı protokolu ilə 2500 kv.m sahəsi olan 18 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Torpaq sahəsi 1987.76 kv.m olmaqla, normativ qiyməti 3498.46 azn təşkil edir. -BM seriyalı 003750 nömrəli Qeydiyyat Vəsiqəsində göstərilmişdir ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, 2 yaşayış otağı 21.02 kv.m yaşayış sahəsindən ibarət olan 18 saylı bağ sahəsi X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 22 saylı reyestr kitabında 2996 səhifəsində 1436 nömrəsi ilə xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********83 nömrəli məktubuda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında inşa edilmiş bağ evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli və ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizələrinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatına əsasən göstərilən bağ evinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış sorğuya cavab olaraq 13-13/2-1/15-14527/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, sözügedən ünvan 6 kV-luq hava elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşir. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, işin hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində mülkiyyətdə olan 0.0788 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 20.4 kv.m yaşayış, 19.7 kv.m köməkçi sahədən ibarət 18 nömrəli bağ evi alqı-satqı əsasında İddiaçı satılmış və xx.xx.2008-ci il tarixdə onun adına mülkiyyət hüququnun qeydiyyatına dair reyestrdən çıxarış verilmişdir. Daha sonra iddiaçı bağ evini sökmüş və həmin torpaq sahəsində 6 otaqdan ibarət olmaqla, ümumi sahəsi 207.7 kv.m, yaşayış sahəsi 100.3 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi inşa etmiş, evin layihəsi "xxxx" MMC tərəfindən tərtib edilmiş, iddiamı layihə ilə birlikdə fərdi yaşayış evinin tikinisinin başa çatması ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə məllumatlandırma icraatı qaydasıda müraciət etmişdir. İddiaçı hazırkı halda sözügedən yeni tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınmasını mübahisələndirir. Cavabdehin müraciətin təminindən imtina əsası ondan ibarətdir ki, inşa edilmiş fərdi yaşayış evi 6 kV-luq hava elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinası ilə razılaşmır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; -8.0.9.2-ci maddəısinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi xx.xx.2013-cü il tarixədək tikilmiş fərdi yaşayış evlərinə mülkiyyət hüququnun qeydə alınması üçün hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən yaşayış evlərinə münasibətdə isə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı, xx.xx.2013-cü ildən sonra məlumatlandırma icraatı qaydasında tikilmiş fərdi yaşayış evlərinə münasibətdə isə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikintinin başa çatdıqdan sonra məlumatlandırmanı təsdiq edən sənəd tələb olunur. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün tələb olunan sənədlərdən torpaqayırma sənədi mövcud olmaqla iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xx.xx.2008-ci il tarixli qeydində iddiaçının mülkiyyətində olan bağ evinin mülkiyyətdə olan 0.0788 ha ölçüdə torpaq sahəsində yerləşdiyi blavasitə öz əksini tapmışdır. Başqa sözlə, iddiaçı 0.0788 ha ölçüdə olan torpaq sahəsində yeni fərdi yaşayış evi inşa etmişdir. İddiaçının fərdi yaşayış evin dair hüquqmüəyyənedici sənədi mövcuddur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: - 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur -80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. -80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. -80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. -80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir Cavabdeh tərəfindən keçirilmiş yerli müayinə aktında iddia olunan yeni tikilmiş tikili 2 mərtəbəli fərdi yaşayış evi olmaqla, təqdim olunan layihəyə uyğun tikilmiş və barəsində icazə icraatı tələb etməyən, bilavasitə məlumatlandırma icraatı qaydası tətbiq edilən fərdi yaşayış ev olduğu müəyyən olunmuşdur. Cavabdehin istinad etdiyi fərdi evin 6 kv-lıq elektrik xəttinin mühafizəsində yerləşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın: -1-ci bəndinə əsasən elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur. hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğularıdır; kabel elektrik ötürücü xətti — bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusudur; mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. -4-cü bəndinə əsasən elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. -5-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində: xətlərin gərginliyi 1-20 kvt arası olduqda məsafə 10 m-dir. -6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. -12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr (bundan sonra — müəssisə) həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər. Elektrik şəbəkələrinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş elektrik şəbəkələrinin mühafizə zonalarında işlərin görülməsi üçün ərizəçiyə razılıq verilmədikdə, ərizəçi qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət verə bilər. -18-ci bəndinə görə elektrik şəbəkələrinin yaxınlığında bina və tikililərin inşası, əsaslı təmiri, yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır. Göründüyü kimi qanunvericilik elektrik şəbəkəsinin mühafizə zonasında yerləşən torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qadağanedici norma nəzərdə tutmamışdır. Qanun yalnız elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən torpaq sahəsində binaların və qurğuların tikintisi, quraşdırılması zamanı həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığının alınmasını məcburi norma kimi nəzərdə tutur. Hazırkı iş üzrə iddia olunan 0.0788 ha ölçüdə torpaq sahəsində inşa olunan fərdi yaşayış evinin 6 kv-lıq elektrik xəttinin mühafizəsində yerləşməsi işin mübahisələndirilməyən halıdır. Lakin eyni zamanda təqdim edilmiş yerli müayinə aktı, sökülmüş əmlakın texniki pasportu və yeni evin memarlıq planlaşdırma bölməsindən müəyyən olunur ki, bundan öncə inşa edilmiş və reyestrdə qeydiyyata alınmış-sökülmüş bağ evi iddia olunan fərdi evin paralelində tikilmiş və həmin ev də elektrik xəttinin mühafizəsində yerləşmişdir. Qeyd edilən tikintiyə dair cavabdeh inzibati orqan mülkiyyət hüququnu qeydiyyata alarkən eyni əsasa istinad etməmiş, elektrik xəttinin mühafizəsində yerləşmə ilə bağlı dəlil irəli sürməmiş, əmlaka mülkiyyət hüququnun qeydiyyatını aparmışdır. Bundan əlavə, hazırkı yeni tikilmiş fərdi yaşayış evinin tikintisi zamanı elektrik xəttinin mülkiyyəçtisi olan "xxxx" ASC tikinti zamanı fərdi evin elektrik xəttinin mühafizəsində yerləşməsi ilə bağlı pretenziya irəli sürməmiş, eyni zamanda məlumatlandırma icraatına nəzarət dən yerli icra hakimiyyəti orqanı da təqdim edilmiş layihə və tikintiyə dair hər hansı mübahisə açmamşdır. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müarciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilməklə iddiaçının qnaunla qorunan hüquq və mənafeyini pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhərri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 0,0788 ha torpaq sahəsində inşa edilmiş 18 saylı bağ evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4331/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4331/2025
20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver