Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4338/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində riskli hesab edilən e-qaimələr ilə bağlı 2023-cü il üzrə mənfəət vergisi üzrə hesablanmış 137212,12 manat, 2024-cü ilin yanvar və mart ayları üzrə ƏDV üzrə hesablanmış 38840,06 manat vergilərin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-2- 3/2-282810/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının 2023-cü il üzrə mənfəət vergisi üzrə hesablanmış 137212,12 manat hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-2- 3/2-282810/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının 2023-cü il üzrə mənfəət vergisi üzrə hesablanmış 137212,12 manat hissəsində, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-325127/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının tam və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-330965/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının 18135,06 manat hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) qeydiyyatda olan vergi orqanına təqdim edilmiş 2023-cü il üçün mənfəət vergisi, 2024-cü ilin yanvar və mart ayları üzrə ƏDV bəyannamələri üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlamaları keçirilmiş və yoxlamanın nəticəsi üzrə 2023-cü il üzrə 142 992,20 manat mənfəət vergisi, 2024-cü ilin yanvar ayı üzrə 20 705,40 manat mart ayı üzrə 44 283,82 manat ƏDV əlavə olaraq hesablanmışdır. Mənfəət vergisinin hesablanmasına əsas kimi uyğunsuzluq məktubu və kameral vergi yoxlama nəticəsində qəbul edilmiş qərardan görünür ki, ümumilikdə 714961 manat sənədlərlə təsdiqini tapmayan gəlirdən çıxılan xərclər müəyyən edilmişdir ki, onların da 686060,6 manat əmtəəsiz əməliyyatların aparılmasından ibarət olmuşdur. Belə ki, hesablamada qeyd edilmişdir ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 686060,6 manat dəyərində e-qaimə fakturalar təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Göründüyü kimi, 2023-cü ilin mənfəət vergisi üzrə ümumi hesablanmış 142 992,20 manat vergidən 137 212,12 manat (686 060.60 x 20%) hissəsi güya riskli əməliyyatlar apardığı üçün iddiaçıya əlavə olaraq hesablanmışdır. ƏDV-nin hesablanmasına əsas kimi göstərilmişdir ki, 1.“Tərəfinizdən ƏDV bəyannaməsində (02.2023) əvəzləşmə ücün təqdim edilmiş EBDA seriyalı 668962 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləsdirməvə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 18 135,06 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildivini nəzərə alaraq cari ay ücün təqdim edilmiş bəvannmənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 18 135,06 manat kənarlaşma yaranmışdır. 2.Tərəfinizdən ƏDV bəyannaməsində (08.2023) əvəzləşmə ücün təqdim edilmiş EBDL seriyalı 113575 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 33 253,17 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay ücün təqdim edilmiş bəyannmənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 33 253,17 manat kənarlaşma yaranmışdır. 3. Tərəfinizdən ƏDV bəyannaməsində (07.2023) əvəzləşmə ücün təqdim edilmiş EBDJ seriyalı 551946 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 18 005,04 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay ücün təqdim edilmiş bəyannmənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 18 005,04 manat kənarlaşma yaranmışdır.” Göründüyü kimi, qeyd edilən e-qaimələr üzrə iddiaçı tərəfindən ümumilikdə əvəzləsməvə salınmış 38 840,46 manat ƏDV ləğv edilərək əlavə iddiaçıya hesablanmışdır. İddiaçı tərəfindən riskli hesab edilən e-qaimələrin siyahısı tələb edilmiş və cavabdeh həmin siyahını iddiaçıya təqdim etmişdir. Göründüyü kimi, iddiaçının riskli hesab edilən əməliyyatlar 2023-cü il ərzində aparılmış, lakin cavabdeh vergi orqanı ƏDV üzrə əlavə vergiləri 2024-cü ilin yanvar və mart aylarında hesablamışdır. Halbuki, ümumiyyətlə 3 e-qaimə (EBDL seriyalı 113575 nömrəli, EBDJ seriyalı 551946 nömrəli və EBDA seriyalı 668962 nömrəli) heç 2024-cü ilin müvafiq olaraq yanvar və mart ayları üzrə ƏDV bəyannamələrində əvəzləşdirilən dövriyyə salınmamışdır. Həmin e-qaimələr 2023-cü ilin fevral, iyul və avqust avlarda ƏDV bəyannamələrinə əvəzləşdirilən dövriyyəyə salınmışdır ki, vergi orqanı da məhz həmin aylar üzrə kameral keçirərək əlavə vergilər hesablaya bilərdi. Cavabdehin etirazı: Cavabdeh etirazında göstərmişdir ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü ilin mənfəət, 2024-cü ilin yanvar və mart ayı ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 2024-cü ilin mart ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə büdcəyə ödənilməli vergi məbləğini 14208,92 manat qeyd olunmuş lakin əsas olmadan xx.xx.2024-cü il tarixdə büdcədən 12362,72 manat vergi məbləğininin qaytarılmasını bəyan etmişdir. Bundan başqa iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 2024-cü ilin yanvar ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi üzrə büdcəyə ödənilməli vergi məbləğini 17247,11 manat qeyd olunmuş, lakin daha sonra əsas olmadan xx.xx.2024-cü il tarixində həmin dövr üzrə 14649,27 manat vergi bəyan etmişdir. Həmçinin iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2023-cü il mənfəət vergi bəyannaməsi üzrə 646,68 manat vergi məbləği müəyyən edildiyi, lakin əsas olmadan vergi öhdəliyini xx.xx.2024-cü il tarixdə 0 manat olaraq bəyan etmişdir. Yuxarda qeyd olunan vergi bəyannamələri əlaqədar iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlarin (malumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, iddiaçı məktublarda qeyd olunan müddətlər ərzində 2023-cü ilin mənfəət, 2024- cü ilin yanvar və mart ayları üçün ƏDV kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etməmişdir. Odur ki, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 175.11-ci maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə müvafiq qərarlar göndərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində gəlirlər sətrində 3256135,01 manat göstərilməsinə baxmayaraq uçot baza məlumatlarına əsasən 2023-cü il ərzində təqdim edilmiş elektron qaimə fakturaların (ƏDV-siz) üstə gəl online kassa məlumatlarına əsasən mədaxil olmuş vəsaitin dəyərinin(ƏDV-siz) cəmi 3990303,0 manat olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində yaranmış kənarlaşmalar barədə xx.xx.2024-cü il tarixli **********123600 nömrəli "2023-cü il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 152583,56 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********828200 nömrəli "Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. 2024-cü ilin yanvar ayı ƏDV üzrə vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü ("Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 20705,40 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2024-cü il yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində yaranmış kənarlaşmalar barədə xx.xx.2024-cü il tarixli **********769400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 20705,4 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********049600 nömrəli "Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. 2024-cü ilin aprel ayı ƏDV üzrə qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-xx.xx.2024-cü il tarixi aralığında ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin ******* manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyiniz cəmi bəyannamələrin (301.1.1.3 + 301.1.1.4 + 301.1.1.6 + 301.1.1.7 + 301.1.1.8 + 301.1.1.9 + 301.1.2.1 + 301.1.2.3 + 301.1.2.5 + 301.1.2.6 + 301.1.2.7 + 301.1.2.8 + 301.1.5 + 318 - 319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin ******* manat olması nəticəsində təqdim etdiyiniz bəyannamələr üzrə ümumilikdə 34151 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2024-cü il mart ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində yaranmış kənarlaşmalar barədə xx.xx.2024-cü il tarixli **********255600 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 44283,82 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********912100 nömrəli "Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin aparılan araşdırma zamanı iddiaçıya "xxxx" MMC tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə cəmi 192.4 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "polietilen, metal boru və əlavələri" satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1 -ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur. X1 tərəfindən xx.xx.2023-cü il tarixində 118885,4 manat dəyərində "Metal boru" təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. "xxxx" MMC tərəfindən 28.04.23-xx.xx.2023-cü il tarix aralığında elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 19008220,75 manat dəyərində "Armatur, Etilen polimer qirintilari " və digər təqdim edilmiş və həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilmişdir. "xxxx" MMC 26.04- xx.xx.2023-cü il tarixdə olan dövr ərzində "xxxx" MMC tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən cəmi ******* manat dəyərində " lampa, alçıpan, otsep və s." təqdim edilmiş və həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixdə cəmi 109.8 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Metal boru DN 720x8 mm, LED SPOT, Unitaz" satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1 -ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Qeyd edək ki, riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərindən, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyicilərindən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmişdir. Həmçinin, yuxarda qeyd olunan vergi ödəyiciləri ilə riskli hesab edilən elektron qaimə fakturalar ləğv edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-282810/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, 2023-cü il üzrə 152583,56 manat əlavə vergi məbləği hesablanmışdır və iddiaçı onun 2023-cü il üzrə mənfəət vergisi üzrə hesablanmış 137212,12 manat hissəsində ləğv edilməsini xahiş edir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-325127/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, 2024-cü ilin yanvar ayı üzrə 20705,40 manat əlavə vergi məbləği hesablanmışdır və iddiaçı onun tam ləğv edilməsini xahiş edir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-330965/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, 2024-cü ilin mart ayı üzrə 45905,23 manat əlavə vergi məbləği hesablanmışdır və iddiaçı onun 18135,06 manat hissədə ləğv edilməsini xahiş edir. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və xx.xx.2023-ci il tarixli, EBDB seriyalı 928422 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və xx.xx.2023-ci il tarixli, EBDL seriyalı 113575 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və xx.xx.2023-ci il tarixli, EBDJ seriyalı 551946 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir. İddiaçı ilə X1 arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və xx.xx.2023-ci il tarixli, EBDA seriyalı 668962 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və xx.xx.2023-ci il tarixli, EBDP seriyalı 448590 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********187400 nömrəli qərarı ilə "xxxx" MMC, 23 yanvar 2024-cü il tarixli **********498200 nömrəli qərarı ilə "xxxx" MMC, 23 yanvar 2024-cü il tarixli **********501700 nömrəli qərarı ilə "xxxx" MMC, 13 mart 2024-cü il tarixli **********652700 nömrəli qərarı ilə X1, 18 mart 2024-cü il tarixli **********509200 nömrəli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Cavabdeh əməliyyatın riskli hesab olunmasını istinad etməklə həmin iş, xidmətləri və mal alışını şübhə altına almış və aparılmış əməliyyatların tam dəyərini nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, təqdim edilmiş materiallardan müəyyən edilir ki, aparılan əməliyyat tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət və mal alışı müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, iddiaçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyicisi vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxs arasında aparılan əməliyyat əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır. İddiaçının qarşılıqlı əməliyyat etdiyi ödəyicilərin fəaliyyətini araşdırmaq öhdəliyi olmadığından və mallar, xidmətlər faktiki olaraq alınaraq qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildiyindən, vergi orqanı tərəfindən aparılmış hesablama əsassız olmuşdur. Cavabdeh vergi orqanı iddiaçı ilə "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X1, "xxxx" MMC arasında arasında baş tutmuş alqı-satqı və iş, xidmətə dair əməliyyatlarının faktiki olaraq baş tutub-tutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən, sadəcə malları, işləri təqdim edən hüquqi şəxslərdə keçirilmiş OVN tədbirlərinə əsasən həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən ƏDV bəyannaməsində bəyan edilmiş əvəzləşmələrini qəbul etməkdən imtina etmiş və xərcləri nəzərə almamışdır. Halbuki, iş materiallarından görünür ki, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X1, "xxxx" MMC iddiaçı ilə alqı-satqı və iş, xidmətə dair əməliyyat həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və iddiaçı həmin hüquqi şəxsin gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini bilə bilməzdi. Beləliklə, alqı-satqı və iş, xidmət əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının alqı-satqı və iş, xidmət əməliyyatı həyata keçirdiyi müəssisə, iddiaçının alqı-satqı və iş, xidmət əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi və xərcləri nəzərə almaması əsassız olmuşdur. Məhkəmə qeyd edirki, riskli hesab olunan müəssisələrin riskli hesab olunmasına səbəb olan hallar, o cümlədən təsərrüfat subyektlərinin uçota qoyulmaması və sair bu kimi hallarla bağlı yaranan risklərə görə iddiaçıya əlavə vergi məbləğləri hesablana bilməz. Belə ki, bu hal həmin şəxsin məsuliyyət kateqoriyasına aiddir və hər bu pozuntulara görə özləri fərdi şəkildə məsuliyyət daşıyırlar. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-92/2024 nömrəli iş üzrə qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası həmçinin bildirir ki, iddiaçının mal aldığı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərarı mübahisələndirməməsi iddiaçının ziyanına təfsir oluna və qiymətləndirilə bilməz. Yəni başqasının öz hüququndan istifadə etməməsi qarşı tərəf üçün vergi öhdəliyi yaranmasının əsası kimi çıxış edə bilməz”. Həmçinin, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın və iş, xidmətin alıcısına münasibətdə Vergi Məcəlləsinin 175-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın və iş,xidmətin alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların və iş, xidmətin faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1 -ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) Eyni zamanda, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Beləliklə, cavabdehin iddiaçıya münasibətdə mübahisə olunan məzmunda hərəkətinin (fəaliyyətinin) hüquqi əsası olmamışdır, bu da bu da qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 282810/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 2023-cü il üzrə mənfəət vergisi üzrə hesablanmış 137212,12 manat hissəsində, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-325127/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı tam və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-330965/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 18135,06 manat hissədə ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-282810/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 2023-cü il üzrə mənfəət vergisi üzrə hesablanmış 137212,12 manat hissəsində, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-325127/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı tam və xx.xx.2024-cü il tarixli, 3- 21-2-3/2-330965/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 18135,06 manat hissədə ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-4338/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4338/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver