Məhkəmə qərarları › İş №e-2-1(112)-435/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-435/2025

28.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-435/2025 28.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" Kiçik Müəssisəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla qeyri-yaşayış sahələrinə çıxarış verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ilə "xxxx" Kiçik Müəssisəsi arasında bağlanmış xx.xx.2009-cu il tarixli Müqaviləyə əsasən ünvan 1ndə "xxxx" Kiçik Müəssisəsi tərəfindən tikilməkdə olan 5-ci blokda sahəsi 60 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı (bundan sonra iddiaçı) satılmışdır. "xxxx" Kiçik Müəssisəsinin xx.xx.2009-cu il tarixli Maliyyə arayışa əsasən ünvan 1ndə yerləşən yaşayış binası "xxxx" Kiçik Müəssisəsinə məxsusdur. Bu binanın 60 kv.m qeyriyaşayış sahəsinin ümumi pay dəyəri İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı ilə "xxxx" Kiçik Müəssisəsi arasında bağlanmış xx.xx.2017-ci il tarixli Müqaviləyə əsasən ünvan 1ndə "xxxx" Kiçik Müəssisəsi tərəfindən tikilməkdə olan 5-ci blokda sahəsi 165 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı (bundan sonra iddiaçı) satılmışdır. "xxxx" Kiçik Müəssisəsinin xx.xx.2017-ci il tarixli Maliyyə arayışa əsasən ünvan 1ndə yerləşən yaşayış binası "xxxx" Kiçik Müəssisəsinə məxsusdur. Bu binanın 165 kv.m qeyriyaşayış sahəsinin ümumi pay dəyəri İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı həmin qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, sözügedən qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbənin müvafiq icra orqanı ilə razılaşdırılmış mərtəbəli planı təqdim olunmayıb. İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adına ünvan 1ndə inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişində yerləşən 165 kv.m və 60 kv.m qeyri-yaşayış və qaraj sahələrinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişində yerləşən 165 kv.m və 60 kv.m qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, 29 dekabr 2009-cu il və 18 dekabr 2017-ci il tarixlərdə "xxxx" Kiçik Müəssisəsindən ünvan 1ndə inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişində yerləşən 165 kv.m və 60 kv.m qeyri-yaşayış sahələrini və qarajın dəyərini tam ödəməklə mülkiyyətinə və istifadəsinə verilmişdir. Həmin inşa edilmiş çoxmənzilli yaşayış binası istismara qəbul edilmiş və mülkiyyətə dair çıxarışlar təqdim edilmişdir. ünvan 1ndə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci girişində yerləşən istifadəsində olan 165 kv.m və 60 kv.m qeyri-yaşayış və qaraj sahələrinə Çıxarışın verilməsini və mülkiyyət hüququnun dövlət reyestrinə qeydiyyata alınmasından 18 avqust 2023-cü il tarixli, № 3-21-3-30/2- 0241/2023, **********30 saylı məktubu imtina etmişdir. Ərizəni imzalayan şəxs haqqında məlumat: mülkiyyətində olan qeyri-yaşayış binası və qaraj sahəsi faktiki istifadəsindədir. O, cavabdehə qeyriyaşayış sahələrinə və qaraj sahəsinə çıxarışı və texniki pasportunun tərtib olunması ilə bağlı müraciət etməmişdir ki, cavabdeh orqan qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbənin müvafiq icra orqanı razılaşdırılmış mərtəbəli planı təqdim olunmadığını göstərərək qanunsuz imtina edir. "xxxx" Kiçik Müəssisəsi ünvan 1ndə inşa etdiyi çoxmənzilli yaşayış binası müvafiq icra hakimiyyəti orqanından istismara qəbul edilmişdir. Həmin binanın bütün yaşayış, qeyri-yaşayış və qaraj sahələrinə cavabdeh tərəfindən çıxarışlar və texniki pasportlar təqdim edilmişdir. Cavabdeh orqan onun müraciətinə qanunsuz imtina vermişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Kiçik Müəssisəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Cavabdehin etirazı: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, iddiaçı tərəfindən verilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.6-cı maddəsinə uyğun mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) təqdim olunmalı olduğu halda, iddiaçı ilə "xxxx" Kiçik Müəssisəsi arasında bağlanmış müqavilə təqdim edilmişdir. Həmçinin, sözügedən qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbənin müvafiq icra orqanı ilə razılaşdırılmış mərtəbəli planı təqdim olunmayıb. Həmçinin, təqdim edilən sənədlərdə iddia edilən daşınmaz əmlakların hansı mərtəbədə yerləşməsi barədə məlumat qeyd edilməyib. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş sənədlər ilə faktiki ölçülərdə uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilən layihədə qeyri-yaşayış sahələrinin ölçüsü 165.0 kv.m və 60.0 kv.m qeyd edilsə də, faktiki ölçülər 157.3 kv.m və 53.2 kv.m təşkil edir. İddia edilən qaraj sahəsinə İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə imtina cavabı verdiyindən, hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən, iddiaçı ilə "xxxx" Kiçik Müəssisəsi arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60 və 165 olan qeyri-yaşayış sahələrinin iddiaçıya verilməsinə dair müqavilə bağlanmış, iddiaçı hər iki qeyri-yaşayış sahəsinin pay haqqını tam olaraq ödəmişdir. Cavabdeh orqan imtina məktubunda və iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçı tərəfindən verilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.6-cı maddəsinə uyğun mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) təqdim olunmalı olduğu halda, iddiaçı ilə "xxxx" Kiçik Müəssisəsi arasında bağlanmış müqavilə təqdim edilmişdir. Həmçinin, sözügedən qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbənin müvafiq icra orqanı ilə razılaşdırılmış mərtəbəli planı təqdim olunmayıb. Həmçinin, təqdim edilən sənədlərdə iddia edilən daşınmaz əmlakların hansı mərtəbədə yerləşməsi barədə məlumat qeyd edilməyib. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş sənədlər ilə faktiki ölçülərdə uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilən layihədə qeyri-yaşayış sahələrinin ölçüsü 165.0 kv.m və 60.0 kv.m qeyd edilsə də, faktiki ölçülər 157.3 kv.m və 53.2 kv.m təşkil edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, ünvan 1ndə inşa olunan 6 girişli; 2 girişli zirzəmili (kürsülü), 15 mərtəbəli (Blok 1 və 6) və 4 girişli zirzəmili (kürsülü), 17 mərtəbəli (Blok 2,3,4,5) yaşayış binası Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəməlilik baxımından istismara yararlılığı yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq xx.xx.2020-ci il tarixindən yaşayış binasının istismarına icazə verilmişdir. İş materiallarından göründüyü kimi, xx.xx.2009-cu il və xx.xx.2017-ci il tarixli müqavilələrə əsaslanaraq "xxxx" Kiçik Müəssisəsi mübahisəli qeyri-yaşayış sahələrini iddiaçıya satmış, iddiaçı buna görə müvafiq ödəniş etmiş və qeyri-yaşayış sahələrini təhvil almışdır. Həmçinin mübahisəli qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın dövlət reyestində qeydə alınması üçün hüququmüəyyənedici əsas kimi çıxış edən həmin müqavilələr hazırda qüvvədədir, ləğv olunmamış, "xxxx" Kiçik Müəssisəsi və digər şəxslər tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Belə olan halda, "xxxx" Kiçik Müəssisəsi ilə iddiaçı arasında xx.xx.2009-cu il və xx.xx.2017-ci il tarixlərdə bağlanmış müqavilələr qeyri-yaşayış sahələri üzərində iddiaçının hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici əsas kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, həmin müqavilələrdə tərəflərin necə adlandırılmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Lakin əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyri-yaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər hansı səbəbdən MTK ilə Kiçik Müəssisəni və MMC-ni fərqləndirə bilmirsə, onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda onların bu niyyətinə üstünlük verilməli və yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılmalıdır (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktubla sözügedən ünvanda yerləşən "xxxx" Kiçik Müəssisəsinə məxsus yaşayış binasının layihəsinin və mərtəbəlilik planının təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10/3711 nömrəli xx.xx.2025-ci il tarixli Ekspert Rəyində göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci girişində yerləşən İddiaçı məxsus olan 165 və 60 kv.m qeyri-yaşayış sahələrinin yerləşmə vəziyyətinin iş materiallarında olan "xxxx" MMC tərəfindən “yaşayış və qeyri-yaşayış binaları”na dair tərtib edilmiş “memarlıq həllinə” (eskiz-layihəyə) uyğun olduğu və həmin qeyri-yaşayış sahələrində faktiki olaraq arakəsmə divarların inşa olunduğu müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: … 3.0.42. sifarişçi – tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslər; … 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir; 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və yamühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyatakeçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş materiallarında olan iddiaçı Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2702/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X1 iddiası təmin edilərək, ünvan 1ndə inşa olunan çoxmənzilli yaşayış binasının 5-ci girişində yerləşən qaraj sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. İş materiallarından müəyyən edilir ki, həmin qərar qanuni qüvvəyə minərək cavabdeh tərəfindən icra olunmuş və nəticədə iddiaçıya eyni ünvanda yerləşən daşınmaz əmlaka, eyni hüquqmüəyyənedici sənədlər üzrə (iddiaçı ilə üçüncü şəxs arasında bağlanılmış müqavilə, maliyyə arayışı) ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Həmçinin, iş materiallarında olan ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışların surətindən müəyyən edilir ki, eyni ünvanda yerləşən binadakı müxtəlif daşınmaz əmlaklara dair mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Belə olan halda, cavabdeh orqan eyni faktiki hallara malik şəxslərə mübasibətdə fərqli davranaraq bərabərlik və etimad hüququnun tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirməlidir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 1ndə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci girişində yerləşən 165 kv.m və 60 kv.m qeyri-yaşayış sahələrinə İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarış verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar