Məhkəmə qərarları › İş №e-2-1(112)-4383/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4383/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4383/2023 10.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik ilə bağlı məlumatın sistemə daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının 2-ci qrup müharibə əlili kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (TSERAS) altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və cavabdehin bu hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq 50.000 manat məbləğində təzminatın onun nəfinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbi həcminin azaldılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək məhkəmədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlığını itirmiş və 2007-ci ildən müddətsiz 2-ci qrup əlil olmuş İddiaçı əlillik məlumatlarının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (TSERAS) “Əlillik” (Zəfər) altsistemə ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1: 1.1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 3.1.21. Müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməyə uyğun olaraq təşkil etmək Agentliyin vəzifələridir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamənin: 1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra - Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra – MEİS) istifadənin, MEİS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. 1.2. MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. 2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildir: - 2.1.4. “Sosial ödənişlər” altsistemi; - 2.1.5. “Əlillik” (TSERAS) altsistemi; - 2.1.8. “Pensiya” altsistemi; - 2.1.15-1. “Zəfər” altsistemi; 2.2. “Məşğulluq haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məşğul şəxslərin və əlilliyi olan şəxslərin reyestrlərinin formalaşdırılması MEİS vasitəsilə təmin edilir. 2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: - 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, habelə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinin, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması; -2.3.15-1. şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatların “Zəfər” altsistemi vasitəsilə toplanması və sistemləşdirilməsi, habelə şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin və müharibə veteranlarının reyestrinin aparılması; 2.4. Vətəndaşların təqdim etdikləri, həmçinin başqa informasiya ehtiyatlarından sorğular vasitəsilə əldə olunan və MEİS-ə daxil edilən informasiyanın tərkibi və informasiyanın növü Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu, sosial müdafiəsi və sosial təminatı, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirmək üçün zəruri məlumatları əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyuişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bəhs edilən qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nəzərə alınmalıdır ki, Agentlik öz səlahiyyətləri çərçivəsində Nizamnamədə nəzərdə tutulmuş fəaliyyət sferalarında müvafiq tədbirlər görür və normativ hüquqi aktın tələbləri ilə müəyyən edilmiş vəzifələri icra edir ki, bunlardan biri də müvafiq sahədə elektron xidmətləri göstərməkdən ibarətdir. Xüsusi ilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi özündə müxtəlif altsistemlərini nəzərdə tutur ki, bunlardan biri olan “Əlillik” (TSERAS) altsisteminə məlumatların ötürülməsi Agentlik tərəfindən təmin olunur. Hazırki işin faktiki hallarından görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı ikinci qrup Qarabağ müharibə əlili olması ilə bağlı məlumatın altsistemə ötürülməsi (vəzifəsinin) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini tələb edir. Cavabdeh isə iddiaçının müraciətindən imtina edərkən onun əlilliyi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində və Agentliyin arxivində heç bir məlumatın aşkar olunmadığını bildirir. Məhkəmə cavabdehin irəli sürdüyü mülahizələr ilə razılaşmır və hesab edir ki, iddiaçının uzun müddətdir ki əlilliyinin olmasını təsdiq edən sənədlər mövcud olduğundan, şəxsin əlil olması ilə bağlı məlumat altsistemə ötürülməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən (tibbi kartoçka, TSEK-in arayışı və s.) görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi və yaralandığı üçün ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra əlilliyin müddəti uzadılmış və xx.xx.2007-ci il tarixli müayinə aktına əsasən ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıya müddətsiz əlilliyin təyin edilməsini təsdiq edən sənəd qismində Tibbi-Sosial Ekspert Komissiyanın SER TSE-01 № 372551 saylı arayışı çıxış edir ki, həmin arayış TSEK-in sədrinin imzası və möhürü ilə təsdiq olunmuşdur. Diqqətəlayiq məqamlardan da biri də odur ki, iddiaçı müharibə əlili olması ilə əlaqədar pensiya, o cümlədən müavinət də almışdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sosial arayışdan görünür ki, iddiaçıya əlilliyə görə xx.xx.1996-cı il tarixdən 285,27 manat məbləğində pensiya təyin olunmuş, daha sonra onun müraciətinə əsasən onun ikinci qrup müharibə əlili olması əsası ilə ona xx.xx.2016-cı il tarixdən 400 manat məbləğində müavinət təyin edilmişdir. Göründüyü kimi iddiaçının ikinci qrup əlil olmasını təsdiq edən sənədlər olduğu halda, həmçinin onun müharibə əlili kimi imtiyazlardan istifadə etdiyi təqdirdə, iddiaçının əlil olması barədə məlumatın altsistemə ötürülməsi təmin olunmur. Məhkəmə araşdırılması zamanı cavabdeh iddiaçının əlil olmasını, yəni əlilliyin qiymətləndirilməsi istiqamətində inzibati icraatın aparılmasını təklif etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, doğrudur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın normalarına görə şəxsin əlilliyin altsistemə daxil edilməsi müvafiq göndəriş əsasında həyata keçirilir. Lakin hazırki halda belə bir göndərişin təqdim edilməsinə və ya iddiaçının əlil olması istiqamətində yenidən inzibati icraatın aparılmasına zərurət yoxdur. Çünki iddiaçı ona yenidən əlilliyin təyinini arzulamır, o, zamanında ona təyin olunmuş əlilliyin altsistemə ötürülməsini arzulayır. Məhkəmə hesab edir ki, iddiaçının uzun müddətdir ki əlil olması və bununla əlaqədar əlillərə şamil olunan imtiyazlardan istifadə etməsi müvafiq sənədlər ilə təsdiq olunduğundan, göndəriş təqdim edilmədən və yenidən əlilliyin qiymətləndirilməsi istiqamətində inzibati icraat aparılmadan, onun əlilliyi barədə məlumat müvafiq altsistemə ötürülməlidir. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməsinin 2.1-ci yarımbəndində nəzərdə tutulan “Sosial ödənişlər, “Əlillik” (TSERAS), “Zəfər” altsistemi, “Pensiya” və digər altsistemlərin hər biri MEİS-in, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin strukturuna daxil olan altsistemlərə daxildir. Nəzərə alınmalıdır ki, cavabdeh eyni elektron informasiya sisteminə daxil olan məlumatı, yəni iddiaçının əlilliyə görə xx.xx.1996-cı il tarixdən pensiya, xx.xx.2016-cı il tarixdən isə müavinət almağını nəzərə almamış, əksinə iddiaçının əlilliyi ilə bağlı məlumatın olmadığına istinad etmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi ümumi olaraq bütün altsistemləri ehtiva edir ki, həm “Pensiya”, həm də “Sosial ödənişlər” altsistemində iddiaçının əlil olmasını təsdiq edən məlumatlar (pensiya və müavinət alması) mövcuddur. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı ikinci qrup əlil olduğundan və bu halı təsdiq edən sənədlər mövcud olduğundan, ikinci qrup Qarabağ müharibə əlili İddiaçı əlilliyi ilə bağlı məlumatın altsistemə ötürülməsi təmin olunmalıdır. Eyni zamanda Məhkəmə diqqətə çatdırır ki, “Zəfər” altsistemi MEİS-in strukturuna daxil olan altsistemlərdən biridir ki, həmin altsistem özündə şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatları ehtiva edir. Beləliklə, iddiaçı müharibə ilə əlaqədar əlil olduğundan, onun barəsində məlumat həmçinin “Zəfər” altsisteminə də daxil olmalıdır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlığını itirmiş və 2007-ci ildən müddətsiz 2-ci qrup əlil olmuş İddiaçı əlillik məlumatlarının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (TSERAS) “Əlillik” və “Zəfər” altsistemə ötürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar