Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4384/2023 14.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “mənsubiyyətin tanınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı yenidən dəqiqləşmə verərək cavabdehin iddiaçının mənsubiyyətinin tanınmaması barədə qərarının ləğv edilməsini, iddiaçının qaçqın statusunun tanınmaqla onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı öz ata babası və nənəsi ilə birgə Ermənistan Respublikasında yaşamış, babası Kalinino rayon X2 sədr müavini vəzifəsində işləmişdir. Sonradan məlum hadisələrdən sonra 1988-ci il oktyabr ayında Azərbaycan Respublikasına gəlmiş, babası 19 dekabr 1988-ci il tarixdə Ermənistan Respublikasındakı evi Azərbaycan Respublikasındakı mənzilə dəyişmişdir. Həmin hallar aidiyyəti sənədlərlə də təsdid edilir. İddiaçı qaçqın kimi Azərbaycan Respublikasına gəlməsi ilə əlaqədar cavabdehə müraciət edərək ona qaçqın statusunun verilməsini xahiş etmiş, lakin müraciətinin təminindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçının ilkin tələbi qaçqın statusunun tanınması ilə bağlı olsa da, iddiaçının hüquqi marağının müəyyən edilməsi ilə əlaqədar olan da məhkəmə araşdırması zamanı aşkar edilmişdir ki, iddiaçı qaçqın statusunun tanıdılması onun mənsubiyyətinin tanınması ilə də əlaqədardır və hazırda iddiaçının hüquqi marağı məhz həmin mənsubiyyətin tanınması ilə əlaqədardır. Buna uyğun olaraq da iddiaçı icraat gedişində cavabdehə müraciət etmiş, lakin müraciətin təminindən imtina edildiyindən qaçqın statusunun tanınmaqla mənsubiyyətinin də tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir ki, məhkəmə hesab edir ki, hazırkı növ iddia tələbi iddianın predmet və əsasının eyni vaxtda dəyişdirilməsi ilə nəticələnmədiyindən mahiyyəti üzrə eyni məsələ, eyni əsasla bağlı olduğundan hazırkı növ dəqiqləşdirmə prosessual qanunvericiliyin, o cümlədən iddiaçının hüquqi marağına uyğun olmuş, prosessual qənaət prinsipləri nəzərə alınmaqla da dəqiqləşmə zəruri hesab edilmiş, bununla bağlı məhkəmənin təklifinə uyğun olaraq da iddia tələbinə dəqiqləşmə icraata qəbul edilməklə işə mahiyyəti üzrə baxılmasını istisna edən hər hansı hal müəyyən edilməmişdir. Xülasə iddia mümkün, mahiyyəti üzrə baxılmalı olan ididadır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İcra nümayəndəliyinin arayışından görünür ki, iddiaçının yaşadığı mənzil qaçqın gəlməsi ilə əlaqədar dəyişdirilmiş mənzildir, iddiaçı həmin mənzildə yaşayıb, 25 aprel 1994-cü il tarixdə məktəbi bitirmişdir. 28 aprel 1994-cü il tarixdə qeydiyyatdan çıxaraq Belarusiya Respublikasına getmişdir. Qeydiyyat kitabçasından görünür ki, iddiaçının babası və nənəsi ilə birgə ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Xidməti vəsiqənin surətindən görünür ki, iddiaçının babası Ermənistan Respublikasında X2 sədr müavini vəzifəsində çalışmışdır. Azərbaycan SSR Dövlət Sosial Sığorta İdarəsinin 28 fevral 1990-cı il tarixli məktubundan da görünür ki, iddiaçının babasının Ermənistan Respublikasında qalmış evi, Bakı şəhərindəki mənzilə dəyişdirilməsi ilə əlaqədar müvafiq ödəniş edilmişdir. Bununla əlaqədar verilmiş iddiaçının babası tərəfindən təqdim edilmiş ərizədən də göründüyü kimi onun nəvəsi olan iddiaçı da daxil olmaqla Ermənistan Respublikasından məlum hadisələrlə bağlı Azərbaycan Respublikasına gəlməsi, əmlakların dəyişdirilməsi ilə bağlı müraciəti qeydə alınmışdır. Arayışdan da görünür ki, iddiaçı 20 dekabr 1988-ci il tarixində 5 b sinfinə qəbul edilmiş, 25 aprel 1994-cü il tarixdə 11-ci sinifdən çıxmışdır. Sabunçu İcra Hakimiyyətinin məktubundan görünür ki, iddiaçı 1988-ci il tarixdə Ermənistan Respublikasından qaçqın kimi ölkə ərazisinə gəlmiş, 1989-cu il tarixdən Axundzadə küçəsi 44-1 ünvanına qeydiyyata düşmüş, daha sonra 28 aprel 1994-cü il tarixdə qeydiyyatdan çıxaraq Belarus Respublikasına getmişdir. Ali Məhkəmənin qərarından da görünür ki, iddiaçı qaçqın kimi gəlməsi faktı ilə bağlı mülki qaydada xüsusi icraat qaydasında baxılmış iş üzrə cavabdehin şikayəti əsasında birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qərarı ləğv edilmiş, kassasiya instansiya məhkəməsinin qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvəsində saxlanılmışdır. Cavabdehin 12 may 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının qaçqın kimi məskunlaşma faktı öz təsdiqini tapsa da, o, sonradan Belarus Respublikasının vətəndaşlığını qəbul etmişdir. Cavabdeh qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən şəxs digər dövlətin vətəndaşlığını qəbul edirsə, yəni başqa dövlətin himayəsindən istifadə edirsə qaçqın statusunu itirir. Bu səbəbdən də onun mənsubiyyətinin tanınması mümkün deyildir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: M a d d ə 1 . Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; M a d d ə 2 . Qaçqın statusunun verilmədiyi hallar Aşağıdakılara qaçqın statusu verilmir: beynəlxalq hüquqda təyin edildiyi kimi, sülhə qarşı cinayət, hərbi cinayət, bəşəriyyətə və ya insanlığa qarşı cinayət törətdiyi müəyyənləşdirilmiş şəxsə; Azərbaycan Respublikasının ərazisinə gələnə qədər onun hüdudlarından kənarda qeyri-siyasi xarakterli ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsə;[1] Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətməkdə müqəssir olan şəxsə. M a d d ə 9 . Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. M a d d ə 1 0 . Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. M a d d ə 1 2 . Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. M a d d ə 1 3 . Qaçqın statusu verməkdən imtina edilməsi Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. M a d d ə 1 4 . Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi Qaçqın statusunu şəxs aşağıdakı hallarda itirir: vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin himayəsindən könüllü surətdə yenidən istifadə etdikdə; öz vətəndaşlığından məhrum olub onu könüllü surətdə yenidən əldə etdikdə; Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdikdə; təqiblərdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı dövlətdə könüllü surətdə yenidən məskunlaşdıqda; qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə vətəndaşı olduğu dövlətin himayəsindən daha imtina edə bilmədikdə (vətəndaşı olduqları dövlətin himayəsindən imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla); müəyyən vətəndaşlığı olmayan şəxs onun qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə əvvəl adətən yaşadığı ölkəyə qayıda bildikdə (əvvəl adətən yaşadıqları ölkəyə qayıtmaqdan imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla). Qaçqın daimi yaşayış üçün Azərbaycan Respublikasının hüdudlarından kənara getdikdə Azərbaycan Respublikasının həmin qaçqın barəsində öhdəlikləri onun Azərbaycan Respublikasının dövlət sərhədini keçdiyi andan itirilir. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın:
1. Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.
5. Şəxsin "Qaçqın" statusu verilməsi haqqında vəsatətinə baxılması haqqında qərar qəbul edildikdə, 24 saat ərzində ona və ailə üzvlərinə Dövlət Miqrasiya Xidməti tərəfindən vəsatətə baxılan müddətədək şəxsiyyətini təsdiq edən xüsusi formada hazırlanmış müvəqqəti şəhadətnamə təqdim edilir.
7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır.
13. Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun: Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası”nın: 2.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. “İnzibati icraat haqqında” Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. İşin faktiki hallarından, o cümlədən cavabdehin mənsubiyyətin tanınmasından imitna əsasından da görünür ki, iddiaçının qaçqın kimi gəlmə faktı öz təsbitini tapsa da, cavabdeh həmin məskunlaşma faktının mənsubiyyətinin tanınmasını üçün əsas olmadığı qənaətindədir və həmin qənaət onunla əsaslandırılmışdır ki, şəxs qaçqın olduqdan sonra başqa bir dövlətin himayəsindən istifadə etmişdir. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarını, o cümlədən sadalanan qanunvericilik normalarının tələblərini nəzərə almaqla qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mövqeyi qanunsuz və əsassız olmaqla iddiaçının qaçqın statusundan yaranmış mənsubiyyətin tanınmasına dair hüququnun pozulması ilə nəticələnmişdir. Bununla bağlı ilkin olaraq qeyd edilməlidir ki, iddiaçının qaçqın kimi məskunlaşma faktı cavabdehin özü tərəfindən də mübahisələndirilməyən, işin mübahisəsiz halıdır. İşin faktiki halları ilə də sübut olunur ki, iddiaçı babası və nənəsi ilə birlikdə məlum hadisələr nəticəsində ölkə ərazisinə gəlmiş, qeydiyyatda olmaqla yaşamış, 1994-cü il tarixdən sonra başqa ölkəyə getmişdir. İmtinanın əsas dəlili də məhz onun başqa dövlətin himayəsindən istifadə etməsi ilə bağlıdır ki, məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, yuxarıda sadalanan normativ hüquqi aktın tələbindən də görünür ki, həqiqətən də vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin himayəsindən könüllü surətdə yenidən istifadə etmə şəxsin qaçqın statusunun itirilmə əsası qismində çıxış edir. Qaçqın statusunun itirilməsi əsası mövcud deyildirsə, deməli mənsubiyyətin tanınması əsaslarından biri olan 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olma əsası da mövcud olmayacaqdır ki, qeyd olunan halda iddianın təminini istisna edən hal mövcud ola bilərdi. Lakin, cavabdeh hazırkı halda nəzərə almamışdır ki, hər hansı bir statusunun itirilməsi üçün ilkin olaraq həmin statusunun itirildiyi an üçün qazanılması mütləqdir. Yəni, şəxs qaçqın statusunda olan şəxs deyildirsə, həmin statusunun itirilməsindən söhbət gedə bilməz. Yuxarıda göstərilən normativ hüquqi aktların tələbləri ilə müəyyən edilir ki, qaçqın statusunun mövcudluğu bununla bağlı inzibati aktın qəbul edilməsinin nəticəsində mümkün olur ki, həmin inzibati akt şəxsə həmin statusun və onu təsdiq edən vəsiqənin verilməsi ilə nəticələnir. İş materiallarından isə müəyyən edilir ki, nə iddiaçı başqa dövlətin ərazisinə getdiyi zaman, nə də ki indi qaçqun statusunu təsdiq edən hər hansı sənədə malik olmamış, onun qaçqın statusunu təsdiq edən və hüquqi nəticə yaradan onun qaçqın statusunu təsdiq edən inzibati akt qəbul edilməmişdir. Qeyd olunmalıdır ki, şəxs barəsində qəbul edilmiş inzibati aktın hüquqi nəticəsi dedikdə, təkcə həmin inzibati akta münasibətdə müəyyən edilmiş hüquq və imtiyazlar yox, həmçinin də məhrumiyyətlər, məhdudiyyətlər də nəzərə qeyd olunur. Misal, hər hansı inzibati orqan tərəfindən inzibati akt qəbul edilərək şəxs dövlət qulluğuna qəbul edilirsə “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş “Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər» adlanan (misal dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olmağa və s) məhdudiyyətlər həmin şəxsə münasibətdə tətbiq edilir. Lakin, həmin şəxs hələ dövlət qulluqçusu statusunda olan şəxs deyildirsə, yəni onun barəsində inzibati orqanın qəbul etdiyi işə qəbul edilmə barədə inzibati aktı qəbul edilməmişdirsə, həmin məhdudiyyətlərin adıçəkilən şəxsə tətbiqindən söhbət gedə bilməz. Qeyd olunmalıdır ki, həmin növ yüzlərlə misallar qanunvericiliklə müəyyən edilmiş qaydada hazırda qeyd edilməsi mümkündür. Həmin növ bütün misallar, eləcə də hazırkı işin faktiki hallarına uyğunluq ondadır ki, İnzibati aktın hüquqi nəticəsi anlayışına məhrumiyyətlər və məhdudiyyətlər də daxildir. Bu isə, o deməkdir ki, inzibati orqan özü və ya digər inzibati akt qəbul etmək səlahiyyəti verilmiş inzibati orqan tərəfindən qəbul edilməli olan, lakin edilməmiş inzibati aktın hüquqi nəticəsini tətbiq etməsin. Hazırkı işin faktiki hallarından isə görünür ki, cavabdeh qaçqın statusunun tanınması barədə iddiaçı barəsində qərar qəbul edilmədən qaçqın statusunda olmuş şəxslərin statusunun itirilməsinə səbəb olan məhrumiyyətə istinad etməklə şəxsin mənsubiyyətinin tanınmasından imtina edir. Halbuki, cavabdehin imtinasının qanuni olması üçün ümumiyyətlə həmin şəxs barəsində qaçqın statusunun tanınması barədə qərar mövcud olmalı, həmin şəxs statusu təsdiq edən vəsiqəyə malik olmalıdır ki, onun başqa dövlətin himayəsindən istifadə etməsi qazanmış olduğu statusun itirilməsinə səbəb olsun. Göründüyü kimi iddiaçı mənsubiyyətin tanınmasına dair müraciət edərkən qaçqın statusu dövlətin hər hansı bir qurumu tərəfindən tanınmayan şəxs olmuşdur. Cavabdeh isə həm qaçqın statusunun tanınmasından imtina etmiş, daha sonra isə tanımadığı qaçqın statusunun itirilməsi barədə mövqe nümayiş etdirərək mənsubiyyətin tanınmasından imtina etmişdir. Halbuki, yuxarıda qeyd olunan qanunvericilik aktlarında qaçqın statusu hansı qaydada tanınmalı, bununla bağlı inzibati akt hansı əsaslarla qəbul edilməlidir, konkret olaraq müəyyən edilmişdir. Bu səbəbdəndir ki, hazırkı iddia cavabdehin həm qaçqın statusunun tanıdılması barədə, həm də mənsubiyyətinin tanınması barədə inzibati aktın qəbul edilməsinin vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı olmuşdur. Əlavə olaraq, məhkəmə hesab edir ki, işin hüquqi halları ilə yanaşı, hazırkı növ işlər üzrə ictimai-siyasi xarakter daşısa da, işin digər mühüm hallarının da nəzərə alınması mütləqdir. Belə ki, Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir. Son illər bu istiqamətdə bir sıra ciddi addımlar atılmış, Azərbaycan Respublikası Dövlət Neft Fondunun, dövlət büdcəsinin, donor dövlətlərin və beynəlxalq humanitar təşkilatların vəsaiti hesabına on minlərlə ailə üçün yeni qəsəbələr salınmış, ayrı-ayrı şəhər və rayonlarda müasir tipli evlər və mənzillər tikilib qaçqınların və məcburi köçkünlərin istifadəsinə verilmiş, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı humanitar layihələr və digər tədbirlər həyata keçirilmişdir. Azərbaycanın işğal altında olan torpaqları azad edilənə və didərgin düşmüş vətəndaşlar öz doğma yurdlarına qayıdana qədər çadır düşərgələrində, dəmir yolu üzərindəki yük vaqonlarında və yaşayış üçün yararsız yerlərdə məskunlaşmış soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin yaradılmasını və digər sosial problemlərin həllini təmin etmək məqsədilə qərarlar qəbul edilmişdir. (“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli, 298 nömrəli Sərəncamından) Məhkəmə hesab edir ki, hazırkı kateqoriya şəxslərin kəmiyyət göstəricilərinin Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış şəxslərlə bağlı daxili və beynəlxalq müstəvidə Ermənistan Respublikasına qarşı Azərbaycan Respublikasının müəyyən edilmiş siyasi xəttinin müəyyən edilməsində mütləqdir. Bu səbəbdəndir ki, iddiaçı kimi əslində vaxtında tanınmalı olan qaçqın statusunun verilməsi həyata keçirilməmiş, hazırda həmin statusunun tanıdılması barədə müraciət edən və reallıqda da qaçqın statusunu daşımalı olan şəxslərin qaçqın statusunun və mənsubiyyətinin tanınmaması, məhkəmə hesab edir ki, təkcə hüquqi qiymətləndirmə ilə yanaşı, dövlət maraqlarına uyğun olaraq digər meyarlar nəzərə alınmaqla da qiymətləndirmə tələb edir. Məhkəmə həmin meyarların da hazırkı növ işlər üzrə nəzərə alınması mövqeyi onunla da müdafiə edir ki, ümumiyyətlə publik hüquqi münasibət bərabərtərəfli subyekt olmayan inzibati orqanla digər şəxs arasında yaranan münasibətdir. Həmin münasibətlərdən yaranan mübahisəyə baxan inzibati məhkəmə həm şəxsin, həm də inzibati orqanın hüquqi maraqları baxımından qiymətləndirmə aparmalıdır ki, məhkəmə hesab edir ki, hazırkı iddianın təmini, həm iddiaçı, həm də dövlətin səlahiyyətlərinin bir qismini icra edən, cavabdehin maraqlarına xidmət edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Miqrasiya Xidmətinin iddiaçı Kurbanau (Qurbanov) Roman Tellaroviç mənsubiyyətinin tanınmaması barədə 12 may 2023-cü il tarixli qərarının ləğv edilsin. Kurbanau (Qurbanov) Roman Tellaroviçin qaçqın statusunun və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Miqrasiya Xidmətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov