Məhkəmə qərarları › İş №e-2-1(112)-439/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-439/2025

14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-439/2025 14.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının 25 avqust 2023-cü il tarixli, 3-17-1/2-1-194877/2023 saylı məktubu ilə ifadə edilmiş imtinasının qanunsuz hesab edilərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 xx.xx.2018-ci il təvəllüdlü nəvəsi X12 baxdığına görə İddiaçı əmək pensiyası təyin edilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X6 ilə xx.xx.1984-cü il tarixdən birgə nikahda olmuşdur. xx.xx.1985-ci ildə X7 doğulmuşdur. Onun oğlu X7 ilə X8 birgə nikahından xx.xx.2018-ci il tarixdə nəvəsi X15 doğullmuşdur. X15 doğulduğu vaxtdan ona babası X6 və nənəsi olaraq baxmış, Uğur onların yanında yaşamışdır. Qeyd edilən fakt həmçinin Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışı ilə də təsdiq olunur. X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən öncə ona yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya kartı açılmışdır. İddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edilərək, mərhum əri X2 ölümündən sonra ona ayrılmış əmək pensiyasının nəvəsi X12 baxdığına və işləmədiyinə görə ona təyin edilməsi xahiş edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 25 avqust 2023-cü il tarixli, 3-17-1/2-1-194877/2023 saylı məktubu ilə pensiya təyin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü və 7-ci maddələrinin bəzi müddəalarına istinad edilsə də, imtina qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023cü il tarixli, № 3-17-1/2-252403/2023 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Etirazda onunla əsaslandırılmışdır ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, həmin ərizə aidiyyəti üzrə Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına göndərilmişdir. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17- 1/2-1- 194877/2023 nömrəli məktubu ilə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin qanunvericliyin tələbləri baxımından mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 14-ci maddəsinə əsasən: Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan yə ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 1.vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: (18 yaşına çatmamış; 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs,, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək); 2.ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X6 24 fevral 2023-cü il tarixdə vəfat etmişdir. F.İsmayılov vəfat etməmişdən öncə ona yaşa görə əmək pensiyası təyin edilmiş, vəfatı ilə əlaqədar pensiya ala bilməmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 14.1.3-cü maddəsinə əsaslanaraq 5 yaşlı nəvəsi X10 zəruri xərclərini və ehtiyaclarını qarşıladığını iddia ərizəsində qeyd edərək, mərhum ərinin əmək pensiyasının nəvəsinə təyin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçı V.İsmayılovun mərhum əri F.X1 ailə başçısı hesab edilmir. X12 iddiaçının mərhum ərinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericliyin tələbləri baxımından mümkün hesab edilmir. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qadınların pensiya yaş həddi 63 yaş müəyyən edilib. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq hesab edilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb qərar çıxarılmasını xahiş etdiyindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş edi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR: İş materiallarında olan: 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV № 095687 №-li “Doğum haqqında şəhadətnamə”dən müəyyən olunur ki, X15 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2018-ci ilin mart ayının 26-cı günündə 1516 № ilə qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ № 320494 “Ölüm haqqında şəhadətnamə”dən müəyyən olunur ki, X6 xx.xx.2023-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 03 ayının 09 günündə 377 № ilə qeyd edilmişdir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17- 1/2-İ-194877/2023 №li imtina məktubunda qeyd olunmuşdur ki, “... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının -18 yaşına çatmamış övladları; - 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; - təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək); - həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına (hazırda qadınlar üçün 63 yaş 6 ay) çatmış, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə; - həmçinin, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər.Qeyd olunanlara əsasən, nəvəniz X13 mərhum həyat yoldaşınız X3 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericliyin tələbləri baxımından mümkün hesab edilmir.” Məhkəmənin müvafiq sorğusuna əsasən: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 69871/2024 №-li cavab məktubunda göstərilmişdir ki, mərhum X5 xx.xx.2024-cü il tarixdən Mərkəzi Filial tərəfindən 533,72 manat məbləğində dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. ... 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası ... 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. ... 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. ... 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. 14.3. Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır. 14.4. Bu Qanunun 18.2-ci və 18.3-cü maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin ailə üzvünə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1 – 7.0.3-cü, 7.0.5-ci və ya 7.0.6-cı maddələrində nəzərdə tutulmuş sosial müavinətlərin məbləğindən az olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda, o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir. 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 17.2. Hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. ... 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. ... 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. MƏHKƏMƏNİN MÖVQEYİ Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi mərhum – xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X4 xx.xx.2018-ci il tarixli nəvəsi X12 baxması ilə əlaqədar olaraq ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasına nail olmaqdan ibarətdir. İlkin olaraq qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsində “əmək pensiyası hüququ olan şəxslər” müddəası, o cümlədən, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxsləri, Qanunun 32.1-1-ci maddəsində “əmək pensiyaları” müddəası isə, həmçinin “ailə başçısını itirməyə görə əmək pensiyası”nı da ehtiva edir. Belə ki, iddia tələbinin hüqüqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.3-cü maddəsinin məqsədi ona yönəlmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vəfat etmiş şəxsin yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən şəxs olunsun. İş materillarına əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qeyd edilməklə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2018-ci il təvəllüdlü X10 doğulan vaxtdan babası X2 və nənəsi İddiaçı öhdəsində olması, X2 ölməsindən sonra isə İddiaçı öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4329/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsi ilə ərizə rədd edilmişdir. Ərizəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(008)-4329/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6128/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ərizəçi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025 tarixli, 2(102)-837/2025 №-li qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6128/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025 tarixli, 2(102)-837/2025 №-li qərarında qeyd olunmuşdur ki; ...

45. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.3-cü maddəsinin məqsədi uşağın hüquqlarının müdafiəsi ilə bağlı deyildir. Həmin norma ailə başçısının ölməsi səbəbindən pensiya alma hüququnun nəvəyə deyil, nəvəyə baxan valideynlərdən birinə və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacıya keçməsini nəzərdə tutur.

46. Bu norma, ailə başçısı öldüyü halda, ailə başçısının təminatında olan şəxsin sosial təminatının davam etdirilməsi şərtlərini (habelə buna hüququ olan şəxslərin dairəsini) müəyyən edir. Bu hüquqi şərtlər, vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı üzrə dövlətin sosial sahədə öhdəlikləri və bu normanın konstitusion məqsədləri baxımından təhlil olunmalıdır.

47. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsində qeyd olunur ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

48. Bu baxımdan qeyd olunan normada “nəvəyə baxma” dedikdə, sadəcə nəvəyə nəvaziş və qayğı göstərməkdən bəhs olunmur. Bu anlayışla valideynləri tərəfindən qayğı və qulluqdan kənarda qalmış uşaqlara nənə və baba tərəfindən baxıldığı halları nəzərdə tutulur ki, bunun da qanunla müəyyən olunmuş rəsmiləşmə qaydaları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 18-ci fəsli). Baxılan işdə bu hallar müəyyən edilməmişdir.”

Bununla bağlı qeyd edilməlidir ki, İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki; “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). ... Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). ... Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. ... Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.”

Yuxarıda qeyd edilənləri nəzərə aldıqda məhkəmənin mövqeyinə görə, xx.xx.2018ci il tarixli nəvəsi X15 valideyn himayəsindən məhrum olmuş uşaq kimi iddiaçının himayəsində olmadığından və qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun himayəsinə və ya övladlığına verilmədiyindən İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 14.1.3-cü maddəsində təsbit olunmuş şəxslər dairəsinə düşmədiyindən, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ mövcud deyildir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar