Məhkəmə qərarları › İş №e-2-1(112)-4392/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4392/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4392/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 24 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ünvan 1 ünvanında istifadəsində olan 295,3 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 694,8 kv.m olan iki mərtəbə və zirzəmidən ibarət yeni qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında iddiaçının istifadəsində olan 295,3 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 694,8 kv.m. olan iki mərtəbə və zirzəmidən ibarət yeni qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 166,9 kv.m, əsas sahəsi 131,3 kv.m, köməkçi sahəsi 35,6 kv.m olan 70 saylı birmərtəbəli bina iddiaçının mülkiyyətində olmuş, həmin bina üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il tarixli ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. 2011-ci ildə iddiaçı həmin tikilini söküb yenidən tikmək qərarına gəlmiş və bununla bağlı qanunvericiliklə tələb olunan prosedurları həyata keçirməyə başlamışdır. Belə ki, obyektin yerləşdiyi, iddiaçının istifadəsində olan 295,3 kv.m torpaq sahəsində ümumi sahəsi 694,8 kv.m olan iki mərtəbə və zirzəmidən ibarət yeni qeyri-yaşayış sahəsinin inşa edilməsi üçün, iddiaçının sifarişi əsasında, inşa ediləcək tikilinin 'layihəsi "xxxx" MMC tərəfindən tərtib edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2011-ci il tarixli, 18/03-8/3005 saylı razılaşdırma məktubu ilə tikilinin inşası razılaşdırılmışdır. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 350 saylı sərəncamı ilə yenidənqurma işlərinin aparılmasına icazə verilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin Baş layihə-mühəndis institunun Mühəndis geoloji mərkəzinin xx.xx.2012-ci il tarixli 06-4217 saylı rəyi ilə tikintinin hesabatı məqbul qiymətləndirilmişdir. “Yenidənqurma İşləri Başa X4 X8 Qəbul Komissiyası”nın xx.xx.2013-cü il tarixli İstismara qəbul aktı ilə həmin tikili istismara qəbul edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin Təhlil qrupunun xx.xx.2013-cü il tarixli, 381 saylı rəyində göstərilmişdir: “Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 70 ünvanda yerləşən fiziki şəxs İddiaçı məxsus zirzəmili, 2 mərtəbəli qeyri-yaşayış binasının təyinatının dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir.” Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin xx.xx.2016-cı il tarixli xx/xx-02321 saylı məktubu ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 70 ünvanda yerləşən zirzəmili, 2 mərtəbəli qeyri-yaşayış obyektinin istismara qəbulu ilə bağlı sənədlər razılaşdırıldığı bildirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli, 07-22/7-1970 saylı məktubu ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 70 ünvanda yerləşən binanın işçi layihə sənədlərinə verilən sanitariyaepidemioloji ekspertiza rəyi göndərilmiş, həmin rəydə, təqdim edilən layihə sənədlərinin ekspertiza nəticələrini nəzərə alaraq, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 70 ünvanında tikintisi nəzərdə tutulan, vətəndaş İddiaçı məxsus ofis binasının işçi layihə sənədlərini “Sanitariya-epidemioloji salamaqlıq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən razılaşdırıldığı bildirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli “Radioloji müayinə aktı”na əsasən, müayinə zamanı qamma-şüalanmanın səviyyəsinin və ya radonun konsentrasiyası normativ göstəricilərdən yüksək aşkar edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli 434 saylı “Suyun bakterioloji müayinəsinin nəticəsi” Protokoluna əsasən, ümumi mikrob rəqəminin və koli-indeksinin normada olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli 04-22/7-2452 saylı arayışının surəti; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli 04-22/7-2752 saylı “ünvan 3 ünvanda tikintisi başa çatmış, vətəndaş İddiaçı məxsus, ofis binasının sanitariya-gigiyenik və sanitariya-epidemioloji vəziyyəti haqqında” arayışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 70 ünvanda tikintisi başa çatmış, vətəndaş İddiaçı məxsus, ofis binası sanitariya-gigiyenik və sanitariya-epidemioloji tələblərə uyğun hesab olunmuşdur. İddiaçı, qeyd olunan bina üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və həmin binaya dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə ərizə ilə cavabdehin hüquqi varisi olduğu DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********00 saylı və xx.xx.2020-ci il tarixli **********23 saylı məktubları ilə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Quliyev Əlövsət küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 70 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 166,9 kv.m ümumi, 131.3 kv.m əsas, 35,6 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Sökülüb yenidən tikilən əmlakın tikintisinə icazə sərəncamı təqdim edilməmiş, eskiz layihəsi Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamış və qəbul komissiyasının aktı nəzərdə tutulan bütün dövlət qurumlarının möhürləri ilə təsdiq edilməmişdir. Həmçinin, sökülmüş qeyri-yaşayış binasının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi sənədlər toplusuna əlavə edilməmişdir. Əlavə olaraq, qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan əmlakın yerləşdiyi torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olub. xx.xx.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka yerli baxış keçirilən zaman məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsi sökülərək yerində yenidən 2 mərtəbəli qeyri yaşayış binası inşa edilmişdir. Həmçinin, sənəd üzrə torpaq sahəsinin ölçüsü 295,3 kv.m, qeyri yaşayış binasının ölçüsü 694,8 kv.m qeyd olunsa da, faktiki olaraq torpaq sahəsinin ölçüsü 253,10 kv.m, qeyri yaşayış binasının ölçüsü isə 653,4 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 005434 qeydiyyat nömrəli, mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən, 166,9 kv.m qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş: Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2011-ci il tarixli, 350 saylı sərəncamından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yenidənqurulmasına icazə verilmişdir. xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 70 nömrəli 1 mərtəbəli binada ümumi sahəsi 166,9 kv.m, əsas sahəsi 131,3 kv.m, köməkçi sahəsi 35,6 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 1. Şəhərsalma və tikinti qanunvericiliyinin təyinatı Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: … 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçının müraciətinə qiymət verilərkən tikintisinə icazə tələb olunan obyektlərə dair qanunvericiliyin tələbləri nəzərdən keçirilməlidir. Şərh olunan qanunvericilyin müddəalarından göründüyü kimi, xx.xx.2013-cü il tarixdən sonra, o cümlədən həmin tarixdən əvvəl inşa edilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün tikintisinə icazə tələb olunan və məlumatlandırma icraatı tələb olunan tikililəri münasibətdə sənədlərin əhatə dairəsi fərqləndirilmişdir. Hazırkı iddia predmetini təşkil edən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2 və ya 8.0.10.1-ci maddəsində göstərilmiş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Lakin hazırkı iş üzrə mübahisə predmeti qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd iddiaçı tərəfindən nə inzibati orqana, nə də məhkəməyə təqdim edilməmişdir. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt (01 yanvar 2013-cü il tarixədək) qüvvədə olan “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinin 6-cı abzasına əsasən, dövlət şəhərsalma norma və qaydaları — müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib və təsdiq edilən, şəhərsalma fəaliyyətində əməl olunan normativ hüquqi aktlar və normativ-texniki sənədlər hesab olunur; 12-ci maddəsinə əsasən, şəhərsalma fəaliyyəti ərazilərin və yaşayış məskənlərinin təhlükəsizliyi, təbii və texnogen təsirlərdən qorunması tələblərinə əməl olunmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; 17-ci maddəsinə əsasən, şəhərsalma fəaliyyəti sahəsində şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmək hüquqi və fiziki şəxslərin vəzifələridir; 19-cu maddəsinə əsasən, şəhərsalma fəaliyyətinə nəzarətin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilik aktlarının tələblərinə və təsdiq olunmuş şəhərsalma sənədlərinə mütləq əməl olunmasını təmin etməkdən, ərazilərdə və mövcud tikililərdə qanunsuz olaraq yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişikliklər edilməsinin qarşısını almaqdan ibarətdir. Şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 25-ci maddəsinin 7-ci abzasına əsasən, tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda hüquqi və fiziki şəxslər inzibati və mülki məsuliyyət daşıyırlar. “Şəhərsalmanın əsasları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, 19-cu və 25-ci maddəsinin 7-ci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərsalma fəaliyyətinə, o cümlədən, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən Şəhərsalma sənədləri və tikinti layihələrinin həyata keçirilməsində şəhərsalma fəaliyyətinə dövlət memarlıq-tikinti nəzarəti funksiyalarını respublika səviyyəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, yerli səviyyədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Memarlıq və Şəhərsalma İdarəsi, respublikanın digər şəhər və rayonlarının yerli icra hakimiyyətlərinin memarlıqtikinti xidmətləri həyata keçirirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, dövlət memarlıq-tikinti nəzarəti funksiyasını həyata keçirən xidmətlərin əsas vəzifələri sifarişçi, tərtibatçı və podratçı tərəfindən şəhərsalma və tikintinin (yeni tikilən və yenidən qurulan bina, qurğu, mühəndisnəqliyyat obyekti və kommunikasiyaları) bütün mərhələlərinin, habelə tikintisi tamamlanmış obyektlərin istismara qəbulunun və tikililərin keyfiyyət səviyyəsinin qüvvədə olan tikinti norma, qayda və standartlarına, təsdiq olunmuş layihə sənədlərinin tələblərinə uyğun olmasına nəzarət etməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 272 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.6.1- 3.6.6-cı bəndlərinə əsasən tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin (bundan sonra - Agentlik) nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər. Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yalnız tikintinin başlanmasına və aparılmasına icazə sənədləri olan, layihə-smeta sənədləri dövlət ekspertizasından keçmiş və təsdiq edilmiş, tikintisi zamanı bütün norma, standart və qaydalara riayət edilməsinə dair Agentlik tərəfindən müsbət rəy verildikdən sonra qəbul komissiyası işə başlaya bilər. Bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin, Tikintidə X1 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X2 Görülməsi və X3 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. İstismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi təsdiq olunmuş layihə və müqavilə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun və tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitar-gigiyena və təhlükəsizlik texnikası tələblərinə uyğun şərait təmin edilməlidir. Qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbul edir və bu qərar akt formasında rəsmiləşdirilir. Məhkəmə onu da qeyd edir ki, hazırda qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına, o cümlədən 101-ci maddəsinin tələbinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Hazırkı iş üzrə xx.xx.2013-cü il tarixli istismara icazə sənədini yalnız qəbul komissiyasının tərkibinə daxil edilmiş Yasamal Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin nümayəndələri imzalamış, lakin nəzərdə tutulan bütün dövlət qurumlarının möhürləri ilə təsdiq edilməmişdir. O da qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin rəyi xx.xx.2013-cü il tarixdə, istismara icazə sənədindən sonra verilmişdir. Halbuki, yuxarıda istinad edilən qaydalara əsasən Agentlik tərəfindən müsbət rəy verildikdən sonra qəbul komissiyası işə başlaya bilərdir. Göründüyü, hazırkı işdə iddiaçının istinad etdiyi verilmiş istismara icazə sənədinin heç bir hüquqi qüvvəsi ola bilməz. Məhkəmə xüsusilə qeyd edir ki, hətta istinad olunan istismara icazə sənədi qəbul edilsə belə, iddianın təmini üçün yetərli deyil. Çünki əks yanaşma (istismara icazə sənədinin təkbaşına yetərli olması) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2 və ya 8.0.10.1-ci maddəsində digər hüquqmüəyyənedici sənədlərin qeyd edilməsini əhəmiyyətsiz edər. Məhkəmə bir daha vurğulayır ki, tikinti obyektinin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd mövcud deyildir. İddiaçının mülkiyyətində sökülmüş qeyri-yaşayış binası olmuşdur. Həmin obyektin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmamış və torpaq sahəsi iddiaçıya satılmamışdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar