Məhkəmə qərarları › İş №e-2-1(112)-4395/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4395/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4395/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 06 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-16575/2023 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1ci maddəsində, göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-lQD nömrəli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 26 mart 2008-ci ildə 55 yaşının tamam olması ilə əlaqədar 28 il 3 ay ümumi iş stajı və bu stajın azı 15 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahıüzrə müəyyən edilmiş zərərli və ağır işlərdə işlədiyindən güzəştli şərtlərlə pensiya hüququ təmin edilmişdir. İnzibati orqan “Artıq ödənilmiş pensiya məbləği haqqında" iddiaçıya ünvanlanan məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə istinad edərkən Qanunda yazılmış formada deyil “Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006cı il tarixədək qüvvədə olan Qanunun 9.1-ci maddəsində” cümləsini əlavə edərək Qanunu təhrif etmişlər. Həmin maddədə bu Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxlərə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edildiyi göstərilmişdir. Göründüyü kimi həmin bəndlə birbaşa 25 il sığorta stajı və 12 il 6 ay güzəştli iş stajı olduğu üçün əvvəllər qüvvədə olmuş qanunvericiliklə yəni xx.xx.1997-ci il ilədək qüvvədə olan Qanunun tələblərinə müvafiq 55 yaşı olduqdan xx.xx.2008-ci ildə pensiya hüququ yaranmışdır. Həmin maddələrin əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq cümləsinin hüquqi-məntiqi nəticəsi aydın edir ki, Qanunla hüquq yarandıqdan sonra Qanunlara hər hansı dəyişikliklər edilməsinə baxmayaraq vətəndaşların hüququ yarandığı dövr nəzərə alınır. xx.xx.1997-ci ilə kimi (xx.xx.2008-ci il tarixində onun 55 yaşım tamam olsa da, inzibati orqan imtina məktubunda 52 yaş göstərir) ümumi iş stajı 25 ildən (28 il 3 ay) çox, güzəştli iş stajı isə 12 il 6 ay (15 il) çox təşkil edir. Ona görə də “ Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikasının Qanununuın tələblərini, “Normativ hüquqi aktlar” haqqında Konstitutsiya Qanununun 87-ci maddəsi ilə təsbitini tapmış Azərbaycan Respublikası Konstitutsiyasının 149-cu maddəsinin hüquqi aktın geriyə nəzərə alaraq ona 55 yaşı tamam olduğu xx.xx.2008-ci ildən pensiya təyin edilmişdir. Əsassız olaraq kapitallaşma adı ilə 2008-ci ildən 2023-cü ilin avqust ayınadək aldığı 2262,87 manat pensiyanı azaldaraq 746,04 manat hesablanmışdır. Cavabdeh inzibati orqana yazılı əsaslandırılmış etirazını bildirsə də, cavabdeh inzibati icraat başlamadan əsassız imtina məktubu yazmışdır. İmtina məktubunun 3-cü səhfəsinin 2-ci abzasında yazılmışdır ki, “1 sentyabr 2023-cü il tarixində məktub göndərilməklə 9 avqust 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Lakin mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmisiniz”. Göründüyü kimi inzibati orqan hec bir araşdırma aparmadığını bir daha cavab məktubunda bildirmişdir. Cavab məktubundakı kobud pozuntu cavabdehin məsələyə nə qədər laqeyd yanaşdığını göstərir ki, 1 sentyabrda ona 9 avqustda mərkəzə yaxınlaşması barədə məktub göndərib. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2008- ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının 1 yanvar 2006- cı il tarixinədək ümumi iş stajı 36 il 9 ay 3 gün təşkil edir. Bununla əlaqədar 01.01,2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 43,40 manat (36,76 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 67,25 manat müəyyən edilməklə, üzərinə xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7211,52 manat sığorta kapitalına uyğun 50,08 (7211,52:144) manat və baza hissəsi əlavə edilərək (75,00 manat) xx.xx.2010-cu il tarixinə 192,33 (67,25+50,08+75,00) manat (indeksləşdirilərək xx.xx.2016-cı il tarixinə 256,09 manat) məbləğində əmək pensiyası hesablanmalı olduğu halda, səhvən qanunvericiliyə zidd olaraq xx.xx.2008-ci il tarixinə ona 628,50 manat (indeksləşdirilərək xx.xx.2016-cı il tarixinə 1006,20 manat)) məbləğində əmək pensiyası hesablanmışdır. Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar olaraq, iddiaçının xx.xx.2016-cı il tarixində işdən azad olması ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 10198,89 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 10198,89 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay-72 ay)) aya bölünməklə (10198,89:72=141,65 manat) qanuni əmək pensiyasının (256,09 manat) üzərinə əlavə edilərək (256,09+141,65=397,74 manat (indeksləşdirilərək və Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 746,04 manat)) ona ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 14123,23 manat sığorta kapitalı 72 aya bölünərək (14123,23:72=196,16 manat) düzgün olmayan əmək pensiyasının (1006,20 manat) üzərinə əlavə edilməklə 1202,36 manat (1006,20+196,16 (indeksləşdirilərək və Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2023cü il tarixinə 2262,87 manat)) məbləğində ona artıq əmək pensiyası ödənilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona son üç il üzrə 47574,60 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunub Həmin artıq ödənilmiş 47574,60 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 746,04 manat təşkil edir. Bildirilmişdir ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, yuxarıda qeyd olunan qanunauyğun olmayan hallarla bağlı tərəflərindən inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona 01,08.2023-cü il tarixli 3-17-1/2-Q-173104/2023 nömrəli məktub göndərilmiş və 9 avqust 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Lakin mülahizənin dinlənilməsi üçün iddiaçı Mərkəzi Filiala gəlməmişdir. Yekun olaraq Mərkəzi Filial tərfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023cü il tarixli 3-17-1/3-3-16575/2023 nömrəli qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-3-16575/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, iddiaçının pensiya məbləği 2262,87 manatdan 746,04 manata endirilmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçıya 55 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən orta əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiya hüququnun yarandığı tarix 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixə çəkilmiş, yenidən hesablama nəticəsində iddiaçının aylıq əmək pensiyası 2262,87 manatdan 746,04 manata endirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. İşin hallarından müəyyən olunur ki, iddiaçıya 55 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən orta əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiya hüququnun yarandığı tarix 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixə çəkilmiş, yenidən hesablama nəticəsində iddiaçının aylıq əmək pensiyası 2262,87 manatdan 746,04 manata endirilmişdir. Cavabdehin mövqeyinə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən orta əmək haqqına əsasən hesablanaraq təyin edilmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “b” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 55 yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmış və nəticə etibarı ilə 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 57 yaş müəyyən edilmişdir. Yəni 1 avqust 1997-ci il tarixinədək ümumi və güzəştli iş stajını tamamlamış, lakin 55 yaşı tamam olmamış şəxslərə həmin tarixdən sonra sözügedən dəyişikliyə uyğun olaraq 57 yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının mövqeyinə görə 01 avqust 1997-ci il tarixədək 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı tamam olduğundan onun pensiya hüququ 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən yaranmışdır. Odur ki, cavabdehin pensiyanın yenidən hesablanması ilə bağlı qərarı əsassızdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı normalara istinad edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar. Qeyd edilməlidir ki, uzun müddət çoxsaylı məhkəmə qərarları ilə formalaşmış məhkəmə təcrübəsi ilə qeyd edilən ƏPQ-nin 9.8-ci maddəsi ilə pensiya təyinatı aparılarkən nəzərə alınmışdır ki, ƏPQ-nin istinad olunan 9.8-ci maddəsi əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş yaşa və staja görə tələbləri nəzərdə tutarkən ƏPQ qüvvəyə minən günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini nəzərdə tutmuşdur ki, həmin tələblərə əsasən xx.xx.1997-ci il tarixədək 2 nömrəli siyahı üzrə 12 il 6 ay güzəştli, 25 il ümumi iş stajı toplamış şəxslərin 55 yaşının hansı vaxtdan tamam olmasından asılı olmayaraq adıçəkilən Qanunun 13-cü maddəsinin b bəndinə əsasən güzəştli pensiya təyinatı hüququna malikdir. İddiaçıya aid pensiya işindən də görünür ki, iddiaçı ƏPQ-nun 9.1 və 9.8-ci maddələrinə əsasən 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.1997-ci il tarixədək 25 il ümumi iş stajı toplamış və bunun 12 il 6 ayını zərərli işlərdə işləmiş və nəticə etibarı ilə inzibati orqan öz təşəbbüsü ilə iddiaçıya 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli pensiya təyin etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Yuxarıda sadalanan normalardan çıxış edərək məhkəmə hesab edir ki, iddiaçıya mübahisəli pensiya təyinatı qərarı qanunun qüvvədə olan normasına əsaslanaraq qəbul edildiyindən, inzibati orqanın xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş qanunun redaksiyasına əsasən pensiya təyinatı aparması həm də həmin vaxtdan etibarən hazırkı tarixədək formalaşmış uzunmüddətli məhkəmə təcrübəsi ilə üst-üstə düşdüyündən iddiaçıya pensiya təyinatı barədə cavabdehin qərarı qanuni əlverişli inzibati akt qismində çıxış edir. Məhkəmə qeyd edir ki, qanuni əlverişli inzibati aktın ləğvinə yalnız yuxarıda adıçəkilən Qanunun 68.2-ci maddəsində nəzərdə tutulan hallarda yol verilə bilər. Hazırkı iş üzrə iddiaçıya güzəştli pensiya təyinatı ilə bağlı qərarının ləğvi və ya həmin qərarın pensiya yaşının 57 yaşa çəkilməsi ilə bağlı yenidən hesablanma xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilməsinə əsas verə biləcək Qanunun 68.2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunmamışdır. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İİQ-nun 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hazırkı halda cavabdeh qanuni əliverişli inzibati aktın qəbul edildiyi vaxtdan 15 il sonra həmin qərarın hüquqi nəticəsini aradan qaldıran-pensiya yaşının 55 yaşdan 57 yaşa çəkilməsi, eyni zamanda bununla da orta əmək haqqına istinadən pensiya hesablaması qaydasını dəyişdirməsinə nail olan pensiyanın yenidən hesablaması barədə qanunsuz əliverişsiz inzibati akt qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.3-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; Beləliklə, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8 və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinin xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya təyin edilməsi barədə qərarı qanuni əliverişli inzibati akt olmuşdur. Cavabdehin iddiaçıya 55 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dəyişdirilərək pensiya yaşının, pensiya hüququnun yarandığı tarixi 57 yaşa çəkməsi və əvvəlki illər üzrə artıqvermə məbləğinin müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı qanunsuz, əliverişsiz inzibati aktdır. Yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onların hüquqi nəticələri aradan qaldırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X1 Əflatun Şərif oğlu barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-16575/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X1 Əflatun Şərif oğlu barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-16575/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar