Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4395/2025 17.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: X7 Əmir oğlunun sədrliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “sərəncamın ləğv edilməsi” tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 59 saylı sərəncamın İddiaçı münasibətdə qəbuledilmiş hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli, 59 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazinin "xxxx" MMC-yə ayrılmasını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 “Azərdövlətsənayelayihə” DLİ tərəfindən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli rəyini əsas tutaraq bu ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur. Sərəncam əsasında İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 120/2 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən (Müqavilənin predmeti) bu müqavilə mülkiyyət hüququna əsasən “Mülkiyyətçi”yə (İddiaçı) məxsus yaşayış sahəsinin “Şirkət” tərəfindən sökülərək əvəzində ona tikiləcək hündür mərtəbəli yaşayış binasından mənzil verilməsi, “Şirkət” tərəfindən “Mülkiyyətçi” yə əlavə kompesasiyanın, kirayə haqqı verilməsi və “Mülkiyyətçi”nin köçürülməsi üçün ona maddi yardım etməsi ilə əlaqədar tərəflərin hüquq və öhdəlikləri müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən “Şirkət” Yasamal rayonu, Hüseyn Cavid küçəsində yerləşən, 6 saylı evdə “Mülkiyyətçi”yə məxsus, qeydiyyat vəsiqəsi üzrə 146.1 m2 sahədən ibarət olan yaşayış sahəsini sökmək məqsədi ilə “Mülkiyyətçi ”dən təhvil alır, əvəzində tikiləcək yaşayış binasının A binasının, İ girişinin, 5 mərtəbəsindən güzəştli sahəni və təmir əvəzi sahəni əlavə etməklə ümumilikdə 128 m2 (iç divardan divara hesablanmaqla) sahədən ibarət olan, 3 otaqlı təmirsiz mənzil və 130200 (bir yüz otuz min iki yüz) manat birdəfəlik kompensasiya verir. Müqavilənin 3.1.3-cü bəndinə əsasən “Şirkət” mənzili təməlqoymadan (təməlqoyma tarixi - xx.xx.2021-ci il) sonra 24 ay müddətində "Mülkiyyətçi"yə təhvil verməyi öhdəliyinə götürür. Müqavilənin 3.1.7-ci bəndinə əsasən “Şirkət” müqavilədə göstərilən müddət bitdikdən 6 ay sonra mənzili tam yaşayış normalarına uyğun (binada kommunikasiya xətləri, mühəndis qurğuları və s. təchiz olunmaqla) təhvil vermədiyi halda, gecikdirilən hər ay üçün müqavilə üzrə "Mülkiyyətçi"yə verilən mənzilin hər kvadratmetri üçün tərəflərin razılığına əsasən müəyyən edilmiş 1500 (bir min beş yüz) manat bazar qiymətinin 6 (altı) faizi məbləğində cərimə ödəyir. İddiaçı tərəfindən müqavilənin bütün şərtlərinə əməl edilməsinə baxmayaraq, birdəfəlik kompensasiya məbləği (130200 manat) ödənilsə belə, müqavilə predmetinin əsasını təşkil edən mənzil hələ də təhvil verilməmişdir. Hesab edir ki, bu hərəkətsizlik müqavilənin 3.1-ci bəndinə (“Şirkət”in öhdəlikləri) tamamilə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yuxarıda göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsində yerləşən "xxxx" MMC tərəfindən tikilmiş A binasının, İ girişinin 5-ci mərtəbəsində olan 128 kv.m (iç divardan divara hesablanmaqla) səhədən ibarət olan üçotaqlı təmirsiz mənzilin 7 gün müddətində təhvil verilməsi ilə bağlı cavabdehə pretenziya məktubu ünvanlanaraq müqavilə öhdəliyinə əməl edilmədiyi təqdirdə aidiyyəti məhkəmədə ona qarşı iddia qaldırılacağı qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən hər hansı bir hərəkət həyata keçirilməmişdir. İşin hallarından göründüyü kimi, sözügedən sərəncam ərizəçinin konstitusion hüquqlarını pozur. Belə ki, həmin sərəncam əsasında ərizəçi ilə bağlanmış 120/2 nömrəli müqavilə icra edilmir. Bu səbəbdən yuxarıda qeyd olunan sərəncamın İddiaçı münasibətdə qəbul edilmiş hissəsinin ləğv edilməsi zərurəti yaranmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-15690/2024 saylı iş üzrə "xxxx" MMC üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil və nümayəndəsi iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində pross iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 6.1, 6.2 və 7-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd olunmalıdır ki, inzibati icraat inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması və s. üzrə müvafiq inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətdir. Məhz qeyd edilən fəaliyyət sahəsində inzibati orqanlar inzibati prosessual qaydada inzibati məsuliyyət daşıyırlar. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə baxıldığından müqavilə öhdəlikləri ilə bağlı mübahisələr inzibati icraatın predmetini təşkil etmir. Hazırki iddia üzrə mübahisə publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, xüsusi hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, hazırki mübahisənin yaranmasına əsas olan hal (yaranmış problemin kökü) publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli, 59 saylı sərəncamı ilə “City Life" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 03 saylı müraciəti, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 3127/d saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 21.01 2020-ci il tarixli, **********23 saylı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07-446 saylı razılıq məktubları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2020-ci il tarixli rəyi nəzərə alınaraq, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndinə və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsaslanaraq, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidəki, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.87 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi qərara alınmışdır. İşdən müəyyən olunur ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 120/2 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən (Müqavilənin predmeti) bu müqavilə mülkiyyət hüququna əsasən “Mülkiyyətçi”yə (İddiaçı) məxsus yaşayış sahəsinin “Şirkət” tərəfindən sökülərək əvəzində ona tikiləcək hündür mərtəbəli yaşayış binasından mənzil verilməsi, “Şirkət” tərəfindən “Mülkiyyətçi”yə əlavə kompesasiyanın, kirayə haqqı verilməsi və “Mülkiyyətçi”nin köçürülməsi üçün ona maddi yardım etməsi ilə əlaqədar tərəflərin hüquq və öhdəlikləri müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən “Şirkət” Yasamal rayonu, Hüseyn Cavid küçəsində yerləşən, 6 saylı evdə “Mülkiyyətçi”yə məxsus, qeydiyyat vəsiqəsi üzrə 146.1 m2 sahədən ibarət olan yaşayış sahəsini sökmək məqsədi ilə “Mülkiyyətçi ”dən təhvil alır, əvəzində tikiləcək yaşayış binasının A binasının, İ girişinin, 5 mərtəbəsindən güzəştli sahəni və təmir əvəzi sahəni əlavə etməklə ümumilikdə 128 m2 (iç divardan divara hesablanmaqla) sahədən ibarət olan, 3 otaqlı təmirsiz mənzil və 130200 (bir yüz otuz min iki yüz) manat birdəfəlik kompensasiya verir. Müqavilənin 3.1.3-cü bəndinə əsasən “Şirkət” mənzili təməlqoymadan (təməlqoyma tarixi - xx.xx.2021-ci il) sonra 24 ay müddətində "Mülkiyyətçi"yə təhvil verməyi öhdəliyinə götürür. Müqavilənin 3.1.7-ci bəndinə əsasən “Şirkət” müqavilədə göstərilən müddət bitdikdən 6 ay sonra mənzili tam yaşayış normalarına uyğun (binada kommunikasiya xətləri, mühəndis qurğuları və s. təchiz olunmaqla) təhvil vermədiyi halda, gecikdirilən hər ay üçün müqavilə üzrə "Mülkiyyətçi"yə verilən mənzilin hər kvadratmetri üçün tərəflərin razılığına əsasən müəyyən edilmiş 1500 (bir min beş yüz) manat bazar qiymətinin 6 (altı) faizi məbləğində cərimə ödəyir. Hazırkı iddia tələbi ilə iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 59 saylı sərəncamın ona münasibətdə hissəsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini tələb edir. Göründüyü kimi, iddiaçının hazırkı tələbi ilə məhkəməyə müraciət etməsində hüquqi marağı (gözləntisi) müqavilədə göstərilən müddətdə ona təhvil verilməyən mənzilin təhvil verilməsindən ibarətdir. Tərəflər arasında yaranmış mübahisənin kökündə qarşı tərəfin mənzilin müqavilədə qeyd edilən müddətdə təhvil verilməsi ilə bağlı öhdəliyinə əməl etməməsidir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbi tələbi, yəni Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 59 saylı sərəncamın ona münasibətdə hissəsinin ləğv edilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. İddiaçı, əslində müqaviləyə görə yaranmış öhdəliyə üçüncü şəxs tərəfindən əməl olunmasını arzulayır. O, sərəncam ilə razı olmasaydı, sərəncamın icrası olaraq üçüncü şəxs ilə heç müqavilə də bağlamazdı. Qeyd edilən məsələlər ilə bağlı məhkəmə iclasında iddiaçının vəkilinə hüqüqi yardım göstərilmiş, həmçinin ona hüquqi marağına uyğun üçüncü şəxsin müqaviləyə görə yerinə yetirməmiş öhdəlik ilə bağlı yaranmış mübahisə üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müarciət etməli olması izah olunmuşdur, lakin o, işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №e-2-1(112)-4395/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4395/2025
17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver