Məhkəmə qərarları › İş №e-2-1(112)-440/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-440/2025

08.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-440/2025 08.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X11 və X4) qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sonradan 31 iyul 2025-ci il tarixli iddia ərizəsinə dəqiqləşmə ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizə icraata qəbul edilmişdir. Sonradan 08 sentyabr 2025-ci il tarixdə dəqiqləşmə verilərək Bakı ş, 4-cü Xrebtovi küçəsi ev ½ fərdi yaşayış evi üzərində mərhum Ziba Ələkbər qızına məxsus 16 sentyabr 1998-ci il tarixli pasport və Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş pasport nəzərə alınmaqla X7 aid sahə (sonradan X5 aid sahə) istisna edilməklə Ziba Ələkbərova (Ziba Ələkbər qızı) aid sahəyə mülkiyyət hüququnun həmin şəxsə məxsus olması haqqında arayışın iddiaçıya verilməsinin cavabdehə həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasport ilə Ziba Ələkbər qızına 4-cü Xrebtovi küçəsi ev ½ ünvanda yerləşən fərdi yaşayış evi məxsus olmuşdur. Həmin şəxs vəfat etmiş, vərəsəlik haqqında şəhadətnamə ilə əlaqədar notariusa müraciə edilmiş, cavabdehə sorğu göndərilmiş, lakin cavabdeh həmin əmlakın vəfat edən şəxsin adına qeydiyyatdan əsassız olaraq imtina etmişdir. Cavabdehin etirazı: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, 16 sentyabr 1998-ci il tarixli texniki pasport hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas deyildir. Fərdi yaşayış evinə dair 1965-ci il tarixli texniki pasportda hüquqi sahibi kimi digər şəxsin adı qeyd edilmiş, evin bir hissəsinə həmin şəxsin adına reyestrdə qeydiyyat aparılmış, əmlak sonradna özəlləşdirilmişdir. Mütəxəssislərə şərait yaradılmamışdır. Texniki pasportda hüquq sahibini adı Ələkbərova Ziba qeyd edilmiş, notariat ofisinin məktuubnda Ziba Ələkbər qızı yazılmışdır. Torpaq sahəsinin bir hissəsinə Əmlak Məsələləri Dövlə Xidmətinin müraciəti olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubunda qeyd edilir ki, 16 sentyabr 1998-ci il tarixli texniki pasport hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas deyildir. Fərdi yaşayış evinə dair 1965-ci il tarixli texniki pasportda hüquqi sahibi kimi digər şəxsin adı qeyd edilmiş, evin bir hissəsinə həmin şəxsin adına reyestrdə qeydiyyat aparılmış, əmlak sonradna özəlləşdirilmişdir. Texniki pasportda hüquq sahibini adı Ələkbərova Ziba qeyd edilmiş, notariat ofisinin məktuubnda Ziba Ələkbər qızı yazılmışdır. Sahəyə digər şəxsin müraciəti mövcuddur. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin şəxsi mülkiyyət hüququ ilə texniki inventarizasiya və qiymətəndirilməsinə aid pasportdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair X6 adına pasport tərtib edilmişdir. Cavabdehin 01 mart 2024-cü il tarixli məktubu əsasında təqdim edilən arxiv qovluğunda olan sənədlərdən görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair X15 adlı şəxsə aid olmuş, digər üz qabığında pasportda Xrebtovi küçəsi Ə.Ələkbərov küçəsi ilə dəyişdirilmiş, ad hissədə də X6 adı qeyd edilmişdir.3109 nömrəli pasporta aid mart 1965-ci il tarixli kartoçka və digər əlaqəli hissələrdə həm Səfərova Xalidə, həm də Ələkbərova Ziba adlı şəxsin adı qeyd edilmişdir. Pasportlarda 4109 və 3109 nömrələri qeyd edilmişdir. Sənədin bir hissəsində qeyd edilir ki, dəyişiklik məhkəmə qətnaməsi əsasında edilmişdir. Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı ş, Ə.Ələkbərov küçəsində yerləşən 11 otaqlı ½ ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyət hüququ üzrə X6 adına qeydiyyat hərəkətləri aparılmışdır. Həmin qeydiyyat məhkəmə qətnaməsi əsasında aparılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin şəxsi mülkiyyət hüququ ilə texniki inventarizasiya və qiymətəndirilməsinə aid 16 sentyabr 1998-ci il tarixli pasportdan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair Ələkbərova Ziba adlı şəxsin adına pasport tərtib edilmişdir. Notariat ofisinin məktubundan görünür ki, Ziba Ələkbər qızının vəfatı ilə əlaqədar iddiaçı tərəfindən elektron arayışın verilməsi barədə müracət olmuşdur. Müayinə aktından görünür ki, fərdi yaşayış evi paylı mülkiyyətdədir, ərizəçinin istifadə etdiyi sahəyə baxış keçiririldi. Evə bitişik əlavə 15,9 kv.m sahə artırılıb, torpaq sahəsi sənəd üzrə 605 kv.m-dir, hüquqmüəyyənedici sənəd üzrə sahə 11 otaq, faktiki istifadə edilən sahə 3 otaqdır. Cavabdehin 21 iyul 2025-ci il tarixi sorğuya cavab məktubunda qeyd edilir ki, Bakı ş, Yasamal r, 4-cü Xrebtovi küçəsi ½ saylı on bir otaqlı fərdi yaşayış evinə dair 1965-ci il tarixdə Ziba Ələkbərovanın adına ilkin texniki pasport tərtib edilmişdir. Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən on bir otaqlı fərdi yaşayış evinin yalnız iki otağına X6 mülkiyyət hüququ tanınaraq qeydiyyatdan keçmişdir. X1 həmin əmlak satılmışdır. Yerdə qalan digər doqquz otağı qeydiyyatdan keçməmişdir. Yasamal Rayon İcra Hakimiyyətinin məktubunda qeyd edilir ki, Ə.Ələkbərov ½ ünvanda iddiaçı da daxil olmaqla bir neçə ailə olmaqla, ümumilikdə 41 nəfər yaşayır, 89 nəfər qeydiyyatdadır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər:[4] 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;[6] 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla); 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.[8]

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər:[9] 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr;[10] 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar;[11] 2.3. 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar;[12] 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);[13] 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış;[14] 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış;[15] 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar;[16] 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar; [17] 2.8. yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə).

Göstərilən normativ hüquqi aktların tələblərindən də göründüyü kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar və yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnu müəyyən edən hüquqmüəyyənedici sənəd qismində çıxış edir ki, iş materiallarından da göründüyü kimi Ziba Ələkbərova (Ziba Ələkbər qızı) adına mübahisəli fərdi yaşayış evinə dair nəinki 1, hər iki hüquqmüəyyənedici sənəd mövcuddur. Belə ki, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin şəxsi mülkiyyət hüququ ilə texniki inventarizasiya və qiymətəndirilməsinə aid 16 sentyabr 1998-ci il tarixli pasportdan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair Ələkbərova Ziba adlı şəxsin adına pasport tərtib edilmişdir. Adıçəkilən pasport 2001-ci ilin yanvar 1-dək tərtib edildiyindən və torpaq sahəsinin ölçüsü də həmin pasportda göstərildiyindən həmin texniki sənəddə göstərilən ölçü və texniki göstəricilər nəzərə alınmaqla iddia tələbi qanuni və əsaslı hesab edilməkdədir. Lakin, nəzərə alınması zəruridir ki, həmin sənəddən əvvəl 1965-ci il tarixli 3109 nömrəli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport da mərhumu adına tərtib edilmişdir ki, həmin sənəd üzrə göstərilən ölçü və texniki xüsusiyyətlər nəzərə alınmaqla iddia əsaslı hesab edilir. Hazırkı iş üzrə imtina dəlilləri onunla əlaqədardır ki, 16 sentyabr 1998-ci il tarixli texniki pasport hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas deyildir. Fərdi yaşayış evinə dair 1965-ci il tarixli texniki pasportda hüquqi sahibi kimi digər şəxsin adı qeyd edilmiş, evin bir hissəsinə həmin şəxsin adına reyestrdə qeydiyyat aparılmış, əmlak sonradna özəlləşdirilmişdir. Mütəxəssislərə şərait yaradılmamışdır. Texniki pasportda hüquq sahibini adı Ələkbərova Ziba qeyd edilmiş, notariat ofisinin məktubunda Ziba Ələkbər qızı yazılmışdır. Torpaq sahəsinin bir hissəsinə Əmlak Məsələləri Dövlə Xidmətinin müraciəti olmuşdur. Qeyd olunur ki, mövcud qanunvericilikdə edilmiş dəyişikliklər 16 sentyabr 1998-ci il tarixli texniki pasportun hüququn dövlət reyestrində qeydiyyata alınması üçün əsas qismində müəyyən etmişdir ki, hər bir halda digər hüquqmüəyyənedici sənədin də mövcudluğu müraciətin təminindən imtinanın qanunsuz və əsassız olmasına dəlalət edir. Digər ətərfədn, 1965-ci il tarixli texniki pasportda digər şəxsin adının qeyd edilməsi və sonradan əmlakın özəlləşdirilməsinə istinad edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Xrebtovi (A.Ələkbərov) küçəsi ½ ünvanda yerləşən 11 otaqlı yaşayış sahəsinin yalnız 2 otağı və köməkçi sahəsinə aid hissədə Səfərova Xalidə adlı şəxsin hüququ tanınmış, onun adına qeydiyyat hərəkətləri aparılmış, əmlak sonradan özəlləşdirilmişdir. Belə ki, əmlaka dair arxiv qovluğundan görünür ki, 3109 nömrəli mart 1965-ci il tarixli SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mərhum Ziba Ələkbərova (Ziba Ələkbər qızı) adına olmuş, X2 Rayon Məhkəməsinə müraciət edərək ümumi həmin əmlakın özünün istifadəsində olan 2 otağı və köməkçi sahəyə mülkiyyət hüququnun tanınmasını xahiş etmiş, iddia təmin edilmiş, icra vərəqəsi verilmişdir. Adıçəkilən Pasportun 4109 nömrə ilə göstərilmiş üz qabığından və ona aid texniki hissələrində qeydlərdən görünür ki, həmin əmlaka dair məhz Yasamal Rayon Məhkəməsinin icra vərəqəsi üzrə X6 adına qeydlər aparılmış, sonradan qeydiyyat vəsiqəsi verilmişdir. Göründüyü kimi X6 adına aparılan qeydlər, 1965-ci il mart tarixli əmlaka Ziba Ələkbərova (Ziba Ələkbər qızı) adının hüququndan məhrum etmə ilə bağlı olmamış, əmlakın bir hissəsinə Xalidə Səfərovanın hüququnun tanınması xarakteri olmuş, lakin 4109 nömrəli Pasportun tərtibatı zamanı Ziba Ələkbərovanın adı silinməklə həmin şəxsin adı yazılmışdır. Qeydiyyat vəsiqəsindən də görünür ki, əmlakın məhz paylı mülkiyyət hüququ üzrə Xalidə Səfərovanın adı tanınmış, digər paylar isə açıq saxlanılmışdır ki, məhkəmə hesab edir ki, cavabdehin istinad etdiyi imtina dəlili texniki xarakter daşımaqla Ziba Ələkbərova (Ziba Ələkbər qızı) adına 3109 nömrəli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun X6 adına qeydiyyata alınmış, sonradan digər üçüncü şəxsin adına özəlləşdirilmiş hissəsi istisna olmaqla fərdi yaşayış evinə hüququn aidiyyəti şəxsə məxsus olması xüsusiyyəti aradan qalxmamışdır ki, sonradan 1998-ci il tarixli texniki pasportda həmin sənədi tamamlamaqdadır. Digər tərəfdən imtina dəlili kimi Ziba Ələkbərova və Ziba Ələkbər qızı adı arasında uyğunsuzluğa isinad edilsə də, işin faktiki halları ilə də müəyyən edilir ki, əmlak həmin əmlakdır, iddiaçı da həmin şəxsin qohumu kimi digər qohumlarla birlikdə adıçəkilən əmlakda faktiki yaşayır. Xidmətin müraciəti ilə əlaqədar isə, qeyd olunmalıdır ki, torpaq sahəsinə dair edilmiş müraciət, cavabdehin öz arxiv qovluğunda mövcud olan hüquqmüəyyənedici sənədlər ləğv edilmədiyindən müraciətin təminindən imtina əsası qismində çıxış edə bilməz ki, fərdi yaşayış evinin bir hissəsinə də hüququn tanındığı müəyyən edilir. Digər tərəfdən müayinə aktında əlavə sahənin inşa edildiyində istinad edilir ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda arayışın verilməsi tələb edilən sahə həmin əlavə sahə yox, Səfərova Xalidənin adına qeydiyyatdan keçmiş sahə istisna olmaqla hər iki texniki pasportda nəzərdə tutulmuş sahələrdir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırda iddia iddiaçının adına mülkiyyət hüququna dair çıxarışın verilməsi yox, əmlakın ölmüş şəxsə məxsus olması ilə əlaqədardır ki, bununla bağlı digər vərəsələrin faktiki yaşadığı sahə ilə bağlı müraciət etməsi hüququ hazırkı qərarla istisna edilmir. Nəzərə alınmalıdır ki, əmlak 9 otaqdan ibarət olmaqla bir-neçə ailənin yaşadığı əmlakdır ki, əmlakın vəfat edən şəxsə məxsus olması həmin sahənin vərəsələr arasında paylanmasına şərait yaratmaqla, bütün vərəsələrin hüquqlarının realizəsinə imkan verir. Odur ki, Bakı şəhəri 53 saylı Notariat Ofisinə əmlakı faktiki qəbul etmiş və orada yaşayan digər vərəsəlik Ziba Ələkbər qızının adına açılmış vərəsəlik işi ilə əlaqədar müraciət etməsi hüququ izah edilir. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, vəfat etmiş şəxs tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən əmlakın mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. Digər tərəfdən məhz 22.2-ci maddədə nəzərdə tutulan hüququn məxsus olması haqqında arayışın verilməsinə dair iddia üzrə məhz mülkiyyət hüququnun xüsusi olaraq göstərilməli olması da məhkəmə hesab edir ki, zəruridir. Belə ki, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; Göründüyü kimi mülkiyyət hüququna dair çıxarışlarda olduğu kimi arayış da daşınmaz əmlak üzərində hüququn növünün göstərilməsi mütləqdir ki, 7.1-ci bəndin tələbindən də görünür ki, həm mülkiyyət və digər əşya hüquqları, misal istifadə və s hüquqları üzrə arayış verilə bilər. Bu səbəbdəndir ki, necə ki, mövcud məhkəmə təcrübəsində hüquqların dövlət qeydiyyatına əsas olan işlər üzrə mülkiyyət və digər hüququn göstərilməməsi, yuxarı instansiya məhkəmələri tərəfindən yenidən araşdırmanın aparılması ilə əlaqədar və hüququn növünün müəyyən edilməsi ilə əlaqədar aşağı instansiya məhkəmələrinə qərarın ləğv edilərək iş materiallarının göndərilməsinə əsas olur ki, məhkəmə hesab edir ki, arayışın verilməsinə dair işlər üzrə də hansı hüququn göstərilməməsi də həmin qiymətləndirməyə və mövqeyə tabedir. Odur ki, hüququn növünün göstərilməsi mütləqdir. Qeyd olunmalıdır ki, Qanunun 22.2-ci maddəsində redaksiyanın “müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir” formasında olması da vəziyyəti dəyişmir. Belə ki, necə ki Qanunun 8-ci maddəsi eləcə də, digər aidiyyəti maddələrindən də aydın olur ki, yuxarıda istinad edilən Qanun təkcə mülkiyyət hüququna aid yox, mülkiyyət və digər əşya hüquqlarına da aiddir. Yəni, 8-ci maddəyə istinadla necə ki, mülkiyyət, istifadə və icarə hüquqları dövlət qeydiyyatına alınır və bu zaman hansı hüququn qeydiyyata alınmalı olması müraciət və iddiada göstərilməlidirsə, 22-ci maddəyə istinadla da hansı hüququn məxsusluğu baxımından hüququn konkret növü göstərilməlidir. Odur ki, hazırkı halda iddia məhz mülkiyyət hüququnu məxsusluğu ilə əlaqədar olmalı və hüququn növü konkret olaraq göstərilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Bakı ş, 4-cü Xrebtovi küçəsi ev ½ fərdi yaşayış evi üzərində Ziba Ələkbər qızına məxsus Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin şəxsi mülkiyyət hüququ ilə texniki inventarizasiya və qiymətəndirilməsinə aid 16 sentyabr 1998-ci il tarixli pasport və Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş pasport nəzərə alınmaqla X7 aid sahə (sonradan X5 aid sahə) istisna edilməklə Ziba Ələkbərova (Ziba Ələkbər qızı) aid sahəyə mülkiyyət hüququnun həmin şəxsə məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar