Məhkəmə qərarları › İş №e-2-1(112)-4401/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4401/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4401/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil, İddiaçı2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 240 saylı, xx.xx.2022-ci il tarixli sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 iyun 2008-ci il tarixli ********** saylı qeydiyyat, **********39-05101-093009 reyestr nömrəli, MA seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən yaşayış sahəsi 28,45 kv.m, yardımçı sahəsi 13,1 kv.m olmaqla ümumi sahəsi 41,55 kv.m olan Bakı şəhəri. Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 2, 26 saylı mənzil Bəşirova (Salhaki) Şəbinə Tofiq qızının mülkiyyətindədir. Mülkiyyətdə olan mənzildə əri, 2 övladı olmaqla cəmi 4 nəfər yaşayırlar. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 236 reyestr nömrəli kitabda, 34597 saylı səhifədə, 30/13139 saylı qeydə alma nömrəsi, ÖM seriyalı 136532 saylı qeydiyyat vəsiqəsinə əsasən yaşayış sahəsi 29 kv.m. olan ünvan 3, 29 saylı mənzil İddiaçı2 mülkiyyətindədir. Mülkiyyətində olan mənzildə arvadı, 2 övladı olmaqla cəmi 4 nəfər yaşayırlar. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 132 saylı, xx.xx.2020-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən ünvan 1 ünvanında yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 2,2737 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binasının tikintisi üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Bundan əlavə yenə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 240 saylı, xx.xx.2022-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 132 nömrəli sərəncamı ilə ünvan 2 ünvanlarında yeni yaşayış binalarının tikintisi məqsədilə "xxxx" MMC-yə icarə əsasında istifadəsinə verilmiş 2,2737 ha torpaq sahəsinə əlavə olaraq sözügedən ünvanda yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,1131 ha torpaq sahəsi (ümumilikdə 2,3868 ha) həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binasının tikintisi üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 240 saylı xx.xx.2022-ci il tarixli Sərəncamını əsas gətirərək bəzi mülkiyyətçilər ilə razılıq əldə etmişdir. Belə ki, ünvan 3 ünvanında yerləşən bəzi mənzillərin mülkiyyətçilərinə "xxxx" MMC tərəfindən müvafiq kompensasiya və ya əvəzləşdirmə əsasında digər mənzillərin mülkiyyətlərinə verilməsi barədə razılıqlar əldə olunmuşdur. İddiaçılarla razılıq əldə olunmadan ailə üzvləri ilə mənzillərdən tamamilə təxliyə edilmədən, müvafiq icazə, tikintiyə razılıq əldə edilmədən, məhkəmə qəran olmadan ünvan 3 nömrəli evin yarısı sökülmüş bina qəzalı vəziyyətə gətirilmişdir. Bu isə öz növbəsində onlar və ailə üzvlərinin yaşadığı mənzilə giriş-çıxışı çətinləşdirmişdir. Bundan başqa, qış aylarında həmin şirkət tərəfindən istilik sistemi yararsız hala salındığı üçün istilik təchizatı dayandırılmışdır. İnternetdən istifadə də həmin şirkət təzyiqləri nəticəsində xidmət göstərən şirkət tərəfdən qanunsuz olaraq məhdudlaşdırılmışdır. İstilik sisteminin kəsilməsi səbəbdən ötən ildə olduğu kimi bu ildə qış aylarında istilik təchizatı olmadığından mənzillərdə istiliyin təmin edilməsi mümkünsüz olacaqdır. Beləliklə, "xxxx" MMC-nin əməkdaşları Bakı Şəhər İcra Hakimiyyəti başçısının 240 saylı xx.xx.2022-ci il tarixli Sərəncamını əsas gətirərək qanunsuz hərəkətlər etməklə onların və bütün ailə üzvlərinin narahatçılığına səbəb olmaqla maddi və mənəvi zərər vurmuşdur. Cavabdeh və üçüncü şəxs iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə digər cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhməkə iclasında iddiaçıların nümayəndəsi və vəkili və İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestindən çıxarışdan görünür ki, ünvan 3, 29 saylı mənzil İddiaçı2 mülkiyyətindədir; 27 iyun 2008-ci il tarixli ********** saylı qeydiyyat, **********39-05101-093009 reyestr nömrəli, MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən yaşayış sahəsi 28,45 kv.m, yardımçı sahəsi 13,1 kv.m olmaqla ümumi sahəsi 41,55 kv.m olan Bakı şəhəri. Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 2, 26 saylı mənzil Bəşirova (Salhaki) Şəbinə Tofiq qızının mülkiyyətindədir; Bakı Şəhər İcra Hakimiyyəti başçısının 132 saylı, xx.xx.2020-ci il tarixli sərəncamından görünür ki, ünvan 1 ünvanında yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 2,2737 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binasının tikintisi üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir; Bakı Şəhər İcra Hakimiyyəti başçısının 240 saylı, xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 132 nömrəli sərəncamı ilə ünvan 2 ünvanlarında yeni yaşayış binalarının tikintisi məqsədilə "xxxx" MMC-yə icarə əsasında istifadəsinə verilmiş 2,2737 ha torpaq sahəsinə əlavə olaraq sözügedən ünvanda yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,1131 ha torpaq sahəsi (ümumilikdə 2,3868 ha) həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binasının tikintisi üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 240 saylı, xx.xx.2022-ci il tarixli sərəncamının verilməsi üçün əsas olmuş sənədlər məhkəmə sorğusu əsasında təqdim edilmişdir: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ünvan 4 ünvanlarında yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə ayrılmış 2,2737 hektar torpaq sahəsinə bitişik, iki hissədən ibarət, əlavə olaraq 0,12 hektar torpaq sahənin eyni məqsədlər üçün ayrılmasına etiraz etməmişdir; Əmlak Məsələləri Dövlət Xidməti ərazidə yerləşən yarımstansiyanın balanssaxlayıcısı, beşmərtəbəli yaşayış binasının (mənzillərin), qeyri-yaşayış tikilisinin və qarajın mülkiyyətçiləri ilə əmlak-hüquq münasibətləri mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimləndikdən sonra, tərtib edilmiş yerquruluşu planında göstəriiən koordinatlar daxilində yerləşən, dövlət mülkiyyətinə aid 0,1131 hektar torpaq sahəsinin yaşayış binasının tikintisi üçün icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli Qərarı: Həmin Qərarda ifadə edilən mövqeyə əsasən: ...Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Belə ki, hazırkı mübahisə Bakı Şəhər İcra Hakimiyyətinin “Yaşayış və qeyri yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi barədə" sərəncamının ləğvinə dair mübahisədir. Mübahisələndirilən Sərəncamdan görünür ki, iddiaçıların mülkiyyətində olan mənzillər sərəncamla ayrılmış torpaq sahəsinin hüdudlarına düşür. Lakin sərəncamda qeyd edilir ki: ünvan 2 ünvanlarında yeni yaşayış binalarının tikintisi məqsədilə "xxxx" MMC-yə icarə əsasında istifadəsinə verilmiş 2,2737 ha torpaq sahəsinə əlavə olaraq sözügedən ünvanda yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,1131 ha torpaq sahəsi (ümumilikdə 2,3868 ha) həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binasının tikintisi üçün icarə əsasında "xxxx" MMCnin istifadəsinə verilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli Qərarında ifadə edilən mövqeyə əsasən: ...Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuş; Qeyd edilən qaydalar təkmilləşdirilənədək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalı olduğu bildirilmişdir. Məhkəmə hesab edir ki, konkret halda iddiaçılar pozulmuş hesab etdiyi hüquqlarını (öz əmlak hüquqlarından sui-istifadə etməməklə) mənzillərin əvəzinə bazar qiymətinə uyğun kompensasiya ödənilməsi (tələbi) ilə daha münasib və effektiv yolla bərpa etməsi mümkündür. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2328/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, ... hazırda "xxxx" MMC-nin binanın sakinləri olan İddiaçı2 və İddiaçı1 mülkiyyət hüququna müdaxilə üçün qanuni əsaslar mövcuddur, müdaxilənin “ictimai maraqlara” cavab verməsi də müəyyən edilir. ... cavabdehlərin mülkiyyətinə "xxxx" MMC tərəfindən edilən müdaxilənin qanuniliyi, əsaslılığı, yəni qanuni məqsəd daşıması halı işdə olan sənədlərə əsasən öz təsdiqini tapır.... Göründüyü kimi, iddiaçılar tərəfindən mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Qeyd olunan sərəncamın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar