Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4403/2025 11.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya əlilliyin təyin edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə təqdim etmiş və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında məhkəməyə ünvanladığı iddianın dəyişdirilməsi barədə ərizəsində iddia tələbinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən orqanizm funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi” kimi icraata qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1- sosial ekspert komissiyaları tərəfindən tibbi-sosial ekspertiza keçirilmiş və əlilliyin qiymətləndirilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi qeyd edilmişdir ki, “diaqnoz əlillik əlaməti təyin etmir”. Qeyd edilmişdir ki, bu imtina xx.xx.2024-cü il tarixdə müvafiq sistemə yerləşdirilmiş və iddiaçı tərəfindən aşkar edilmişdir. TSEK-in öz imtinasında aparılan müayinənin diaqnozu olaraq “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və psixotik daxilolmalar anamnezində intihar fikirləri və cəhdləri ilə. Gərginlik tipli baş ağrısı Miopiya, sağ gözün sadə miopik astigmatizmi Em və M 1,0 D nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sol gözün görmə itiliyi 1.0 olmaqla. Sağ əlin İV-V daraq sümüyünün başının bitişmiş sınığı (xx.xx.2023) Bilək və əl səviyyəsində sınıq. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi” müəyyən edilmişdir. AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 №-li Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2-ci bəndinin 2-ci yarımbəndindən də göründüyü kimi, "üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi F07.0 XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış) kodu ilə qeyd edilmişdir. Həmin Əlavənin 7.6.2.2-ci bəndinə əsasən, xəstəliyin xüsusiyyətləri "məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” kimi qiymətləndirilməsi zamanı orqanizmin funksiyalarının pozulması faizi 65-80%, orqanizmin funksiyalarının pozulması müddəti 2 il olaraq müəyyən edilmişdir. Cavabdeh iddiaçının diaqnozunda qeyd edilən xəstəliyin (üzvi şəxsiyyət pozuntusu-F07.0) "Əlilliyin müəyyən olunması meyarları”nda qeyd edilməsinə baxmayaraq əsassız və qanunsuz olaraq əlilliyinin qiymətləndirilməsindən imtina etmişdir. Cavabdehin etirazı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli klinik psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi ( İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və psixotik daxilolmalar anamnezində intihar fikirləri və cəhdləri ilə. Gərginlik tipli baş ağrısı Miopiya, Sağ gözün sadə miopik astigmatizmi Em və M 1,0 D nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sol gözün görmə itiliyi 1.0 olmaqla. Sağ əlin İV-V daraq sümüyü başının bitişmiş sınığı (xx.xx.2023). Bilək və əl səviyyəsində sınıq. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində verilən xx.xx.2024-cü il tarixli M00213785İİJ nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşmaları: “S06.0 - Baş beynin silkələnməsi, Baş beynin silkələnməsi (kəllədaxili travma); F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və psixotik daxilolmalar, anamnezimdə intihar fikirləri və cəhdi ilə; F07.8 - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları; F06.3 - əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6918/2024 nömrəli qərarında qeyd edilmişdir ki, vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024cü il tarixli 829 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressiv və psixotik daxilolmalarla, təkrarlanan paroksizmlə, anamnezində intihar fikirləri və cəhdləri ilə. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya. Partlayış travması (xx.xx.2020) nəticəsində soltərəfli xroniki koxlear nevrit, pıçıltı nitqini hər iki qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Sol qaşın, sol əlin bərkimiş dəri çapıqları" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; "Sağ gözün sadə miopik astiqmatizmi Em və M 1,0D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sol gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; "Sağ əlin İV-V daraq sümüyü başının bitişmiş sınığı (xx.xx.2023)” diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12663065 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu’’ kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4213 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv və psixotik daxilolmalar, ciddi intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə’’ kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 3 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 13003891 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu’’ kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, yaddaşın zəifləməsindən yuxusuzluqdan şikayətlənmişdir. Müayinə zamanı geyimi normal, saçı-saqqalı səliqəli olmuş, huşu aydın olmuşdur. Verilən sualları qavramış, mahiyyətinə uyğun, süst səs tonu ilə cavablar vermişdir. Öncəki müayinələrdə sərgiləməyə meylli olduğu hallusinasiyalar, taxdığı qoruyucu bez (pampers) hazırda izlənilməmişdir. Mühakimə qabiliyyəti qorunmuş, reallığı analiz edə bilmişdir. Ailəsindən rəsmi ayrıldığını söyləsə də, evli olduğu məlum olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi mənşəli mülayim dərəcədə ifadə olunmuş isterik tip şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən dekompensasiya halları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 2212 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı Üzvi (İİ qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez- tez dekompensasiyalar, depressiv və psixotik daxilolmalar, ciddi intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə (F07.0) aşkar olunur. “S06.0 - Baş beynin silkələnməsi - Azərbaycan Respublikasının ərazi Bütövlüyünün, müstəqilliyinin və konstitusiyasının quruluşunun müdfiəsi” sıra diaqnozlar psixiatrik xəstəliklərə aid olmadığından sualın cavablandırılması məhkəmə- psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil; İddiaçı Üzvi (İİ qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez- tez dekompensasiyalar, depressiv və psixotik daxilolmalar, ciddi intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə (F07.0) aşkar olunur. Bu diaqnoz İddiaçı keçirmiş olduğu travmanın uzaq fəsadlarından biridir, yəni həmin travmanın ağırlaşması hesab olunur. İddiaçı qeyd edilən Üzvi (İİ qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv və psixotik daxilolmalar, ciddi intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə (F07.0) diaqnozunun təzahürləri rəyin təsviri hissəsində qeyd olunmuşdur; İddiaçı qeyd olunan həmin diaqnoz hərbi xidmət vəzifələrini yerinə yerirərkən alınmış travmanın ağırlaşmasının nəticəsi hesab oluna bilər; İddiaçı Üzvi (İİ qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv və psixotik daxilolmalar, ciddi intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə(F07.0) aşkar olunur. Üzvi şəxsiyyət; pozuntusunun kompensasiya(yaxşılaşma) və dekompensasiya(kəskinləşmə) mərhələləri mövcuddur. Tam sağalma ilə nəticələnmir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:
6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.
6.1. Başın travmaları S02-S09 Qiymətləndirmə 6.1.1.ümumi beynin mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası (40-60 faiz, 1 il) 6.1.2. ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası (65-80 faiz, 2 il) 6.1.3. baş beynin əzilməsi, kontuziyası (35 faiz,1 il) 6.1.4. psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası (65-80 faiz, 2 il) 6.1.5. vegeto-damar mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası (40 faiz, 1 il) 6.1.6. vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə (50-60 faiz, 2 il) 6.1.7.beyin maddəsində yad cismin olması (80 faiz, müddətsiz) 6.1.8. ventrikuloperitoneal şuntlama (50 faiz,2 il) 6.1.9.anadangəlmə inkişaf qüsurlarının ağır formalarında (90 faiz, müddətsiz)
7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə.
7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (35-60 faiz, 2 il); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (65-80 faiz, 2 il);
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının kifayət qədər ambulator və ya stasionar müalicədə olmasması dəlilini irəli sürmüşdür. Bu baxımdan məhkəmə tərəfindən sorğu verilərək şəxsin müalicə müddətləri barədə məlumat verilməsi tələb edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci yarımbəndinin tələbinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdəndir. Məhkəməyə təqdim edilmiş tibbi sənədlərdən görünür ki, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024xx.xx.2024 tarixlərdə 6 aydan çox ambulator müalicədə olmuşdur. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Əsas diaqnoz və ağırlaşmaları: “S06.0 - Baş beynin silkələnməsi, Baş beynin silkələnməsi (kəllədaxili travma); F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və psixotik daxilolmalar, anamnezimdə intihar fikirləri və cəhdi ilə; F07.8 - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları; F06.3 - əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” qeyd olunmuşdur. . İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş xəstəliklər yuxarıda istinad edilən əsasnamənin 6.1 və 7.6.2-ci bəndlərində təsbit edilmişdir və onların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin iddiaçıda olması iş materiallarında olan sənədlərlə təsdiq olunur. Məhkəmə araşdırması zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş əsas diaqnoz və ağırlaşmanın hazırda təsdiqini tapıb-tapmamasının müəyyən edilməsi (şəxs əyani müayinə olunmaqla) üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 2212 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı Üzvi (İİ qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez- tez dekompensasiyalar, depressiv və psixotik daxilolmalar, ciddi intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə (F07.0) aşkar olunur. Bu diaqnoz İddiaçı keçirmiş olduğu travmanın uzaq fəsadlarından biridir, yəni həmin travmanın ağırlaşması hesab olunur. İddiaçı qeyd edilən Üzvi (İİ qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv və psixotik daxilolmalar, ciddi intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə (F07.0) diaqnozunun təzahürləri rəyin təsviri hissəsində qeyd olunmuşdur; İddiaçı qeyd olunan həmin diaqnoz hərbi xidmət vəzifələrini yerinə yerirərkən alınmış travmanın ağırlaşmasının nəticəsi hesab oluna bilər; İddiaçı Üzvi (İİ qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv və psixotik daxilolmalar, ciddi intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə (F07.0) aşkar olunur. Üzvi şəxsiyyət; pozuntusunun kompensasiya (yaxşılaşma) və dekompensasiya (kəskinləşmə) mərhələləri mövcuddur. Tam sağalma ilə nəticələnmir. Məhkəmə qeyd edir ki, iddiaçıda olan xəstəliyin tələbdə qeyd edilən faizlə əlilliyin təyininə (35-60 faiz, 2 il) əsas olması üçün, yəni iddianın uğurlu olması üçün Əsasənamənin 7.6.2.1-ci bəndində göstərilən ağırlıq dərəcəsi (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)) müəyyən edilməlidir ki, ən azından şəxsin intihara meyilli olması iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 35-60% orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq 2 il müddətinə əlilliyin təyin olunması vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi- Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 35-60% orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq 2 il müddətinə əlilliyin təyin olunması vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ramin Quliyev