Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4423/2025 14.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-285618/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması” barədə qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, uzun müddətdir ki, fərdi sahibkarlıq fəaliyyətini həyata keçirməmişdir. Əmək fəaliyyəti ilə məşğul olduğu və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı üçün vergi ödəyicisi fəaliyyəti iddiaçı tərəfindən müvəqqəti olaraq dayandırılmışdır. Qərardan aydın olur ki, borcun yaranmasına 2022-ci ildə vergi məbləğinin 10993,44 manat məbləğində kənarlaşması olduğu qeyd edilmişdir. Şəxsi istifadə üçün xx.xx.2022-ci ildə Mercedes Benz G 63 AMG markalı nəqliyyat vasitəsini və şəxsi istifadə üçün xx.xx.2022-ci ildə ümumi dəyəri 160.000 rubl olan maşın mühərriki ölkəyə idxal etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 99.3.6-cı maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab edilir. Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir vergidən azaddır. Göründüyü kimi, gəlir vergisindən azad olmasına baxmayaraq Lokal Gəlirlər Baş İdarəsi tərəfindən faizlər daxil olmaqla 14.884,05 manat məbləğində vergi borcu hesablanmışdır. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və bildirmişdir ki, İddiaçı Nəriman oğluna (VÖEN: **********) **********746100 nömrəli, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir və bank hesabları vasitəsilə aparılmış şübhəli əməliyyatlar Dövlət Vergi Xidməti tərəfindən təhlil edilmişdir. Aparılmış araşdırma zamanı tərəfinizdən müxtəlif tarixlərdə bank hesabları vasitəsilə 500497,73 manat məbləğində əməliyyatların aparıldığı və həmin əməliyyatların sahibkarlıq məqsədləri üçün istifadə olunduğu ehtimal olunmuşdur. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-cü illərin gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. İddiaçı Nəriman oğlu (VÖEN:**********) 2022-cü il üçün Gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə aparılmış hesablamanın tərkibi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələr idarəsində araşdırılmışdır. Uçot baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2011-ci il tarixli **********238400 nömrəli "Fiziki şəxsin fəaliyyətinin dayandırılması haqqında” Ərizə təqdim edərək fəaliyyətinin xx.xx.2011 -ci il tarixdən xx.xx.2016-cı il tarixədək dayandırdığını və sonuncu tarixdən etibarən fəaliyyətinin aktivləşdiyi müəyyən edilmişdir. Ölkəyə idxal olunan nəqliyyat vasitəsinin 2 ədəd olması (1 ədəd nəqliyyat vasitəsi, 1 ədəd nəqliyyat vasitəsinin mühərriki) şəxsi istifadə məqsədli olmasına şübhələr yaratmış və bununla bağlı vergi ödəyicisinə uyğunsuzluq məktubu təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən əsaslı izahat məktubu və təsdiqedici sənədlər təqdim edilməməsi səbəbindən Nazirlər Kabinetinin 55 nömrəli Qərarına əsasən xərcə görə kameral vergi yoxlaması ilə əlavə vergilərin hesablanması təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddianı müdafiə edərək, tələbin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). xx.xx.2024-cü il tarixli qərarın ləğvi ilə bağlı iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli **********9809 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, iddiaçı Rusiya Respublikasından invoys dəyəri 160.000 rubl olan “X6” 2.0 Turbo markalı nəqliyyat vasitəsinə məxsus mühərriki Azərbaycan Respublikasına idxal etmişdir. xx.xx.2022-ci il tarixli **********9523 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, iddiaçı Gürcüstan Respublikasından invoys dəyəri 145.000 ABŞ Dolları olan “Mercedes Benz G63 AMG” markalı nəqliyyat vasitəsini Azərbaycan Respublikasına idxal etmişdir. Nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” İddiaçı özünə məxsus X5 G63 AMG minik, dövlət qeydiyyat nişanı 10UZ767, buraxılış ili 2022 olan nəqliyyat vasitəsini xx.xx.2022-ci ildə 210.000 manata “alıcı” X1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-285618/2024 nömrəli qərarından görünür ki, iddiaçıya 2022-ci il üzrə 10.993,44 manat əlavə gəlir vergisi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, aparılmış araşdırmalara əsasən 2022-ci il üzrə real iqtisadi göstəriciləri olmasına baxmayaraq, 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi göstəricisiz olaraq təqdim edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. 2022-ci il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsində vergi məbləğinin 10 993,44 manat azaldılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi borcunun ödənilməsinə dair **********2 nömrəli bildirişdən görünür ki, iddiaçının 15 noyabr 2024-cü il tarixinə dövlət büdcəsinə ümumilikdə 14,884.05 manat, vergilər üzrə 10,896.08, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 3,987.97 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu var. İddiaçı hazırda bu qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin: -13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. -13.2.16-cı maddəsinə görə Azərbaycan mənbəyindən gəlir: 13.2.16.3. Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlirdir. -13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar gəlir: bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən gəlirdir. - 13.2.37-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. -114.7-ci maddəsinə görə əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir. -99.2-ci maddəsinə görə sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: 99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; 99.2.2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; 99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; 99.2.4. bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir. Beləliklə, fiziki şəxs istehlak məqsədi ilə ərzaq, nəqliyyat vasitəsi və ya daşınmaz əmlak əldə etdikdə və yaxud yığım vasitəsi kimi qiymətli metal aldıqda gəlir əldə etmir, lakin əldə etdiyi əsas vəsaiti, daşınar və daşınmaz əmlakı təqdim edərək gəlir əldə etməsi artıq sahibkarlıq fəaliyyəti kimi dəyərləndirilə bilər. Qeyd edilməlidir ki, sahibkarlıq fəaliyyətinin anlayışı “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasınının 1-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. İddiaçı 2022-ci ildə 1 avtomobil idxal etmiş, bunun sahibkarlıq məqsədilə gətirilməsi müəyyən olunmamışdır. Çünki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaların” 1.5-ci bəndinə əsasən fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Məhkəmə bildirir ki, iddiaçının mülkiyyətinə daşınar əmlak olan avtomobili əldə etməsi onun Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş hüququdur və heç də sahibkarlıq fəaliyyətini həyata keçirməsi anlamına gəlmir. Odur ki, vergi orqanının təqdim etdiyi bu dəlil qanunla nəzərə tutulmuş qaydada fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sübutlar olmamaqla gəlir vergisinin hesablanmasına da əsas vermir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3615/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı). Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. “İnzibati icraat haqqında” Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. -47.2-ci maddəsinə görə maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi inzibati orqan işin faktiki hallarından və inzibati icraatın gedişində toplanmış sübutlardan çıxış etməli, eləcə də mübahisəyə inzibati icraat haqqında hüquq normalarını və ya maddi hüquq normalarını tətbiq etməklə aydın şəkildə əsaslandırdığı inzibati akt qəbul etməlidir. Belə ki, məhkəmə inzibati aktın çıxarılmasının zəruriliyini inzibati orqanın əvəzinə əsaslandırmaq vəzifəsi daşımır, əksinə inzibati orqanın gətirdiyi əsasların qanuniliyini və əsaslılığını yoxlayaraq inzibati orqanlar üzərində məhkəmə nəzarətini həyata keçirmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-285618/2024 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4423/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4423/2025
14.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver