Məhkəmə qərarları › İş №e-2-1(112)-446/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-446/2025

14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-446/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinə qarşı “təqdimatın göndərilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə (bundan sonra cavabdeh) ərizə ilə müraciət edərək, şəhid əri X4 “mayor” hərbi rütbəsinin bərpa edilməsini xahiş etmişdir. Cavadeh xx.xx.2023-cü il tarixli 3-43-82/2-1291/2023 nömrəli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, həyat yoldaşı 1973-cü il təvəllüdlü şəhid X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsində ehtiyatda olan “kapitan” hərbi rütbəsində zabitlərin hərbi qeydiyyatında olmuş, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliklə Xidmətin Qaradağ rayon idarəsi tərəfindən “kapitan” hərbi rütbəsində həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlar zamanı həlak olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli 4131 nömrəli bildirişində, “Şəhidlik statusunun” verilməsi barədə Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixil 1/K-17G09 nömrəli məktubunda və xx.xx.2020-ci il tarixli 1/K-16891 nömrəli arayışda şəhid X4 hərbi rütbəsi “kapitan” kimi qeyd olunmuşdur. Həyat yoldaşı həlak olduğuna görə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 184-cü maddəsinin tələblərinin yerinə yetiriliməsi mümkün olmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəhid X5 “mayor” hərbi rütbəsinin bərpa ediməsi üçün təqdimatın Azərbaycan Respublikası Müdafə Nazirliyinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, İddiaçı şəhid X4 həyat yoldaşıdır. X12 rayonunda yerləşən N saylı hərbi hissədə fəaliyyət göstərərkən 2004-cü ildə “mayor” hərbi rütbəsi ilə təltif olunmuşdur. 2010-cu ilə qədər həmin rütbə ilə faəliyyət göstərmiş və ehtiyata buraxılmışdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərə qoşulmuş və Şuşa istiqamətində gedə döyüşlərdə həmin ilin noyabr ayında şəhid olmuşdur. Tofiq Kərimov şəhid olduqdan sonra yanvar ayında ailəsinə onun şəhid olaraq üzərindən çıxan əşyalar təqdim olunmuşdur. Həmin əşyaların içində onun “mayor” hərbi rütbəsinə aid hərbi paqonları da təqdim olunmuşdur. Bu hadisənin üzərindən bir neçə ay keçdikdən sonra, 15 iyun 2021-ci ildə N saylı hərbi hissədən X4 anasının adına yazılmış təşəkkürnamə göndərilmiş və həmin təşəkkürnamədə həmin hərbi hissənin komandirinin imzası və möhürü əks olunmaqla Tofiq Kərimovun rütbəsi “mayor” olaraq əks olunmuşdur. Ailə övladlarının 18 yaşı olmasından sonra onun təhsil alması ilə bağlı arayışı Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim etdikdən sonra öyrənmişdir ki, bu günə qədər kapitan rütbəsinə məxsus pensiya almışdır. İddiaçı N saylı hərbi hissə ilə əlaqə saxlamış və onlara X4 hərbi hissəyə hansı rütbə ilə göndərildiyi, hansı rütbə ilə qeydiyyatdan keçdiyi və hansı rütbə ilə şəhid olduğu ilə bağlı suallar ünvanlamışdır. Onlar bildirmişdir ki, “X6 mayor rütbəsi ilə hərbi hissəyə göndərilib, mayor rütbəsi ilə qeydiyyatdan keçib və həmin rütbə ilə də Vətən müharibəsində şəhid olub”. Lökbatan qəsəbəsindəki hərbi komissarlığa da müraciət edilmişdir. X9 mayor rütbəsi ilə döyüşlərə çağırıldığını danmış və bildirmişlər ki, X8 döyüşlərə kapitan rütbəsi ilə çağırılmışdır. X6 məxsus ******* nömrəli hərbi biletə əsasən, ona kapitan hərbi rütbəsi Azərbaycan Respublika Müdafiə Nazirliyinin 042 nömrəli 31 may 2010-cu il tarixli əmri ilə verilmişdir. Mərhumun şəhid olduqdan sonra ailəsinə təqdim olunan əşyaların arasında “mayor” hərbi rütbəsinə aid olan paqonların olması da bir daha sübut edir ki, X8 “mayor” hərbi rütbəsi ilə döyüşlərə yollanmış, döyüşlərdə qəhrəmancasına vuruşmuş və şəhadətə yüksəlmişdir. Mərhumun məzar üzərində də “mayor” hərbi rütbəsinin olduğu fotoşəkil əks olumuşdur. X8 Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2003-cü il tarixli 075t № əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı, 26 iyun 2003-cü il tarixli 061t №-li əmri ilə “Qüsursuz xidmət görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. X8 Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2021-ci il tarixli Sərəncamı ilə “İgidliyə görə” medalı, Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2021-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcə “Rəşadət” ordeni ilə təltif edilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 031rt №-li əmrindən arxiv çıxarışından görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42ci maddəsinə əsasən baş leytenant X7 növbəti hərbi rütbə olan “kapitan” hərbi rütbəsi verilmişdir. - Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2005-ci il tarixli 030rt nömrəli əmrindən arxiv çıxarışından görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42ci maddəsinə əsasən kapitan X6 “mayor” hərbi rütbəsi verilmişdir. - Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2010-cu il tarixli 034rt nömrəli əmrindən arxiv çıxarışından görünür ki, funksional vəzifə borclarının icrasına səhlənkar yanaşdığına, bölükdə qayda-qanuna və nizam- intizama nəzarət etmədiyinə, eləcə də əsgər ölümünə səbəb olan hadisənin baş verməsinə görə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq, 888-ci Mexanikləşdirilmiş briqadanın (888 №-li h/h) Qərargah bölüyünün komandiri mayor X4 rütbəsi “kapitan" hərbi rütbəsinə qədər bir pillə aşağı salınmışdır. - N saylı hərbi hissənin bildirişindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü kapitan X8 xx.xx.1990-xx.xx.2010, 22.102020-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, vətən uğrunda döyüşlərdə hərbi anda sadiq qalaraq mətinlik və nümayiş edərək xx.xx.2020-ci il tarixdən döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. - xx.xx.2020-ci il tarixli AZ-İİ№131870 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində qəlpələrlə zədələnmələrə görə aldığı baş beyin diffuz travması nəticəsində Şuşa şəhərində ölmüşdür. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 1/K-16891 №-li arayışından görünür ki, kapitan X8 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən kapitan X8 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir. -"xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X8 (Şəxsiyyət vəsiqəsi No. AZE 08488216, Bakı şəhəri Qaradağ RPİ QVŞV şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixində verilmişdir) xx.xx.2012-ci il tarixində "xxxx" MMC-yə işə qəbul edilmiş, xx.xx.2012-ci il tarixindən xx.xx.2018-ci tarixinədək mühafizəçi, xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək baş mühafizəçi vəzifəsində çalışmışdır. Fəaliyyəti zamanı T.D.Kərimov ona verilən tapşırıqlara məsuliyyətlə yanaşmış, vəzifə öhdəliklərini layiqincə və vaxtında icra etmişdir. İşlədiyi müddət ərzində nümunəvi davranışı, işə davamiyyəti, idarəçilik qabiliyyəti ilə seçilmişdir və öz şəxsi keyfiyyətləri ilə rəhbərliyin və həmkarlarının hörmətini qazana bilmişdir. İşlədiyi müddətdə əmək vəzifələrini yüksək səviyyədə yerinə yetirdiyinə görə dəfələrlə pul mükafatı almışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 19 oktyabr 2020-ci il tarixdə hərbi təlimə çağırılmış, sonra isə şəhid olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1 “e” bəndinə uyğun olaraq (tərəflərin iradəsindən asılı olmayan hallarda, işçi vəfat etdikdə) X8 ilə bağlanmış əmək müqaviləsinə 10 noyabr 2020-ci il tarixində xitam verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, hərbi qulluqçuların və ya hərbi vəzifəlilərin ölümündən sonra hərbi rütbəsinin bərpa olunması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə nəzərdə tutulmamışdır. İddiaçı hazırda şəhid olmuş əri Tofiq Kərimovun “mayor” hərbi rütbəsinin bərpa edilməsi üçün müvafiq təqdimatın Müdafiə Nazirliyinə göndərilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 181-ci maddəsinə əsasən: Ehtiyatda, yaxud istefada olan şəxslər hərbi intizamı, ictimai qaydaları pozduqda, yaxud hərbi şərəfi və hərbi rütbənin şöhrətini alçaldan nalayiq hərəkət törətdikdə, əgər əvvəl görülmüş intizam və ictimai tədbirlər kömək etməyibsə, onların rütbələri aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən bir pillə aşağı salına bilər: gizirlərin və miçmanların — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, zabit rütbələri — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir). Ehtiyatda, yaxud istefada olan dövrdə hərbi rütbəsi aşağı salınmış şəxslər istehsalatda və digər ictimai faydalı işlərdə özlərini doğrultduqları hallarda hərbi rütbənin aşağı salınmasından ən azı 3 il keçdikdən sonra onların hərbi rütbələrini aşağı salmış şəxslər tərəfindən əvvəlki hərbi rütbələrinə bərpa edilə bilərlər. Ehtiyatda, yaxud istefada olan şəxslərin həqiqi xidmət dövründə aşağı salınmış hərbi rütbələri həmin göstərilən şərtlər əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir) tərəfindən əvvəlki hərbi rütbə bərpa edilə bilər. Ehtiyatda, yaxud istefada olan ali zabitlər heyətindən olan şəxslərin hərbi rütbələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağı salına, sonra müvafiq halda müsbət xasiyyətnaməyə layiq görüldükdə bərpa oluna bilər. Ehtiyatda, yaxud istefada olan həqiqi hərbi xidmət dövründə hərbi rütbəsi aşağı salınmış ali zabitlər heyətindən olan şəxslərə əvvəlki rütbələri yenidən verilə bilər. Əvvəlki hərbi rütbələrində bərpa edilmiş ehtiyatda, yaxud istefada olan şəxslərə onların hərbi rütbələri aşağı salınana qədər istifadə etdikləri hüquq və güzəştlər verilir. Həqiqi hərbi xidmət dövründə hərbi rütbəsi aşağı salınan şəxslərə hərbi rütbələri ehtiyatda, yaxud istefada olarkən əvvəlki hərbi rütbələri verilibsə, onda onlar həqiqi hərbi xidmətdən buraxıldıqları vaxt müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər. Həmin Əsasnamənin 184-cü maddəsinə əsasən ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum edilməsi, hərbi rütbələrinin bir pillə aşağı salınması, hərbi rütbələrindən məhrum edilməsi və hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar hərbi komissarlıqlar tərəfindən irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə göndərilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 13 fevral 2012-ci il tarixli 593 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Göründüyü kimi, Əsasnamədə müvafiq təqdimatların hərbi komissarlıqlar tərəfindən irəli sürülməsi qeyd edilsə də, Azərbaycan Respublikasının Prezidentinin 13 fevral 2012-ci il tarixli 593 nömrəli Fərmanına əsasən hərbi komissarlıqların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 184-cü maddəsində qeyd edilmiş hərbi komissarlıqların səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarələri həyata keçirir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan aydın olur ki, iddiaçının tələbinin təmini üçün aşağıdakı əsaslar tələb edilir: - hərbi qulluqçunun ehtiyatda, yaxud istefada olması; - istehsalatda və digər ictimai faydalı işlərdə özünü doğrultması; - hərbi rütbənin aşağı salınmasından ən azı 3 ilin keçməsi. Lakin işdən görünür ki, hərbi rütbəsinin bərpa edilməsi üçün təqdimat verilməsi tələb olunan Tofiq Kərimov nə ehtiyada, nə də istefada olan hərbi qulluqçudur. Belə ki, o, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. Qanunverici isə hərbi qulluqçuların və ya hərbi vəzifəlilərin ölümündən sonra hərbi rütbəsinin bərpa olunmasını nəzərdə tutmadığından məhkəmə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar