Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4463/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirak ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-7-0216-8/2024 nömrəli cavab məktubunun qanunsuz hesab edilməsi, cavabdehə ona məxsus daşınmaz əmlakın mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq hərəkətlərin yerinə yetirilməsi vəzifəsinin həvalə edilməsi, mülkiyyətinə aid olan Ləhiş (Ləhic) bağlar massivindəki 1200 kv.m torpaq sahəsinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı iddiaçının ərizəsinə əsasən iddia tələbi “iddiaçının mülkiyyətinə aid olan Ləhiş (Ləhic) bağlar massivindəki 975 kv.m torpaq sahəsinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Ləhiş (Ləhic) bağlar massivində yerləşən və iddiaçıya aid olan 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə (bundan sonra - Reyestr) müraciət etmişdir. Lakin Reyestrin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-7-0216-8/2024 nömrəli cavab məktubunda torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmaması və cizgi sənədlərinin təqdim edilməməsi əsas gətirilərək müraciətinə imtina cavabı verilmişdir. Eyni zamanda bildirilmişdir ki, həmin torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququ qeydə alınmamışdır. Bu qərar qanunsuz və əsassızdır. Bundan əlavə, Bələdiyyələrlə İş Baş İdarəsinə etdiyi sorğuya cavab olaraq, xx.xx.2024-cü il tarixli məktubda ona bildirildi ki, Maştağa bələdiyyəsindən təqdim edilmiş məlumatlara görə, 1200 kv.m. torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsas olan bələdiyyənin 59 saylı qərarı müvafiq qaydada Milli Arxiv İdarəsinə təhvil verilib. Həmçinin, bu məsələ ilə bağlı Reyestrə etdiyi xx.xx.2024-cü il tarixli ikinci müraciətə isə ümumiyyətlə cavab vemədi. Artıq vahid məhkəmə təcrübəsi olmuş eyni məzmunlu məhkəmə işlərində, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddialar əsasən müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi tələbi ilə bağlı olmuşdur. Ali Məhkəmənin Plenum qərarlarında göstərilmişdir ki, cavabdeh tərəfindən edilən imtinalar qanunsuz hesab olunub və cavabdehin vəzifəsi bu sənədləri təmin etməkdən ibarət olmalıdır (İş № 2-1(102)-296/2024 xx.xx.2024 tarixli, İş Ns 2-1(102)-155/2024 xx.xx.2024 tarixli, İş № 2-1(102)-1552/2023 xx.xx.2023 tarixli və İş № 2-1(102)-1970/2020 xx.xx.2020 tarixli). Göstərilən son işlərdə və xeyli sayda digər işlərdə məhkəmə təcrübəsi vurğulayır ki, bağın icarəyə verilməsi haqqında müqavilənin arxivdə saxlanılmaması və bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlməməsi hallarına görə iddiaçı məsuliyyət daşımır. Bu, iddiaçının iradəsindən asılı olmayan hallardır və cavabdehin vəzifəsi həmin uyğunsuzluqlar qanunvericiliyə uyğun şəkildə aradan qaldıraraq hüquqların qeydiyyatını təmin etməkdir. Ali Məhkəmənin inzibati kollegiyasının 2-1(102)-846/2024 saylı xx.xx.2024-cü il tarixli iş üzrə qərarında qeyd edir ki, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışla plan-ölçü sənədlərinin verilməsi üçün tələb olunan hüquqmüəyyənedici sənədlər, iş materiallarında təsdiqləndiyi kimi, qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Bu sənədlər inzibati orqan tərəfindən geri çağırılmadığı, ləğv edilmədiyi və ya dəyişdirilmədiyi halda hüquqi qüvvəsini saxlayır və həmin sənədlər müvafiq inzibati orqanların hərəkətlərini məcburən müəyyən edir. Beləliklə, cavabdeh orqanın iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına və çıxarış verilməsinə davamlı şəkildə imtina etməsi, "İnzibati İcraat Haqqında" Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipinə ziddir. İnzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. İnzibati orqanların vətəndaşların hüquqi etibarını sarsıdan bu cür hərəkətləri qanuna uyğun deyildir və bu yanaşma icra hakimiyyətinin vahidliyi prinsipini pozur. Buna görə də, cavabdeh tərəfindən hüquqların qeydiyyata alınması və müvafiq sənədlərin verilməsi təmin edilməlidir.
4. Cavabdeh imtinasını onunla əslandırmışdır ki, torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyənin qərarı və torpaq sahəsinin yerləşmə mövqeyini göstərən cizgi sənədlərə əlavə edilməmişdir. Həmçinin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydə alınmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr torpaq sahəsi üzərində hüquqların yaranma əsaslarından biri hesab edilir.
5. Cavabdeh məhkəməyə ünvanlandığı iddia tələbinə dair etirazında qeyd etmişdir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair təqdim olunmuş xx.xx.2007-ci il tarixli Sabunçu rayonu Maştağa bələdiyyəsi ilə bağlanılmış icarə müqaviləsində istinad edilən Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 59 saylı qərarı və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və bağçılıq-yoldaşlıqlar üçün ayrılmış ərazinin hüdudları daxilində olmaqla Ləhiş bağ massivinin ərazisində yerləşir. Torpaq sahəsinin faktiki ölçüsü 975 kv.metr təşkil edir.
6. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli Torpaq icarə müqaviləsinə əsasən Maştağa bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 59 nömrəli qərarı əsasında İddiaçı 1200 kv.m torpaq sahəsi icarəyə verilmişdir. İcarə müqaviləsi xx.xx.2007xx.xx.2057-ci il tarixədək müddətə bağlanır.
7. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki 975 kv.m təşkil edir. Ərazidə 2 mərtəbəli yararsız fərdi yaşayış evi və həyət tikililəri var.
8. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Maştağa bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 59 nömrəli qərarı Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır.
9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazı müdafiə edərək iddianın təmin olunmamasını xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
18. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
19. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
21. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli Torpağın icarə müqaviləsinə əsasən Maştağa bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 59 nömrəli qərarı əsasında İddiaçı 50 il müddətinə 1200 kv.m torpaq sahəsi icarəyə verilmişdir, lakin məhkəmə iş materiallarını nəzərdən keçirərkən İddiaçı icarə hüququ əsasında ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən hər hansı bir mötəbər sənədin (yerləşmə cizgisi) işə əlavə edilmədiyini müəyyən etmişdir.
22. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının Ləhiş bağlar massivində yerləşən torpaq sahəsinə dair çıxarışın verilməsindən imtinaya səbəblərdən biri də məhz həmin torpaq sahəsinə dair onun yerləşmə cizgisinin iddiaçı tərəfindən təqdim edilmədiyi halı olmuşdur.
23. Məhkəmə qeyd edir ki, torpaq sahəsinə dair hüquqların qeydə alınması üçün həmin torpaq sahəsinin təsdiqlənmiş cizgisinin təqdim edilməsi zəruridir. Belə ki, torpaq sahəsinə hüquqların qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi torpaq sahəsinin cizgisinin ərizəyə əlavə edilməsini birbaşa nəzərdə tutur.
24. Bu səbəbdən də torpaq sahəsinin səlahiyyətli qurum tərəfindən təsdiqlənmiş cizgisinin təqdim edilmədiyi təqdirdə, həmin torpaq sahəsinə hüquq qeydiyyata alına bilməz.
25. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı torpaq sahəsinə dair yerləşmə cizgisini təqdim etdiyi təqdirdə mülkiyyət hüququnun qeydə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, torpaq sahəsi iddiaçıya 50 il müddətinə icarəyə verilmişdir.
26. Qeyd edilən qənaət iddianın təmin edilməməsi üçün yetərli olduğundan cavabdehin etirazda qeyd etdiyi digər məsələlərə məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək münasibət bildirməyi zəruri hesab etmir.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
28. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassız olduğundan rədd edilməlidir.
29. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva