Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4465/2025 10.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili X7, üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X1 Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 ünvanında yerləşən bağ evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarışının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin qeyd edilməməsini texniki xəta kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə göstərilənlərə əsasən cavabdeh qismində Bakı Şəhər İcra Hakimiyyətinin qeyd edilməsini formal xəta kimi nəzərə almış və iddianın dəqiqləşdirilməsinə zərurət görməmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mükiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 443a nömrəli bağ evinin ortaq (yanaşı) divar qonşusu X5 tərəfindən Azərbaycan Respublikasının tikinti qanunvericiliyinin tələbləri kobud surətdə pozulmaqla, tikintidə ara məsafələrinə və qonşuluq hüququna dair qanunvericiliyin tələblərinə riayət olunmamaqla, qanunsuz tikinti işi aparılır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında İddiaçı cavabdeh X3 qarşı qanunsuz tikinti işlərinin aparılmasının qadağan edilməsi, aparılmış qanunsuz tikinti işlərinin cavabdehin hesabına sökülməsi tələblərinə dair e-2(003)-3493/2024 nömrəli mülki iş mövcuddur. Xəzər Rayon Məhkəməsinin e-16(003)-180/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, İddiaçı mülkiyyətində olan 443a saylı bağ evinin qonşuluğunda mülkiyyət hüququ əsasında cavabdeh X3 məxsus bağ sahəsində (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 6-cı Buzovna küçəsi, 64) tikinti işlərinin aparılması cavabdeh X5 və digər şəxslərə qadağan edilmişdir. Sözügedən qərardad daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış həmin yarımtikilinin gələcəkdə də dövlət qeydiyyatına alınmaması üçün məlumat məqsədilə iddiaçı tərəfindən 1 saylı ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla İdarənin səlahiyyətlərinə aid olmadığı üçün qərardadın icrasının mümkün olmadığı bildirilmişdir. Halbuki, məktubda da qeyd edildiyi kimi qərardad icra olunmaq yox, məlumat məqsədilə İdarəyə təqdim edilmişdir. Həmçinin iddiaçı tərəfindən verilmiş vəkil sorğularına cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (ARDŞAK) yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-35-1/2-2360/2024 nömrəli və Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-12/2-2477/2024 nömrəli məktublarına əsasən qeyd olunan səlahiyyətli dövlət orqanlarının heç birinə X1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 nömrəli bağ evində tikinti işlərinin aparılması üçün müraciətinin daxil olmadığı bildirilmişdir. Qeyd olunan qanunsuz tikilinin inşası məhkəmə tərəfindən dayandırıldığı üçün bu gün də yarımtikili şəkildədir (xx.xx.2024-cü il tarixinə yəni çıxarışın verildiyi xx.xx.2024-cü il tarixdən sonrakı dövrə aid fotolar əlavə olunur). Xəzər Rayon Məhkəməsinin icraatında olan e-2(003)-3493/2024 nömrəli mülki işin xx.xx.2024-cü il tarixli iclasında cavabdeh tərəfindən qanunsuz tikilinin xx.xx.2024-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair çıxarış təqdim edilmişdir. Tikintidə ara məsafəsinə dair qaydalara və qonşuluq hüququna riayət olunmadan inşa olunduğu adi insan gözü ilə belə görünən, tikinti işlərinin aparılması üçün rəsmi qaydada müraciət olunmamış, tikintisi məhkəmə qərardadı qadağan olunmuş və bu barədə məlumat qeydiyyat orqanına təqdim olunmuş, faktiki olaraq tikintisi başa çatmamış bir yarımtikilinin sökülməsinə dair məhkəmə iddiasına baxıldığı vaxtda dövlət reyestrində bağ evi kimi qeydə alınması ciddi hüquq pozuntusudur. Qeyd olunanları nəzərə alaraq Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 ünvanında xx.xx.2024-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə X1 xüsusi mülkiyyəti kimi qeydə alınmış bağ evinin (faktiki olaraq yarımtikilinin) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını və bu qeydiyyatın əks olunduğu çıxarışın ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. İdarənin müraciətə xx.xx.2024-cü il tarixli cavab məktubu ilə çıxarışın ləğvinə dair mübahisənin məhkəmə qaydasında həll olunmalı olduğu bildirilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, ilk öncə qeyd olunan ünvanda yerləşən bağ sahəsi xx.xx.2024-cü il tarixli bağışlanma müqaviləsi əsasında X1 adına özgəninkiləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra üzərində bağ evi inşa edilmiş və vahid əmlak şəklində dövlət reyestrində qeydiyyata alınmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 13-cü bəndinə əsasən əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ünvanlanmış cavabdehin etirazına dair mülahizədə bildirilmişdir ki, etirazda cari məhkəmə işi üzrə iddia tələbi ilə əlaqəsi olmayan faktiki hallara istinad olunmuşdur. Qanunsuz tikilinin üzərində yerləşdiyi torpaq sahəsinin əvvəllər ailə üzvü tərəfindən X3 bağşlanmış olması cari iş üçün heç bir əhəmiyyət kəsb etmir. Ümumiyyətlə, qanunsuz tikilinin üzərində yerləşdiyi torpaq sahəsinin üzərindəki mülkiyyət hüququ mübahisə predmeti ilə əlaqəsizdir və X1 sözügedən torpaq sahəsi üzərindəki mülkiyyət hüququ iddiaçı tərəfindən mübahisələndirilmir. Cari məhkəmə mübahisəsinin predmetini tikintidə ara məsafəsinə dair qaydalara və qonşuluq hüququna riayət olunmadan inşa olunduğu adi insan gözü ilə belə görünən, tikinti işlərinin aparılması üçün rəsmi qaydada müraciət olunmamış, tikintisi məhkəmə qərardadı ilə qadağan olunmuş və bu barədə məlumat qeydiyyat orqanına təqdim olunmuş, faktiki olaraq tikintisi başa çatmamış bir yarımtikilinin sökülməsinə dair məhkəmə iddiasına baxıldığı vaxt dövlət reyestrində bağ evi kimi qeydə alınmasına dair çıxarışın ləğvi təşkil edir. Buna görə də, sözügedən fakta əsaslanmaqla, istinad olunan hüquq normalarının da cari işə tətbiq edilməsindən söhbət gedə bilməz. Konkret halda isə, üçüncü abzasda sadalanan faktiki hallar inzibati orqanın qanunsuz hərəkətlərini ehtiva etdiyi üçün hazırkı çıxarışın ləğvi haqqında mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd olunanları nəzərə alaraq cavabdeh tərəfindən təqdim olunmuş etirazın nəzərə alınmaması xahiş edilmişdir. Üçüncü şəxs X5 tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi barədə iddia tələbi əsassız və qanunsuzdur. İddiaçı bağ qonşusudur. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 443 (Yeni qaydalarla: AZ1041, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, 6-cı Buzovna küçəsi giriş 64) bağ evi üçüncü şəxsin mülkiyyətindədir. Eyni zamanda, bağ evinin yerləşdiyi torpaq sahəsi də onun xüsusi mülkiyyətidir. Bağ sahəsinə mülkiyyət hüquqları qanuni əsaslarla dövlət qeydiyyatına alınmışdır. Hazırkı tələblə iddiaçı üçüncü şəxsin mülkiyyətinə qəsd etmək niyyətindədir. Məlumat üçün bildirilir ki, iddiaçının bağ evi ilə üçüncü şəxsin bağ evinin arasında 11 metr məsafə vardır. Bağ evi layihəyə əsasən tikinti norma və qaydalara uyğun inşa edilmişdir. İnşa etdiyi bağ evi iddiaçının bağ evinə hava və təbii işıq axınının keçməsinə məhdudiyyət, həmçinin həmin evdən istifadəyə hər hansı maneə yaratmır. İddiaçının öz evi iki tərəfdən özünün evə yaxın məsafədə tikdiyi hasarla əhatə olunur, onun evini əhatə etdiyi hasarı evinə hava və təbii işıq axınının keçməsinə məhdudiyyət yaradır. Bundan əlavə, iddiaçının öz torpaq sahəsində inşa etdiyi qaraj Şəhərsalma və tikinti Məcəlləsinin tələblərinə uyğun deyildir, çünki qaraj üçüncü şəxsin həyətinə çıxır. İddia tələbi belə əsaslandırılmışdır ki, Xəzər rayon Məhkəməsinin e-16(103)-180/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək X3 məxsus bağ sahəsində tikinti işlərinin aparılması X3 və digər şəxslərə qadağan edilmişdir. Xəzər rayon məhkəməsinin yuxarıda göstərilən qərardadından da görünür ki, Xəzər rayon məhkəməsinin icraatında olan iş üzrə iddiaçı müvəqqəti təminat tədbiri kimi cavabdehə (mənə) tikinti işlərinin aparılmasının qadağan edilməsini məhkəmədən ərizə verərək xahiş etmişdir. Məhkəmə də onun ərizəsini təmin edib, tikinti işlərinin aparılmasını qadağan etmişdir. Hazırkı iş üzrə cavabdeh haqlı olaraq xx.xx.2024-cü il tarixli məktubunda iddiaçıya bildirmişdir ki, yuxarıda göstərilən qərardadın cavabdehin səlahiyyətlərinə aid olmadığından icrası mümkün deyildir. Üçüncü şəxsin bağ evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı qanuni əsaslarla aparılmışdır. Mülkiyyət hüquqlarının qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi üçün heç bir əsas yoxdur. İddiaçının bu cür iddia qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur. O, mülkiyyətində olan torpaq sahəsi üzərində bağ evinin tikintisi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara əməl etmişdir və bağ evinə qanuni əsaslarla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış, proses iştirakçılarının fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, mümkün sayılmasını, işə mahiyyəti üzrə baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili təqdim etdiyi etirazı müdafiə edərək tələbin qeyri-mümkün sayılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Buzovna qəsəbəsində mülkiyyətində olan 0.05123 ha torpaq sahəsində yerləşən 443a nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 375,9 kv.m olan bağ evi və 0,1483 ha torpaq sahəsi X1 mülkiyyətindədir. Müvafiq sorğu ilə X1 mülkiyyətində olan bağ evinin arxiv qovluğunda olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin materiallara əlavə edilmiş: -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 0,1483 ha torpaq sahəsi X1 mülkiyyətindədir. -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X5 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq “Məlumatlandırma icraatı” qaydasında, mülkiyyətində olan 0,1483 ha torpaq sahəsində Xəzər rayonu, Buzovna qəsəbəsi, 6-cı Buzovna küçəsi, giriş 64 ünvanında yerləşən layihə əsasında hündürlüyü 7.55 m, mərtəbəliliyi 2 olan fərdi yaşayış (bağ) evinin inşa etdiyini bildirmişdir. -"xxxx" MMC tərəfindən X1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 6-cı Buzovna küçəsi, giriş 64-də yeləşən bağ evinin layihəsi tərtib edilmişdir. -Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintilərin dövlət reyestrinin internet səhifəsindən çıxarışa əsasən məlumatlandırma icraatı ilə bağlı informativ və statistik xarakterli məlumatlardan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin layihəsi sifarişçi X2 tağşırığı əsasında, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə məlumat verilməklə, layihəçi "xxxx" MMC tərəfindən hazırlanmışdır. Tikinti niyyəti barədə məlumatların Reyestrdə qeydiyyata alınma tarixi: xx.xx.2024-cü il. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(003)-180/2024 saylı qərardadından görünür ki, iddiaçı X8 həmin iş üzrə cavabdeh X3 qarşı “tikinti işlərinin aparılmasının qadağan edilməsi və tikintinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 ara məsafəsinə və qonşuluq hüququna riayət olunmadan qanunsuz tikinti işlərinin aparılmasının qadağan edilməsi, qanunsuz inşa olunmuş tikintinin cavabdehin hesabına sökülməsi və sairə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qərardadla İddiaçı müvəqqəti təminat tədbirinə dair ərizəsi təmin edilərək, mülki üzrə yekun məhkəmə aktı qəbul edilənədək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində İddiaçı mülkiyyətində olan sahəsi 0.05123 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli ,3 otaqlı, 41.1 kv.m yaşayış, 90.5 kv.m köməkçi sahədən ibarət 443a saylı bağ evinin qonşuluğunda mülkiyyət hüququ əsasında cavabdeh X3 məxsus bağ sahəsində (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 6-cı Buzovna qəsəbəsi, 6-cı Buzovna küçəsi, 64) tikinti işlərinin aparılması cavabdeh və digər şəxslərə qadağan edilmişdir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 443a nömrəli bağ evinin mülkiyyətçisidir. Hazırda onun hüquqi marağı və məqsədi bağ qonşusu olan üçüncü şəxs X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 ünvanında bağ evinin sökülməsinə yönəlmişdir. Bununla bağlı isə iddiaçı Xəzər Rayon Məhkəməsində üçüncü şəxsə qarşı iddia qaldırmış və hazırda iş həmin məhkəmənin icraatındadır. İddiaçı eyni zamanda hazırkı tələblə inzibati məhkəmədə cavabdeh qeydiyyat orqanına qarşı iddia irəli sürərək sözügedən daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının qeydiyyatını mübahisələndirməklə bun dair verilmiş çıxarışın ləğv edilməsini tələb edir. Lakin iddiaçı üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evi üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı və digər əlaqəli sənədləri mübahisələndirmək üçün subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla da cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyini əsaslandıra bilməmişdir. Bu isə onu deməyə əsas verir ki, hazırkı halda iddiaçının mövcud iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. İddiaçı həmin fərdi yaşayış evinin inşasının onun rifahını pozduğuna istinad edirsə, bu qonşuluq hüququ münasibətlərindən irəli gələn mülki xarakterli mübahisədir və iddiaçının hüquqi marağına uyğun olaraq ehtimal etdiyi pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı mülki qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Hansı ki, iş materiallarından göründüyü kimi, iddiaçı artıq bu hüququndan istifadə edərək üçüncü şəxsə qarşı “tikilinin sökülməsi” tələbi ilə bağlı Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və hazırda baxılır. Bu məsələdə isə mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyət hüququnun qeydiyyatının hər hansı əhəmiyyəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İddiaçı hesab edir ki, üçüncü şəxs mübahisə predmeti olan bağ evini inşa edərkən tikinti qanunveriliyinin tələblərinə (ara məsafəsinə əməl edilməməsi, məlumatlandırma icraatı ilə bağlı müraciət) əməl etmədiyindən cavabdehin qeydiyyatla bağlı hərəkətləri qanunsuz olmuşdur. Başqa sözlə, iddiaçı cavabdehin qeydiyyatla bağlı faktiki xarakterli hərəkətlərini mübahisələndirmişdir. Lakin işin araşdırılan halları ilə bu dəlil təkzib olunur. Belə ki, ünvanın arxiv qovluğunda olan sənədlərdən görünür ki, evin qeydiyyatı məlumatlandırma icraatı ilə bağlı sənədlər əsasında aparılmış və bu barədə üçüncü şəxsin Xəzər RİH-ə ünvanlanmış ərizəsi mövcuddur. Həmçinin müvafiq məlumatlar ARDŞAK-ın tikintilərin dövlət reyestrinə daxil edilmişdir. Belə olan halda isə Plenum qərarındakı mövqeyə uyğun olaraq ilk növbədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmuş sənədlər, başqa sözlə, məlumatlandırma icraatı ilə bağlı qaydalara əməl edilməsinin qanuniliyi mübahisələndirilməlidir. Hansı ki, həmin icraat çərçivəsində evin şəhərsalma və tikinti qanunvericiliyinə əməl edilməklə tikilməsi halları (bu fonda həmçinin, ara məsafəsinə əməl edilib-edilməməsi ilə bağlı məsələlər) araşdırıla bilər. Yalnız həmin iddia uğurlu olacağı təqdirdə cavabdeh inzibati orqana qarşı hazırkı tələb irəli sürülə bilər. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın mümkünlük şərtləri ödənilmir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə, iddianın mümkün sayılmadığını nəzərə alaraq iddiaçı tərəfdən təqdim edilmiş, iş üzrə ekspertizanın təyin olunması barədə vəsatətə münasibət bildirilməsinə zərurət görmür. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsin əsasən, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-4465/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4465/2025
10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver