Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4466/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “vergi ödəyicisi şəhadətnamənin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vergi ödəyicisi şəhadətnaməsinin verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, “Stroydetal” yaşayış sahəsində yerləşən 39 saylı fərdi yaşayış evindən məişət tullantılarının daşınması üçün cavabdehə ödənişlər etmiş və torpaqdan istifadəyə görə vergiləri ödəmişdir. İddiaçı qeyd edilən ödənişləri həyata keçirməklə onun cavabdeh tərəfindən vergi ödəyicisi kimi qeydiyyatı aparılmalı idi. İddiaçıya məxsus, onun istifadəsində və sahibliyində olan fərdi yaşayış evinə dair məlumatların qeydiyyata alınıb-alınmaması barədə cavabdehə sorğu edilmişdir. Cavabdeh tərəfindən sorğuya cavab olaraq bildirmişdir ki, iddiaçıya aid fərdi yaşayış evinin qeydiyyatına dair məlumat və sənəd mövcud deyildir. İddiaçı tərəfindən məişət tullantılarının və torpaq vergi ödənişinin edilməsinə baxmayaraq cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən bərk məişət tullantılarının 2020-ci ildən etibarən bələdiyyə tərəfindən daşınması həyata keçirilmir. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzasə qəsəbəsi, Binəqədi şossesi, “Stroydetal” yaşayış sahəsində yerləşən 39 saylı fərdi yaşayış evində xx.xx.2007-ci il tarixindən "xxxx" ASC, xx.xx.2010-cu il tarixindən “Azəriqaz” İB və xx.xx.2007-ci il tarixindən "xxxx" ASC ilə bağladığı müqavilələr əsasında kommunal xidmətlərdən istifadə edir. İddiaçı kommunal xidmətlərdən istifadəyə görə aidiyyəti üzrə illərdir ödənişlər edir. Eyni zamanda torpaq vergisinin ödənişi ilə bağlı əvvəllər cavabdehə ödənişlər etsə də, sonradan onun adı Bələdiyyədə qeydə alınmadığından verginin ödənilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdm edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə etdi, həmçinin bildirdi ki, iddiaçı məişət tullantıları və torpaq vergi ödənişini etmiş və bunu sübut edən qəbzləri məhkəməyə təqdim etmişdir. Eyni zamanda mart ayında cavabdeh tərəfindən iddiaçının mobil nömrəsinə sms xəbərdarlıq göndərilərək onun ödənilməmiş əmlak və torpaq vergi borcunun olduğu bildirilmişdir. Lakin bütün bunlara baxmayaraq iddiaçının cavabdeh tərəfindən vergi ödəyicisi kimi qeydiyyatı hələ də aparılmamışdır. Göstərilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz etdi və bildirdi ki, vergi qanunvericiliyində şəxsin hansı şərtlər mövcud olduğu təqdirdə vergi ödəyicisi kimi qeydiyyatdan keçməsi aydın təsbit edilmişdir. Belə ki, iddiaçının torpaq sahəsinə dair icarə və ya mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığından onun vergi ödəyicisi kimi qeydiyyata alınması mümkün olmamışdır. İddiaçının torpaq vergisini faktiki ödəməsi və bunu təsdiq edən qəbzləri təqdim etməsi onun vergi ödəyicisi kimi qeydə alınması üçün əsas deyil. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli qəbzlərə əsasən iddiaçı məişət tullantılarının daşınması üçün cavabdehə ödənişlər etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2005-ci il, xx.xx.2005-ci il, xx.xx.2006-cı il, xx.xx.2006-cı il vəxx.xx.2009-cu il tarixli qəbzlərə əsasən iddiaçı cavabdehə torpaqdan istifadəyə görə haqq ödəmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli qəbzə əsasən iddiaçı cavabdehə 65 manat əmlak vergisi ödəmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi SMS bildirişdə sakinlərin Binəqədi qəsəbə Bələdiyyəsinə ödənilməmiş əmlak və torpaq vergisinin ödənilməsi tələb edilmişdir. Cavabdehin iddiaçının müraciətinə cavab məktublarında göstərilmişdir ki, M.Ə.Rəsulzadə bələdiyyəsində İddiaçı aid fərdi yaşayış evinin qeydiyyatına dair məlumat və sənədlər mövcüd deyildir. M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən bərk məişət tullantılarının daşınması məsələsinə gəlincə isə, 2020-ci ildən etibarən bələdiyyə tərəfindən məişət tullantılarının daşınması həyata keçirilmir. İddiaçı M.Ə.Rəsulzadə qəsəbəsi, “Stroydetal” yaşayış sahəsi ərazisində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərindəki hüquqları aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmədiyindən və dövlət reyestrində qeydiyyata alınmaqla rəsmiləşdirilmədiyindən onun adına bələdiyyə vergi şəhadətnaməsinin verilməsi mümkün deyildir. Azərişıq ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Səhmdar Cəmiyyətin elektron məlumat bazasında iddiaçının abonent olaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol adlanan ərazidə yerləşən fərdi yaşayış evində 15 mart 2007-ci il tarixdə **********20024 nömrəli abunə kodu ilə qeydiyyata alınmasına dair məlumat vardır. Azərsu ASC-nin xx.xx.2024-cü il tarixli məktbunda göstərilmişdir ki, ünvan 1 ünvanında İddiaçı ilə su və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2007-ci il tarixində 11904120 saylı müqavilə (abonent kodu: **********000) bağlanılmış, xx.xx.2009cu il tarixində SSS markalı 566876 nömrəli, xx.xx.2013-cu il tarixində Alfasu markalı 50065701 nömrəli və xx.xx.2019-cu il tarix-ində İSS-15M markalı 668755 nömrəli su sayğacı quraşdırılmışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona vergi ödəyicisi şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra – Vergi Məcəlləsi) əsasən yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi (8.1.). Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir (8.2.). Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergitutma bazası; vergi dövrü; vergi dərəcəsi; verginin hesablanması qaydası; verginin ödənilməsi qaydası və müddəti (12.1.). Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri və azadolmaları müəyyənləşdirilə bilər. Vergi güzəştlərinin və azadolmalarının dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə vergi güzəştləri və azadolmaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təsnifləşdirilir (12.2.). Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (12.3.). Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (12.4.). İddiaçının əsas dəlilləri ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, “Stroydetal” yaşayış sahəsində yerləşən 39 saylı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi onun istifadəsindədir. O, həmin fərdi ev və torpaq sahəsinə görə cavabdehə torpaq və əmlak vergisi ödəmişdir. Lakin, cavabdeh onu vergi ödəyicisi kimi qeydiyyata götürməkdən imtina edir. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, həmin fərdi yaşayış evi və onun torpaq sahəsi iddiaçının mükiyyətində deyildir. Vergi Məcəlləsinə əsasən hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi (6.1.5.); hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi (6.1.6.)dövlət vergilərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən 198.1. Fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Fiziki şəxsin xüsusi mülkiyyətində Yaşayış məntəqələri olan yaşayış və qeyri-yaşayış sahələri (manatla) Bakı 0,4 Gəncə, Sumqayıt şəhərləri və 0,3 Abşeron rayonu Digər şəhərlər (rayon tabeliyində olan 0,2 şəhərlər istisna olmaqla), rayon mərkəzləri Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron 0,1 rayonunun qəsəbə və kəndləri istisna olmaqla) Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadrat metrinə görə 2 manat müəyyən edilir. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, Vergi Məcəlləsinin 198.1 və 206.1-ci maddələrində nəzərdə tutulan hallarda torpaq və əmlak vergisi yerli vergilərə aiddir. Vergi Məcəlləsində həmçinin göstərilir ki, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır (maddə 203.1). Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar (maddə 203.2). Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir (maddə 204). Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur (maddə 208.1.). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, fiziki şəxslərdən əmlak vergisi tutulması üçün həmin əmlak onların mülkiyyətində olmalı, torpaq vergisi tutulması üçün isə torpaq sahəsi onların mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində olmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 noyabr 2022-ci il tarixli **********435800 nömrəli əmri ilə təsdiq edilmiş “Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı Metodiki Vəsait”in 2.1-ci bəndinə əsasən bələdiyyə ərazisində yerləşən əmlaka mülkiyyət, torpaq sahələrinə (o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə) isə mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın (torpağın) yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır. Məhkəmə işdə olan sübutlara qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, M.Ə.Rəsulzadə qəsəbəsi, “Stroydetal” yaşayış sahəsi ərazisində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində və ya hər hansı qanuni əsaslarla istifadəsində deyil. Belə olan halda iddiaçının həmin əmlaka görə vergi ödəyicisi kimi qeydiyyata alınması qanuni hesab edilə bilməz. İddiaçının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının nə vaxtsa məişət tullantılarının daşınmasına görə bələdiyyəyə haqq ödəməsi, həmçinin torpaq və ya əmlak vergisi qismində ödənişlər etməsi onun hazırda vergi ödəyicisi kimi qeydiyyata alınması üçün əsas hesab edilə bilməz. İddiaçının təqdim etdiyi SMS bildirişlə bağlı qeyd edilməlidir ki, həmin SMS bildiriş məhz iddiaçıya deyil, sakinlərin qeyri-müəyyən dairəsinə ünvanlanmışdır. Həmçinin, həmin bildirişin məhz bələdiyyənin səlahiyyətli şəxsi tərəfindən göndərilməsi bildirişin məzmunu ilə müəyyən edilmir. Bu səbəbdən məhkəmə iddiaçının həmin dəlillərini əsassız hesab edir. Göründüyü kimi cavabdehin imtinası əsaslı olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “vergi ödəyicisi şəhadətnamənin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-4466/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4466/2025
30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver