Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4469/2025 15.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ünvan 1 ünvanındakı 8 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, İdarənin arxivində olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun adına qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin texnıkı pasportu, qeydiyyat vəsiqəsi və digər sənədləri arxivdə mövcuddur. Həmçinin AR Prezident İşlər İdarəsinin X3 xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrinə əsasən iddiaçıya 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Cavabdeh təşkilata torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciət etsə də, bundan imtina edilmişdir və səbəb olaraq X3 siyahısında adının göstərilməməsi qeyd edilmişdir. İddiaçı bununla razı olmamışdır. Cavabdehin “Elektron məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********31 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxivində olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrindən çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezident İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli, 02 saylı protokolu ilə baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qərar alınmışdır. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 212 nömrəli, xx.xx.2005-ci il tarixli arayışdan görünür ki, Abşeron RİH-nin xx.xx.1999 tarixli, 777 saylı qərarına əsasən Buzovna kənd təsərrüfatı müəssisəsinin ərazisində fərdi yaşayış evi inşa etmək üçün 0.10. ha torpaq sahəsi verilmişdir. Vətəndaş İddiaçı göstərilmiş torpaq sahəsindən yaşayış evi inşa etmiş və hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Evin başı bağlı deyil və məhkəmə mübahisəsi yoxdur. Arayış Abşeron RDTN vı MHTH-nə göstərilmiş evin İddiaçı adına rəsmiləşdirilməsi üçün təqdim edilmişdir. İşdə olan Abşeron rayon X2, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsində döngə 15, 8 nömrəli ev, yaşayış sahəsi 12,0 m2, ümumi sahəsi 12,0 m2 1 otaqdan ibarət yaşayış evinin hamısı İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının 20 avqust 1999-cu il tarixli, 096 saylı sərəncamına əsasən 40007 nömrəli reystr kitabında1770 nömrə ilə qeydə alınmışdır. İşdən görünür ki, 8 nömrəli fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. İddiaçı hazırda həmin evin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin maddəyə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış. Fərmanın 7-ci hissəsinə əsasən həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmrini bu əsaslardan birinə aid etmişdir, yalnız o halda ki, həmin əmrin milli arxiv fondunda əsası olsun (xx.xx.2025-ci il tarixədək, yəni qanunvericiliyə dəyişiklik edilənə kimi isə əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda olduğu halda). İşdən görünür ki, iddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Prezident İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrindən çıxarışı təqdim etsə də, həmin əmrin arxiv əsası mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 xx.xx.2025-ci il tarixli, 1-2-28/2-13/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən torpaq almış vətəndaşların siyahısında İddiaçı adı yoxdur. Bundan əlavə, 8 saylı fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ qeydə alınarkən təqdim edilmiş sənədlərdə də ziddiyyətlər mövcud olmuşdur. Belə ki, 8 saylı fərdi yaşayış evi ilə bağlı iddiaçının adına aparılmış 1770 nömrəli qeyddən görünür ki, həmin evə iddiaçının mülkiyyət hüququ Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamı əsasında qeydə alınmışdır. Hüquq qeydə alınarkən təqdim edilən Abşeron rayon İcra Hakimiyyəti üzrə xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamından çıxarışdan görünür ki, vətəndaş İddiaçı 0.10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovxozun xx.xx.1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınmışdır. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 212 nömrəli, xx.xx.2005-ci il tarixli arayışında isə göstərilmişdir ki, Abşeron RİH-nin xx.xx.1999 tarixli, 777 saylı qərarına əsasən Buzovna kənd təsərrüfatı müəssisəsinin ərazisində fərdi yaşayış evi inşa etmək üçün 0.10. ha torpaq sahəsi verilmişdir. Həmin sərəncamların təqdim edilməsi ilə bağlı Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron Rayon İcra Hakimiyyətinin 1999-cu ilə dair sərəncamlarında xx.xx.1999-cu il tarixli 095 saylı sərəncam aşkar edilməmişdir. Həmçinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının 096 saylı sərəncamı 15 aprel 1999-cu il tarixlidir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının sərəncamlarında xx.xx.1999-cu il tarixli 777 saylı sərəncam aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının 8 saylı evə hüququnun qeydə alındığı zaman təqdim edilən sənədlərdə fərqli hüquqmüəyyənedici sənədlərə istinad olunmuş, həmin sənədlərin heç biri milli arxiv fondunda aşkar edilməmişdir. O da qeyd edilməlidir ki, işdə olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, hüquqmüəyyənedci sənəd üzrə 12 kv.metr sahəsi olan ünvan 3 ünvanında ölçü işlərinin aparılmasına iddiaçı şərait yaratmamış, onunla əlaqə saxlanılarkən şifahi olaraq bildirmişdir ki, onun yerində başqa şəxslər ev tikmişdir, iddiaçını ora buraxmırlar. Həmçinin məhkəmə baxışı zamanı iddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi torpaq sahəsinin inventarlaşdırılmasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən cavabdehə müvafiq məktub ünvanlanmış, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli sorğuya cavab məktublarında göstərilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Göründüyü kimi, nəinki mübahisəli torpaq sahəsinə dair iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin arxiv əsası olmamış, həmçinin iddiaçı həmin torpaq sahəsini naturada təqdim edə bilməmiş, mülkiyyət hüququnun qeydə alındığı fərdi yaşayış evinin isə söküldüyünü bildirmişdir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Beləliklə, istinad olunan normalardan görünür ki, torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ilk əvvəl onun planı və ölçüsü təqdim edilməli, plan ölçünün təqdim edilməsi üçün onun tərtib edilməsi məqsədilə mərzçəkmə və inventarlaşdırma işləri həyata keçirilməlidir. Lakin iddiaçı hazırda hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsini naturada cavabdehə təqdim edə bilmədiyindən həmin sahəsinin mərzçəkmə və inventarlaşdırma işlərinin həyata keçirilməsi, o cümlədən plan ölçünün tərtib edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə Qanunun bu normasının imperativ tələb olduğunu, şəxsin hüququnun qeydə alınması üçün həmin normada nəzərdə bütün sənədlərin eyni anda təqdim edilməsinin mütləq şərt olduğunu, işin hazırkı halında təqdim edilmiş hüquqmüəyyənedici sənədin qanunauyğun olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması kimi qiymətlənirilə, iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən yeni sübutlara (vərəsə olmasına dair sənədə və sair) əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4469/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4469/2025
15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver