Məhkəmə qərarları › İş №e-2-1(112)-4485/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4485/2025

21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4485/2025 21.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Cavabdeh2 və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus Səbail r., Ü.Hacıbəyov küç. ev 37/43 saylı evin həyətində yerləşən qarajın sökülməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə 345100 manat kompensasiyanın cavabdehlər tərəfindən müştərək qaydada iddiaçıya ödənilməsinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2008-ci il tarixli texniki pasport və xx.xx.2020-ci il tarixli etibarnamə əsasında Bakı ş., Səbail r., Ü.Hacıbəyov küç. ev 37/43 saylı evin həyətində yerləşən qaraj onun sahibliyində olmuşdur. Bu əmlakı faktiki olaraq X1 2020-ci ildə almışdır və xx.xx.2024-cü il tarixində rəsmi qaydada alqı-satqı müqaviləsi bağlamışlar. Lakin həmin qaraj qanunsuz olaraq sökülmüşdür və onun müraciətlərinə hər hansı cavab verilmir. Belə ki, 2022-ci ilin mart ayında, Novruz bayramı ərəfəsində Bakı şəhər icra hakimiyyətinin söküntüləri təşkil edən əməkdaşı X2 (əlaqə nömrəsi **********) başçılığı ilə Cavabdeh2 nümayəndələri tərəfindən qanunsuz və əsassız olaraq, özbaşına surətdə qeyd etdiyi ünvana yaxınlaşaraq qarajı, içindəki mallarla birlikdə sökmüşlər. Bu zaman tələb etməyinə baxmayaraq, söküntünün aparılmasına əsas olan hər hansı hüquqi sənəd - məhkəmə qərarı, sərəncam, məktub, bildiriş təqdim edilməmişdir. Söküntüdən qabaq da ona hər hansı xəbərdarlıq edilməmiş, söküntü işləri aktlaşdırılmamış, akt tərtib edilməmişdir. Bununla da ona böyük miqdarda ziyan dəymiş və mülkiyyətindən məhrum olmuşdur. Göründüyü kimi dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ kobud surətdə pozulmuş, hər hansı məhkəmə qərarı olmadan və dövlət ehtiyacı olmadan söküntü aparılmışdır. Sonradan əldə etdiyi məlumata əsasən, söküntü işləri ona məxsus qarajda səhvən aparılmışdır. Belə ki, dövlət orqanları onun mülkiyyətini özbaşına tikili kimi bilmiş, mülkiyyət hüququnu təsdiq edən sənədləri nəzərə almamışlar. Bütün bu olanlardan sonra öz hesabına qarajı bərpa etmək istədikdə, yenə də müvafiq qurumlar tərəfindən bərpa işlərinin aparılmasına icazə verilməmişdir. Bununla əlaqədar tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmuşdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023- cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Sizə məxsus qarajm qarşısında bir müddət öncə 30 kv.m-ə yaxm sahədə müvafiq icazə sənədləri olmadan artırma işlərinin aparılması müşahidə olunmuş və müvafiq xəbərdarlıq edilməklə aidiyyəti qurumlar tərəfindən görülmüş tədbirlər nəticəsində sökülmüşdür.” Halbuki bu məktubda artırma kimi qeyd edilən sahə elə onun mülkiyyətində olan qarajdır. Bütün bu olanlardan sonra öz hesabıma qarajı bərpa etmək istəmiş, bu barədə müraciət etmişdir. Bununla əlaqədar müraciətinə Cavabdeh2 tərəfindən verilən xx.xx.2024- cü il tarixli məktubda yenidən ondan aidiyyatı qurumları müvafiq rəyləri və görüləcək işlərin memarlıq-planlaşdırma həlli tələb olunmuşdur. Yəni, icra hakimiyyəti normal qaydada bir vətəndaşdan hansı sənədlər tələb olunursa, onları ondan tələb etmişdir. Halbuki o reyestrdə qeydiyyatı olmuş və qanunsuz olaraq sökülmüş əmlakını bərpa etmək istəyirdir. Ona əsassız olaraq imtina cavabı verildiyi üçün əmlakın bərpası mümkün olmamışdır. Ona görə də ona dəyən ziyana görə kompensasiya verilməlidir. Şəhərin ən mərkəzi küçəsində yerləşməsini nəzərə alaraq qarajın 1 kv.m hazırda 10 000 manat qiymətləndirilir. Texniki pasport üzrə qarajın 34.51 kv.m olmasını nəzərə alaraq, tələb etdiyi kompensasiya məbləği 345100 manatdır. Bununla əlaqədar cavabdeh orqanlara müraciət etsə belə, hər hansı cavab verilməmişdir. İddiaçının vəkili və nümayəndəsi elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək İddiaçı məxsus Səbail rayonu, Ü.Hacıbəyov küç., ev 37/43 saylı evin həyətində yerləşən qarajın sökülməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə 345100 manat kompensasiyanın Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş iddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2008-ci il tarixli texniki pasport və xx.xx.2020-ci il tarixli etibarnamə əsasında Bakı ş., Səbail r., Ü.Hacıbəyov küç. ev 37/43 saylı evin həyətində yerləşən qaraj iddiaçının sahibliyində olmuşdur. Bu əmlakı faktiki olaraq X1 2020-ci ildə almış və xx.xx.2024-cü il tarixində rəsmi qaydada alqı-satqı müqaviləsi bağlamışdır. Lakin həmin qaraj qanunsuz olaraq sökülmüşdür. Belə ki, 2022-ci ilin mart ayında, Novruz bayramı ərəfəsində Bakı şəhər icra hakimiyyətinin söküntüləri təşkil edən əməkdaşı X2 (əlaqə nömrəsi **********) başçılığı ilə həmin icra hakimiyyətinin nümayəndələri tərəfindən qanunsuz və əsassız olaraq, özbaşına surətdə qeyd etdiyi qarajı içindəki mallarla birlikdə sökmüşlər. Buna görə də, tələb də həmin icra hakimiyyətinə yönəlməli, iddiaçıya dəyən ziyana görə kompensasiya məhz həmin qurum tərəfindən ödənilməlidir. Əlavə olaraq nəzərə almaq lazımdır ki, iddiaçı həmin əmlakın faktiki sahibi və istifadəçisi olmuşdur. Bunu həm tərəflər arasında olan xx.xx.2020-ci il tarixli etibarnamə, həm də sonradan bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi təsdiq edir. Tərəflər arasında yalnız etibarnamə olsaydı, bu halda əmlakın satılıbsatılmaması məsələsi şübhəli ola bilərdi. Amma əvvəlcə etibarnamə verilməsi, sonradan alqı-satqı müqaviləsinin bağlanması tərəflər arasında münasibətlərin əvvəldən olduğunu və əmlakın iddiaçının istifadəsində olduğunu təsdiq edir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Bu halda da kompensasiya tələbi üçün rəsmi reyestrdə qeydə alınma tələb olunmur, mübahisə predmeti olan əmlak onsuz da reyestrdə qeydə alınmış əmlakdır, buna dair texniki pasport mövcuddur və məhkəməyə təqdim edilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi də qüvvədədir və məhkəmə həmin müqaviləni ləğv və ya etibarsız hesab olunmadığı müddətcə hüquqi sənəd olaraq qəbul etməlidir. Beləliklə müəyyən olunur ki, həmin əmlak üzrə kompensasiya tələbi ilə hazırda yalnız məhz İddiaçı çıxış edə bilər. Bu mövqe Ali Məhkəmənin 2-1(102)-1723/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da əks olunmuşdur. Belə ki, məhkəmə qeyd etmişdir ki, “29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvan 13 ünvanında yerləşən,848.38 kv.metr sahəsi olan daşınmaz əmlak (bina) üzərində hüquq əldə etdiyini təsdiqedən müqavilənin ləğv olunması və ya etibarsız sayılması barədə hər hansı sübut iş üzrə materiallara əlavə edilməmiş, eləcə də cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. 30. Bununla bağlı nəzərə almaq lazımdır ki, əmlak üzərində hüquq həmin əmlakınəldə edilməsi barədə hüquqmüəyyənedici sənəd, o cümlədən müqavilə əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ tanınmalıdır. Bu qayda hazırkı mübahisəyə münasibətdə iddiaçının hüququnun tanınmasına da aiddir.” Digər tərəfdən məhkəmə nəzərə almalıdır ki, Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin 14 iyun 2023-cü il tarixli, 2181 saylı fərmanı qəbul edilmişdir. Həmin fərmana əsasən, “1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra-qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndiskommunikasiya obyektlərinin (bundan sonra - infrastruktur obyekti) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir” Göründüyü kimi hətta iddiaçı mübahisə predmeti olan qarajda yenidənqurma aparmış olsaydı və ya əlavə sahə artırma etmiş olsaydı belə, cavabdeh qurumların onu sökməyə hüquqi əsası ola bilməzdi. Çünki söküntünün baş verdiyi 2022-ci ildə bu fərman qüvvədə idi və iddiaçı çıxarış almaq üçün fərmanda göstərilən qaydada müraciət etməyə hazırlaşırdı. Lakin söküntünün baş verməsi iddiaçını bu imkanından da məhrum etmişdir. Ona görə də söküntüsü həyata keçirilmiş qarajda yenidənqurma işlərinin görülməsi və ya artırma olması yenə də bu iddianı qaldırmağa mane olmur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4485/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, e-2-1(112)-4485/2025 nömrəli iş üzrə iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi icraata qəbul edilməsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Cavabdeh2 hazırkı iş üzrə cavabdehlər sırasından çıxarılması qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymışdır. İddiaçının nümayəndəsi və vəkili iddianın mümkün hesab edilərək mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Dəqiqləşmiş iddia tələbindən görünür ki, iddiaçıya məxsus Səbail rayonu, Ü.Hacıbəyov küç., ev 37/43 saylı evin həyətində yerləşən qarajın sökülməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə 345100 manat kompensasiyanın Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddia tələbi aşağıdakı mümkünlük şərtlərinə cavab vermir: 1) iddiaçı həmi qaraja dair hər hansı bir hüquqmüəyənedici sənədə malik olmadığından bu barədə iddia vermək üçün subyektiv hüquq daşıyıcısı deyil; Belə ki, iddia ərizəsinə əlavə etdiyi sözügedən qaraja aid Texniki pasport belə başqa şəxsin (X3) adınadır. Məhkəmə qeyd edir ki, həmin sənəd hüquqmüyyənedici sənəd olmamaqla, qeyd edilən qaraja dair iddiaçıya etibarnamə verməsi, iddiaçının həmin şəxsin adından iddia verməsi üçün ona subyektiv hüquq vermir. İddiaçı həmin şəxsin yaxın qohumu deyildir və onun adından da iddia vermək səlahiyyəti yoxdur. Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddia ərizəsi, iddiaçının cavabdeh orqana müraciəti və iddiaçının vəkili və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən edilir ki, mübahisə predmeti olan qaraj 2020-ci ilin mart ayı ərəfəsində sökülmüşdür. Lakin iddiaçının iddia ərizəsinə əlavə etdiyi sözügedən qarajın alqı-satqı müqaviləsindən görünür ki, alqı-satqı müqaviləsi xx.xx.2024-cü il tarixlidir. Göründüyü kimi, qaraj söküldükdən sonra faktiki mövcud olmayan əmlakın alqısatqısaına dair tərəflər arasında predmeti olmayan müqavilə bağlanmışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra həmin əmlaka dair iddiaçının adına hər hansı hüquqmüəyyənededici sənəd tərtib edilməmişdir. Belə olan halda, iddiaçının həmin qaraja dair hər hansı hüquqmüəyənedici sənədə malik olması müyyən olunmur və iddiaçı bu barədə iddia vermək üçün subyektiv hüquqa malik deyildir. 2) iddiaçı hüquqlarının məhz cavabdeh inzibati orqan tərəfindən pozulmasını, tələbini məhz nəyə görə cavabdeh kimi qoyduğu həmin quruma qarşı qaldırmasını əsaslandırmamış, hansı hüququnun cavabdeh orqan tərəfindən pozulduğunu sübuta yetirə bilməmişdir; Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının iddia etdiyi qarajın cavabdeh tərəfindən sökülməyi məyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında qeyd edilmişdir ki, məhkəmələr cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını yoxlamalıdırlar. (2.3-cü bənd) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında qeyd edilmişdir ki, məhkəmələr prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar