Məhkəmə qərarları › İş №e-2-1(112)-449/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-449/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-449/2023 10.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “X17 Azərbaycan” QSC-nin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "texniki pasportun verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “X17 Azərbaycan” QSC cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən binada 112,1 kv.m qeyri-yaşayış sahəsinə texniki pasportun verilməsini vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC-nin mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küşəsi 59-59A ünvanında yerləşən binada 112,1 kv.m qeyri-yaşayış sahəsi mövcuddur. Bunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış təsdiq edir. "xxxx" QSC mülkiyyətçi olaraq ilk dəfə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə, 00187 saylı məktubla müraciət olmuşdur ki, "xxxx" QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küşəsi 59-59A ünvanında yerləşən binada 112,1 kv.m qeyri-yaşayış sahəsinə texniki pasport verilməsi təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən "xxxx" QSC-yə daxil olan xx.xx.2021-ci il tarixdə **********90 saylı məktubdan görünür ki, texniki pasportun verilməsindən imtina olunmuşdur, imtina səbəbi isə qeyriyaşayış binasına texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığı göstərilmişdir. Daha sonra "xxxx" QSC maneləri aradan qaldırdıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə, 00391 saylı məktubla müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küşəsi 59-59A ünvanında yerləşən binada 112,1 kv.m qeyri-yaşayış sahəsinə texniki pasport verilməsi təmin edilməsini xahiş etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən təkrar olaraq “YapıKredi Bank Azərbaycan" QSC-nə xx.xx.2021-ci il tarixli **********85 saylı imtina məktubu ünvanlamışdır, bu dəfə imtinanın səbəbi: texniki baxış keçirilən zaman göstərilən yerdə tikilinin sökülüb yenidən tikildiyini aşkar edildiyini, bundan başqa konfiqurasiya və ölçülərin arxiv texniki pasportuna uyğun gəlmədiyini qeyd etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən yerdə tikili sökülüb yenidən tikilmişdir. Bundan başqa konfiqurasiya və ölçülər arxiv texniki pasporta uyğun gəlmir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********85 saylı cavab məktubu ünvanlanmışdır. ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.1.2-ci maddəsinə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi iddiaçı “X17 Azərbaycan” QSC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması şəklində icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxlərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2019-cu il tarixli, **********671400 nömrəli çıxarışa əsasən “X17 Azərbaycan” QSC xx.xx.1998-ci il tarixdə ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə qeydiyyata alınmışdır. Hüquqi ünvanı AZ1078, ünvan 4nin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********51 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -xx.xx.2018-ci il tarixli hərrac təşkilatının hərracın yekunları barədə 115/2 nömrəli protokoluna əsasən ipoteka predmetinin mülkiyyətçisi X5 məxsus olan ünvan 5 ünvanında yerləşən binada 112.1 kv.m qeyri-yaşayış sahəsi barəsində Bakı səhəri Yasamal rayon Məhkəməsinin 2(004)-354/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinin və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-70824/29 saylı xx.xx.2018-ci il tarixli məktubunun icrasına əsasən "ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun 41, 42 və 43-cü maddələrinə əsasən hərrac təşkil olunmuş, "İpoteka haqqında" Azərbaycan Respublikası qanununun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmış, satılan əmlakın alıcısı tələbkar “X17 Azərbaycan” QSC-dir. -xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinə əsasən X1 məxsus olan ünvan 7 ünvanında yerləşən binada 112.1 kv.m. qeyri yaşayış sahəsini alıcı “X17 Azərbaycan” QSC-nin mülkiyyətinə verməyi, alıcı isə həmin daşınmaz əmlakı qəbul edib onun dəyərini tam ödəməyi öhdəsinə götürür. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 7 ünvanında 0.01346 ha torpaq sahəsində (istifadə) yerləşən 112.1 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə “X17 Azərbaycan” QSC “İnşaatçılar” filialı adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materilalarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində istifadədə olan 0.01346 ha torpaq sahəsində yerləşən 59-59a nömrəli binada 112.1 kv.m ümumi, 112.1 kv.m əsas, -kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 813 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi: **********25-06301. Qeydiyyat nömrəsi: 1********. Qeydiyyat tarixi: xx.xx.2007. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********59 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 7 ünvanında yerləşən 112.1kv.m olan qeyri-yaşayış binasına dair arxiv qovluğunda texniki pasport və müayinə aktı aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən ünvan 7 ünvanı üzrə ümumi sahəsi: hüquqmüəyyənedici sənəd üzrə - 112.1 və faktiki – 106.1. Sifarişçinin göstərdiyi obyekt 1 mərtəbəli binanın 1ci mərtəbəsində yerləşir və istifadəsizdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********40 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasında yoxlama-ölçü işləri aparılmışdır. Müayinə zamanı məlum olmuşdur ki, göstərilən qeyri-yaşayış binası dövlət reyestrindən çıxarışa əsasən 112,1 kv.m olsa da, faktiki olaraq 106,1 kv.m təşkil edir. Sözügedən obyekt 1 (bir) mərtəbəli binanın bir hissəsində yerləşir və istifadəsizdir. Göstərilən qeyriyaşayış binəsinin daxilində 3,5 kv.m qapalı sahə mövcuddur. Qeyri-yaşayış binası arxiv eskizinə əsasən 4(dörd) mərtəbəli olub, 2, 3, 4-cü mərtəbələr sonradan sökülüb. Arxiv eskizində arakəsmələr və qapılar qeyd olunmadığından qeyri-yaşayış binasının yerləşmə mövqeyini təyin etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********85 nömrəli imtina məktubunda bildirilmişdir ki, texniki baxış keçirilən zaman göstərilən yerdə tikilinin sökülüb yenidən tikildiyi aşkar edilmişdir. Bundan başqa konfiqurasiya və ölçülər arxiv texniki pasporta uyğun gəlmir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən görünür ki, iddiaçı ünvan 3 ünvanında yerləşən 112,1 kv.m qeyriyaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsini xahiş edir. Cavabdeh iddiaçı tərəfindən göstərilən yerdə tikilinin sökülüb yenidən tikildiyini, konfiqurasiya və ölçülərin arxiv texniki pasporta uyğun gəlmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.24-cü yarımbəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları"nın 23.4-cü bəndinə əsasən daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"nın 13-cü bəndinə əsasən daşınmaz əmlak obyektlərinə dair texniki sənədlərin verilməsi fiziki və hüquqi şəxslərin ərizələri əsasında həyata keçirilir (bənd 13.1). Texniki sənədlər, o cümlədən texniki pasport dövlət və ya bələdiyyə orqanlarının sorğusu, daşınmaz əmlak obyektlərinin mülkiyyətçilərinin və ya onların səlahiyyətli nümayəndələrinin isə ərizəsi əsasında verilə bilər (13.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir (bənd 4.1). Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur (bənd 4.2). Beləliklə, istinad olunan normalardan görünür ki, texniki pasport inventarlaşdırma işlərinin aparılması nəticəsində tərtib edilən texniki sənəd olmaqla daşınmaz əmlaka hüquqların qeydiyyatı zamanı təqdim edilən sənədlərdən biridir və texniki pasport şəxsin ərizəsi əsasında tərtib edilir. Hazırkı işdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində istifadədə olan 0.01346 ha torpaq sahəsində yerləşən 59-59a ünvanında yerləşən 1 mərtəbəli sahəsi 112.1 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə X3 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-354/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən 201280,16 manat məbləğində borcun cavabdehlər X4, X8 və X6 tutularaq “X17 Azərbaycan” QSC-yə ödənilməsi və eyni zamanda tutmanın banka kredit təminatı kimi girov qoyulmuş ipoteka predmetləri daşınmaz əmlaklara yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borc dəyərindən bankın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün İcra şöbəsinə göndərilmişdir. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka təklif edilmiş və əmlak Hərrac təşkilatının hərracın nəticələri barədə xx.xx.2018-ci il tarixli 115/2 saylı yekun protokoluna və xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən “X17 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. Bundan sonra sözügedən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə “X17 Azərbaycan” QSC “İnşaatçılar” filialı adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə məhkəmə sorğusuna cavab olaraq həmin qeyri-yaşayış sahəsi ilə bağlı əvvəlki mülkiyyətçi X3 adına texniki pasport aşkar edilməmişdir. Həmçinin qeyri-yaşayış sahəsi ilə bağlı ipoteka müqaviləsinin bağlanılması ilə bağlı bank tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər arasında ipoteka qoyan X3 adına əmlaka dair texniki pasport aşkar edilməmişdir. Eyni zamanda iş üzrə müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair ipoteka predmeti olaraq tutma yönəldilməzdən öncə iddiaçı bank tərəfindən Real Prays MMC vasitəsilə xx.xx.2018-ci il tarixdə əmlakın qiymətləndirilməsi həyata keçirilmiş, qiynmətləndirmə hesabatında qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 112.1 kv.m, təmir səviyyəsi orta və s. kimi texniki göstəriciləri qeyd edilməklə yanaşı əmlakın fotoşəkilləri hesabata əlavə edilmişdir. Göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində 59-59a ünvanında 1 mərtəbəli qeyri-yaşayış sahəsinin faktiki mövcudluğu bəllidir və həmin əmlak hazırda mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehin istinad etdiyi tikilinin sökülüb yenidən tikildiyi, konfiqurasiya və ölçülərin arxiv texniki pasporta uyğun gəlməməsi mülkiyyətdə olan mübahisəli əmlakın texniki vəziyyətini ifadə edən texniki pasportun verilməsindən imtinaya əsas vermir. Belə ki, məhkəmə sorğusu ilə sözügedən ünvanda qeyri-yaşayış binasına dair arxiv qovluğu təqdim edilmiş, arxiv qovluğunda olan tikilinin planı X11 aid “Ticarət və yaşayış binası” kompleksinə aid 4 mərtəbəli tikiliyə dair plandır. Qeyd edilən planın iddiaçının hazırda sahibliyi və mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə bağlılığı müəyyən olunmur. Bu halda cavabdehin sözügedən plana istinad edərək yerləşmə, konfiquriasiya və ölçüləri hazırda təqdim edilən əmlakla müqayisəli təhlil etməsi əsaslı hesab edilə bilməz. Bundan əlavə, təqdim edilmiş tikili planının mübahisəli əmlaka aid olduğu qəbul edilsə belə, bu hal hazırda əmlakın texniki vəziyyətinin plandakı tikiliyə uyğunlaşdırmalı olmasına da dəlalət etmir. Belə ki, cavadehin mütəxəssis rəyində, yerli müayinə aktında da müəyyən olunur ki, arxiv eskizinə əsasən 4(dörd) mərtəbəli olmuş qeyri-yaşayış binasının 2, 3, 4-cü mərtəbələri sonradan sökülmüşdür. Həmin əmlakın hansı qaydada, tarixdə və kim tərəfindən sökülməsi ilə bağlı müvafiq məlumat təqdim edilməmişdir. Bəlli olan odur ki, hazırda iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmış əmlak birmərtəbəlidir, iddiaçıdan əvvəlki mülkiyyətçinin də adına qeydiyyat aparılarkən əmlakın birmərtəbəli olduğu qeyd edilmişdir. İpoteka müqaviləsinin bağlanması ilə bağlı sənədlərdə də əmlakın birmərtəbəli olduğu müəyyən olunur. Bu halda 4 mərtəbəli tikilinin 2-3-cü mərtəbələri söküldükdən sonra iddia olunan qeyri-yaşayış sahəsinin 1-ci mərtəbənin hansı hissəsində yerləşdiyini müəyyən etməyin mümkün olmaması iddiaçının ziyanına təfsir edilə bilməz və bu hal mülkiyyətçinin hüququnun pozulmasına gətirib çıxarmamalıdır. Görüdüyü kimi cavabdeh inzibati orqan naturada göstərilən qeyri-yaşayış sahəsinin mülkiyyət hüququ ilə qeydə alınmış əmlak olmadığı və ya ümumən iddianın təmin edilməsini istisna edəcək əmlakın yerləşmə vəziyyəti ilə bağlı hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdehin iddiaçının ünvan 7 ünvanında istifadədə olan 0.01346 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu qeydə alsa da həmin əmlakla bağlı texniki pasport tərtib etməkdən imtina etməklə yuxarıda istinad olunan qanunvericiliyin tələblərini və iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 68-69 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia tələbi təmin olunsun. İddiaçı “X17 Azərbaycan” QSC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar