Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4496/2023 30.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “həkim-ekspertin inzibati məsuliyyətə cəlb edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İnzibati Xətalar Məcəlləsinin 195.1 maddəsinə görə, arayışda qeyd olunduğu üzrə xx.xx.2022 və xx.xx.2022 tarixlərində həmin maddənin tələbini iki dəfə pozulmasına yol vermiş DTSERA-nın həkim-eksperti Ruslan Məhərrəmlinin məsuliyyətə cəlb olunmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmiş, eyni zamanda İPM-in 13-cü maddəsinə müvafiq olaraq iddiaçıya hüquqi yardım məktubu göndərilərək iddia tələbinin hüquqi marağına uyğun olaraq dəqiqləşdirilməsi təklif edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı 30 avqust 2022 ci il tarixində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) online növbə götürərək əlilliyin müəyyən edilməsi üçün müraciət etmişdir. Agentlikdə cərrahiyə şöbəsində həkim ekspert Ruslan Məhərrəmli iddiaçını qəbul etmişdir. İddiaçı həkimə tibbi kartasını və rentgen müayinə kağızlarını təqdim edərək belində davamlı şiddətli ağrıların olduğu, aşağı və yuxarı ətraflarında mütəmadi iflic olma hallarının olduğunun bildirmişdir. Həkim rentgenə baxdıqdan sonra ona əlilliyin təyin olunmasının mümkün olmadığını və səhhətinin qaydasında olduğunu bildirərək əlilliyin təyin olunmasından imtina etmişdir. O, tələb etdikdən sonra tibbi kartadakı arayışları, hərbi biletini və onun şikayətlərini planşet vasitəsilə video və foto qeydiyyat apararaq imtina etməsini rəsmi şəkildə göndərəcəyini demişdir. İddiaçı təkrar olaraq xx.xx.2022 DTSERA-də növbə götürmüş və yenə eyni həkim əsassız olaraq müxtəlif fikirlər söyləyərək və X1-Tədqiqət instutunun 2015, 2021, 2022-ci il tarixili müayinələrinin arayışlarına ötəri nəzər edərək iddiaçıya rentgen kağızlarını təqdim etməli olduğunu bildirmişdir. Rentgen kağızların uzun müddət keçdiyindən oxunaqlı olmadığı üçün gətirmədiyini və DTSERA-nın daxilində onu rentgen etdərək ekspertiza aparılmasını təklif etsə də, DTSERA-da rentgen qurğusu olmadığını deyərək başqa xəstəxanada rentgen olmağını, ondan sonra DTSERA-ya yaxınlaşmağının lazım olduğunu demişdir. İddiaçının şikayətlərinə və tibbi kartasındakı həkim rəylərinə, arayışlara, hərbi biletinə əhəmiyyət vermədən ekspertizasını bu şəkildə yekunlaşdırdı. xx.xx.2022-ci il tarixli müraciətini, əlilliyin təyin olunmasına dair müayinəni cavablandırdığı kimi xx.xx.2022-ci il tarixli müraciətini, əlilliyin təyin olunmasına dair müayinənidə eyni, sadəcə imtina sözü ilə cavablandırmışdır. Yəni hər iki müraciətində əlilliyin təyin olunmasına, müavinatın təyin olunmasına dair imtinanın səbəblərini göstərilmədən qərar qəbul edilmişdir. Arıyışda göründüyü kimi əlilliyin təyin olunmasından imtinanın səbəbləri qeyd olunmadığı üçün, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsinin cərrahi və travmatoloji xəstəliklər üzrə həkim eksperti Ruslan Məhərrəmli İXM-nin 195.1-ci maddəsinin tələbini pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki hazırlıq icraatı üzrə iclasında iştirak etmiş iddiaçı verdiyi izahatında bildirmişdir ki, iki dəfə əlillik təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin əsaslı səbəblər göstərmədən ona əlillik dərəcəsi təyin edilməmişdir. Həmçinin qeyd etmişdir ki, məhkəmənin təklifinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini növbəti məhkəmə iclasınadək məhkəməyə təqdim edəcəkdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (1.5). Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Hazırkı iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, tələb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsinin cərrahi və travmatoloji xəstəliklər üzrə eksperti R.Məhərrəmlinin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlıdır. Bu tələb isə inzibati hüquq münasibəti ilə bağlı deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz. Bu qəbildən olan işlərə məhz inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılması müəyyən olunduğundan hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilir. İstinad olunan Plenum Qərarının həmçinin göstərilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Eyni Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd); Məhkəmə vurğulayır ki, Plenum qərarındakı mövqeyə uyğun iddiaçıya hüquqi yardım göstərilərək iddianın mümkün sayılmamasına səbəb ola biləcək halların onunla müzakirə edilməsinə, müvafiq hüquqi təkliflər verilməsinə və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ağlabatan müddət təyin edilməsinə baxmayaraq, ötən müddət ərzində iddia ərizəsi lazımi formada məhkəməyə təqdim edilməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər (35.3). Qeyd olunan Plenum Qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələb üzrə məqsədinə nail olmaq üçün inzibati xətalara dair işlər üzrə məhkəmə icraatı qaydasında aidiyyəti ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İddiaçıya izah olunur ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-4496/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4496/2023
30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver