Məhkəmə qərarları › İş №e-2-1(112)-4517/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4517/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4517/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə İddiaçı adına plan-ölçü barədə texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin verdiyi çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətindədir. Göstərilən torpaq sahəsinə plan-ölçü barədə texniki pasportun alınması üçün tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 27 sentyabr 2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə plan-ölçü barədə texniki pasportun verilməsindən imtina edilmişdir. Belə ki, imtinanın səbəbi olaraq torpağın faktiki sahəsi ilə sənəddə ziddiyyət olmasına istinad edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən çıxarış verilən zamanı torpaq sahəsinə mühəndis tərəfindən baxılır və sonra çıxarış verilir. Azərbaycan Respublikası Mülki Məcəllləsinin 178.4-cü maddəsinə əsasən torpağın bir torpaq sahəsindən digərinə yerdəyişməsi sahələrin hüdudlarının dəyişməsinə səbəb olmur. Hazırkı vəziyyətdə çıxarışı olan torpaq sahəsinə plan-ölçü barədə texniki pasportun verilməsindən imtina edilməsi əsassızdır.

3. Cavabdeh iddiaçının müraciətinə imtina məktubunda qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, faktiki sahə sənəd üzrə olan sahədən kənarda qalır. Bu səbəbdən plan ölçünün tərtib edilməsi tərəfimizdən mümkün olmamışdır.

4. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, faktiki sahə sənəd üzrə olan sahədən kənarda qalır. Bu səbəbdən plan ölçünün tərtib edilməsi tərəfimizdən mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

5. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-4940D KOD 00304016 nömrəli Şəhadətnaməsinə əsasən Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli 989 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0,12 hektar olan torpaq sahəsi X6 verilmişdir.

6. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən torpaq sahəsi X1, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində 0,0955 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətinə keçmişdir.

7. Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X4 torpaq sahəsini İddiaçı hədiyyə etmiş, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində (Yeni qaydalarla: ünvan 2) 0,0955 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə keçmişdir.

8. Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır. Hüquq müəyyənedici sənəd üzrə və faktiki sahəsi 955.0 kv.m təşkil edir. Üzərində yarımçıq yaşayış evi mövcuddur.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. İddia tələbi torpaq sahəsinə plan-ölçü sənədinin verilməsidir. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

17. Torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq ölçüsü 0,0955 ha olmaqla iddiaçının mülkiyyətindədir. X6 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şəhadətnaməsinə əsasən Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli 989 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0,12 hektar olan torpaq sahəsi verilmiş və və torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü və torpaq sahəsinin yerləşdiyi yerin sxemi verilmişdir.

18. Torpaq sahəsi X5 vəfatından sonra qanun üzrə vərəsəlik hüququna əsasən X2 xüsusi mülkiyyətinə keçmiş, sonuncu ilə iddiaçı arasında bağlanan daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.

19. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışı ilə də Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində (Yeni qaydalarla: ünvan 2) 0,0955 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

20. İddiaçının adına torpaq sahəsinin plan və ölçü-sənədinin tərtib edilməsindən cavabdeh qurumun imtinası qanunsuz olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

22. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə əsasən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

23. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinə əsasən: 1.3. DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək;

24. X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

25. Məhkəmə hesab edir ki, mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməməsinin ağlabatan əsaslandırılması yoxdur. Cavabdeh tərəfindən bildirilən dəlillər (elektron kadastr məlumatına əsasən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluğun mövcud olması) həmin sənədin tərtibindən imtina üçün əsas ola bilməz. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparılması işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir.

26. Torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluğun mövcud olmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilən torpaq sahəsinə dair ortofoto görüntüsündən müəyyən edilir ki, torpaq sahəsində sürüşmə baş verib. Torpaq sahəsinin faktiki və hüquqmüəyyənedici sənəd üzrə yeri bəllidir və sözügedən uyğunsuzluğu aradan qaldırması məhz cavabdehin vəzifələrindən biridir.

27. Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtinindən imtina iddiaçının X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə baza məlumatlarının faktiki sahəyə uyğunlaşdırmaqla İddiaçı adına planölçü sənədinin tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar