Məhkəmə qərarları › İş №e-2-1(112)-4547/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4547/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4547/2024 25.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alınmış mənzilə görə ödənilmiş 3,709.75 manat ƏDV məbləğinin geri qaytarılması öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanda yerləşən "xxxx" MMC (VÖEN **********) tərəfindən tikilmiş yaşayış binasından xx.xx.2023-cü il tarixli ÇP/2- 32 nömrəli “Mənzil alqı-satqısına dair müqavilə”yə əsasən ümumi sahəsi 52,3 kv.m olan 1 otaqlı mənzil almışdır. Müqaviləyə əsasən mənzilin dəyəri əlavə dəyər vergisi daxil olmaqla 81,065.0 manat (əsas məbləğ 68,699.15 manat, ƏDV məbləği 12,365.85 manat) məbləğində müəyyən edilmiş və həmin məbləğ xx.xx.2023-cü il tarixədək tam ödənilmişdir. Bundan sonra tərəfindən, xx.xx.2023-cü il tarixli **********090200 nömrəli "Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı” elektron ərizə ilə vergi orqanına müraciət edilmiş və həmin ərizəyə xx.xx.2023-cü il tarixli ÇP/2-32 nömrəli müqavilə, ödənişi təsdiq edən qəbzlər və digər sənədlər əlavə edilmişdir. X3 Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Yaşayış və qeyri-yaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********107500 nömrəli Qərar qəbul edilmiş və imtinanın səbəbi qismində “Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nın 5.1.2-ci bəndinin tələblərinə zidd olaraq, müraciət edən tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi” qeyd edilmişdir. Göstərilən qərarla razılaşmadığıma görə, xx.xx.2023-cü il tarixdə inzibati şikayət qaydasında Dövlət Vergi Xidmətinə müraciət etmişdir. X3 Xidməti tərəfindən müraciətinizə baxılmasının nəticəsi üzrə “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********862100 nömrəli qərar qəbul edilmişdir. Qeyd olunan hüquq pozuntuları ilə razı olmadığıama görə pozulmuş hüquqlarımın bərpası məqsədilə ““ƏDV məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)- 5912/2023 nömrəli qərardadına əsasən mülki iş üzrə icraata xitam verilmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən ümumi əsaslarla yenidən aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (Bakı İnzibati Məhkəməsinə) müraciət edilməlidir. Bu səbəbdən də aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etməli olmuşdur. Belə ki, onun hüquqları pozulmuş və ödədiyi ƏDV məbləğinin 30%-i əsassız olaraq mənə geri qaytarılmır. Ödəniş ondan asılı olmayan səbəblərdən düzgün qaydada ödənilməmişdir. Mənzili ipoteka ilə əldə etmişdir və ödəniş müvafiq bank tərəfindən yanlış həyata keçirilmişdir. Bundan başqa, MTK müvafiq elektron qaiməfakturanı ödəniş həyata keçirildikdən 1 ay sonra təqdim etmişdir ki, bu da ödənişin qanuna uyğun şəkildə həyata keçirilməsinə mane olmuşdur. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın işləmə mexanizmi ölkədə tədricən inkişaf etdiyindən bir çox anlaşılmazlıqlar olmuşdur. Belə ki, ƏDV-nin geri qaytarılması ilə bağlı Qayda və Şərtlər Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilsə də, bununla bağlı müvafiq portal xx.xx.2022-ci il tarixdə işə düşmüşdür. Lakin qeyd olunan portalın işə düşməsi rəsmi şəkildə hər hansı normativ aktla rəsmiləşdirilməmiş və vətəndaşlar bununla bağlı qanuna müvafiq qaydada məlumatlandırılmamışdır. Bundan başqa, mənzili tikən şirkətə müraciət edərək ƏDV-nin geri qaytarılması məqsədilə elektron qaimə-faktura vermələrini xahiş etsə də, onlar ona portalın işə düşmədiyini bildirdilər. Göründüyü kimi, aldığı mənzilə görə ƏDV məbləğini tam şəkildə ödəmişdir, lakin mənzilə görə hesablanmış ƏDV məbləği bank tərəfindən düzgün olmayaraq MTK-nın ƏDV depozit hesabına yox, bank hesabına ödənilmişdir ki, burada iddiaçının hər hansı təqsirindən söhbət gedə bilməz. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının mənzilə görə ödədiyi 12,365.85 manat ƏDV məbləğinin 30%-nin, yəni 3,709.75 manat hissəsinin qaytarılması öhdəliyi cavabdeh vergi orqanının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə dəqiqləşmə ərizəsi təqdim 2 fevral 2023-cü il tarixli, ÇP/2-32 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən ona qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV- nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, alıcı İddiaçı (FİN:xxxxxxx) tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Qaydanın 5.1.2-ci bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və müvafiq məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədini alıcı ƏDV-nin qaytarılması məqsədilə skan edərək portala göndərir. İnzibati-Prossesual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək 2 fevral 2023-cü il tarixli ŞP/2-32 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən ona qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki: -Ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturadan görünür ki, satılmış malların adı: bina 2 mənzil 30 / 1 otaq, sahəsi: 52.3 kv.m, 1 kv.m satış qiyməti 1,313.559 azn, satılmış malların dəyəri (ƏDV-siz) 68,699.15 azn, vergi tutulan əməliyyatlardan ödənilmiş ƏDV: 12,365.85 azn, cəmi məbləğ: 81,065 azn, obyektin tikintisinə icazə sənədinin rekvizitləri: Tİ-128/22 xx-xx-2022, qaytarılacaq ƏDV-nin məbləği 3,709.75 AZN təşkil edir. -İddiaçı ilə "xxxx" arasında bağlanmış xx.xx.2023-cü il tarixli ÇP/2-32 nömrəli mənzil alqı-satqısına dair müqavilənin predmetində qeyd edilmişdir ki, 1.1. İcraçı", özü tərəfindən ünvan 2 ünvanında inşa edilən yaşayış kompleksini 2-ci bina, 05-ci mərtəbəsində yerləşən 1 otaqdan ibarət, ümumi sahəsi 52.3 kv. metr olan 30 saylı təmirsiz mənzilin tikintisini, 24 (iyirmi dörd) ay ərzində hazırkı müqavilə şərtlərinə uyğun olaraq tamamlayıb "Sifarişçi"-yə təhvil verməyi öhdəsinə götürür. 2.4 Hazrkı müqavilənin predmeti olan mənzilin (.....) ümumi dəyəri 81.065 AZN təşkil edir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 25 aprel 2023-cü il tarixli, **********107500 nömrəli Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərarı ilə İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməməsi qərara alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********862100 nömrəli qərarı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 80.1.1-ci maddəsini rəhbər tutaraq, vətəndaş İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməsi və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri- yaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixdə **********107500 nömrəli Qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı mənzilə görə qaytarılmalı olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Hazırkı iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə uyğundur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddia mahiyyəti üzrə əsaslıdır. İşin hallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli ÇP/2-32 nömrəli mənzil alqı-satqısına dair müqavilə imzalanmış, müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanda inşa edilən 2-ci bina, 5-ci mərtəbədə yerləşən 1 otaqdan ibarət 30 saylı mənzili satın almış və mənzilin ümumi 81.065,0 manat məbləğində dəyərini ödəmişdir. İddiaçı hazırda həmin vəsait üzrə ƏDV-nin geri qaytarılmasını mübahisləndirir. Cavabdeh imtina qərarında müraciətin təmin edilməsini istisna edən hal kimi ona istinad etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir, lakin, alıcı İddiaçı tərəfindən yaşayış və sahəsinin tam dəyəri (ƏDV daxil) satıcının bank hesabına ödənilmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Həmin maddənin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın aşağıdakı bəndlərinə əsasən: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyriyaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDVyə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemidir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və müvafiq sənədləri skan edərək portala göndərir. 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə. Sadalanan normalardan görünür ki, nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün şəxs portala müraciət daxil etməli, bu müraciəti yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq etməlidir. ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti operator vəzifəsini yerinə yetirir, Dövlət Vergi Xidməti bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal yaradır, operator olaraq bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaiməfakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsini təmin edir. Məhkəmə qeyd edir ki, cavabdeh əgər ƏDV-nin qaytarılması ilə bağlı çatışmazlıq kimi, Qaydaların 5.1.2-ci bəndinə nəzərdə tutulmuş ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, satıcının hesabına köçürülməsi halına istinad edirsə, bu hal ƏDV qaytarılmasından imtina üçün əsas təşkil etmir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, hüquqi şəxs olan MMC-nin, bankın və notariat orqanının iştirakı ilə həyata keçirilən alqı-satqı zamanı müqavilənin standart şərtlərini müəyyən etmək və ödənişin qeyd edilən qaydada, yəni bütün məbləğin satıcının hesabına köçürülməsini seçmək iddiaçının iradəsindən asılı olmamışdır. İşdən müəyyən edilir ki, 81,065.0 manat dəyərində olan mənzilin dəyərini bank vasitəsilə satıcıya ödənilmişdir. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na Əlavə ilə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə fakturanın forması təsdiq edilmiş, satıcı MMC tərəfindən xx.xx.2023-cü il tarixli qaimə faktura tərtib edilmiş, həmin qaimədə qaytarılacaq ƏDV-nin dəyəri müəyyən edilmişdir. Göründüyü kimi ƏDV o zaman geri qaytarılır ki, həmin alğı-satqıda ƏDV ödənişi həyata keçirilsin. Yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini nağdsız qaydada ödəmiş şəxslər isə mənzilin dəyərindən ƏDV-nin qaytarılması üçün ödənişin, müvafiq qaydada, əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini təmin etməlidir. Qeyd edilən tələb, yəni ödənişin əsas məbləğinin satıcının bank hesabına, ƏDV-yə aid hissəsinin ƏDV hesabına ödənilməsinin təmin edilməsi isə hazırkı işlər üzrə bilavasitə alıcının məsuliyyətinə aid edilməməli, onun nəticələri iddiaçının zərərinə şərh edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)- 1498/2024 saylı iş üzrə gəldiyi hüquqi mövqeyə uyğun olaraq hazırkı məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq cavabdeh tərəf proqram təminatına məsul olan qurum kimi Vergi Məcəlləsinin 165.6-ci maddəsinin, 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanın və Fərmanla təsdiq edilmiş ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə uyğun olaraq portal istifadəyə verildikdən sonra iddiaçının ƏDV məbləğini satıcının ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanının olduğu, ƏDV məbləğinin ƏDVnin depozit hesabına ayrıca ödəməsinə mane olan halların olmadığı halda məbləğin ƏDV hissəsinin əsas hesaba ödənilməsi ilə bağlı ilə hər hansı sübutu məhkəməyə təqim etməmişdir. Hazırkı iş üzrə iddiaçı mənzilin dəyərinin həm ana məbləğini, həm də ƏDV məbləğini ödəmiş, mənzilə görə əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə faktura tərtib edimişdir. Qeyd edilən dövrdə ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi üçün texniki imkanların mövcud olmasına dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Bu halda, iddiaçının yaşayış sahəsinə görə ödənişi müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürməsi formal xəta olaraq qəbul edilməli və iddiaçının hüquqların həyata keçirilməsinə mane olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1, 2-ci bina, 5-ci mərtəbədə yerləşən 52,3 kv.m olan 1 otaqlı 30 saylı mənzilə dair 2 fevral 2023-cü il tarixli ÇP/2-32 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1, 2-ci bina, 5-ci mərtəbədə yerləşən 52,3 kv.m olan 1 otaqlı 30 saylı mənzilə dair 2 fevral 2023-cü il tarixli ÇP/2-32 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. .Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar