Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4566/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair icarə müqaviləsinin müddətinin uzadılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair icarə müqaviləsinin müddətinin uzadılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında 340,0 kv. metr torpaq sahəsinin icarəyə verilməsi haqqında İddiaçı ilə bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin eyni müddətə və eyni şərtlərlə (icarə haqqının məbləği artırıla bilər) uzadılması barədə qərarın qəbul edilməsi vəzifəsinin Bakı şəhəri Nizami Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv. metr olan torpaq sahəsi 15 il müddətinə onun icarəsinə verilmişdi. Bununla bağlı onunla Bakı şəhəri Nizami Bələdiyyəsi arasında 15 dekabr 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış, daha sonra həmin müqavilə eyni müddətə uzadılmışdır. O, qanunla nəzərdə tutulmuş qaydada icarədə olan torpaq sahəsinə görə vaxtlı-vaxtında icarə haqqını ödəmiş və müqavilə üzrə üzərimə düşən vəzifələri yerinə yetirmişdir. N.Süleymanlı və F.Hüseynov onun icarəsində olan torpaq sahəsinə dair Bakı şəhəri Nizami Bələdiyyəsinin saxta 27 oktyabr 2006-cı il tarixli, 35 nömrəli qərarını hazırlamış, daha sonra torpaq alqı-satqısına dair tarixsiz saxta akt hazırlayaraq, bu sənədlər əsasında sözügedən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ əldə etmişlər. Həmin qərar və akt cavabdeh F.Hüseynovun adına saxta yolla hazırlanaraq DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş, həmin qərar və akt əsasında icarəsində olan torpaq sahəsini əhatə edən F.Hüseynovun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra N.Süleymanlının oğlu etibarnamə əsasında F.Hüseynovla Bakı şəhəri 52 saylı notariat kontorunda həmin torpaq sahəsinin alqısatqısına dair 21 noyabr 2016-cı il tarixli AN–İ seriyalı ******* nömrəli müqavilə bağlamış, bu müqavilə əsasında N.Süleymanlının icarəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmış və ona bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Onun şikayəti əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 dekabr 2018-ci il tarixli, 29481 nömrəli və 29 yanvar 2019-cu il tarixli, 939 nömrəli ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarındaki imza birbaşa əllə icra olunmamış, hər hansı eyni növ sənəddən texniki qurğu vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. İcarədə olan torpaq sahəsi saxta bələdiyyə aktı əsasında qanunsuz olaraq ələ keçirildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-94/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında 500,0 kv. metr torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarı, həmin bələdiyyə tərəfindən X4 500,0 kv.metr torpaq sahəsi satılmasına dair tarixsiz aktı və cavabdehlərin adına həmin torpaq sahəsinə dair verilmiş mülkiyyət hüquqları barədə müvafiq sənədlər ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 260/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-94/2021 saylı qətnaməsi Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarının, həmin bələdiyyə tərəfindən X4 torpaq sahəsinin ayrılmasına dair tarixsiz aktın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması hissəsində ləğv edilmiş və həmin iddia tələblərinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə həmin hissədə iş üzrə icraata xitam verilmiş, ona izah olunmuşdur ki, həmin tələblə bağlı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxsə təqdim olunaraq, iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Üçüncü şəxs X2 iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Üçüncü şəxsin iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Üçüncü şəxs X2 iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının iddiasının dəlilləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.m olan torpaq sahəsi 15 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Bununla bağlı İddiaçı və cavabdeh Nizami Bələdiyyəsi arasında xx.xx.2006-cı il tarixdə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış, daha sonra həmin müqavilə eyni müddətə uzadılmışdır. İddiaçı həmin müqavilə üzrə üzərinə düşən vəzifələri yerinə yetirmişdik. Hesab edirik ki, İddiaçı iddiasının dəliləri əsassızdır, iddianın təmin edilməsi üçün hüqui əsas yoxdur. Belə ki, işdə olan sənədlərdən görünür ki, İddiaçı və Nizami Bələdiyyəsi arasında nömrəsi qeyd olunmayan xx.xx.2006-cı il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.m torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Torpaq sahəsi ticarət və iaşə xidməti məqsədi ilə icarəyə verilmişdir. Müqavilənin qüvvədə olma müddəti 15 il müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinin mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsinə görə, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 19.1.). Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir (maddə 19.2.). Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır (maddə 19.3.). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-сг maddəsinin 1-ci bəndinə görə, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Bu maddi hüquq normalarının mənasından göründüyü kimi, daşınmaz əmlakdan istifadə hüquq dövlət qeydiyyatına alınmalı olan hüquqdur. Bildiririk ki, sözügedən torpaq sahəsi ilə bağlı tərəflər arasında artıq uzun müddətdir ki, məhkəmə mübahisələri gedir. Belə ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayon, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında 500 kv.m torpaq sahəsinin ayrılmasına dair Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli, 35 №-li qərarının, həmin Bələdiyyə tərəfindən X4 500 kv.m torpaq sahəsinin satılmasına dair aktın və cavabdehlərin adına həmin torpaq sahəsinə dair verilmiş mülkiyyət hüquqları barədə müvafiq sənədlərin etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddia əsasında başlanmış inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiası mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı həmin iddianı irəli sürmək üçün subyektiv hüququ yoxdur. Cavabdehin Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayətə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, iş üzrə qəbul etdiyi 2-1(103)- 4080/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını dəyişdirmədən saxlamışdır. Həmin işə məhkəmədə baxılması zamanı məhkəmə sorğularına verilmiş cavablardan, habelə iddiasçı tərəfin nümayəndəsinin verdiyi izahatlarda təsdiq olunur ki, İddiaçı və Nizami Bələdiyyəsi arasında bağlandığı bildirilən “Torpaq icarəsi müqaviləsi” daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı və cavabdeh Nizami Bələdiyyəsi arasında bağlandığı iddia edilən müqavilə qanunvericiliyin tələblərinə uyğun qeydə alınmadığı üçün özü-özlüyündə etibarsız müqavilə olmuşdur. Belə olan halda İddiaçı xx.xx.2006-cı il tarixli etibarsız müqaviləyə əsaslanaraq həmin müqavilənin müddətimin uzadılması barədə Nizami Bələdiyyəsinirn üzərinə qərar qəbul etmək vəzifəsinin qoyulmasını məhkəmə qaydasında tələb etmək əsassızdır. Bildiririk ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Qanunun 11-ci maddəsinə görə, bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalarının” 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla) torpaq müsabiqələri və ya hərracları vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. Müsabiqə və ya hərrac təşkilatçılar tərəfindən tələb və təklifdən asılı olaraq keçirilə bilər. Müsabiqə və hərracı təşkilatçının təyin etdiyi və tərkibi 5 nəfərdən az olmayan müsabiqə və hərrac komissiyası aparır. Müsabiqə və hərrac komissiyası üzvlərinin üzdə ikisinin qəbul etdiyi qərar səlahiyyətli hesab edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, digər torpaq sahələrinin müsabiqələr və hərraclar vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi qaydasını tənzimləyən sənədlərin (ərizə, hərrac iştirakçılarının biletləri, protokol, hərrac və ya müsabiqə qalibinə verilən şəhadətnamə və s.) nümunələri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanır və təsdiq olunur. Qaydaların 14-cü maddəsinə görə, hərraca çıxarılan torpaq sahəsinə dair mülkiyyət və ya icarə hüquqlarına (bundan sonra - hərrac predmetinə) daha çox alqı-satqı qiyməti və ya icarə haqqı (bundan sonra - qiymət) verən fiziki və ya hüquqi şəxs hərracın qalibi hesab olunur. Qaydaların 18-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına, münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Qeyd olunan maddi hüquq normalarının mənasından da göründüyü kimi, bələdiyə torpaqlarının icarəyə verilməsi yalnız və yalnız hərrac vasitəsi ilə həyata keçirilir. Hazırda iddiaçı həmin səlahiyyətləri məhkəmənin üzərinə qoymaq istəyir ki, bu da qanunaziddir. Digər tərəfdən onu da qeyd edirik ki, iddiaçının icarə müqaviləsi bağlamaq istədiyi torpaq sahəsi üzərində artıq Nahirə Süleymanovanın mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu barədə Nahirə Süleymanovanın adına çıxarış verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində Nahirə Süleymanovanın xeyrinə aparılmış qeyd və həmin qeyd əsasında onun adına verilmiş çıxarış hal-hazırda da qüvvədədir. Göründüyü kimi, İddiaçı məhkəmə qaydasında müddətinin uzadılimasına çalışdığı icarə müqaviləsinin predmeti, daşınmaz əmakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ əsasında Nahirə Süleymanovaya məxsusdur, həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. İddiaçı bu barədə məlumatlı olduğu halda, artıq 3-cü şəxsin hüququ ilə yüklü olunmuş əmlaka icarə hüququnun tanınmasına çalışır ki, bu da hüquqdan sui-istifadə etmək, habelə məhkəməni aldatmaqdır. Bundan başqa, İddiaçı və cavabdeh Nizami Bələdiyyəsi arasında xx.xx.2006cı il tarixdə bağlandığı bildirilən müqavilədə, müqavilənin qüvvədə olma müddəti 15 il müəyyən edilmişdir. Müqavilədə, həmin müddətinin bitməsindən sonra, onun uzadılması şərtləri barədə müddəa yoxdur. Göstərilənlərə əsasən İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icarə müqaviləsinin müddətinin uzadılması tələbi barədə” iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh və üçüncü şəxs müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən və gəlmədiyi barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ... Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ... Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. ... Maddə 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Maddə 719.2. Torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ... Maddə 51.1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. ... Maddə 51.3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Maddə 51.4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. ... Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. .. Maddə 56.5. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. ... Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. ... Maddə 73. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: ... 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. ... 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək 4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; 4.0.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. ... Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. ... 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. ... Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların,stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. ... Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. ... Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydaları:
1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, torpaq qanunvericiliyinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır və dövlət və ya bələdiyyə torpaqları (dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiya parkları, sənaye məhəllələri və aqroparklar, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) üzərində mülkiyyət (icarə) hüquqlarının əldə edilməsi ilə bağlı torpaq hərracları və müsabiqələrinin keçirilməsi qaydalarını müəyyən edir.
2. Torpaq müsabiqələrinin və hərraclarının predmeti sərhədləri və hüquqi rejimi müəyyənləşdirilmiş torpaq sahələri üzərində mülkiyyət və ya icarə hüquqlarıdır.
3. Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla) torpaq müsabiqələri və ya hərracları vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu; … 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
İnzibati Prosessual Məcəllə. ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
İDDİANİN NÖVÜ VƏ MÜMKÜNLÜYÜ VƏ BUNA DAİR MƏHKƏMƏNİN MÖVQEYİ
Hazırk iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında 340,0 kv. metr torpaq sahəsinin icarəyə verilməsi haqqında İddiaçı ilə bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin eyni müddətə və eyni şərtlərlə (icarə haqqının məbləği artırıla bilər) uzadılması barədə qərarın qəbul edilməsinə nail olmaqdan ibarətdir. İşin faktiki hallarına görə, “İcarəyeverən” Bakı şəhəri Nizami Bələdiyyəsi ilə “İcarəçi” İddiaçı arasında bağlanan 15 dekabr 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsi “İcarəçi” İddiaçı 15 il müddətinə istifadəyə verilmişdir. Müqavilənin şərtlərinə əsasən “İcarəçi”nin vəzifələrindən biri də icarəyə götürülmüş torpaq sahəsinin müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaqdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. 6.2-ci bəndə əsasən torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər tam ödənilmədiyindən, belə ki, mülki hüququnun müdafiəsi ilə əlaqədar yaranmış hüquq münasibəti publiklik əlamətlərini daşımadığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Qeyd olunmalıdır ki, bələdiyyə orqanlarının inzibati orqan qismində publik xarakterlik münasibətlərdə iştirakı mümkün olsa da, bələdiyyələrin tərəf olduğu hər münasibətin publiklik xarakteri daşıması istisna edilməlidir. Hazırkı işin faktiki hallarından da göründüyü kimi hazırkı mübahisə mahiyyət etibarı ilə icarə müqaviləsindən yaranmış icarə hüquq münasibətlərinin növbəti müddət və şərtlərlə davam etdirilməsi ilə əlaqədardır. Qanunvericiliyin, eləcə də yuxarıda adıçəkilən Plenum Qərarının 6.2-ci bəndinin tələbindən də aydın olur ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırkı mübahisə üzrə də iddiaçı və bələdiyyə orqanı bərabərhüquqlu subyekt qismində icarə hüquq münasibətlərinin, eləcə də icarə müqaviləsinin tərəfləridir, mübahisə də növbəti müddət və şərtlərlə yazılı icarə müqaviləsinin bağlanılıb-bağlanılmaması ilə, yəni adıçəkilən əqddən irəli gələn mübahisədir. Həmin mübahisənin həlli isə inzibati yox, mülki icraat qaydasında işə baxan məhkəmənin səlahiyyətində olan məsələdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-908/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarından görünür ki, oxşar iş üzrə inzibati orqana qarşı icarə müqaviləsinin müddətinin uzadılması barədə tələb üzrə məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsində Şabran (keçmiş Dəvəçi) rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında 2004-cü ilin iyul ayında Şabran (keçmiş Dəvəçi) rayon keçmiş Liman sovxozu ərazisindən 220 ha torpaq sahəsinin kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə 15 il müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsinin müddətinin uzadılmasının cavabdehə həvalə edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi hazırkı mübahisənin mahiyyəti tərəflər arasında bağlanmış torpaq icarə müqaviləsinin müddətinin uzadılması barədədir. Mübahisə xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisədir və bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq öz qərarında qeyd etmişdir ki, tərəflər arasında mübahisə torpaqla bağlı bağlanmış icarə müqaviləsindən irəli gəlmiş, Plenum Qərarına əsasən cavabdehin statusundan (inzibati orqan olmasından) asılı olmayaraq, hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Ali Məhkəmənin digər bir 2-1(102)-272/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da inzibati orqana qarşı icarə müqaviləsinin yenidən bağlanması barədə iddiaya dair məhkəmə hesab etmişdir ki, İddiaçı ilə cavabdeh arasında əvvəllər müqavilə münasibətləri mövcud olmuş və bu münasibət xeyli müddət davam etmişdir. İddiaçı hazırkı iddiasında icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Mübahisəyə baxan məhkəmələr hesab etmişlər ki, iddiaçının tələbi mülki hüquqi müqavilənin (icarə müqaviləsinin) bağlanması ilə əlaqədar olduğundan, mübahisəyə xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə baxılmalıdır. Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır.Odur ki, icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddianı mümkün saymamaqla məhkəmə haqlı olmuşdur. Oxşar mövqe Ali Məhkəmənin 2-1(102)-2507/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da təkrarlanmışdır. Bundan əlavə iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2016-cı il tarixdə X2 adına qeydiyyata alınmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev