Məhkəmə qərarları › İş №e-2-1(112)-4575/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4575/2022

11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4575/2022 11.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixli artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixli artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 18 oktyabr 2021-ci il tarixli **********3 saylı artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 18 oktyabr 2021-ci il tarixli **********3 saylı qərarı itə 16 Fevral 2014-cü il-31 Dekabr 2020-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilmiş 4570,89 manat artıq ödənilmiş pensiya məbləği tələb edilmişdir. Aşağıdakılara görə həmin qərarı qanunsuz və əsassız hesab etmişdir. 1. Qərarda göstərilən 4570,89 manat artıq ödənilmiş pensiya məbləğinin heç bir əsaslandırması yoxdur. 1.2. Halbuki İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 61.1- ci maddəsinə əsasən Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 1.3. Həmin qanunun 61.2-ci maddəsinə əsasən Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 1.4. Həmin qanunun 61.4cü maddəsinə əsasən İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 1.5. Lakin qərarda ümumi şablon ifadələrdən istifadə edilmiş, işin faktiki hallarına istinad edilməmiş, bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmişdir. Eyni zamanda inzibati orqanın borcu inzibati icraat zamanı tədqiq olunmuş faktlar və sübutlar əsasında inzibati aktı əsasıandırmaq olduğu halda qərarda hər hansı fakt və ya sübut öz əksini tapmamışdır. 2. İnzibati orqan 12 Mart 2021-ci ıl tarixli **********9 saylı ilk bildirişlə guya ona 4570.89 manat artıq ödənilmiş pensiya məbləğinin əmək pensiyasıdan tutulması üçün yazılı razılıq istəmişdir. 2.1.Həmin bildirişə cavab olaraq ona artıq məbləğdə pensiya ödənilmədiyini və bundan sonrakı dövr ərzində də müvafiq artımlarla birlikdə əmək pensiyasının kart hesabına köçürülməsini tələb etmişdir. 3. İnzibati orqan 04 Avqust 2021-ci il tarixli **********4 saylı ikinci bildirişdə də eyni məzmunlu sözlərdən istifadə etmiş, iddiaçı da ona cavab vermişdir. 4. Bundan sonra inzibati orqan 07 Oktyabr 2021-ci il tarixli **********9 saylı "Müraciətlərin cavablandırılması haqqında" məktubunda göstərmişdir ki, guya iddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və eyni məzmunlu müraciətləri 12 Mart 2021-ci il tarixli **********9 saylı və 04 Avqust 2021-ci il tarixli **********4 saylı məktublarla cavablandırılmışdır. 4.1 İddiaçı da öz növbəsində inzibati orqanın bu məktubuna cavab olaraq bildirdi ki, onun tərəfindən onlara müraciət olunmamış, əksinə onlar bildiriş göndərmişlər və o, həmin bildirişlərə cavab vermişdir. Cavab vermək müraciət etmək deyildir. 5. Qeyd olunanlar onu göstərir ki, guya iddiaçıya ödənilmiş 4570.89 manat artıq pensiya məbləği 16 Fevral 2014-cü il-31 Dekabr 2020-ci il tarixləri əhatə edir və bu hal aşkar olunan kimi 2021-ci ilin mart ayının 12-də ona bildiriş göndərilir. Yəni, inzibati icraat 12 Mart 2021-ci il tarixdə başlanılıb və mübahisələndirilən inzibati akt isə 18 Oktyabr 2021-ci il tarixlidir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının xx.xx.2021-ci il tarixli, **********3 saylı artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi” kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya Fondun Xətai rayon şöbəsi tərəfindən 16 fevral 2014-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları nəticəsində məlum olmuşdur ki, 16 fevral 2014-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 742,50 manat və qulluq stajına görə əlavə 115,09 manat olmaqla orta aylıq əmək haqqı 857,59 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 13 il 11 ay 23 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (857,59 manat) 70 faizi-600,31 manat məbləğində müəyyən edilmişdir. Lakin 16.02,2014-28.02,2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 655,20 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 2660,21 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirılmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası ”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayma hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 13 il 11 ay 23 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 46,39 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 818,75 manat və qulluq stajına görə əlavəsi 126,91 manat olmaqla orta aylıq əmək haqqı 945,66 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018- ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (857.59 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (945,66 manat) arasındakı fərq məbləğinin (88,07 manat) 46,39 faizi-40,86 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (600,31 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 641,17 manat müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019- cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 698,59 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 1033,56 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 1228,50 manat və qulluq stajına əlavəsi 190,42 manat olmaqla orta aylıq əmək haqqı 1418,92 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu i! tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (945,66 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1418,92 manat) arasındakı fərq məbləğinin (473,26 manat) 46,39 faizi-219,55 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (641,17 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 860,72 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 915.54 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 877,12 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2014xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4570,89 manat artıq pul vəsaitinin ödənildiyi bundan əlavə “İnzibati icraat haqqında” Qanunun 81.1 -ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli “Pensiya işinə dair sənədlərin göndərilməsi haqqında” məktubu ilə İddiaçı pensiya işinə dair sənəndlərin surətləri məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli “Müvafiq məlumatların göndərilməsi haqqında” məktubu. - cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli etiraz məktubu.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.( İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4575/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə prosessual müddət bərpa edilmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 021547 nömrəli pensiya işindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai Rayon Şöbəsinin **********5 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə X2 xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixli, **********3 saylı qərar qəbul edilmiş və qərara əsasən xx.xx.1951-ci il tarixində anadan olmuş ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) X1 xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 4570,89 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində cavabdeh inzibati orqanın hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı həmin qərarın əsassız olduğunu iddia edərək məhkəməyə müraciət etmiş və həmin qərarı mübahisələndirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.9-cu maddəsinə əsasən aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2021ci il tarixli, **********3 saylı xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıdan 4570,89 manat artıq ödənilmiş artıq ödənilmiş pul vəsaitinin dövlət büdcəsinə qaytarılması barədə qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, yəni mövcud qanunvericiliyə əsasən iddiaçının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına dair razılığının olmaması və müvafiq məhkəmə qərarı olmadan qəbul edildiyindən ləğv edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********3 saylı qərarı (artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında) qərarı ləğv edilməlidir.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının xx.xx.2021-ci il tarixli, **********3 saylı artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərarı ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar