Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4588/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi, mənəvi ziyanın ödənilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi, mənəvi ziyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxx 1957-ci il tarixdə doğulmuşdur. 29 yanvar 1980-ci il tarixdən 2 iyun 2006-cı il tarixədək “Suraxanıneft” NQÇİ-də quyuların yeraltı təmiri üzrə usta vəzifəsində xüsusilə zərərli işlərdə çalışmışdır. Onun 25 ildən artıq ümumi əmək stajı mövcuddur. Buna görə də 15 noyabr 2014-cü il tarixdən etibarən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin təyin edilən pensiyanın məbləği qanunamüvafiq şəkildə hesablanmadığı və zərərli əmək şəraiti nəzərə alınmadığı üçün iddiaçı “1980-2006-cı illərdə “Suraxanıneft” NQÇİ-də (keçmiş “Orconikidzeneft”) quyuların yeraltı təmiri üzrə usta vəzifəsində xüsusilə zərərli işlərdə çalışdığı dövrün iş stajının AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli qərar, xx.xx.1993-cü il), “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla 15 noyabr 2007-ci il tarixdən (50 yaşdan sonra) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq 2004 – 2005ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2015-ci il tarixli 2-1(82)- 2478/2015 saylı qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmədiyindən, 24 avqust 2015-ci il tarixdə həmin qərar qanuni qüvvəyə minmişdir. Bu qərarın icrası əsasında iddiaçının əmək pensiyası yenidən hesablanmış və həmin vaxtdan başlayaraq 2020-ci ilin oktyabr ayınadək vaxtı-vaxtında və tam məbləğdə ödənilmişdir. Lakin 2020-ci ilin oktyabr ayından etibarən onun əmək pensiyası naməlum səbəblərdən, hər hansı əsas gətirilmədən qəfildən dayandırılmışdır. Nəticədə o, faktiki olaraq gəlirsiz qalmış və bununla da onun qanunla nəzərdə tutulmuş pensiya təminatı hüququ pozulmuşdur. Bununla bağlı iddiaçı dəfələrlə şifahi və yazılı qaydada DSMF-yə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, habelə DOST Agentliyinə müraciət etmişdir. Lakin adıçəkilən qurumlar tərəfindən məsələ ilə bağlı hər hansı tədbir görülməmişdir. Belə ki, nə iddiaçının əmək pensiyasının ödənilməsinin dayandırılması səbəbi açıqlanmış, nə əmək pensiyası bərpa edilmiş, nə də 2020-ci ilin oktyabr ayından bu günədək ödənilməmiş pensiya miqdarı geriyə qaytarılmışdır. İddiaçıya 2020-ci ilin iyul ayında məlum olmuşdur ki, o, xərçəng xəstəliyinə tutulmuşdur. O, dəfələrlə ciddi əməliyyat olunmuş, davamlı olaraq müxtəlif terapiyalar almışdır. Hal-hazırda onun xəstəliyi ciddi şəkildə irəliləmiş və buna görə də o, artıq çox bahalı və ağır prosedur olan çoxsaylı kimyaterapiyalar almaq məcburiyyətində qalmışdır. Artıq 2 ildir ki, iddiaçının müalicə xərcləri günü-gündən artaraq davam etməkdədir. Bu isə, onun maddi ehtiyaclarının sonsuz olduğuna dəlalət edir. Belə olduğu təqdirdə, iddiaçı artıq hüquqi xidmətdən yararlanaraq öz pensiya hüququnu bərpa etmək üçün vəkilə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan sonra o, təkrarən 19 avqust 2022-ci il tarixdə rəsmi ərizə ilə DSMF-yə və DOST Agentliyinə müraciət edərək, 2020-ci ilin oktyabr ayından etibarən onun əmək pensiyası ödənişinin hansı əsasla dayandırılması barədə məlumat verilməsini, ödənilməmiş əmək pensiyası vəsaitinin birdəfəlik ödənilməsini və iddiaçının əmək pensiyasının bərpa olunmasını tələb etmişdir. Buna cavab olaraq, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya 21 sentyabr 2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Həmin məktub iddiaçıya rəsmi poçt vasitəsilə heç vaxt göndərilməmiş, idddiaçının nümayəndəsi 11 noyabr 2022-ci il tarixdə şəxsən həmin Filiala gedərək bu məktubun blanksız nüsxəsini əlbəəl götürmüşdür. Məktubda qeyd edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi «Əmək pensiyaları haqqında» Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Əmək pensiyası hüququnuzun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinizin araşdırılmasına zərurət yarandığından pensiya ödənişiniz dayandırılmışdır. Araşdırmanın nəticəsi olaraq qanunazidd şəkildə əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq, müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 07 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Bundan başqa, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2478/2015 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə DSMF tərəfindən 22 fevral 2022ci il tarixli məktubla Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Göründüyü kimi, məktubun mətnində iddiaçının pensiya hüququnun təsbiti ilə bağlı şübhələr yarandığı deyilsə də, bu şübhələrin nədən ibarət olması, habelə həmin şübhələrin əsasında hansı faktın dayanması qeyd edilməmişdir. Digər bir tərəfdən, məktubda qeyd edilənlərə dair iddiaçı tərəfindən dəfələrlə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət olunmuşdur. Bu işin sonunun qeyri-müəyyən olması ilə bağlı şifahi məlumatlar verilməsinə baxmayaraq, bir dəfə belə olsun rəsmi yazılı cavab alınmamışdır. Cavabdeh tərəfindən iddiaçıya qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə gəldikdə isə, iddiaçının nümayəndəsi bu barədə məlumat aldıqdan sonra məhkəmə ilə əlaqə saxlamış və ərizə ilə tanış olmuşdur. Məlum olmuşdur ki, hazırkı iş üzrə cavabdehin ərizəsi tamamilə əsassız hallara söykənir. Buna görə də yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə yazılı etiraz təqdim eedilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilən həmin etirazın mətnindən də aydın olur ki, cavabdehin ərizədə qeyd etdiyi heç bir halın əsasında mötəbər sübut dayanmır. Buna görə də Bakı İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli (2-1(82)-2478/2022 saylı) qərarı əsasında mübahisəyə düzgün hüquqi qiymət verilərək icraatın mümkünsüz olduğu qənaətinə gəlinmişdir. Belə ki, təqdim edilmiş ərizənin dəlilləri əsassız hallara söykənməklə yanaşı, ərizəçi həmin ərizənin təqdim edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddəti də ötürmüşdür. Nəticədə, Bakı İnzibati Məhkəməsinin qeyd edilən qərarı ilə ərizə təmin edilməməklə, məhkəmə tərəfindən mübahisəyə yenidən baxılması rədd edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən hüquqi və faktiki halların işığında görünən odur ki, cavabdeh heç bir hüquqi əsas olmadan 2 ildən çoxdur ki, iddiaçının pensiya haqqı ödənişini tamamilə dayandırıb. Təəssüf ki, cavabdehin hüquqazidd bu əməli hələ də davam etməkdədir. Bu isə öz növbəsində iddiaçının hüquq və qanuni mənafelərinin kobud şəkildə pozulmasına səbəb olur. Odur ki, yaranmış qanunsuzluğa son qoyulması üçün iddiaçının məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə, «Əmək pensiyaları haqqında» Qanunun 3.1, 9.1, 9.8-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 5-ci maddəsinə, İPM-in 1.2, 34.1, 35.1, 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi, 2020-ci ilin oktyabr ayından hazırkı iş üzrə qərar qanuni qüvvəyə minənədək yığılmış və qanunsuz olaraq ödənilməmiş əmək pensiyası vəsaitinin iddiaçıya birdəfəlik şəkildə ödənilməsi, cavabdeh tərəfindən iddiaçının əmək pensiyası ödənişinin qanunsuz olaraq dayandırılması ilə ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyana görə 5.000 manat məbləğdə pul vəsaitinin kompensasiya olaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, tərəflərin iştirakı olmadan iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə, (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “X2 Nizamnaməsi”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki: (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X3, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Məhkəmə qeyd edir ki, iddiaçıya təyin edilmiş əmək pensiyası ödənişinin dayandırılması barədə cavabdeh inzibati orqanın ayrıca qərarı qəbul olunduğu halda, iddiaçı onu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Lakin hazırkı halda belə qərarın mövcudluğu müəyyən edilmir. İddiaçıya əmək pensiyasının təyinatı müvafiq məhkəmə qərarı əsasında aparıldığından və pensiya ödənişinin dayandırılması barədə ayrıca inzibati akt (əlverişsiz inzibati akt) qəbul olunmadığından, pensiya ödənişinin dayandırılması hərəkətlərinə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı xüsusatların yoxlanılması ilə qiymət verilə bilər. Bu isə, ayrıca inzibati məhkəmə icraatının predmeti kimi çıxış etmir. Beləliklə yuxarıda qeyd olunanlara əsaslanaraq sonda məhkəmə hesab edir ki, hazırkı iddia “iddiaçıya təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi” hissəsində mümkün sayılmamalıdır. İddianın “mənəvi ziyanın ödənilməsi” hissəsinə gəldikdə isə, qeyd olunmalıdır ki, bu tələb əvvəlki tələblə əlaqədardır. Bundan başqa, ziyanın məbləği göstərilməklə ödənilməsi barədə iddia qaldırılmamışdan əvvəl cavabdeh inzibati orqana müraciət olunmamış və cavabdehon imtina cavabı alınmamışdır (yaxud cavabdehin 35 günlük hərəkətsizliyi mövcud deyil). İddiaçı tərəf bu barədə iddia ərizəsində bildirməmiş, habelə bununıa bağlı hər hansı təsdiqedici sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə də mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-4588/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4588/2023
20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver