Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4590/2025 17.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən evin 780 kv.metr torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq üzərində xüsusi mülkiyyət hüququnun tanınmasına dair çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 333 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə vətəndaş X2 fərdi yaşayış evinin tikintisi üçün Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsi (indiki Y.Əliyev) küçəsi 22 saylı 780.kv.m torpaq sahəsi ayrılmışdır. Sonradan Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin 60 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə vətəndaş X2 verilmiş Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 333 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ləğv edilmiş və sahibsiz qalan 22 saylı 780 kv.m torpaq sahəsi Bakıxanov qəsəbə nümayəndəliyinin torpaq fonduna verilməsi və ehtiyacı olan vətəndaşlara satılması qərara alınmışdır. Bundan sonra Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 65 saylı evin 149 saylı mənzilində yaşayan vətəndaş X5 Bakıxanov qəsəbəsi 4-cü Y.Əliyev (keçmiş Gürcüstan) küçəsində fərdi yaşayış evinin tikintisi üçün 780 kv.m torpaq sahəsi ayrılmışdır. X9 tərəfindən xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən 6 otaqlı, ümumi sahəsi 323,44 kv.m. yaşayış sahəsi 157,8 kv.m. faktiki 790 kv.m. torpaq sahəsində yerləşən ev İddiaçı satılmış və Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 4-cü Y.Əliyev küçəsindəki fərdi yaşayış evinə İddiaçı adına mülkiyyət hüquqlarının qeydiyyatı barədə Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 030377 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2in(82)-1526/13 saylı xx.xx.2013-cü il tarixli qərarına əsasən İddiaçı mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən evin 780 kv.m. həyətyanı torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014cü il tarixli 37099 nömrəli torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubundan göstərilənlərə istinad edilərək bildirmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim olunan Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 63 saylı sərəncamı xx.xx.2001-ci il tarixlidir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən iddia ərizəsində qeyd olunan nömrə ilə əlaqə saxlamaq mümkün olmadığından ünvana texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin başçısının 333 nömrəli xx.xx.1997-ci il tarixli sərəncamından görünür ki, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994cü il tarixli 745 saylı sərəncamı ilə vətəndaş X6 ayrılmış fərdi yaşayış evi tikmək üçün torpaq sahəsində maddi cəhətdən imkanı olmadığından heç bir tikinti işləri apara bilməmiş və həmin torpaq sahəsindən imtina edərək, qohumu X1 adına qanuniləşdilməsini xahiş etmişdir. Eyni zamanda Sabunçu rayon İcra Hakimiyyətinə Nəsimi rayonu, Mirqasımov küçəsi, ev 4, mənzil 7-də yaşayan X3 müraciət edərək, mənzil şəraitinin ağır olduğundan fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmasının xahiş etmişdir. Həmin sərəncamla Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 745 saylı fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında sərəncamı ləğv olunmuş və Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində yer № 22-də 780 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi vətəndaş X2 ayrılmışdır. - Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin başçısının 60 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, 22 saylı evin 8 saylı mənzilində yaşayan vətəndaş X2 Bakıxanov qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün Sabunçu rayon İHB-nın 333 saylı xx.xx.1997-ci il tarixli torpaq sahəsinin ayrılması haqqında verilmiş sərəncamı ləğv edilmiş və sahibsiz qalan 22 saylı 780,0 m2 torpaq sahəsi Bakıxanov qəsəbə nümayəndliyinin torpaq fonduna verilməklə ehtiyacı olan vətəndaşlara ayrılması qərara alınmışdır. - Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin başçısının 63 nömrəli, xx.xx.2001ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 65 saylı evin 149 saylı mənzilində yaşayan vətəndaş X5 Bakıxanov qəsəbəsi, Y.Əliyev(keçmiş Gürcüstan) küçəsində ləğv olunmuş 22 saylı 780.0 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. - Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 125 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamından görünür ki, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 22 saylı sahədə vətəndaş X10 tərəfindən tikilmiş ikimərtəbəli, altı yaşayış otağından sahəsi 157.6 kv.metr, köməkçi sahəsi- 165.5 kv.metr, açıq eyvan sahəsi – 12.6 kv.metr. torpaq sahəsində qaraj sahəsi- 31.2 kv.metr, ayaqyolu sahəsi – 3,0 kv.metr, torpaq sahəsi 780.0 kv.metr olan yaşayış evinə ünvan 4 ünvan verilməklə, hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. - AN-İ ******* nömrəli, xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı- etibarnamə əsasında X4 yerinə X11 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-ci il tarixdən verilmiş 30/2412 nömrəli arayışa əsasən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 4 Y.Əliyev küçəsi, ev 7 yerləşən 6 otaqlı, ümumi sahəsi 323.44 kv.metr, yaşayış sahəsi 157.8 kv.metr, faktiki 780.0 kv.metr torpaq sahəsində yerləşən evi alıcı İddiaçı mülkiyyətinə vermişdir. - Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin FM seriyalı 030377 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, 7 saylı fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ xx.xx.2004-cü ildə qeydə alınmışdır. - 14.08.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 494.7 kv.metr sahəsi olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətində, onun altında yerləşən 0.01982 ha torpaq sahəsi isə istifadəsindədir. - 22.07.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 0.078 ha təşkil edir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1526/13 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə qarşı «torpaq sahəsinə dair plan və ölçünün verilməsi» barədə iddia tələbi təmin edilmiş və İddiaçı mülkiyyətindəki Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4-cü Y.Əliyev küçəsi, 7 ünvanında yerləşən evin 780 kv.metr həyətyanı torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İddiaçı hazırda mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, hazırkı 8 saylı evin yerləşdiyi 780 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Cavabdehin mövqeyinə görə isə 1 yanvar 2001-ci ildən sonra yerli icra hakimiyyəti orqanın fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayırmaq səlahiyyəti olmadığından xx.xx.2001-ci ildə qəbul etdiyi sərəncam hüququn qeydə alınması üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin (6 iyun 2012-ci il tarixli, 648 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1-ci və 2-ci hissələri ləğv edilmişdir) 28-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək rayon icra hakimiyyətinin başçılarının səlahiyyətinə aid olmuşdur. İşin yuxarıda qeyd olunan hallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsi ilkin olaraq Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cu il tarixli 745 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün X6 ayrılmış, daha sonra isə onun razılıq ərizəsinə əsasən xx.xx.1997-ci ildə H.Allahverdiyevin adına, xx.xx.2001-ci il tarixdə isə sonuncu dəfə X7 adına rəsmiləşdirilmişdir. Göründüyü kimi, torpaq sahəsinin birinci dəfə rayon icra hakimiyyəti başçısının 19 may 1994-cü il tarixli sərəncamı ilə ayrılması və icra hakimiyyəti başçısının bu zaman səlahiyyətli olması mübahisəsizdir. Həmçinin rayon icra hakimiyyəti başçısı tərəfindən sonuncu dəfə, 29 yanvar 2001-ci il tarixli sərəncam verilərkən sərəncamın hər hansı başqa (yeni) torpaq sahəsi ilə bağlı deyil, məhz səlahiyyətli olduğu dövrdə, xx.xx.1994-cü il tarixdə ayrılmış torpaq sahəsi ilə bağlı olması da mübahisə doğurmur. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının qərarları fiziki şəxslərin torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün əsas olmuşdur. “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, yerli icra hakimiyyəti orqanlarının aktlarını bu əsaslardan birinə aid etmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, ilkin torpaq ayırma zamanı Sabunçu rayon İcra Hakimiyyətinin sərəncamı qanuni olmuş, qanunvericilik isə 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələrinin sonradan bələdiyyələrə qaytarılmasının yolverilməz olmasını və şəxslərin qanuni istifadəyə götürdükləri torpaqların həmin ölçüdə onların mülkiyyətinə verilməsini təsbit etmişdir, belə bir halda cavabdehin xx.xx.2001-ci il tarixli sərəncamı qanuni saymaması əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 243.2-ci maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Məhkəmə yuxarıda qeyd edilən normalarına tələblərini nəzərə alaraq hesab edir ki, mübahisəli daşınmaz əmlakın əvvəlki sahibi P.Pirəliyevanın mübahisəli torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ mövcud olmuş, bu hüquq fərdi yaşayış evinin əldə edilməsi ilə iddiaçıya keçmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas yalnız aşağıdakılar ola bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 780 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4590/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4590/2025
17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver