Məhkəmə qərarları › İş №e-2-1(112)-4609/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4609/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4609/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 3, mənzil 28 özəlləşdirilərək İddiaçı Mədət oğlunun adına mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X12 oğlu 1940-cı ildə Gürcüstan SSR Tbilisi şəhərində anadan olmuşdur. 1968-ci ildən hərbi xidmətə başlamış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabiti olmuş, 1992-ci ilədək polkovnik rütbəsi daşımaqla Birinci Qarabağ müharibəsinin iştirakçısı və veteranı olmuşdur. Göstərdiyi xidmətlərə və yaşayış yerinin olmamasına görə, 1990-cı ilin 30 avqustunda 034451 nömrəli orderlə Nəsimi Rayon Xalq Deputatları İcraiyyə Komitəsi tərəfindən iddiaçının atasına beş nəfər ailə üzvü ilə birlikdə yaşaması üçün Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsində yerləşən (əvvəlki Cəbiyev) 5 otaqdan ibarət, 3 saylı evin 28-ci mənzili verilmişdir. Həmin mənzildə X12 oğlu və ailə üzvləri qeydiyyatda olaraq 34 il daimi yaşamışlar və bu günə qədər övladları yaşayırlar. Həmin binada yaşayan hərbiçilərin hamısı mənzillərini özəlləşdirsələr də, M.Quliyev uzun sürən xəstəliyi ilə əlaqədar mənzili özəlləşdirməmişdir. İddiaçı uzun illər Azərbaycanın Böyük Britaniya, Rusiya və hal-hazırda X1 şəhərlərində çalışmağı ilə əlaqədar olaraq həmin mənzili özəlləşdirməyə vaxtı olmamışdır. Müdafiə Nazirliyinin 07 fevral 1997-ci il tarixli 0122 saylı əmri ilə iddiaçının atası X9 təqaüdə buraxılmışdır. 08 yanvar 2024-cü il tarixdə Mədət Quliyev uzun sürən xəstəlikdən sonra qəflətən 84 yaşında vəfat etmişdir. Atasının və anasının vəfatından sonra, iddiaçı vərəsəlik almaq məqsədi ilə “ASAN XİDMƏT” Mərkəzində yerləşən Notariat ofisinə müraciət etdikdən sonra aydın olmuşdur ki, yuxarıda göstərilən mənzil M.Quliyev tərəfindən özəlləşdirilmədiyinə görə, vərəsəlik almaq mümkün deyildir. Bu səbəbdən iddiaçı mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciətinə cavab verilməmiişdir. Pozulmuş hüquqlarının bərpası məqsədi ilə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı cavabdehə müraciət etmiş və **********27 xaricolma nömrəli xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., Hüseyn Seyidzadə küçəsi, 3 saylı evin, 28 saylı mənzilinin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), razılıq ərizələri və mənzilə dair hüquqmüəyyənedici sənədlərin əsilləri ilə “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən isə Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Belə ki, İdarə qeyd olunan məsələ ilə bağlı inzibati aktın qəbulundan imtina etməmiş və ya hər hansı hərəkətsizlik nümayiş etdirməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, mənzilin özəlləşdirilməsi ilə bağlı bütün sənədlər toplanaraq cavabdehə müraciət edilmişdir. Lakin, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə tələbin təmin edilməsindən imtina etmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. X3 Nəsimi rayonu İcraiyyə Komitəsi tərəfindən verilmiş 30 avqust 1990-cı il tarixli, 034451 saylı orderdən görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 76,9 kv.metr olan 5 otaqlı 28 saylı mənzili 4 nəfər ailə üzvü ilə birlikdə iddiaçının atası X5 istifadəsinə verilmişdir. Orderdə X5 özünün, habelə arvadı, 2 oğlu və qızının adları göstərilmişdir. AZ-İİ seriyalı, 397721 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2024-cü il tarixdə ölmüşdür. AZ-İ seriyalı, 908833 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2017ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçı 02 dekabr 2006cı il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş notariat qaydasında təsdiq edilmiş razılıq ərizələrindən görünür ki, X2 və X7 ünvan 3 ünvanında yerləşən mənzilin iddiaçının adına özəlləşdirilməsinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmasına etiraz etməmişlər. Cavabdehin ünvan 4 ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda ünvan 5 ünvanında özəlləşdirilən mənzillər barədə məlumat verilmişdir. Həmin məktubdan görünür ki, 3 saylı binada yerləşən 109, 83, 87 və 44 saylı mənzillər iddiaçı ilə analoji sənədlər əsasında vətəndaşların adına özəlləşdirilmişdir. Cavabdehin iddiaçının müraciətinə verilmiş cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., Hüseyn Seyidzadə küçəsi, 3 saylı evin, 28 saylı mənzilinin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), razılıq ərizələri və mənzilə dair hüquqmüəyyənedici sənədlərin əsilləri ilə “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mənzilin özəlləşdirilərək onun üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.11.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.11). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1). Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər (5). Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz (8). Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini elektron üsulla təqdim olunan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hüquq sahibinin həmin çıxarışı əldə etməsini təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir (9). İşdən görünür ki, iddiaçı X3 Nəsimi rayonu İcraiyyə Komitəsi tərəfindən iddiaçının atasına verilmiş 30 avqust 1990-cı il tarixli, 034451 saylı orderə əsaslanaraq Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., Hüseyn Seyidzadə küçəsi, ev 3 ünvanda yerləşən ümumi sahəsi 76/9 kv.metr olan 5 otaqlı 28 saylı, mənzil 28-i öz adına özəlləşdirmək istəyir. O, həmin tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə verilmiş cavab məktubunda bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., Hüseyn Seyidzadə küçəsi, 3 saylı evin, 28 saylı mənzilinin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), razılıq ərizələri və mənzilə dair hüquqmüəyyənedici sənədlərin əsilləri ilə “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müvafiq orderin əsli və qanunla müəyyən edilmiş digər sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən orderin əslinə baxış keçirilərkən sənədin həqiqiliyinə hər hansı şübhə yaranmamışdır. Eyni zamanda orderdə adları göstərilən şəxslərdən X4 və X8 vəfat etmişlər. Orderdə adları qeyd edilən X2 və X7 isə notarial formada təqdim etdikləri ərizələrində mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməmişlər. Bu səbəbən məhkəmə mənzilin iddiaçının adına özəlləşdirilməsi üçün hər hansı maneə görmür. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 3, mənzil 28 iddiaçının adına özəlləşdirilərək, həmin mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 3, mənzil 28-in İddiaçı adına özəlləşdirilərək, həmin mənzil üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar