Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4611/2023 17.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 may 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, 10 saylı evin 100 və 100A saylı mənzilləri üzərində hüquqların daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, 10 saylı evin 100 və 100A saylı mənzilləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7085/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ünvan 3, mənzil 100A nömrəli mansard tipli mənzilə dair iddiaçının sahiblik və istifadə hüququ tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5344/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7085/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamasi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7085/2022 nömrəli arayışından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-7085/2020 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Digər mənzil - ünvan 2 ünvanında yerləşən 4 otaqlı, 84.9 kv.metr sahədən ibarət mənzil X5 ilə bağlanmış 25 fevral 2005-ci il tarixli müqavilə, "xxxx" Mənzil Tikinti Kooperativinin 04 may 2005-ci il tarixli iclas protokolu, maliyyə arayışı və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 007260 nömrəli, 16 iyun 2005-ci il tarixli orderinə əsasən iddiaçının sahiblik və istifadəsinə verilmişdir. Göstərilən mənzillər üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün iddiaçı tərəfindən cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə hüquq müəyyənedici sənədlər əlavə edilməklə ərizə ilə müraciət edilmişdir. Cavabdehin **********93 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Nəzərə alınmalıdır ki, sözügedən binada yerləşən mənzillər 2002-ci ildən etibarən sakinlər tərəfindən faktiki istifadə olunur və bir çox mənzillərə sakinlərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. İddia tələbində nəzərdə tutulan 100A saylı mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, həmin mənzil ilə bağlı müraciətə əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7085/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bu barədə vətəndaşa **********63 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, 100 saylı mənzilin ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 165 kv.metr təşkil etsə də, faktiki sahəsi 145.2 kv.metr təşkil edir, 100A saylı mənzilin ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 168 kv.metr təşkil etsə də, faktiki sahəsi 146.4 kv.metr təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 7085/2020 saylı qətnaməsi ilə, iddiaçı X3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2019 saylı, 24 iyun 2019-cu il tarixli qətnaməsi ilkin iddiaya münasibətdə dəyişdirilmədən saxlanılmış, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2019 saylı, 24 iyun 2019-cu il tarixli qətnaməsi qismən-qarşılıqlı iddia tələbi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş və qarşılıqlı iddia tələbi təmin edilmiş, ünvan 3, 100A nömrəli mansard tipli mənzilə dair İddiaçı sahiblik və istifadə hüququ tanınmaqla həmin mənzilin dövlət reyestrində müvafiq qaydada qeydə alınması üçün zəruri olan sənədlərin (tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi və maliyyə arayışının) verilməsi vəzifəsi X2 varisi kimi X3 üzərinə qoyulmuşdur. X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, müqavilənin surətindən görünür ki, müqavilənin predmeti Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851ci məhəllə ünvanında yerləşən 6 bloklu, 9 mərtəbəli yaşayış evinin 5-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 165 kv.m. olan 100 saylı mənzil pay kimi verilir. Tikinti işləri tam başa çatdıqdan sonra təhvil verilir; Maliyyə arayışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 5-ci giriş, 10-cu mərtəbə, ümumi sahəsi 140,8 kv.m. olan 4 otaqlı 100 saylı mənzilin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun MTK-ya borcu yoxdur; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən, "xxxx" MTK-ya məxsus yaşayış binasının istismarına icazə verilməsinə dair sənəd Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); … 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələblərinin işin hallarına münasibətdə əlaqəli təhlili belə izah olunur ki, həm 01 yanvar 2013-cü il tarixinə qədər inşa edilmiş çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün, həm də 01 yanvar 2013-cü ildən qüvvəyə minən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin sırasında istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazə olmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt (01 yanvar 2013-cü il tarixədək) qüvvədə olan “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinin 6-cı abzasına əsasən, dövlət şəhərsalma norma və qaydaları — müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib və təsdiq edilən, şəhərsalma fəaliyyətində əməl olunan normativ hüquqi aktlar və normativ-texniki sənədlər hesab olunur; 12-ci maddəsinə əsasən, şəhərsalma fəaliyyəti ərazilərin və yaşayış məskənlərinin təhlükəsizliyi, təbii və texnogen təsirlərdən qorunması tələblərinə əməl olunmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; 17-ci maddəsinə əsasən, şəhərsalma fəaliyyəti sahəsində şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmək hüquqi və fiziki şəxslərin vəzifələridir; 19-cu maddəsinə əsasən, şəhərsalma fəaliyyətinə nəzarətin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilik aktlarının tələblərinə və təsdiq olunmuş şəhərsalma sənədlərinə mütləq əməl olunmasını təmin etməkdən, ərazilərdə və mövcud tikililərdə qanunsuz olaraq yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişikliklər edilməsinin qarşısını almaqdan ibarətdir. Şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 25-ci maddəsinin 7-ci abzasına əsasən, tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda hüquqi və fiziki şəxslər inzibati və mülki məsuliyyət daşıyırlar. “Şəhərsalmanın əsasları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, 19-cu və 25-ci maddəsinin 7-ci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərsalma fəaliyyətinə, o cümlədən, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən Şəhərsalma sənədləri və tikinti layihələrinin həyata keçirilməsində şəhərsalma fəaliyyətinə dövlət memarlıq-tikinti nəzarəti funksiyalarını respublika səviyyəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, yerli səviyyədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Memarlıq və Şəhərsalma İdarəsi, respublikanın digər şəhər və rayonlarının yerli icra hakimiyyətlərinin memarlıqtikinti xidmətləri həyata keçirirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, dövlət memarlıq-tikinti nəzarəti funksiyasını həyata keçirən xidmətlərin əsas vəzifələri sifarişçi, tərtibatçı və podratçı tərəfindən şəhərsalma və tikintinin (yeni tikilən və yenidən qurulan bina, qurğu, mühəndisnəqliyyat obyekti və kommunikasiyaları) bütün mərhələlərinin, habelə tikintisi tamamlanmış obyektlərin istismara qəbulunun və tikililərin keyfiyyət səviyyəsinin qüvvədə olan tikinti norma, qayda və standartlarına, təsdiq olunmuş layihə sənədlərinin tələblərinə uyğun olmasına nəzarət etməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 272 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.6.13.6.6-cı bəndlərinə əsasən tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissəhissə (tikintinin növbələri kimi) qəbul edilə bilər. Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yalnız tikintinin başlanmasına və aparılmasına icazə sənədləri olan, layihə-smeta sənədləri dövlət ekspertizasından keçmiş və təsdiq edilmiş, tikintisi zamanı bütün norma, standart və qaydalara riayət edilməsinə dair Agentlik tərəfindən müsbət rəy verildikdən sonra qəbul komissiyası işə başlaya bilər. Bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X4 Görülməsi və X6 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. İstismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi təsdiq olunmuş layihə və müqavilə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun və tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitar-gigiyena və təhlükəsizlik texnikası tələblərinə uyğun şərait təmin edilməlidir. Qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbul edir və bu qərar akt formasında rəsmiləşdirilir. Məhkəmə onu da qeyd edir ki, hazırda qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına, o cümlədən 101-ci maddəsinin tələbinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Beləliklə, Azərbaycan Respublikası qanunvericiliyinin mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan, həm də bundan sonrakı qanunvericiliyin müəyyən etdiyi qaydalar onu tələb edir ki, tikintisi başa çatmış yaşayış evinin istismara qəbul edilməsini təsdiq edən istismara qəbul aktı mövcud olmalıdır ki, həmin binada yerləşən mənzillərin dövlət reyestrində qeydiyyatının aparılması mümkün olsun. Lakin, iddiaçıya məxsus mənzillərin yerləşdiyi mübahisəli yaşayış binasının istismara qəbul aktı mövcud deyildir. Digər tərəfdən iddia tələbində nəzərdə tutulan 100A saylı mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmin mənzil ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7085/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ünvan 3, 100A nömrəli mansard tipli mənzilə dair İddiaçı sahiblik və istifadə hüququ tanınmaqla həmin mənzilin dövlət reyestrində müvafiq qaydada qeydə alınması üçün zəruri olan sənədlərin (tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi və maliyyə arayışının) verilməsi vəzifəsi X2 varisi kimi X3 üzərinə qoyulsa da, işin mübahisəsiz halıdır ki, həmin qətnamə icra edilməmiş və müvafiq sənədlər İddiaçı təqdim edilməmişdir. Bundan əlavə, 100 saylı mənzilə dair iddiaçının təqdim etdiyi sənədlərdə uyğunsuzluq vardır. Belə ki, müqavilə iddiaçı ilə MTK arasında deyil, fiziki şəxslə (X5) bağlanmışdır. Həmin müqavilədə yaşayış binasının 9 mərtəbəli olduğu götərilsə də, verilən mənzilin 10-cu məırtəbədə yerləşməsi göstərilmişdir. Həmçinin müqavilədə mənzilin ümumi sahəsinin 165 kv.m. olduğu göstərilsə də, maliyyə arayışında ümumi sahəsi 140,8 kv.m qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sahibliyində olan mənzillərin də daxil edildiyi binanın istismara qəbul aktı təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-4611/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4611/2023
17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver