Məhkəmə qərarları › İş №e-2-1(112)-4613/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4613/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4613/2025 12.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X26 Ağa qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı11, X9, İddiaçı10, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X17, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilələrin, çıxarışın etibarsız hesab edilməsi və s. barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X17, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X14 ilə X13 arasında 9 saylı notariat kontorunda xx.xx.2008-ci il tarixdə bağlanmış dəyişmə müqaviləsinin, X14 ilə X13 arasında 9 saylı notariat ofisində xx.xx.2008-ci il tarixdə bağlanmış dəyişmə müqaviləsinin, X5 adına reyestr nömrəsi **********30, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci il, MH seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, X14 ilə X15 arasında Cəmiyyətin 7533 kv.m əmlak kompleksini və 0.9 ha torpaq sahəsini AN seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X6 adına aparılmış reyestr qeydinin və verilmiş çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinin Bakı Quraşdırma İdarəsi xx.xx.1987-ci ildə 4 saylı Tikinti Trestinin 4 saylı Bakı Tikinti Quraşdırma İdarəsi kimi fəaliyyət göstərmişdir. “Azərsənayetikinti" Dövlət Şirkətinin 27 aprel 1995-ci il tarixli 68 saylı Əmrinə əsasən Bakı Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır. 19 mart 1998-ci tarixində Bakı Tikinti Quraşdırma İdarəsi Açıq Səhmdar Cəmiyyətinə çevirilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyt üzrə Bakı Bölgə Şöbəsi tərəfindən “Bakı Tikinti Quraşdırma Açıq Səmdar Cəmiyyətinin X11 Ö103-P32-38615 nömrəli Şəhadətnamə verilmişdir. Bakı Tikinti Quraşdırma İdarəsinin Özəlləşdirmə Planı və Emissiya Prospekti hazırlanmış və təsdiq edilmişdir. Həmin sənədə əsasən 01 yanvar 1997-cİ il tarixə işçilərin orta illik sayı 45 nəfər olmuş .Əsas fondların balans dəyəri 01 iyul 2000-ci il tarixə 146.789.000 manat cari dövr üçün Emissiya prospekti 328.724.000 manat olmuşdur. 14 iyun 2000-ci il tarixinə Cəmiyyətin Nizamnamə kapitalı 18.932.000, Səhmlərin sayı 18.932 ədəd, bir səhmin nominal dəyəri 10.000 manat (manatın denominasiya kimi ) təşkil etmişdir. Bütün səhmlər eyni nominal dəyərə malik olmuşdur. Səmdar Cəmiyyətin 15% Əmək kollektivi üzvlərinə güzəştli satışa yönəlmiş səmlər 2840 ədəd və səhmlərin nominal dəyəri 28.400.000 manat təşkil etmişdir. Müəyyən edilmiş qaydada pul hərracları, investisiya müsabiqələri və hərraclarında satılan adi səhmlərin sayı 5679 ədəd, səhmlərin nominal dəyəri 56.790.000 manat təşkil etmişdir. Onlar iddiaçı olaraq uzun müddətdir ki, "xxxx" ASC-də işləmişlər və Azərbaycan Respublikası Dövlət Əmlakının Özəlləşdirilməsinin 11-ci Dövlət Proqramına uyğun olaraq Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli 166 saylı Sərancamı ilə “Azərsənayetikintr Dövlət Şirkətinin Bakı Tikinti Quraşdırma İdarəsi bazasında “Bakı Tikinti Quraşdırma" ASC yaradılmış və onların hər birinin Cəmiyyətdə müəyyən sayda səhmləri vardır. Bu barədə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən reyestr kitabı 3, səhifə 59, qeydiyyat nömrəsi 000790, 29 fevral 2008-ci il şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən "xxxx" Asıq Səhmdar Cəmiyyətinə ondan ötrü ki, həqiqətən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1253.3 kv.m, qeyri-yaşayış sahəsi (tikinti altında) 1526,2 kv.m təşkil etmişdir. Əmlakın tərkib hissəsi bu Şəhadətnamənin ayrılmaz hissə olan əlavədə göstərilmişdir (Şəhadətnamə və əlavənin sürətləri iddia ərizəsinə əlavə edilir). Eyni zamanda Cəmiyyətin səhmlərinin qeydiyyatı “X8 Reyestrində" xx.xx.2008-ci ildə qeydiyyata götürülmüşdür. Həmin Reyestr qeydində Cəmiyyətin ümumi səhmlərinin sayı 18932 ədəd səhm göstərilmişdir. Qeyd edir ki, Cəmiyyət olaraq "xxxx" ASC ilkin olaraq ünvan 3 ünvanda yerləşmişdir. Lakin sonradan, yəni 2008-ci ildə X12 aparılan yenidən qurma İşləri ilə əlaqədar Cəmiyyətin yerinin dəyişdirilməsi qərara alınmışdır. Belə ki, xx.xx.2008-ci il tarixində Dövlət ehtiyaclarının tələbləri nəzərə alınmaqla Cəmiyyətin tikili əmlakı və torpaq sahələri ilə birlikdə ünvan 4 ünvanında 9000 kv.m torpaq sahəsinə və 19 noyabr 2008-ci il tarixli Dəyişmə Müqaviləsinə əsasən həmin ünvanda 500 kv.m torpaq sahəsinə dəyişdirilmişdir. Belə ki, Cəmiyyətin əsas səhm sahibi öz səhmlərini xx.xx.2008-ci il tarixində Bakı şəhəri H.Seyidzadə küçəsi, ev 30 a, mənzil 45-də qeydiyyatda olan xx.xx.1963-ci il təvəllüdlü X3 adına keçirilmiş, lakin, bu dəfə də onlara - səhmdarlara heç bir məlumat verilməmişdir. Daha sonra X14 təkrar olaraq xx.xx.2008-ci ildə X14 ilə X13 arasında bağlanmış Dəyişmə Müqaviləsinə əsasən 500 kv.m sahəsini müəssisənin Bakı şəhəri Nizami rayonu , 6-cı Köndələn 1 ünvanında olan 633,4 kv.m əsas və 1253,3 kv.m. qeyri-yaşayış sahəsini dəyişmişdir. Bundan sonra X14 ilə X18 arasında xx.xx.2020-ci il tarixində AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi" bağlanmışdır və Cəmiyyətin ümumi sahəsi 0,9 ha olan torpaq sahəsi 5.600.000 manat satmışdır. Bundan sonra Cəmiyyətin sərəncamında qalmış 0.5 ha torpaq sahəsi və 1230 səhmin müəssisə rəhbərinə heç bir aidiyyatı olmadığı halda, 2020-ci ildən bu günə kimi özünü Səhmdar Cəmiyyətinin sədri kimi təqdim edərək X15 onlara məxsus səhmə sahiblənərək dələduzluq etmiş və 0.05 ha ərazidə olan tikililəri icarəyə verərək səhm sahiblərinə düşən vəsaiti mənimsəmişdir. X4 Cəmiyyətin adı ilə yazılmalı olduğu halda, lakin hazırda əldə etdiklərə müqavilələrdə X7 şəxsi əmlakı kimi göstərilmişdir. Nəzərə çatdırırlar ki, onlar səhmdar cəmiyyətinin üzvləri olaraq həmin Müqavilədən 2023-cü ildə xəbər tutmuşlar. Uzun müddət X16 həmin Dəyişmə Müqavilələrini gizli saxlamışdır. Həmçinin, X16 Cəmiyyətə aid olan torpaq sahəsini şəxsi mülkiyyət kimi Dəyişmə Müqaviləsində qeyd etdirməklə sonradan Reyestr Xidmətinə müraciət etmiş və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlıt Reyestr Xidmətin Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrində - Reyestr nömrəsi 0Ö7013Ö00230, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci ildə Seriya MH, ******* saylı ÇİXARİŞİ öz adına almışdır. Lakin, Cəmiyyətin rəhbərliyi (həm əvvəlki, həm də, hazır ki) “Bakı Tikinti Quraşdırma" ASC kimi təsis ediləndən sonra bir dəfə də olsun Cəmiyyətin umumi yığıncağı keçirilməmişdir (və ya bu barədə onlara bu vaxta kimi heç bir məlumat verilməmişdir ). Son vaxtlarda, yəni müəssəsinin dividentləri ilə bağlı məhkəməyə müraciət etmişlər və məhkəmə proseslərində onlara məlum olmuşdur ki, Cəmiyyətin yerləşdiyi torpaq sahəsi və daşınmaz əmlaklar X5 adına xüsusi mülkiyyət kimi Reyestr Xidmətində qeydiyyatdan keçmişdir. X14 onlara - səhmdarlara məlumat vermədən və Cəmiyyətin ümumi yığıcağını keçirmədən Cəmiyyətin 7533 kv.m əmlak kompleksini və 0.9 ha torpaq sahəsini “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi” (AN-1 № 0860663) ilə xx.xx.2020-ci ildə (Covid-19 Pandemiyası vaxtı) ilə X1. Hazırda onlara məlumat vermədən səlahiyyətsiz iclaslar keçirərək onlara - səhmdarlara məxsus əmlakları idarə edir. Halbuki, həmin şəxsi onlar seçməmişlər və ona onların səhmlərini idarə etmək səlahiyyəti verməmişlər. Belə ki, həmin şəxsin onların - səhmdarların iştirakı olmadan iclas keçirmək səlahiyyəti olmamışdır. Eyni zamanda Cəmiyyət öz təyinatı üzrə istehsal fəaliyyəti ilə məşğul olmaq imkanı olmasına baxmayaraq, lakin, məqsədli şəkildə istehsalat dayandırmışdır. Cəmiyyətin rəhbərliyi cəmiyyətin əksər səhmlərinə sahib olmasından istifadə edərək, cəmiyyətin ümumi yığıncaqlarını keçirmir. Daha doğrusu, Cəmiyyət yeni ünvana köçürüləndən bu vaxta kimi, cəmiyyətin rəhbərliyi ümumi yığıncağı çağırmamış və onlar səhmdarların, cəmiyyətin ümumi yığıncağının keçirilməsi barədə qanuni tələblərinə əməl etməmişdir. Eyni zamanda qeyd edik ki, X15 0,9 ha torpaq sahəsini mənimsəməsinə baxmayaraq, Cəmiyyətin 1230 səhmə görə onlara aid Cəmiyyətin balansında qalmış 500 kv.m torpaq sahəsini də, mənimsəmiş və hazırda həmin torpaq sahəsini qeyri-qanuni istifadə edir. Daha sonra X15 Cəmiyyətdə səhmdarlarının məlumatı olmadan, Cəmiyyətin Nizamnaməsində dəyişiklik edilməsi barədə guya xx.xx.2022-ci ildə Cəmiyyətin ümumi yığıncağını keçirmiş və Cəmiyyətin nizamnamsində Cəmiyyətin əmlakının 2/3 səs çoxluğu ilə, müəssisənin yenidən təşkili, ləğvi, satılması barədə düzəliş etdirməklə qeydiyyatdan keçirmişdir. Qeyd edirlər ki, Ələsgərov Zaurun cəmiyyətin 1230 səhmə görə 500 kv.m sahəsinə heç bir aidiyyatı olmamışdır. Belə ki, Zaur Ələsgərov yalnız Orucov Rafaeldən 0,9 ha torpaq sahəsi qeyri-qanuni almışdır. Ona görə hazırda Zaur Ələsgərov Cəmiyyətin daxili işlərinə qarışmaq səlahiyyəti olmamışdır. Daha sonra X15 Cəmiyyətdə heç bir səlahiyyəti olmadan guya xx.xx.2023-cü ildə Cəmiyyətin ümumi yığıncağını keçirmiş və iclasda iştirak edən şəxslərin- Səhmdartarın səs çoxluğu ilə müəssisənin ləğv edilməsi barədə qərar qəbul etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 102.4-cü maddəsinin tələbinə əsasən Səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən Cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi qərarı səhmdarların ümumi yığıncağında, səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. Lakin, Qanunun mənasından da, görünür ki, cavabdeh gələcəkdə öz çirkin məqsədlərini həyata keçirmək üçün Cəmiyyətin üzvlərinin iştirakını təmin etmədən guya xx.xx.2022-ci il tarixində formal İclas keçirmiş, Cəmiyyətin Nizamnaməsində öz mənafeyinə uyğun düzəliş etdirmiş, Cəmiyyətin Nizamnaməsini dəyişdirməklə səhmdarların mülkiyyət hüquqlarını kobudcasına pozmuşdur. Eyni zaman da, cavabdeh Cəmiyyət balansında olan mülklərinin hamısını və torpaq sahəsini özgəninkiləşdirmiş, bu barədə Cəmiyyətin səhmdarlarına heç bir məlumat verməmiş və hər hansı bir ümumi yığıncaq keçirməmişdir. Əvvəlcə qeyd edirlər ki, Cəmiyyətin üzvlərinin iştirakını təmin etmədən guya xx.xx.2022-ci il tarixində keçirmiş iclas qeyri-qanuni olmuşdur. Belə ki, Səhmdar Cəmiyyətində səhmlərin əksər çoxluğundan istifadə edən şəxs formal iclas keçirmiş və iclaş protokolunu imzalamışdır. İclas protokolundan adları qeyd olunan şəxslərin çoxu iştirak etməmiş və protokolda imza etməmişdir. İkincisi, Cəmiyyətin ləğv edilməsi barədə xx.xx.2023-cü ildə keçirilmiş ümumi yığıncaqda səhmdarların razılığı olmadan qəbul edilmiş qərarla əlaqədar bildirirlər ki, göstərilən tarixdə Cəmiyyətin iclası qanunvericilin tələblərinə uyğun olmadan keçirilmişdir. Belə ki, Cəmiyyət ümumi yğıncağının keçirilməsi üçün Cəmiyyətin Səhmdarlarının tam iştirakı təmin olunmamışdır. Nəzərə alınmalıdır ki, onlar Cəmiyyətin sədri tərəfindən bəzi Səhmdarlara verilən bildirişə əsasən, bir neçə nəfər göstərilən ünvanda olmalarına baxmayaraq, lakin, həmin vaxtı hər hansı bir formada ümumi yğıncaq keçirilməmişdir. Cəmiyyətin ləğvi ilə əlaqədar Cəmiyyətin təftiş komissiyasının əsaslandırılmış rəyləri onlara təqdim edilməmiş və Cəmiyyətin ləğvi barədə hər hansı bir formada araşdırma aparılmamışdır. Həmçinin, Cəmiyyətin əksər səhmlərinin sahibi, ona məxsus səhmlərin satılması üçün digər səhmdarlara öz paylarını başqa şəxslərə satılması barədə heç bir hesabat təqdim edilməmişdir. Cəmiyyətin səhmdarları, müəssisədən aralanmaq istəyirsə, o zaman, səhmə malik olan şəxs öz səhmlərini cəmiyyətin digər səhmdarlarına təklif etməlidir. Eyni zamanda, Səhmdar Cəmiyyətin əksər səhm sahibinin Cəmiyyətin ləğv edilməsi qənaətinə gəlməsi, mülki qanunvericiliyinin tələblərinin kobud pozuntusu hesab edilməlidir. Qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən Cəmiyyətin səhmdarları paylı mülkin mülkiyyətçiləri hesab edilir. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən “İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-ci maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 218-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əmlakları mülkiyyətçi ilk növbədə əmlakın satış qiyməti ilə digər mülkiyyətçilərə təklif etməlidir. Əgər digər mülkiyyətçilər təklif olunan əmlakları qəbul etməkdən imtina etsələr, o zaman əmlakların hərrac vasitəsi ilə satışı həyata keçirilir. Nəzərə alınmalıdır ki, cavabdeh Cəmiyyətin əsas səhmlərinin sahibi kimi ilkin olaraq səhmlərini Cəmiyyətin digər üzvlərinə təklif etməli olduğu halda, bu edilməmişdir. Qeyd edirlər ki, onlar səhmdarlar ilkin olaraq Cəmiyyətin bütün əmlaklarının, o cümlədən, torpaq sahəsinin səhmdarı olmuşlar. Cəmiyyətin əmlakı səhmdarlar arasında bölünməmişdir. Lakin, cavabdeh Cəmiyyətin səhmdarlara heç bir məlumat vermədən cəmiyyətin torpaq sahəsinin 0,90 ha hissəsini sataraq mənimsəmişdir. Həmin əmlakın satışından səhmdarlara heç bir ödəniş etməmişdir. Hazırda Cəmiyyətin əsas səhmlərinin sahibinin cəmiyyətin əmlakına hər hansı bir formada tələb hüququ olmadığı halda, lakin, qanusuzluq edərək ümumi əmlakdan onların paylarına düşən hissəsinin çox hissəni mənimsəmişdir. Nəzərə alınmalıdır ki, səhmdarı olduğuqları Cəmiyyət daimi fəaliyyət göstərmiş və gəlirlə işləmişdir. Lakin, Cəmiyyətin rəhbərliyi, Cəmiyyəti suni surətdə iflasa aparmış və vergi orqanlarına Cəmiyyətin güya fəaliyyət göstərməməsi barədə saxta hesabatlar vermişdir. Cəmiyyətin uzun müddət fəaliyyət göstərdiyi müddətdə bir dəfə də olsun Cəmiyyətin rəhbərliyi müəssisənin maliyyə vəziyyətləri ilə müəssisədə keçirilmiş təftiş və audit yoxlamaları ilə tanış etməmişdir. Qeyd edir ki, Cəmiyyətin əksər səhmlərinin sahibi öz müstəsna mövqeyindən istifadə edərək səhmdarlara məlumat vermədən saxta protokol tərtib etdirərək müəssisənin ləğv edilməsini təkid etməsi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1-ci maddəsinin tələblərinə əsasən cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qadadad cəmiyyətin idarəetmə və icra orqanlarını seçmək, cəmiyyətin İllik fəaliyyəti barədə hesabatlarla tanış olmaq və s. hüquqlarının olmasına baxmayaraq, 20 ildən çox müddətdə Cəmiyyətə olan hüquqlarından istifadə etmələrinə imkan verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə hazırlıq iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüququ münaibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının: Bənd 1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Bənd 2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Bənd 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Bənd 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Bənd 4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Bənd 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bənd 17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələbindən və işin hallarının müəyyən edilir ki, iddiaçıların hazırki iddianı qaldırmaqda hüquqi marağı səhmdarları olduqları "xxxx" ASC-nin ümumi yığıncağının qərarlarının, notarial qaydada təsdiq edilmiş Cəmiyyətə məxsus səhmlərin dəyişmə müqavilələrinin, “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinin və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin, eləcə də, çıxarışların ləğv edilməsinə nail olmaqdır. Göründüyü kimi, iddiaçıların mübahisələndirdiyi hazırki mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlər ümumi (publik) münasibətlərə yəni, inzibati məhkəmə icraatının predmetinə aid olan mübahisə olmayıb, mübahisənin mahiyyəti Səhmdar Cəmiyyətin ümumi yığıncağının qərarlarının qanunsuz hesab edilməklə notarial qaydada təsdiq edilmiş dəyişmə müqavilələrinin və alqı-satqı müqavilərinin ləğv edilməsi olub, mülki məhkəmə icraatının predmetini təşkil etməklə xüsusi hüququn nizamasalma predmetinə aid münasibətlərindən irəli gələn mübahisədir. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanmaqla, iddiaçıların hazırki iddianı qaldırmaqda hüquqi marağını və iddia tələblərinin hüquqi təbiətini nəzərə almaqla məhkəmə hesab edir ki, sözügedən mübahisəyə mülki məhkəmə icraatı qaydasında hüquqi qiymət verilməli olduğundan hazırki iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı1 və qeyrilərinin iddia tələbi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar