Məhkəmə qərarları › İş №e-2-1(112)-4628/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4628/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4628/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 96 (hazırkı 162), 706-cı məhəllədə inşa edilmiş binanın 7-ci mərtəbəsində yerləşən, 18 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, İddiaçı adına rəsmiləşdirilməsinə və buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 iyun 2013-cü il tarixdə "xxxx" MTK (bundan sonra-MTK) ilə 45 №-li müqavilə bağlayaraq, MTK-ya məxsus Bakı şəhəri, Səbail rayonu, Nizamiküçəsi, 96 (hazırkı 162), 706-cı məhəllədə inşa edilmiş binanın 7-ci mərtəbəsində yerləşən 18 saylı ümumi sahəsi 128 kv.metr olan mənzilin dəyərini tam ödəməklə almışdır. Həmin müqavilə üzrə müəyyənləşdirilmiş mənzilin qiyməti iddiaçı tərəfindən tam ödənilmiş və bunu təsdiq edən müvafiq maliyyə arayışı verilmişdir. İddiaçının həmin mənzildə yaşamağına baxmayaraq, binanın istismarına icazə sənədi olmadığından, həmin mənzil üzərində onun hüquqları dövlət reyestrində qeydiyyata alınmamış və həmin mənzilə dair çıxarış verilməmişdir. Eyni zamanda iddaçı qeyd olunan yaşayış sahəsi ilə bağlı digər hüquqları gerçəkləşdirə və mülki qanunvericiliklə müəyyən edilmiş hüquqlarından faydalana bilmi. İddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı qeyd edir ki, mənzilin yerləşdiyi binadan 17 nəfərin yaşayış sahəsi (mənzili) artıq sənədləşdirilmiş və onlara cıxarış verilmişdir. İddiaçı hesab edir ki, oxşar sənədlərə malik şəxslərin hüquqlarının qeydiyyatı ilə bağlı aparılmış inzibati icraat iddiaçının hüquqlarının da qeydiyyatı üçün əsasdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki olaraq yaşayış sahəsi 67.7 kv.m, ümumi sahəsi isə 116.3 kv.m təşkil edir. Mənzil 18 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş mənzil-tikinti kooperativi binasında yaşayış (mənzilin) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əlavə sənədlər toplusuna əlavə edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********35 saylı, xx.xx.2022-ci tarixli cavab məktubu ünvanlanmışdır Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MTK (Kooperativ) ilə İddiaçı (payçı) arasında bağlanılmış 45 №-li müqavilənin surətindən görünür ki, tərəflər arasında müqavilə münasibətləri yaranmış, bu müqaviləyə görə “Kooperativ” Bakı şəhəri, Nizami küçəsi, 96-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan “Dolçasaray Rezidens” adlanan hündürmərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun pay məbləğini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 24 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96 (hazırki 162) ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində 128 kv.m sahəsi olan 18 saylı mənzilinin dəyərini – 192.000 manat şirkətin kassasına tam ödəmiş və onun şirkətə heç bir borcu olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismara icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8.bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. İşdən aydındır ki, hazırki iş üzrə mübahisənin əsasını iddiaçının hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi mənzilin “istismara qəbul aktı” və ya “istismara hazırlıq aktı” və “istismara icazə”sinin olmaması təşkil edir. Cavabdehin imtinasının əsasında məhz qeyd edilən dəlil dayanmış və məhkəmə araşdırması zamanı müvafiq istimar aktının olmaması halının iddiaçının özü tərəfindən də faktiki qəbul edilməsi müəyyən edilmişdir. İddiaçı AR Mülki Məcəlləsi, Mənzil Məcəlləsinin müvafiq müddəalarına istinad edərək mənzilin dəyəri tərəfindən tam ödənildiyindən mülkiyyət hüququnun yaranmış olmasına əsaslanmış və bunun hüquqlarının qeydiyyata alınması üçün yetərli olması mövqeyindən çıxış etmişdir. İddiaçının irəli sürdüyü mülahizələrə münasibətdə qeyd olunmalıdır ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilən sənədlər əsasında mübahisəli mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilmiş olması faktı müəyyən edilmişdir. Belə ki, mövcud olmuş mülki əqddən görünür ki, iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK ilə bağlınmış müqaviləyə əsasən, iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Lakin, bu fakt özü təklikdə mənzilə hüquqlarının daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınması üçün yetərli deyildir. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ödənilməli olan şərtlər yuxarıda qeyd edilən müvafiq qanunvericilikdə (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu) konkret olaraq müəyyənləşdirilmiş, müvafiq normalarına əsasən, çoxmənzilli yaşayış binasının mənzilinə münasibətdə hüquqların dövlət qeydiyyatına alınması üçün “istismara qəbul aktı” və ya “istismara hazırlıq aktı” və “istismara icazə”sinin mövcudluğu imperativ şərt olaraq müəyyən edilmişdir. İstismara icazə sənədinin anlayışı Mənzil Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin normasına əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.6-cı maddəsinə əsasən, sifarişçi tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Məhkəmə qeyd edir ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlanan məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş tikinti obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Hazırki halda, ünvan 3 ünvanında yerləşən yaşayış binasının “istismara qəbul aktı” və ya “istismara hazırlıq aktı” və “istismara icazə”nin olmaması işin halları və tərəflərin izahatları ilə öz təsdiqini tapır. Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq binanın 17 digər mənzili üzrə hüquqlar qeydiyyata alınaraq çıxarış verilməsini qeyd etmişdir «İnzibati icraat haqqında» haqqında Qanunun: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. İddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz. Hazırki mübahisənin faktiki halları üzrə isə ünvan 3 ünvanında yerləşən yaşayış binasının “istismara qəbul aktı” və ya “istismara hazırlıq aktı” və “istismara icazə”si olmadığı halda, inzibati orqanın həmin bina üzrə digər mənzillərə çıxarış verilməsi ilə əhatə olunan hərəkətlərinə vətəndaşın etimad hüququnun qorunması məhkəmə tərəfindən müdafiə edilə bilməz. Göründüyü kimi hazırki halda cavabdehin imtina əsasında istinad olunan əsaslar öz əksini tapdığından və müvafiq olaraq imtina əsası kimi çıxış etdiyindən, iddiaçının hazırki iddia tələbi əsaslı olmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Məhkəmənin hazırki iş üzrə nümayiş etdirdiyi mövqeyi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1004/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında əks olunan mövqeyi ilə eynilik təşkil edir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar