Məhkəmə qərarları › İş №e-2-1(112)-4628/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4628/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4628/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi ərazisində yerləşən “467” saylı torpaq sahəsi üzərində hüquqların miras qoyan X4 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, idarənin arxiv qovluğunda mövcud olan torpaq sahəsinin icarəyə verilməsinə dair “1394” nömrəli xx.xx.1989-cu il tarixli müqavilədə göstərilən 0,09 ha torpaq sahəsinin 0,03 ha sahəsi hüquq sahibinin notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi əsasında digər şəxsin adına keçirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yerdə qalan 0,06 ha torpaq sahəsinə dair müqavilə barədə idarənin arxivində məlumat aşkar olunmamış və Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Qeyd olunanlarla yanaşı, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı şərti göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa, arxiv cizgisinə və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən torpaq sahəsi digər bağın ərazisinə uyğun gəlir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1989-cü il tarixdən sahiblik və istifadəsində olan Bakı şəhəri, Novxanı bağlar ərazisi 467 saylı 0.06 ha bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının ölmüş şəxsə (X4) məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, 0.09 ha torpaq sahəsi olan 467 saylı bağ sahəsi, xx.xx.1989-cu il tarixli 1399 nömrəli müqqavilə əsasında mərhum anası X2 icarəsinə verilmişdir. Həmin tarixdən anasının istifadəsində olmuşdur. Anası sağlığında ona məxsus 0.09 ha torpaq sahəsinin 0.03 ha hissəsini iddiaçının arvadı X12 hədiyyə etmiş və həmin hissəyə dair çıxarış çıxarılmışdır. xx.xx.1994-cü ildə anası X7 ölmüş və həmin tarixdən ondan miras qalmış torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Torpaq sahəsində həmin dövrlərdə fərdi yaşayış evi tikdirərək orada ailəsilə birlikdə yaşayır. Lakin bu yaxınlarda 1989-cü il tarixdən sahiblik və istifadəsində olan torpaq sahəsinə dair çıxarış alınması üçün cavabdehə müraciəti əsasında bildirilmişdir ki, ərizəsinə baxıldığı və ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Bağlar massivi 467 saylı bağ torpaq sahəsinin X2 adına olması barədə məlumat aşkar edilməmiş, bu səbəbdən çıxarışın verilməsindən imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Cavabdehin “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəmə təqdim etdiyi etirazda qeyd edilmişdir ki, idarənin arxiv qovluğunda mövcud olan torpaq sahəsinin icarəyə verilməsinə dair “1394” nömrəli xx.xx.1989-cu il tarixli müqavilədə göstərilən 0,09 ha torpaq sahəsinin 0,03 ha sahəsi hüquq sahibinin notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi əsasında digər şəxsin adına keçirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yerdə qalan 0,06 ha torpaq sahəsinə dair müqavilə barədə idarənin arxivində məlumat aşkar olunmamış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Qeyd olunanlarla yanaşı, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı şərti göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa, arxiv cizgisinə və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən torpaq sahəsi digər bağın (1070 saylı) ərazisinə uyğun gəlir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan nikahın bağlanması haqqında xx.xx.1974-cü il tarixli, 270911 nömrəli şəhadətnamənin surətindən görünür ki, X6 ilə X8 arasında xx.xx.1948-ci il tarixdə nikah bağlanmış, nikahdan sonra ərə “Əliyev”, arvada “Qalimova” soyadı verilmişdir. 476072 nömrəli xx.xx.1994-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1994-cü il tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli şəhadətnamədən görünür ki, X2 vərəsəsi İddiaçıdur və o "xxxx" ASC-nin 33680430 saylı əmanət kassasında 07900193 saylı, 07900194 saylı hesablarda olan əmanətlərdən və onlara hesablanan faizlərdən ibarət miras əmlakdan irs almalıdır. Bağ sahəsinin və tikilinin uzunmüddətli icarəyə verilməsi barədə xx.xx.1989-cu il tarixli 1394 saylı müqavilədən görünür ki, Novxanıda yerləşən ümumi sahəsi 0,09 ha olan 467 saylı bağ sahəsi X1 icarəsinə verilmişdir. X3 Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış X10 Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış xx.xx.1998-ci il tarixli ərizəsindən görünür ki, mərhum qayınanasının 467 nömrəli 0,09 ha bağ sahəsinin 0,03 ha sahəsinin qayınlarının razılığı ilə onun adına keçirilməsini xahiş etmişdir. Bağın icarəyə verilməsi haqqında xx.xx.1999-cu il tarixli 28451 saylı müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının xx.xx.1999-cu il tarixli 23 nömrəli protokoluna əsasən Novxanı qəsəbəsində 0,03 ha sahəsi olan 467v saylı bağ sahəsi X11 icarəsinə verilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri, Novxanı bağ massivində yerləşən 467 saylı bağ sahəsi kimi göstərilən sahə ümumi hasar daxilindədir. Ümumi sahəsi 1316.0 kv.m təşkil edir. Ümumi sahə hasarla iki hissəyə ayrılıb. Darvazası yoxdur (Vətəndaşın nümayəndəsi Nurlan adlı şəxs hər hissədə 300.0 kv.m sahənin olduğunu bildirdi). Sahədə tikili yoxdur. Arxiv cizgisinə və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən sahə 1070 saylı bağın ərazisinə uyğun gəlir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubundan görünür ki, 467 saylı bağ sahəsi kimi (0.06 ha) göstərilən torpaq sahəsi faktiki olaraq ümumi hasar daxilindədir. Ümumi hasardaxili sahə 0.1316 ha təşkil edir. Eyni zamanda ümumi sahə hasarla iki hissəyə ayrılmışdır (darvazası yoxdur). Sözügedən torpaq sahəsinin üzərində tikili yoxdur. Qeyd olunan 0.06 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə arxiv cizgisinin bir hissəsinə uyğun gəlir. Cizgiyə əsasən torpaq sahəsi 1070 saylı bağ sahəsi ilə ümumi hasar saxilində yerləşir. Arxiv məlumatlarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0.09 ha torpaq sahəsi olan 467 nömrəli bağ sahəsi xx.xx.1989-cu il tarixli, 1399 nömrəli müqavilə əsasında X2 icarəsinə verilmişdir. Daha sonra icarədarın notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında sözügedən bağ sahəsinin 0.03 ha hissəsi digər şəxsin adına keçirilmiş, müqavilə ilə rəsmiləşdirilmiş və dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan 467 nömrəli bağ sahəsinin yerdə qalan 0.06 ha hissəyə dair X2 adına müqavilə arxiv qovluğunda aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-8449/2025 nömrəli məktubundan görünür ki, mövcud məhdud arxiv məlumatlarına əsasən Binəqədi rayonu, Novxanı bağ massivi, 1070 saylı bağ sahəsinə dair məlumat (sənəd) İdarənin arxivində aşkar edilməmişdir. İddiaçı hazırda 467 saylı bağ sahəsinin 0,06 ha hissəsinin anası L.Həşimovaya məxsus olmasını iddia edərək, həmin bağ sahəsinə mülkiyyət hüququnun mərhum anası L.Həşimovaya məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən anasına bağ sahəsinin ayrılması barədə müqavilələri təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 467 saylı bağ sahəsinin iddiaçının anasına ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı valideyninə ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. Lakin işdən görünür ki, cavabdeh işin bu hallarını nəzərə almamış və iddiaçıya imtina cavabı vermişdir. Cavabdehin imtinasının dəlilləri aşağıdakılardan ibarətdir:

1. idarənin arxiv qovluğunda mövcud olan torpaq sahəsinin icarəyə verilməsinə dair “1394” nömrəli xx.xx.1989-cu il tarixli müqavilədə göstərilən 0,09 ha torpaq sahəsinin 0,03 ha sahəsi hüquq sahibinin notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi əsasında digər şəxsin adına keçirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, yerdə qalan 0,06 ha torpaq sahəsinə dair müqavilə barədə idarənin arxivində məlumat aşkar olunmamışdır.

2. idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı şərti göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir

3. arxiv cizgisinə və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən torpaq sahəsi digər bağın ərazisinə uyğun gəlir. Məhkəmə aşağıda göstərilənlərə əsasən bu dəlilləri əsaslı hesab etmir. Belə ki, cavabdehin də qeyd etdiyi kimi “1394” nömrəli xx.xx.1989-cu il tarixli müqavilə ilə 0,09 ha sahəsi olan 467 saylı bağ sahəsi L.Həşimovanın icarəsinə verilmişdir. L.Həşimova 1994-cü ildə vəfat etmiş, 467 saylı bağ sahəsinin 0,03 ha hissəsi isə L.Həşimovanın oğullarının razılılğı ilə 1998-ci il tarixli ərizə əsasında xx.xx.1999-cu il tarixli 28451 saylı müqavilə ilə X11 icarəsinə verilmişdir. Həmin vaxt L.Həşimova artıq vəfat etdiyindən onunla 467 saylı bağ sahəsinin qalan 0,06 ha hissəsi ilə bağlı müqavilə bağlamaq mümkün olmamışdır. Lakin bu o nəticəyə gəlməyə səbəb olmur ki, “1394” nömrəli xx.xx.1989-cu il tarixli müqavilə tam olaraq qüvvədən düşmüşdür. Belə ki, həmin müqavilə yalnız bağ sahəsinin ölçüsünə münasibətdə dəyişdirilmiş, 1394 saylı müqavilə 0,06 ha hissədə qüvvədə olmuşdur. Göstərilən sahənin digər bağın ərazisinə uyğun gəlməsi məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, cavabdeh həmin bağ sahəsinin 0,03 ha hissəsini qeydə almışdırsa, həmin bağın yanında yerləşən 0,06 ha-dan ibarət digər hissəsini qeydə almaqdan imtina etməsi bərabərlik prinsipinə ziddir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə qeyd edir ki, iddiaçının anasına bağ sahəsi ayrılarkən qüvvədə olan (1971ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, torpaqayırmanın əsas mərhələsi torpaq sahəsinin naturada mərzləşdirilməklə təhvil verilməsidir ki, bu hal olmadan torpaqayırmanın yekunlaşdırılmsı mümkünsüzdür. İşin istinad olunan hallarına əsasən müəyyən olunur ki, iddiaçının anasına 1989-cu ildə bağ sahəsi ayrılaraq naturada təhvil verilmiş, o, daha sonra isə onun ailə üzvləri bağ sahəsindən həmin tarixdən etibarən fasiləsiz istifadə etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinə anası Lətifə Həşimovanın yaranmış mülkiyyət hüququna dair arayış verilməsini tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:

İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0,06 ha sahəsi olan 467 saylı bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövalət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar