Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4631/2023 16.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “məlumatların elektron sistemdən silinməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək adının elektron sistemdən silinməsi ilə bağlı öhdəliyin Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə QSC "Bank Standart" KB arasında bağlanmış xx.xx.2009-cu il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 2328 (iki min üç yüz iyirmi səkkiz) manat məbləğində kredit verilmişdir. O, həmin kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirə bilmədiyi üçün məhkəmə qaydasında "kredit müqaviləsi üzrə əsas borcun, hesdablanmış faizlərin və cərimənin ödənilməsi" tələbi ilə iddia irəli sürülmüş, lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-4919/2022 saylı qətnaməsi ilə kreditorun qanunda nəzərdə tutulmuş iddia müddətini ötürməsi səbəbindən iddia tələbi təmin edilməmişdir. Yuxarı instansiya məhkəmələri rayon məhkəməsinin sözügedən qətnaməsini dəyişdirilmədən saxlamışlar. Banklara kredit götürmək üçün müraciət etdikdə, MKR-də gecikmələrimin olduğunu əsas gətirərək, kredit verməkdən imtina edilir. İddiaçının ləğv prosesində olan QSC "Bank Standart" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra- ƏSF) ərizəsinə cavab olaraq ünvanladığı məktubda bildirilmişdir ki, xx.xx.2009-cu il tarixli, ********** saylı kredit müqaviləsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-4919/2017 saylı qətnaməsinə əsasən onun heç bir öhdəliyi yoxdur. Bundan sonra iddiaçı Mərkəzi Banka müraciət edərək yuxarıda qeyd olunan məhkəmələrin qətnamə və qərarını, ƏSF-nin məktubunu nəzərə almaqla adının elektron sistemdən silinməsini xahiş etmişdir. X3 qeyd olunan məktubu nəzərə almadan (bank qarşısında heç bir öhdəliyinin olmamasını) müraciəti təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdeh orqanın imtinasını qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin (bundan sonra- İPM-in) 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Eyni zamanda iddianın mümkünlük məzələsinin müzakirə edilməsi üçün işin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə rəsmi məlumat verilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının məhkəməyə təqdim etdiyi yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, Mərkəzi Bankın xx.xx.2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydasının 3-cü hissəsinə görə məlumat təchizatçıları Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) məlumatları təqdim edir və onların dəqiqliyini təmin etməlidir. Qaydanın 3.10-cu bəndinə görə MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Qaydanın 2.1.2-ci yarımbəndinə görə məlumat təchizatçısı dedikdə - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı başa düşülür. Göründüyü kimi, məhkəmə qərarları istisna olmaqla, MKR-ə məlumatların təqdim edilməsi vəya sonradan həmin məlumatlara düzəlişlərin (dəqiqləşdirmələrin) aparılması yalnız kredit təşkilaı tərəfindən həyata keçirilir. Qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddia ərizəsini müdafiə edərək, iddianın mümkün sayılmasını və tələbin təmin edilməsini xahiş etdii. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verdi və Mərkəzi Bankın hazırkı iddiaya cavab verməli orqan olmadığını qeyd edərək iddianın mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanmış 17 iyul 2018-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının xx.xx.2009-cu il tarixli ********** saylı kredit müqaviləsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-4919/2017 saylı qətnaməsinə əsasən heç bir öhdəliyi yoxdur. Həmin qətnamədə Bank tərəfindən hər hansı hərəkətlərin icra edilməsi müəyyən edilməmişdir. - Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının xx.xx.2009-cu il tarixli ********** saylı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bankın iddiası əsasında qəbul edilmiş qətnamələr və qərar üzrə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı birr öhdəlik qoyulmadığı bildirilmişdir. - Azərbaycan Respublikasının Mərkəzi Bankının iddiaçıya ünvanladığı 03 iyun 2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciəti araşdırılaraq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan hər hansı münasibətin bildirilməsinin mümkün olmadığı, eyni zamanda “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirildiyi bildirilmişdir. Məhkəmə, həm cavabdehə münasibətdə, həm də iddia tələbinin mahiyyəti baxımından iddianın mümkünlüyünün qiymətləndirilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Belə ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. İPM-in 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (1.5). Göründüyü kimi, tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Hazırkı iddia üzrə işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının hüquqi marağı mahiyyət etibarilə mərkəzləşdirilmiş kredit reyestrində borca dair məlumatların silinməsindən ibarətdir. O, bu tələblə həm ƏSF-yə, həm də Mərkəzi Banka müraciət etmiş, lakin arzuladığı məqsədə nail ola bilməmişdir. Bundan sonra iddiaçı müvafiq tələblə Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazalarına məlumatlarının ötürülməsi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanunu və "Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydalar” ilə tənzimlənir. “Kredit büroları haqqında” Qanunun 2.0.9-cu maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı - maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdur; Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən, mərkəzləşdirilmiş kredit reyestri nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestridir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 1616 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. “Banklar haqqında” Qanunun 35.4-cü maddəsinə əsasən, banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydasının 2.1.2-ci bəndinə əsasən məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatıdır. Həmin Qaydaların MKR-ə məlumatların təqdim edilməsi adlanan 3-cü hissəsindən: 3.2. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. 3.6. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. 3.9. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər; 3.10. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. İstinad olunan normalardan göründüyü kimi, Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatların düzgün və vaxtında daxil edilməsi məlumat təchizatçıları, yəni müvafiq bankların (o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar) öhdəliyidir. Məhkəmə qeyd edir ki, inzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda konkret göstərilmişdir. Hazırkı mübahisə üzrə məlumat təchizatçısı sayılan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin təsnifatda inzibati orqan kimi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə (ləğvetmə prosesində olan bank tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə məlumatların daxil edilməsi) inzibati deyil, mülki xarakter daşıdığından, iddiaya cavab verməli olmayan cavabdehə qarşı yönəldildiyindən, iddiaya cavab verməli olan şəxs də inzibati orqan olmadığından işə inzibati qaydada baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin Plenum qərarındakı mövqeyə təkrar istinad edərək qeyd edir ki, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7.). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17.). Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçı məqsədinə nail olmaq üçün Əmanətlərin Sığortalanması Fonduna qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə həll etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-4631/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4631/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver