Məhkəmə qərarları › İş №e-2-1(112)-4637/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4637/2025

21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4637/2025 21.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron Rayon İcra Hakimiyyəti üzrə “Vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında” xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamda (çıxarışda) göstərilir ki, “...1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 №-li sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə 50 ailə üçün 5 hektar həyətyanı torpaq fondu, 1.2 hektar küçə altına, cəmi 6.5 hektar totpaq sahəsi ayrıldığı nəzərə alınsın.

2. X13 Qadir 0.10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozunun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınsın.” Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 “Vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması haqqında” 28 nömrəli xx.xx.2003-cü il tarixli əmrdən çıxarışdan görünür ki, Abşeron rayon icra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 095 saylı sərəncamını, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli 02 saylı protokolu nəzərə alınaraq X9 0.10 hektar torpaq sahəsi ayrılmışdır. “Torpaq sahəsinin plan-cizgisi”ndən görünür ki, X9 ayrılmış torpaq sahəsinin plancizgisi tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2 xx.xx.2023-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 balansında olan torpaq sahələrinin vətəndaşların adına ayrılması haqqında, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Dövlət Əmlak Komitəsi tərəfindən birgə qəbul edilmiş və təsdiqlənmiş siyahı üzrə sənədləşmə aparılır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən X9 fərdi mənzil tikintisi üçün 0.10 ha hesabı ilə 1-652 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. Əsas: F.11165, siy.1, sax.vah.159, 184, 189. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 tərəfindən təqdim edilmiş sənədlərdən (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X1 Təşkilatı Komitəsinin 17 may 2003-cü il tarixli 02 saylı Protokolundan çıxarışdan və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 direktorunun 21 may 2003-cü il tarixli 28 nömrəli xx.xx.2003-cü il tarixli əmrindən çıxarışdan görünür ki, X9 fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. X12 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 4 saylı Bakı “ASan xidmət” mərkəzində notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “İddiaçı müraciəti miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.1965-ci il tarixdə doğulmuş, xx.xx.2021-cu ildə ölmüş X7 adma vərəsəlik işi açılmışdır... Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələbinə uyğun olaraq miras qoyan X7 adına olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, tərəvəzçilik-südçülük sovxozu ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə dair hüquqların ölmüş şəxsə məxsus olması barədə arayış verməyiniz xahiş olunur.” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Prezidentin İşlər İdarəsi X6 ayrılmış ərazilərin hüdudlarından kənarda yerləşir.

İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin X5 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003cü il tarixli 28 nömrəli əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən X9 verilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik-südçülük sovxozu ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə dair hüquqların ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamını və Tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin X5 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 nömrəli əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən mərhum X9 fərdi mənzil tikintisi üçün nəzərdə tutulan ərazidən 0.10 hektar ilə 1-652 saylı həyətyani torpaq sahəsi ayrılmışdır. İddiaçı mərhum X7 qanuni vərəsəsi kimi onun müraciəti əsasında vərəsəlik işi açılmışdır. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin 02 avqust 2024-cü il tarixli 2322 nömrəli məktubu ilə X7 adına olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik-südçülük sovxozu ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə dair hüquqların ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi üçün cavabdehə müraciət ünvanlanmışdır. İddiaçı mərhum X8 adına olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik-südçülük sovxozu ünvanında yerləşən 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Prezidentin İşlər İdarəsi X6 ayrılmış ərazilərin hüdudlarından kənarda yerləşir. Yuxarıda qeyd olunanlar nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəlarına əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur, əlavə olaraq bildirilmişdir ki, təqdim edilmiş cizgidə dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin, təqdim edilmiş sərəncamdan çıxarışda möhür yoxdur və mərhumun ata adında hərf fərqi mövcuddur. Tərəflərin iştirakı və izahatları:

Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi).

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: ...

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik ... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə):

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 direktorunun 21 may 2003-cü il tarixli 28 nömrəli əmri ilə mərhum X9 0.10 ha torpaq sahəsi ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Qeyd edilən normanın məzmununa əsasən mərhum X12 mübahisələndirilən torpaq sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüququnun xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.1-ci bəndinə əsasən “Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir.” Cavabdehin imtinasının və iddiaya qarşı etirazının dəlilləri ondan ibarətdir ki, 1.elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Prezidentin İşlər İdarəsi X6 ayrılmış ərazilərin hüdudlarından kənarda yerləşir. 2.təqdim edilmiş cizgidə dəqiq istinad və məsafələr qeyd edilməmiş və təqdim edilmiş sərəncamdan çıxarışda möhür yoxdur. 3.mərhumun ata adında hərf fərqi mövcuddur. Məhkəmə cavabdehin dəlillərinə ayrılıqda qiymət verərək aşağıdakıları qeyd edir:

1. Cavabdehin elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin Prezidentin İşlər İdarəsi X6 ayrılmış ərazilərin hüdudlarından kənarda yerləşməsi dəlili ilə bağlı qeyd edilir ki, torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı işlərə baxılarkən, cavabdeh mübahisələndirilən torpaq sahəsinin ayrılan ərazidən kənarda yerləşməsi barədə dəlilə istinad edirsə, sözügedən ərazinin hüdudlarını müəyyən edən aktın (xəritənin və s.), eləcə də onlara əsaslanan kənarda yerləşməyə dair müvafiq sübutları təqdim etmək öhdəliyi daşıyır. Cavabdeh tərəfindən isə bununla bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Hətta, belə bir sübut təqdim edilmiş olsa idi belə bu halın baş verməsi şəxsin məsuliyyət sferasına daxil olmadığı üçün onun hüququnun məhdudlaşdırılmasını əsası kimi çıxış edə bilməzdi. Məhkəmənin icraatında olan digər bir iş üzrə (İş nömrəsi: 2-1(112)-11833/2024) cavabdeh orqana ünvanlanmış sorğuya cavabdeh 23 noyabr 2024-cü il tarixli məktubla bildirmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 ayrılmış torpaqların hüdudlarını müəyyən etməyə imkan verən ayrıc aktının surətinin verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, qeyd edilən sənəd İdarənin arxivində saxlanılmadığı üçün aidiyyəti üzrə müraciət etməyiniz məqsədə müvafiqdir.” Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 ayrılmış torpaqların hüdudlarını müəyyən etməyə imkan verən ayrıc aktının cavabdeh orqanda olmaması iddiaçıya ayrılmış torpaq sahəsinin onun tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 ayrılmış ərazilərin hüdudlarından kənarda yerləşməsinin necə müəyyən edilməsi isə məsələnin digər bir tərəfidir.

2. Cavabdehin təqdim edilmiş cizgidə dəqiq istinad və məsafələrin qeyd edilməməsi, həmçinin təqdim edilmiş sərəncamdan çıxarışda möhürün olmaması dəlili ilə bağlı bildirilməlidir ki, qeyd edilən sənədlərin tərtib edilməsi iddiaçının səlahiyyətinə aid olan məsələ olmadığından, həmin sənədlərdə olan çatışmamazlıqlar da iddiaçının məsuliyyət sferasına daxil edilməklə onun hüququnun məhdudlaşdırılmasının əsası kimi çıxış edə bilməz.

3. Mərhumun ata adında hərf fərqi mövcud olması dəlili ilə bağlı bildirilir ki, iş materiallarında olan bütün sənədlərdə mərhum X7 ata adı “Qadir” olaraq qeyd edilmişdir. Mərhumun ata adında hansı hərf səhvliyinin olması və hansı sənədlə müqayisədə belə səhvliyin mövcud olması qənaətinə gəlinməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, cavabdehin bu dəlili də əsassızdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən digər şəxslər haqqında məlumatdan da görünür ki, həmin şəxslərin adına dövlət reyestində qeydiyyat iddiaçıda mövcud olan eyni sənədlər əsasında aparılmışdır. (Cavabdeh tərəfindən həmin torpaq sahələrinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış məhkəməyə təqdim edilmişdir). Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin mövcudluğu iş üzrə materiallar ilə təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Həmin ərazidə yerləşən digər torpaq sahibinin hüququ qeydə alındığı və ona bu barədə müvafiq çıxarış verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi direktorunun 21 may 2003-cü il tarixli 28 nömrəli əmri ilə X9 ayrılmış 0.10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar