Məhkəmə qərarları › İş №e-2-1(112)-4644/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4644/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4644/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun silinməsi və tutulan pul məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun silinməsi və tutulan pul məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 10 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə (hazırda Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi borcunun hesablanmasına dair qərarın ləğv edilməsi, əsassız hesablanmış 1.740.687,78 manat vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi və tutulmuş pul məbləğinin iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən əsassız hesablanmış 1.740.687,78 manat vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi və tutulmuş 4.000 manat pul məbləğinin iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında ərizə təqdim edərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin birgə cavabdeh olaraq inzibati iş üzrə icraata cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi birgə cavabdeh olaraq inzibati iş üzrə icraata cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi və Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə münasibətdə mümkün sayılmamışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" QSC ilə arasında bağlanılmış “Ticarət nümayəndəsi (agent)” haqqında müqavilə əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı topaz fəliyyətində hesaba qoyulan pullardan 4.000 (dörd min) manat pul vəsaiti vergi borcu olaraq hesabdan silinmişdir. Borc barədə qərar ona təqdim edilməsə də, şəxsi hesaba bildiriş göndərilərək dövlət büdcəsinə ümumilikdə vergilər üzrə 1.740.640,29 manat, maliyyə sanksyası üzrə 40.00 manat, faizlər üzrə 635.598,33 manat borcunun olması qeyd edilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanılmış ********* nömrəli cinayət iş üzrə İddiaçı Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 192.3.2, 213.3 və 244-1.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qarşı ittiham irəli sürülmüşdür. Qeyd edilən cinayət işi üzrə ibtidai istintaq yekunlaşmış və baxılması üçün məhkəməyə göndərilmişdir və 1(101)-2370/2023 saylı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Hazırda İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və onun adına uçot haqqında şəhadətnamə verilmişdir. İstintaq orqanı 1.740.687,78 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəmədiyi üçün İddiaçı cinayət işini məhkəməyə göndərdiyi və sonuncunun bu əməli yekun məhkəmə aktı (ittihamedici hökm və s.) ilə sübuta yetirilmədiyi halda, bu pul vergi borcu kimi hesablanmışdır. Bu borc İddiaçı şəxsi hesab vərəqində öz əksini tapmışdır. Bundan sonra İddiaçı DVX-nin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə mürciət etmiş və bu barədə ona hər hansı qərarın təqdim edilmədiyini göstərməklə, borcun hansı əsaslarla hesablanmasının səbəblərini soruşmuşdur. Lakin buna baxmayaraq İddiaçı heç bir cavab ala bilməmişdir. Çünki qanunsuz və əsassız hesablanmış qeyd edilən külli miqdarda vergi borcu İddiaçı topaz fəliyyətində hesaba qoyulan pullardan silinməkdədir və bu məbləğ artıq təxminən 4.000 manata yaxındır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi yazılı etirazın təqdim olunması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin cavabdehin məhkəmə icraatına cəlb edildiyi xx.xx.2024-cü il tarixdən yazılı etirazı təqdim etməsi üçün kifayət qədər vaxt olduğundan vəsatət təmin edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan İddiaçı büdcəyə 2363716,96 manat ödənilməmiş vergi borcu, o cümlədən vergilər üzrə 1727779,49 manat, faizlər üzrə 635937,47 manat borcu vardır. Vergi ödəyicisinə hesablanmış 1740687,78 manat borc məbləğindən hazırkı tarixədək 13365,47 manat məbləğ bank hesablarında olan sərəncamlar vasitəsilə tutulmuşdur. Tətbiq edilən hüquq: “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" 2016-cı il 30 dekabr tarixli, 474VQ №-li Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" 2016-cı il 30 dekabr tarixli, 474VQ №-li Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeyə əsasən, “Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və X3 tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Vergi ödəyicisi üçün yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar bu barədə qəbul edilmiş qərara (inzibati akta) əsaslanmalıdırlar. Müvafiq olaraq belə inzibati aktlar mövcud deyillərsə, həmin əməliyyatların aparılması qanunsuz sayılmalıdır. Çünki vergilərin hesablanması əməliyyatı bu halda, qanunvericiliyin ziddinə olaraq hüquqi əsasa söykənməyən əməliyyat olmuşdur. Yalnız, şəxsi hesab vərəqəsindəki əməliyyatlar verginin hesablanması (yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar) əməliyyatı kimi qəbul edilə bilməzsə, bu halda, həmin əməliyyatların aparılması üçün ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmur. Belə halların mövcudluğundan o halda söz edilə bilər ki, həyata keçirilən əməliyyat hər hansı qanunun və ya inzibati aktın icrasını təmin etməyə yönəlmiş olsun. Bu halın xüsusiyyəti ondan ibarətdir ki, qanunun və ya inzibati aktın icrasının həyata keçirilməsi faktiki xarakterli hərəkətlərin edilməsini tələb edir. Bu halda isə inzibati orqanın əsas vəzifəsi qanunu və ya inzibati aktı onun məzmununa uyğun həyata keçirmək olduğundan, o, bunun üçün düzgün icranı təmin etməyə yönəlmiş əlavə faktiki xarakterli hərəkətlər etməlidir. Belə faktiki xarakterli hərəkətləri etmək üçün isə inzibati aktın qəbul edilməsinə ehtiyac yoxdur. Çünki qanunun və ya inzibati aktın icrası ilə bağlı ilkin olaraq icranın təmin edilməsinə dair ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmadığından, düzgün icranı təmin etmək üçün əlavə inzibati aktın qəbulu da müvafiq olaraq tələb olunmamalıdır”. Hazırkı mübahisəyə münasibətdə cavabdeh iddiaçının şəxsi hesab vərəqəsində faktiki xarakterli hərəkətlər vasitəsi ilə faktiki olaraq əlavə vergi məbləğləri hesablamışdır. Halbuki, bununla bağlı cavabdeh qanunla müəyyən olunmuş qaydada inzibati icraat aparmalı, icraat nəticəsində inzibati akt qəbul etməli, əlavə vergi məbləğləri müəyyən edən və iddiaçı üçün vergi öhdəliyi yaradan inzibati aktı əsaslandırmalı idi. Baxılan mübahisədə cavabdeh tərəfindən qeyd edilən qaydada inzibati akt qəbul etmədən vergi məbləğinin hesablanması vergi qanunvericiliyinin tələblərinə və yuxarıda istinad edilən qərardaddakı hüquqi mövqeyə ziddir. İddiaçı barəsində cinayət təqibi üzrə icraatın aparılması və ittiham aktının tərtib edilməsi vergi öhdəliyi yaradan vergilərin hesablanması və şəxsi hesab vərəqəsinə daxil edilməsi üçün əsas kimi qəbul edilə və bu baxımdan dəyərləndirilə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı şəxsi hesab vərəqəsindən 1.740.687,78 manat vergi borcunun silinməsi və tutulmuş 4.000 manat pul məbləğinin ona qaytarılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin İddiaçı şəxsi hesab vərəqəsindən 1.740.687,78 manat vergi borcunun silinməsi və tutulmuş 4.000 manat pul məbləğinin ona qaytarılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar