Məhkəmə qərarları › İş №e-2-1(112)-4646/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4646/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4646/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmaların dayandırılması və tutulmuş vəsaitin geri ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin iddiaçıya “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” Qərarının ləğv olunması və əmək pensiyasının 2023-cü ilin 1 iyul tarixindən etibarnən tam şəkildə - 2663.75 manat məbləğində ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “iddiaçıya təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2005-ci il tarixdən “sabiq dövlət qulluqçusu kimi” yaşa görə əmək pensiyası təyin edilib. 1 dekabr 2013-cü il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 870,00 manat, qulluq stajına görə əlavəsi 174,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 130,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 290,00 manat olmaqla ümumilikdə orta aylıq əmək haqqı 1544,50 manat təşkil etmişdir. Bundan sonra iddiaçının cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından aldığı xx.xx.2023-cü il tarixli (sonuncu xx.xx.2023-cü il tarixli) məktubda qeyd edilmişdir ki, ona pensiya ödənişinin hesablanması zamanı yanlışlara yol verildiyindən ümumilikdə 27.565,56 manat məbləğində pul vəsaiti əsassız olaraq ona ödənilmişdir. Cavabdehin mövqeyi tamamilə əsassızdır və iddiaçının əmək pensiyasından tutulmaların həyata keçrilməsi qanunsuzdur. Belə ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından alınmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının: - 01 dekabr 2013-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə orta aylıq əmək haqqı 1544.50 manat təşkil etmişdir; - “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən, 12 il 6 ay 6 gün qulluq stajına uyğun olaraq ona orta aylıq əmək haqqının 65%-i məbləğində, yəni 1003.93 manat pensiya hesablanmışdır. Bu hal ilə bağlı qeyd etmək istəyirik ki, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən həmin hesablanma düzgün həyata keçirilməmiş və iddiaçıya əmək pensiyası hələ 2013-cü ildən bəri düzgün hesablanaraq ödənilməmişdir. Belə ki, iddiaçı Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuatda dövlət sirlərinin mühafizəsi baş idarəsində aşağıdakı vəzifələrdə çalışmışdır: - xx.xx.1967 – xx.xx.1979-cu illərdə “redaktor” (11 il 10 ay 22 gün); - xx.xx.1979 – xx.xx.1981-ci illərdə “baş redaktor” (2 il 9 ay 17 gün); - xx.xx.1981 – xx.xx.1982-ci illərdə “şöbə rəisi” (5 ay 12 gün); - xx.xx.1982 – xx.xx.1990-cı illərdə “şöbə rəisi” (7 il 10 ay 27 gün); - xx.xx.1990 – xx.xx.1994-cü illərdə “şöbə rəisi” (4 il 1 ay 17 gün); - xx.xx.1994 – xx.xx.1998-ci illərdə “baş redaktor” (4 il 1 ay 15 gün); Ümumilikdə qeyd edilən vəzifələrdə ümumi stajı 31 il 3 ay 30 gün təşkil etmişdir. Nəticə etibarı ilə iddiaçıya pensiya ödənişinin hesablanması 12 il 6 ay 6 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının 65%-i məbləğində deyil, 31 il 3 ay 30 gün qulluq stajına görə orta aylıq əmək haqqısının 80%-i məbləğində, yəni 1235.60 manat müəyyən edilməli idi. Məhkəmənin nəzərinə çatdırmaq istəyərik ki, iddiaçının pensiya hüququ 2006-cı il tarixədək qüvvədə olan “Dövlət qulluqçularının pensiya təminatı haqqında” 1 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaranmışdır. Eləcə də həmin Qanununun 6.1.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla pensiya təyin edilirdi. Beləliklə ilkin olaraq burada iddiaçının əmək pensiyasının məbləği yanlış hesablanmaqla onun sosial təminat hüququ pozulmuşdur. Həmçinin, məktubda qeyd edilir ki, 1 mart 2018-ci il tarixdə dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının orta aylıq əmək haqqısının məbləği yenidən hesablanaraq 1687,58 manat təşkil etmişdir. Bundan irəli gələrək əmək pensiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə uyğun olaraq artımdan sonrakı orta aylıq əmək haqqısı ilə (1687,58 manat) əvvəlki orta aylıq əmək haqqısının (1544,50 manat) arasındakı fərqin (1687,58 - 1544,50 = 143,08), yəni 143,08 manatın 41.67%-i məbləğində, yəni 59,62 (143,08 * 41.67% = 59.62) manat artaraq 1063.55 (1003.93 + 59,62 = 1063.55) manata çatdırılmışdır. Halbuki, həmin vaxt iddiaçının əmək pensiyası yuxarıda göstərilən Fərmanın 2.3-cü bəndinə uyğun olaraq hesablanmalı idi. Belə ki, həmin bəndə əsasən, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Yəni, iddiaçının dövlət qulluğu stajı 15 ildən çox (31 il 3 ay 30 gün) olduğuna görə, Fərmanın 2.3-cü bəndinə uyğun olaraq artımdan sonrakı orta aylıq əmək haqqımla (1687,58 manat) əvvəlki orta aylıq əmək haqqısı (1544,50 manat) arasındakı fərqin (1687,58 - 1544,50 = 143,08), yəni 143,08 manatın 80%-i həcmində, yəni 114,46 (143.08 * 80% = 114.46) manat artırılmalı idi. Beləliklə də əmək pensiyasının məbləği ümumilikdə 1350,06 manat (1235,60 + 114,46 = 1350,06) olmalı idi. Beləliklə burada əmək pensiyası yanlış hesablanmaqla hər ay iddiaçıya 286.51 manat az pensiya hesablanmış və nəticədə onun sosial təminat hüququ pozulmuşdur. Həmçinin, məktubda qeyd edilir ki, 1 sentyabr 2019-cu il tarixdə dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar orta aylıq əmək haqqısının məbləği yenidən hesablanaraq 2495,58 manat təşkil etmişdir. Bundan sonra iddiaçının əmək pensiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə uyğun olaraq artımdan sonrakı orta aylıq əmək haqqısı ilə (2495,58 manat) əvvəlki orta aylıq əmək haqqısının (1687,58 manat) arasındakı fərqin (2495,58 - 1687,58 = 808), yəni 808 manatın 41.67%-i məbləğində, yəni 336,69 manat artaraq 1400,24 (1063,55 + 336,69 = 1400,24) manata çatdırılmışdır. Halbuki, həmin vaxt iddiaçının əmək pensiyası yuxarıda göstərilən Fərmanın 2.3-cü bəndinə uyğun olaraq hesablanmalı idi. Yəni, iddiaçının dövlət qulluğu stajı 15 ildən çox (31 il 3 ay 30 gün) olduğuna görə, onun əmək pensiyası yenidən hesablanarkən orta aylıq əmək haqqısının artım məbləğinin, yəni 808 manatın 80%-i həcmində, yəni 646,40 manat artırılmalı idi. Beləliklə də əmək pensiyasının məbləği ümumilikdə 1996,46 manat (1350,06 + 646,40 = 1996,46) olmalı idi. Beləliklə burada əmək pensiyası yanlış hesablanmaqla hər ay iddiaçıya 596.22 manat az pensiya ödənişi ödənilmiş və nəticədə onun sosial təminat hüququ pozulmuşdur. Göstərilənlərə əsasən, əmək pensiyasının məbləğindən tutulmaların həyata keçirilməsi ilə bağlı cavabdehin tərəfindən qəbul edilmiş qərar əlverişsiz inzibati aktdır və ləğv edilməlidir. “İnzibati icraat haqqında” AR Qanununun: - 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun bu maddəsinə əsasən, pensiyaçının razılığı olmadıqda artıq ödənilmiş əmək pensiyasını tutmaq səlahiyyəti yalnız və yalnız məhkəməyə məxsusdur. Belə olan halda cavabdeh orqan öz səlahiyyət hədlərini aşaraq qanunun qadağan etdiyi hərəkət etmiş və iddiaçının razılığı olmadan onun əmək pensiyasından qanunsuz olaraq tutulmalar həyata keçirilmişdir. Göstərilənlərlə yanaşı, “İnzibati icraat haqqında” AR Qanununun 67.5-ci maddəsində göstərilir ki, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. İndiki, halda iddiçıya əmək pensiyası təyin edilərkən etimad hüququ qorunmuşdur. Yəni, o, dövlət orqanı tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə pensiya təyin edilməsinə inanmış, etimad göstərmişdir. Belə olan halda ona pensiya təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun əmək pensiyası təyin edən komissiyası tərəfindən qəbul edilmiş qərar ən pis haldaqanunsuz əlverişli inzibati akt hesab edilə bilər. Qanunun 67.5-ci maddəsi qanunsuz əlverişli inzibati aktın ləğv edilməsini qadağan edir. Həmçinin, Qanunun 67.7-ci maddəsində göstərilir ki, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallar mövcud olduqda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Yəni, yalnız 67.6-cı maddədə göstərilən hallar mövcuddursa, qanunsuz əlverişli inzibati akt ləğv edilər bilər. Həmin hallar isə aşağıdakılardır: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçıya ödənilən əmək pensiyasından tutulmaların həyata keçirilməsinə dair qərar qanunsuz əlverişli inzibati akt olduğundan, yalnız Qanunun 67.6-cı maddəsində göstərilən hallar mövcud olduqda və sübuta yetirildikdə, həmin inzibati akt ləğv oluna bilər. Lakin, bu halların da heç biri sübut edilməmiş və iddiaçının pensiyasından tutulmaların həyata keçirilməsi ilə bağlı qanunsuz qərar qəbul edilmişdir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbləri pozulmaqla iddiaçının razılığı və ya məhkəmə qərarı olmadan 2023cü ilin 1 iyul tarixindən etibarən əmək pensiyasının məbləği 2663.75 manatdan 1766.69 manata endirilmiş və qanunsuz tutulmalar həyata keçirilməyə başlanmışdır. Əmək pensiyasından yuxarıda göstərilən tutulmaların həyata keçirilməsini tamamilə əsassız hesab edirəm və bu səbəbdən də əmək pensiyasından tutulmaların həyata keçirilməsinə dair cavabdeh orqanın qərarı ləğv edilməli və iddiaçıya əvvəllər aldığı məbləğdə, yəni 2663.75 manat məbləğində pensiyanın ödənilməsi öhdəliyi cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1 /2-Q-212054/2023 nömrəli, xx.xx.2023-cü il tarixili "pensiya işinizə aid sənədlərdə sizə Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 1 sentyabr 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunduğu qeyd edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Yuxarıda qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla pensiya işiniz araşdırılaraq aylıq ödənişiniz yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 870,00 manat, qulluq stajınıza görə əlavəniz 174,00 manat, ixtisas dərəcəsinə görə əlavəniz 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəniz 130,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 290,00 manat olmaqla orta aylıq əmək haqqınız 1544,50 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 12 il 6 ay 6 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (1544,50 manat) 65 faizi-1003,93 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasfnın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 12 il 6 ay 6 gün qulluq stajınıza görə əmək pensiyanızın hesablanması üçün vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 41,67 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 955,00 manat, qulluq stajına görə əlavəniz 191,00 manat, ixtisas dərəcəsinə görə əlavəniz 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəniz 143,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 318,33 manat olmaqla orta aylıq əmək haqqınız 1687,58 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (1544,50 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (1687,58 manat) arasındakı fərq məbləğinin (143,08 manat) 41,67 faizi-59,62 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanızın (1003,93 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 1063,55 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 1435,00 manat, qulluq stajına görə əlavəniz 287,00 manat, ixtisas dərəcəsinə görə əlavəniz 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəniz 215,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 478,33 manat olmaqla orta aylıq əmək haqqınız 2495,58 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (1687,58 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (2495,58 manat) arasındakı fərq məbləğinin (808,00 manat) 41,67 faizi-336.69 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanızın (1063,55 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 1400,24 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza hər ay 2111,24 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə sizə 21330,00 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyanız 1766,69 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza hər ay 2663,75 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə sizə 5382,36 manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq bildiririk ki, sizə maddi yardım üzrə 2022-ci il üçün 853,20 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən sizə vaxtilə təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələriniz dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün sizə 21 iyun 2023-cü il tarixində məktub göndərilməklə 5 iyul 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Lakin mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmisiniz. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə sizə ümumilikdə 27565,56 (21330,00+5382,36+853,20) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 27565,56 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur.”

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 1 sentyabr 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunduğu qeyd edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Yuxarıda qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 870,00 manat, qulluq stajına görə əlavə 174,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 130,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 290,00 manat olmaqla orta aylıq əmək haqqı 1544,50 manat təşkil edib. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 12 il 6 ay 6 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1544,50 manat) 65 faizi-1003,93 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 12 il 6 ay 6 gün qulluq stajına görə əmək pensiyanın hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 41,67 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 955,00 manat, qulluq stajına görə əlavə 191,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 143,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 318,33 manat olmaqla orta aylıq əmək haqqı 1687,58 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1544,50 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1687,58 manat) arasındakı fərq məbləğinin (143,08 manat) 41,67 faizi-59,62 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (1003,93 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1063,55 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1435,00 manat, qulluq stajına görə əlavə 287,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 215,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 478,33 manat olmaqla orta aylıq əmək haqqı 2495,58 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1687,58 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2495,58 manat) arasındakı fərq məbləğinin (808,00 manat) 41,67 faizı-336,69 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (1063.55 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1400,24 manat məbləğində hesablanmalı olduğu halda xx.xx.2020-xx.xx.2022ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2111,24 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 21330,00 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 1766,69 manat məbləğində hesablanmalı olduğu halda. xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2663,75 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 5382,36 manat artıq pul vəsaiti ödənilib. İddiaçıya maddi yardım üzrə 2022-ci il üçün 853,20 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 27565,56 (21330,00+5382,36+853,20) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 5 iyul 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir. Bundan sonra əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, tərəfimizdən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Məhkəmən iclasında iştirak edən cavabdehin nümyəndəsi iddiaya etirazını müdafiə edərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi.

I. İddianın növü və mümkünlüyü

8. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

9. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

10. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

12. İPM-in 34.1-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

13. İddia mümkündür.

II. Məhkəmənin mövqeyi

14. Hazırkı iş üzrə iddiaçının tələbi əmək pensiyasından tutulmaların dayandırılması və tutulmuş vəsaitin geri ödənilməsidir.

15. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra isə pensiyasından tutulmalar aparılmışdır.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: - 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

18. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında vurulmuş zərərin əvəzi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti qaydasında tələb oluna bilər.

III. Qeyd edilənlərin hazırki işə tətbiqi

19. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətləri iddiaçının hüquqlarını pozur, ona görə də əmək pensiyasından tutulmalar dayandırılmalı və tutulmuş pul vəsaitinin geri ödənilməsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

21. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. Məhkəmə nəzərə alır ki, iddiaçı xx.xx.1943-cü il təvəllüdlüdür, xx.xx.2005-ci il tarixində sabiq dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilmişdir, əmək pensiyasından tutulmalar nəticəsində iddiaçı bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən pensiyasının itirilməsi ilə üzləşmişdir və məhkəmə iddiaçının həmin dəyişikliyə uyğunlaşmağının perspektivlərinin zəif olduğunu hesab edir. Pensiya təyin olunarkən iddiaçının təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən iddia edilmir.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

24. Göründüyü kimi şəxsin razılığı olmadığı təqdirdə inzibati orqanın öz təşəbbüsü ilə pensiyadan tutmaya dair hərəkətlərin aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Müvafiq tutulma pensiyaçının razılığı olmadığı təqdirdə məhkəmə qərarı əsasında həyata keçirilə bilər.

25. Məhkəmə eyni zamanda qeyd edir ki, pensiyanın dayandırılması və artıq ödəmənin tutulması ilə bağlı inzibati orqan hər hansı qərar qəbul edilmədən faktiki olaraq pensiya ödənişinindən tutulmalar aparmışdır. İş materiallarına əlavə edilən sənədlərdən müəyyən olunur ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulmasına iddiaçının razılığı ifadə olunmamış, artıq alınmış pensiya məbləğinin iddiaçıdan cavabdehə qaytarılması barədə məhkəmə qərarı da mövcud deyil.

26. İş materiallarına, həmçinin məhkəmənin sorğusuna pensiyadan tutulmalar aparılmasından öncə cavabdeh tərəfindən inzibati icraatın başlanması (iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması) barədə qəbul edilmiş qərar, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilibgözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğunluğunu müəyyən etməyə imkan verən sənədlər əlavə edilməmişdir. Həmçinin, aparılan inzibati icraatın nəticəsində inzibati aktın qəbul edilməsi - konkret olaraq pensiyadan tutulmaların aparılması barədə qərarın qəbul edilməsi müəyyən olunmur. Bu isə cavabdehin iddiaçı barəsində apardığı inzibati icraatın və onun nəticəsinin qanuniliyinə qiymət verilməsini mümkünsüz edir.

27. Məhkəmə bu qərarda ifadə edilmiş yanaşmanı nəzərə alaraq hesab edir ki, işin konkret hallarına əsasən pensiyadan tutmaların aparılması nəticəsində cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmiş və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur.

28. Məhkəmə qeyd edir ki, pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Buna baxmayaraq, inzibati orqan tərəfindən birtərəfli qaydada pensiyadan tutulmalar aparılmışdır.

29. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının fərdi vəziyyətinə uyğun olaraq əmək pensiyasından tutmaların aparılması iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir.

30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar