Məhkəmə qərarları › İş №e-2-1(112)-4657/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4657/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4657/2024 10.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndələri X1 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı "test imtahanı nəticəsinin ləğvi, səhv test tapşırıqların namizədin xeyrinə hesablanması və müsahibə mərhələsinə buraxılması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının X5 (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində X7 tərəfindən keçirilmiş test imtahanı nəticələrinin ləğv edilməsi, mübahisəli test tapşırıqlarının səhv hesab edilməsi və həmin testlərin namizədin xeyrinə hesab edilməsi və vergi xidmətinə işə qəbulla bağlı keçirilən müsabiqənin müsahibə mərhələsinə buraxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixində X7 tərəfindən keçirilmiş test imtahanı nəticələrinin dəyişdirilməsi, Rəqəmsal məlumatların təhlili kateqoriyası A variantı üzrə test 9, B variantı üzrə test 15, Yeni tarix və dünyagörüşü kateqoriyası A variantı üzrə test 77, B variantı üzrə test 69-da səhvliyin müəyyən olunması və həmin testlərin namizədin xeyrinə hesab edilməsi, səhvlik müəyyən olunmuş testlərin namizədin xeyrinə hesablanması nəticəsində keçid balını yığan namizədlərin vergi xidmətinə işə qəbulla bağlı keçirilən müsabiqənin, müsahibə mərhələsinə buraxılmasına dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindəmn iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı test imtahanı mərhələsi keçirilmişdir. Test imtahanı mərhələsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin 1.3-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası X7 tərəfindən aparılmışdır. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tələblərə uyğun olaraq “iqtisadiyyat və digər ixtisas sahələri” istiqaməti üzrə imtahanda iştirak etmişdir. İmtahan Xətai rayonu 56 nömrəli tam orta məktəbin inzibati binasında keçirilmişdir. İddiaçı imtahanda “A” variantı üzrə təqdim edilən test kitabçasında 100 test tapşırığından 68-ni düzgün həll edərək test imtahanından müvəffəqiyyət əldə etməmişdir. Test imtahanı zamanı verilən test tapşırıqları arasında 9-cu və 77-ci sualda səhvlik aşkar etmiş, bu barədə dərhal nəzarətçini məlumatlandırmışdır. Nəzarətçi isə imtahanın gedişatı pozulmasın deyə imtahan bitdikdən sonra X5 müraciət etməyini tövsiyyə etmişdir. İddiaçı ilə yanaşı bir neçə namizəd də imtahan zamanı həmin testlərin səhv olması barədə nəzarətçiləri məlumatlandırmışdır. Hər bir namizədə eyni qaydada cavab verilmişdir. Rəqəmsal məlumatların təhlili kateqoriyası test 9-da (sual kitabçası DİM tərəfindən verilmədiyindən variantlarda texniki yalnışlıq ola bilər) sual qrafiklə təsdiq olunmuşdur. Sualda 2 səhvlik aşkar olunmuşdur. 1-ci səhvlik “və” bağlayıcısının düzgün işlədilməməsinin sualın iki mənada oxunmasına zəmin yaratması, 2-ci səhvlik isə sualda ağ və qara rənglə qeyd olunmalı qrafiki təsvirdə ağ rəngin əks olunmaması olmuşdur. Yeni tarix və dünyagörüşü kateqoriyası test 77-da “Nəsimi” və “Dədə Qorqud” filmlərinin ssenari müəllifi Anar Rzayevdir. Bir testdə iki dügün variantın qeyd olunması isə qanunvericiliyin tələblərinə ziddir. İmtahandan sonra yazılı qaydada imtahanda istifadə etdiyi test kitabçalarının əldə olunmasına şərait yaradılmasını xahiş etsə də, həmin test tapşırıqları təqdim edilməmişdir. Testin nəticələri elan olunduqdan dərhal sonra iddiaçı X4 çağrı mərkəzi ilə əlaqə yaratmış və iddiaçının imtahan nəticəmin ləğv olunması və səhv test tapşırıqlarının namizəd kimi onun xeyrinə hesablanmasını xahiş etmişdir. X4 xx.xx.2023-cü il tarixli məktubunda müraciətə cavab olaraq bildirilmişdir ki, “Dövlət Vergi Xidmətinə işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnaməyə” uyğun olaraq keçirilmiş test imtahanının nəticləri ilə bağlı vətəndaşların müraciətinə baxılması üçün Mərkəztərəfindən Apellyasiya Komissiyası yradılmışdır. Apellyasiya Komissiyasına daxil olmuş müraciətiniz araşdırılmış və müraciətdə mübahisləndirilmiş taşırıqların müvafiq olaraq rəqəmsal məlumatların təhlili bacarıqları və ümumi dünya görüşü səviyyəsinə uyğun şəkildə tərtib edildiyi, tapşırığın məzmunun isə imtahan üçün daha əvvəl elan edilən proqrama, akademik nəşrlərə (vəsait və dərsliklərə) uyğun olduğu izah edilmişdir. Azərbaycan Respublikası Yazıçılar Birliyinin sədri cənab Anar Rzayevə 0949/23 saylı sorğu göndərilmiş, 1K-13/518 saylı xx.xx.2023cü il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Nəsimi sənədli filminin (1971) və “Dədə Qorqud” bədii filminin (1975) ssenari müəllifi Anar Rzayev, “Nəsimi” bədii filminin ssenari müəllifi İsa Hüseynovdur. Sualda yalnız bədii film deyil, ümumilikdə, film nəzərdə tutulmuşdur. Rəqəmsal sualla bağlı bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərdən rəy əldə etmək mümkün olmamışdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.3-cü bəndinə əsasən müsabiqənin test imtahanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Xidmət) təklifi əsasında Mərkəz tərəfindən aparılır. Həmin Əsasnamənin 3.7-ci bəndinə əsasən test nümunələri Xidmət və Mərkəz tərəfindən hazırlanır. Mərkəz tərəfindən istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi müəyyən edilir, habelə cavab kartlarının oxunması təmin olunur. Həmin Əsasnamənin 3.10-cu bəndinə əsasən test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır. İddiaçı xx.xx.2023-cü il tarixində vergi orqanlarına işə qəbulla əlaqədar keçirilmiş müsabiqənin test imtahanı mərhələsində iştirak etmişdir. İddiaçı sözügedən test imtahanında müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (70%) az nəticə - 68% (68 bal) nəticə göstərdiyi üçün müvəffəqiyyət əldə etməmişdir. İmtahan nəticələrindən narazı qalan namizədləri nəzərə alaraq, onların imtahan nəticəsinə dair şikayətlərini bildirməsi üçün Mərkəz tərəfindən 2023-cü il 7 noyabr tarixində Apellyasiya komissiyası təşkil edilmiş və bununla da, namizədlərin imtahan nəticələrinə dair şikayətlə komissiyaya müraciət etmək imkanı yaradılmışdır. İddiaçı dövlət vergi orqanlarına işə qəbulla əlaqədar xx.xx.2023-cü il tarixdə keçirilmiş müsabiqənin yazılı test imtahanının nəticəsindən narazı qaldığı üçün Apellyasiya Komissiyasına, eyni zamanda Mərkəzə xx.xx.2023-cü il tarixində yazılı olaraq müraciət etmiş və onun apellyasiya ərizəsində qeyd etdiyi nəticəsindən narazı qaldığı suallar (9-cu və 77-ci test tapşırıqları) bir daha Mərkəz tərəfindən araşdırılmışdır. Apellyasiya Komissiyasının qərarına əsasən namizədin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək hal aşkar olunmadığından apellyasiya şikayəti təmin edilməmiş və imtahan nəticələri dəyişdirilmədən saxlanılmışdır. Mərkəzin xx.xx.2023-cü il tarixli 93-/2-İ-4569-42-889/2023 nömrəli məktubu ilə iddiaçıya izah edilmişdir ki, sözügedən imtahanda istifadə edilən test tapşırıqlarının məzmunu əvvəlcədən ekspertlər tərəfindən ekspertizadan keçirilmiş və imtahanda yalnız ekspertizadan keçirilmiş, məzmunu ilə bağlı heç bir elmi-metodiki və texniki qüsur aşkar edilməmiş test tapşırıqları istifadə edilmişdir. Ekspert qrupunun rəyinə əsasən, müvafiq test tapşırıqları rəqəmsal məlumatların təhlili bacarıqları və ümumi dünyagörüşü səviyyəsinə uyğun şəkildə tərtib edilmiş və tapşırıqların məzmunu imtahan üçün daha əvvəl elan edilmiş proqrama, akademik nəşrlərə (vəsait və dərsliklərə) uyğun olaraq hazırlanmışdır. Buna görə də iddiaçının iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq, 9 və 77 saylı test tapşırıqlarının şərtinin dəqiq, aydın və birmənalı olmaması, test tapşırıqlarının cavablarının Mərkəz tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən iddiaçının iddiası təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndələri etiraz ərizəsinə uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Azərbaycan Respublikasının X7 publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən: - Bənd 1.1. Azərbaycan Respublikasının X7 (bundan sonra – Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qrupların tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. - 2.1.1-1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - maddə 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; - maddə 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; - maddə 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə əsasən: - Bənd 1.2. Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, dövlət vergi orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində, şəffaflıq əsasında müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. - Bənd 1.3. Test imtahanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Xidmət) təklifi əsasında X7 (bundan sonra – Mərkəz) tərəfindən aparılır. - -bənd 3.7. Test nümunələri Xidmət və Mərkəz tərəfindən hazırlanır. Mərkəz tərəfindən istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi müəyyən edilir, habelə cavab kartlarının oxunması təmin olunur. Test imtahanının keçirilməsi və qiymətləndirmənin aparılması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. - Bənd 3.8. Test imtahanının nəticələri Mərkəz tərəfindən Komissiyaya təqdim edilir. - Bənd 3.9. Test imtahanının nəticələri haqqında məlumat Mərkəzin internet portalında yerləşdirilir. Namizədin müraciəti əsasında test imtahanında topladığı bal barədə 2 gün müddətində ona Xidmət tərəfindən yazılı məlumat verilir. - Bənd 3.10. Test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün müsabiqənin test imtahanı keçirilmiş və iddiaçı da həmin imtahanda iştirak etmişdir. İddiaçı A varianti üzrə 9 və 77-ci testin qüsulru tərtib edilməsi əsası ilə həmin sualların onun xeyirinə şərh olunmasını xahiş edir. Belə ki, iddiaçı 9-cu sualın qüsurlu tərtib edildiyini, 77-ci sualın isə iki düzgün cavabının olduğunu ifadə edir. Cavabdeh iddiaçının bu dəlillərinə qarşı həmin suallar üzrə rəyləri təqdim etmişdir. Həmin rəylərdə göstərilmişdir ki: “1. A variantı, 77 saylı test tapşırığı ilə bağlı 5 noyabr 2023-cü il tarixində vergi orqanlarına işə qəbul olunmaq üçün X7 (bundan sonra - Mərkəz) tərəfindən keçirilən test imtahanında Yeni tarix və ümumi dünyagörüşü blokunda yer alan A variantı 77 nömrəli test tapşırığı aşağıdakı məzmunda təqdim edilmişdir:

77. Yazıçı Anar göstərilən filmlərdən hansının ssenari müəllifi olmuşdur? A) “Koroğlu” B) “Dədə Qorqud” C) “Babək” D) “Nəsimi” Qeyd olunan filmlərdən “Nəsimi”nin ssenari müəllifi İsa Hüseynov, “Dədə Qorqud”un ssenari müəllifi Anar, “Babək”in ssenari müəllifi Ənvər Məmmədxanlı, “Koroğlu”nun ssenari müəllifi isə Sabit Rəhmandır. Beləliklə, tapşırığın doğru cavabı В bəndi - “Dədə Qorqud” filmidir. İmtahan başa çatandan sonra tapşırığa yanlış cavab vermiş və keçid balını toplamamış bir qrup namizəd 1971-ci ildə çəkilmiş Nəsimidən bəhs edən qısametrajlı sənədli filmin də ssenari müəllifinin yazıçı Anar olduğunu qeyd edərək tapşırığın yanlış tərtib edildiyini iddia etmiş və imtahandan sonra Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət etmişdir. Bu iddianın həm məzmun, həm də test metodologiyası baxımından əsassız olduğu namizədlərə izah edilmişdir. Test tapşırığının məzmun baxımından izahı. Yuxarıda verilən test tapşırığında qeyd olunan filmlərin hər biri Azərbaycan xalqının tarixində müstəsna rol oynamış tarixi şəxsiyyətlərin həyatından bəhs etməklə Azərbaycanın kino tarixindəki ən məşhur filmlərdəndir. Bu filmləri Azərbaycanın tarixinə biganə olmayan hər bir şəxsin dəfələrlə izləmək və filmlərin ssenari müəllifinin kimliyi ilə tanış olmaq imkanı olmuşdur. Eyni zamanda, bu filmlərdən akademik nəşrlərin və mənbələrin (dərslik və ensiklopediyaların) mütləq əksəriyyətində “bədii” sözü işlədilmədən, sadəcə film olaraq bəhs edilir (məsələn, Azərbaycan Sovet Ensiklopediyası Vİİ cild. Bakı, 1983. səh. 231, Ali məktəblər üçün Vİİ cildlik Azərbaycan tarixi Vİİ cild. Bakı, 2007. səh. 185, Ümumtəhsil müəssisələrinin 9-cu sinifləri üçün Azərbaycan tarixi, Bakı, 2020. səh. 163, Ümumtəhsil müəssisələrinin 11-ci sinifləri üçün Azərbaycan tarixi, Bakı, 2019. səh. 163, Dövlət Vergi Xidmətinin internet saytında yerləşdirilmiş və imtahana hazırlaşmaq üçün təqdim edilmiş yeganə vəsait olan Tarix vəsaiti, Bakı, 2023. səh. 361, Azərbaycan Kinematoqrafçılar İttifaqının internet saytında “Nəsimi” filmindən bəhs edən məqalə, link https://aki.az/nəsimi- filmi-bərpa-olunub/. Qeyd olunan bütün mənbələrin surəti rəyə əlavə olunur). Belə mənbələrin sayı yüzlərlədir. Yazıçı Anarın ssenari müəllifi olduğu qısametrajlı sənədli filmdən isə heç bir rəsmi mənbədə sadəcə film olaraq bəhs edilmir. Bu filmdən bəhs edən bütün rəsmi mənbələrdə filmin növü göstərilməklə “sənədli” ifadəsindən istifadə edilmişdir. İmtahanda təqdim edilən tapşırıqda isə “sənədli” ifadəsindən istifadə edilməmişdir. Mərkəz tərəfindən keçirilən imtahanlarda istifadə edilən tapşırıqlar, ilk növbədə dərsliklərə və akademik nəşrlərə əsaslanır. “Nəsimi” qısametrajlı sənədli filmi “Nəsimi” filmi ilə müqayisədə xeyli dərəcədə qeyripopulyar olsa da, bu ekran əsərlərinin hər ikisindən bəhs edən az sayda eyni mənbəyə də rast gəlmək mümkündür. Bu mənbələrdə belə, “Nəsimi” bədii filmindən sadəcə film, “Nəsimi” sənədli filmindən isə sənədli film olaraq bəhs edildiyini açıq şəkildə görə bilərik. Məsələn, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 229 nömrəli tam orta məktəbdə Nəsimi yaradıcılığının təhlili ilə bağlı xəbərdə deyilir. ... “Nəsimi” filmindən fraqmentlər nümayiş etdirildi. Nəsimi haqqında sənədli filmlərdən nümunələr verildi.” Link https://bakimektebleri.edu.az/229/az/news/read/78414. Bundan başqa, İ.Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “Klassik Azərbaycan ədəbiyyatı: dil, üslub ideya problemləri” adlı konfransın materiallarına müraciət edək (Bakı, 6-7 dekabr 2019). Burada doktorant Mikayılov Ülvi tərəfindən təqdim olunmuş məqalə belə adlanır: “Nəsimi düşüncələrinin ictimailəşməsində “Nəsimi” filminin və “Məhşər” romanının rolu”, səh. 225. Eyni konfransda dissertant Rüstəmova Aysel tərəfindən təqdim olunmuş digər məqalə isə belə adlanır: “Milli kino sənətində İmadəddin Nəsiminin həyat və yaradıcılığı. “Nəsimi” sənədli filminin motivləri əsasında”, səh. 235. (Hər iki mənbə rəyə əlavə olunur.) Beləliklə, yuxarıda verilən nümunələr və akademik nəşrlərə, mənbələrə əsaslanaraq əminliklə deyə bilərik ki, test tapşırığının tərtibində hər hansı yanlışlığa yol verilməmişdir. Test tapşırığının test metodologiyası baxımından izahı. Məlum olduğu kimi, ümumi dünyagörüşü də daxil olmaqla ictimai elmlər üzrə bilikləri yoxlayan test tapşırıqlarında yanlış cavabların doğru cavabdan uzaqlıq dərəcəsi eyni olmur. Belə ki, bu tapşırıqlarda yeganə birmənalı doğru cavab verilməklə bərabər, mütləq tapşırıq vasitəsilə yoxlanılan bilikləri tam mənimsəməmiş və ya qismən mənimsəmiş namizədləri də digər namizədlərdən ayırd edə bilən cavab variantlarına yer verilir. Buna görə də belə tapşırıqlara doğru cavab vermək üçün bütün cavab variantları diqqətlə oxunmalıdır. Yalnız yetərli məlumatlılıq səviyyəsinə malik namizədlər bu cavab variantları içərisindən yeganə doğru cavab variantını seçə bilərlər. Bu baxımdan təqdim olunmuş test tapşırığının yeganə birmənalı və doğru cavabı vardır. Çünki ölkəmizin kino tarixində yeganə “Dədə Qorqud” filmi var və onun da ssenari müəllifi Anardır. “Nəsimi” sənədli filmindən müqayisəyəgəlməz dərəcədə populyar olan və ssenari müəllifi İsa Hüseynov olan “Nəsimi” filmi haqqında məlumatlı hər hansı bir namizəd heç vaxt “Nəsimi” cavabını doğru cavab kimi götürə bilməz. “Nəsimi filmi” ifadəsinin elmi-metodiki baxımdan doğru bir ifadə olduğunu yuxarıda verilən nümunələr əsasında izah etmişik. Əgər namizəd “Nəsimi” filminin ssenari müəllifinin İsa Hüseynov, “Nəsimi” sənədli filminin ssenari müəllifinin Anar olduğunu bilsə belə, onda bu cavabın birmənalı doğru yox, qiymətləndirilməsi mümkünsüz cavab olduğunu müəyyən edə bilərdi. Qeyd etmək istərdik ki, bu suala “Babək” cavabını seçmiş namizəd verbal məlumatlarla bağlı test tapşırıqlarında verilən məlumatlar əsasında təklif edilən cavab variantlarının “doğru”, “yanlış”, “qiymətləndirilməsi mümkünsüz” cavablar ola biləcəyini, yəni test tapşırığının doğru cavabı ilə (doğru hesab edilməyən) qiymətləndirilməsi mümkün olmayan cavabının fərqli olmasını bilir. Bu faktlar göstərir ki, iddiaçı bu suala cavab vermək üçün lazım olan yetərli dünyagörüşü məlumatlarına malik olmamış, tamamilə yanlış seçdiyi “Babək” cavabına rəğmən, test tapşırığının iki doğru cavabının olması haqqında iddia ilə məhkəməyə müraciət etmişdir.

2. A variantı, 9 saylı test tapşırığı ilə bağlı. Test tapşırığı aşağıdakı kimidir: Əhali sayının dəyişməsi yalnız təbii artımdan (doğulanların sayı ilə ölənlərin sayı arasındakı fərqdən), daimi yaşamaq üçün gələnlərin və daimi yaşamaq üçün gedənlərin sayından asılıdır. 2016-2020-ci illər ərzində Yardımlı rayonu üzrə əhalinin sayını və təbii artımı (min nəfərlə) ilin sonuna göstərən diaqramdan istifadə etməklə tapşırığı yerinə yetirin. Yardımlı rayonu üzrə əhalinin sayı və təbii artımı, ilin sonuna min nəfərlərlə

2017-2020-ci illəri əhatə edən dövrün yalnız bir ilində daimi yaşamaq üçün Yardımlı rayonuna gələnlər və oradan eyni məqsədlə gedənlərdən çox olmuşdur. Həmin ildə daimi yaşamaq üçün gələnlərin və gedənlərin say fərqini müəyyən edin. A) 39; B) 7; C) 42; D) 3; Test tapşırığının şərtindən görünür ki, diaqram 2016-2020-ci illər ərzində Yardımlı rayonu üzrə 2 göstəricini — əhalinin sayını və təbii artımını (min nəfərlə) göstərir. Diaqramda da sütunlar 2 cür rənglənmişdir və aydın görünür ki, boz rəngli sütunların ölçüləri qara rəngli sütunların ölçülərindən daha böyükdür. Əhali sayının təbii artımdan böyük olması başadüşülən və birmənalıdır. Buna görə də diaqramın aşağı hissəsində “əhalinin sayı”nın qarşısındakı şəffaf kvadratın rənginin müəyyənləşdirilməsi (tapşırığın bir hissəsi də elə budur) heç bir çətinlik yaratmır. Testin həlli aşağıdakı kimidir: (X ilinin sonunda Yardımlı rayonu üzrə əhalinin sayı)=((X-1) ilinin sonundakı say)+ (X ilindəki təbii artım)+(X ilində daimi yaşamaq üçün gələnlərin və gedənlərin say fərqi). (X ilində daimi yaşamaq üçün gələnlərin və gedənlərin say fərqi)=(X ilinin sonunda Yardımlı rayonu üzrə əhalinin sayı)-(((X-1) ilinin sonundakı say)+ (X ilindəki təbii artım)). 2017-ci ilin sonunda gələn və gedənlərin say fərqi 66100-(65200+983)=66100- 66183= - 83. 2018-ci ilin sonunda gələn və gedənlərin say fərqi 67000-(66100+942)=67000- 67042= - 42. 2019-cu ilin sonunda gələn və gedənlərin say fərqi 68000-(67000+997)=68000- 67997= + 3. 2020-ci ilin sonunda gələn və gedənlərin say fərqi 68800- (68000+839)=68800-68839= - 39. Yalnız 2019-cu ildə daimi yaşamaq üçün Yardımlı rayonuna gələnlər oradan eyni məqsədlə gedənlərdən 68000-67997= 3 nəfər çox olmuşdur. Doğru cavab D bəndidir. Test tapşırığındakı yeganə və kiçik qüsur tapşırığın sual hissəsində “2017-2020-ci illəri əhatə edən dövrün yalnız bir ilində daimi yaşamaq üçün Yardımlı rayonuna gələnlər oradan eyni məqsədlə gedənlərdən çox olmuşdur” əvəzinə “2017-2020-ci illəri əhatə edən dövrün yalnız bir ilində daimi yaşamaq üçün Yardımlı rayonuna gələnlər və oradan eyni məqsədlə gedənlərdən çox olmuşdur” qeyd olunmasıdır. Bu həmin test tapşırığının namizəd tərəfindən başa düşülməsinə və yerinə yetirilməsinə mane ola bilməz, çünki şərt başadüşüləndir. Namizəd tərəfindən test tapşırığının səhv cavabının doğru cavab kimi seçilməsi də onun tapşırığı başa düşməsini göstərir. Namizədin sual kitabçasına baxış nəticəsində müəyyən olunmuşdur ki, “Rəqəmsal məlumatlarla işləmək” bacarığı üzrə təqdim olunan 10 tapşırıqdan heç birini doğru həll edə bilməmiş, cavabları təsadüfi olaraq seçmiş və nəticədə 10 sualdan 4 cavabı təsadüfən doğru, 6 cavabı səhv çıxmışdır. Ona görə də hesab edirik ki, namizədin tapşırığın şərtini başa düşməməsi haqqında iddiası əsassızdır, çünki cədvəl və diaqramlara aid 10 tapşırıqdan heç birini həll edə bilməmişdir, yalnız təsadüfi cavablar seçərək səhv cavaba görə cərimə olmamasından sui-istifadə etmişdir.” Məhkəmə verilən sualları və onun açıqlaması ilə bağlı mütəxəssis rəyini nəzərdən keçirərək hesab edir ki, dövlət orqanının bu qiymətləndirməsi qəbul ediləndir. Belə ki, dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən test imtahanında verilən ümumi dünyagörüşü ilə bağlı suallar namizədin dünyagörüşü məlumatının ölkədə və cəmiyyətdə baş verən mühüm hadisələrə münasibətdə hansı ölçüdə olmasını müəyyən etmək məqsədilə verilir. Burada dünyagörüşü Azərbaycan tarixi, coğrafiya, mədəniyyət və ədəbiyyat sahələri üzrə ümumi bilikləri əhatə edir. Bu zaman həmin sahə üzrə spesifik suallar deyil, mühüm əhəmiyyət kəsb edən hallarla bağlı ümumi xarakterli suallar tərtib edilir. İddiaçının mübahisələndirdiyi A variantı, 77-ci sualdan (B variantı, 69-cu sual) görünür ki, orada yazıçı Anarın ssenari müəllifi olduğu film soruşulmuşdur. İddiaçı Anarın həm “Dədə Qorqud” bədii filminin, həm də “Nəsimi” sənədli filminin ssenari müəllifi olduğunu bildirməklə həmin sualda iki düzgün cavabın olduğu iddia edir. Doğrudur, yazıçı Anarın “Dədə Qorqud” bədii filmi ilə yanaşı 1971-ci ildə çəkilmiş Nəsimidən bəhs edən qısametrajlı sənədli filmin də ssenari müəllifi olması mübahisəsizdir. Lakin məhkəmə hesab edir ki, bu hal mübahisəli sualın düzgün olmaması qənaətinə gəlmək üçün hələ kifayət deyildir. Çünki sualda sənədli film deyil, məhz bədii filmdən bəhs olunması aşikardır. Belə ki, birincisi, sualda qeyd olunan digər cavabların hamısı bədii filmdir, bu isə sualı oxuyan şəxsdə, ondan sənədli deyil, məhz bədii filmin soruşulması fikirini yaradır. İkincisi, sualda göstərilən bütün filmlər Azərbaycan kinematoqrafiyasında xüsusi yeri olan, hamıya bəlli olan filmlərdir və əgər sənədli film olması xüsusi qeyd edilmirsə, həmin adlar (o cümlədən Nəsimi) çəkildikdə, bədii filmdən bəhs edilməsi hamıya bəlli olan hal olmaqla həyatın normal axarına uyğundur. Üçüncüsü, rəydə də göstərildiyi kimi, sualların hazırlanması üçün istifadə edilən mənbələrdə “Nəsimi” bədii filmindən sadəcə film, “Nəsimi” sənədli filmindən isə sənədli film olaraq bəhs edilmişdir. Bu zaman o da nəzərə alınmalıdır ki, həmin sual mədəniyyət sahəsi üzrə hər hansı bir vəzifəyə qulluğa qəbul üçün nəzərdə tutulan test imtahanında iştirak edən şəxsin ixtisası üzrə biliyinin yoxlanması məqsədilə deyil, dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün ümumi dünyagörüşünü ölçmək məqsədilə hazırlanmışdır. A variantı, 9-cu suala (B variantı, 15-ci sual) gəldikdə, iddiaçı həmin sualda “və” bağlayıcısının düzgün işlədilməməsi və ağ rəngli qrafikin olmamasına istinad edərək, sualın səhv olduğunu bildirmişdir. Məhkəmə həmin sual ilə bağlı iddiaçının bu iradları ilə razılaşır. Lakin qeyd edilməlidir ki, hər hansı bir sualın səhv, yaxud qeyri-düzgün tərtib edilməsi nəticəsinə gəlmək üçün ilk əvvəl yol verilən yanlışın sualın düzgün cavabının tapılmasına təsirini müəyyən etmək lazımdır. Belə ki, verilən sual “Rəqəmsal məlumatlarla işləmək” bacarığının müəyyən edilməsi məqsədilə tərtib edilmişdir və tərtib edilən qrafikdə ağ qrafa əvəzinə boz qrafadan istifadə edilməsi həmin sualın cavabına hər hansı bir təsir əhəmiyyətinə malik deyildir. Çünki qrafikdə cəmi iki rəngdən istifadə edilmiş, rənglərdən biri açıq-aşkar qara rəng olmuş, belə olan halda digərinin ağ rəngi təmsil etməsi şübhə doğurmamışdır. Həmçinin sualda “və” bağlayıcısının düzgün işlədilməməsinin sualın cavablandırılmasına təsiri müəyyən edilmir və həmin sualla namizədən soruşulanın nədən ibarət olduğunu müəyyən etmək mümkündür. Buna görə də məhkəmə hesab edir ki, hazırkı işin hallarına əsasən iddiaçının tələbinin təmin edilməsi üçün əsas olmadığından iddia təmin edilməməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar