Məhkəmə qərarları › İş №e-2-1(112)-4663/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4663/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4663/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyasının yenidən hesablanması üçün ona aid məlumat vərəqində əmək haqqı qrafasında 60% aldığı məbləği göstərilməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndrilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DGK tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqində işlədiyi illər boyu və aldığım vəzifə ştatına uyğun aylıq məvacibinə əlavə 60% mavacibi məlumat vərəqində göstərilmədən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ümumiyyətlə hesab edirəm ki, DGK məlumat vərəqəsini düzgün tərtib etməyərək hüquqlarını pozmuşdur. 30 noyabr 2018-ci il№ 1362-VQD “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunun 1.0.5 maddəsində dəyişikliyə əsasən(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) sözləri əlavə edildi. Qanun xx.xx.2019 ildə qanuni qüvvəyə mindi. Qeyd etmək istəyirəm ki, qanun qüvvəyə mindiyi günə görə qanunla tələb edilən 20 təqvim ilində artıq iş stajım olduğu üçün, artıq mənim təqaüdə çıxmaq hüququm yaranmışdır, və qeyd edilən qanunda dəyişiklik, onun illər boyu aldığı aylıq məvacib və əlavələr (yani 60%) və onlardan ödədiyim məcburi sosial sığorta haqqına baxmayaraq, iddiaçının konstitusiyon və sair aidiyyəti hüquqları pozulmuş oldu. Daha sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qararı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası ”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarının 1-ci hissəsində “Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir” dəyişilik edərək və həmin qərarın 2-ci hissəsinə əsasən “2023 yanvarın 1” sözləri “Bu Qərar2022-ci il iyulun 1-dən qüvvəyə minir” sözləri ilə əvəz edildi. Bu dəyişikliyə əsasən, əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan ona aid məlumat vərəqində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən (01 Yanvar 2023-cü ilə qədər qüvvədə olan sözlər (sonrakı artımlar da nəzərə alınmaqla)) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən vəzifə maaşında yenidən hesablama apararaq məlumat vərəqəsinidə düzəliş edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-un Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndrilməsi xahiş etmişdim, müraciətlərimə baxmayaraq məsələ öz həllini tapmadı. Belə ki, DGK son müraciətinə əsasən 3-33/2-N-001922/1-42/2024 saylı xx.xx.2024 il tarixli cavab məktubunda “qanunvericiliyə uyğun olaraq 1 yanvar 2019-cu il tarixdən 1 iyul 2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiyaya çıxmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilməmişdir və bu səbəbdən həmin dövrü nəzərə alaraq Sizə yenidən pensiyanın hesablanması və “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan Məlumat vərəqi”nin tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi qanunvericiliklə mümkün deyildir.”bir neçə Azərbaycan Respublikası Qanunlarına zidd olaraq cavablandırmışdı. Qanunda dəyişiklik zamanı şəxsin hüquqi vəziyyətini pisləşdirən yeni norma, onun əvvələr əldə etdiyi hüquqlara təsir edə bilməz prizmasının,DGK tərəfindən göndərilən məlumat vərəqəsində aldığı 60% mavacibin göstərilməməsi ilə pozulmuşdur. xx.xx.2019 ilə qədər və xx.xx.2022 ildən sonra təqaüdə çıxan şəxslər və xx.xx.2019 ildən xx.xx.2022 ilə gədər çıxan şəxslər 60% məvacibdən, məcburi dövlət sığorta haqqı ödəyib lakin birinə pensiya çıxarkən hesablanır 60%, digərinə bu illərin ortasında çıxan şəxslərə isə hesablanmır 60%. Bir idarədə, bir vəzifədə, bir aylıq vəzifə maaşı alan şəxslər arasında pensiyada yaranan boyük fərq Azərbaycan Respublikası Konstitusinın 25-ci maddəsini, hüquq bərəbərliyini və insan hüquqlarını kobudcasına pozmaq deməkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli 1000/183Ş nömrəli Komitə sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Filiala təqdim olunması qaydalarını müəyyən edir. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikasının 1999-cu il 07 dekabr tarixli 768-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. Həmin Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tətbiqinə dair münasibətdə “Normativ hüquqi aktın geriyə qüvvəsi yoxdur. Bunun mahiyyəti ondan ibarətdir ki, məhkəmə, normativ hüquqi aktı, onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara (münasibətlərə), bu faktların yaratdığı hüquqi nəticələri dəyişmək və ya ləğv etmək məqsədilə tətbiq edə bilməz. Normativ hüquqi akt, onu qəbul edənin diktəsidir, bu isə yalnız gələcək zamana təsir edə bilər.” qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarının 2-ci bəndində bu qərarın xx.xx.2022-ci il tarixdən qüvvəyə minməsi qeyd olunmuşdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 85.1-ci maddəsində Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Həmin qanunun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyrimüəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. İşin mübahisəsiz hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə pensiya təyin edilsə də iddiaçının barəsində tətbiq edilməsini arzuladığı akt xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçı barəsində cavabdeh tərəfindən tərtib edilmiş məlumat vərəqəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 avqust tarixli 135 nömrəli Qərarına uyğun olaraq hazırlanmış və Filiala təqdim edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçı barəsində Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş məlumat vərəqəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 avqust tarixli 135 nömrəli Qərarına uyğun olaraq hazırlanmış və Filiala təqdim edilmişdir. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz. İddiaçının cavabdehə qarşı hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən olunmur. Buna görə də iddiaçının cavabdehə qarşı olan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının İPM-nin müvafiq maddələrini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçının gömrük orqanlarında xidmətinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarı ilə Dövlət Gömrük Komitəsinin məlumat vərəqəsi əsasında pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq təminat xərcliyinə büdcədənkənar vəsaiti hesabına hesablanan əlavələr və digər ödənişlər daxil edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 21 aprel tarixli 170 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında edilmiş dəyişikliyin ona münasibətdə nəzərə alınaraq yeni məlumat vərəqəsinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;-hazırda qüvvədə olan redaksiya (1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;-xx.xx.2019-cu il tarixli Qanuna əsasən edilmiş dəyişiklikdən sonrakı redaksiya) 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. ... 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası: 1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) hesabına köçürülən vəsaitlərdən (bundan sonra - vəsait) istifadə qaydasını müəyyən edir. 1.2. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir. 1.3. Vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.-iddiaçı pensiyaya çıxdığı zaman qüvvədə olan redaksiya (1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.-xx.xx.2022-ci il tarixli Qərarla edilmiş dəyişiklikdən sonrakı redaksiya) 1.4. Vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur və Komitənin sərəncamındadır. Vəsaitin sərəncamçısı dəyişdirilə bilməz. 1.5. Vəsaitdən kommersiya fəaliyyətinə sərmayələr qoyulmur və kreditlər verilmir. 1.6. Vəsaitin xərclənməsinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) nəzarət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir;

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. İşin müəyyən edilmiş hallarına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2019-cu il tarixdə edilmiş dəyişikliyə əsasən təminat xərcliyinin tərkibinə daxil edilən kompenentlər sırasından büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna edilmişdir. İddiaçının xidmətdən buraxıldığı günə qanunvericiliyə uyğun olaraq hərbi qulluqçu kimi pensiya təyin edilərkən tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq təminat xərcliyinə büdcədənkənar vəsaiti hesabına hesablanan əlavələr və digər ödənişlər daxil edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında müvafiq dəyişiklik edilmişdir. Qeyd edilən dəyişikliklə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edildiyi nəzərdə tutulmuşdur. Bu dəyişikliklə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına verilən əlavə təminat xərcliyinə daxil edilmişdir. Qeyd edilən dəyişiklik 1 iyul 2022-ci il tarixdə qüvvəyə minmiş və həmin müddətdən sonra yaranan münasibətlərə şamil edilir. Beləliklə, qanunvericiliyə əsasən 01 yavar 2019-cu il tarixdən 01 iyul 2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiyaya çıxmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlaələr təminat xərcliyinə daxil edilməmişdir. Hazırkı iddia ilə iddiaçı xx.xx.2022-ci il tarixli Qərarla edilmiş dəyişikliyin ona da şamil edilməli olduğu qənaətindədir. İddiaçı tələbini onun vəziyyətini yaxşılaşdıran hüquqi aktın qüvvəsinin geriyə şamil edilməli olması ilə əsaslandırır. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının istinad etdiyi Qərarda onun 1 iyul 2022-ci il tarixdən qüvvəyə mindiyi qeyd edilmişdir. Həmin Qərar yalnız qüvvəyə mindikdən sonra sonra yaranan münasibətlərə şamil edilir və geriyə tətbiq edilmir. Çünki həmin müddəa yeni prosedur qaydası müəyyən edir. Bu qayda ilə Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilməsi nəzərə alınır. Odur ki, həmin tarixədək ödənilən əmək haqqına əlavənin mənbəyi “büdcədənkənar” hesab edilmiş, qeyd edilən tarixdən sonra isə müvafiq ödənişlər dövlət büdcəsinə köçürüldüyündən “dövlət büdcəsi” vəsaiti hesabına aparılan ödəmələr hesab edilir. Beləliklə, qeyd edilən normaların təhlilinə əsasən məhkəmə müəyyən edir ki, qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilmir və əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən nəzərə alınmır. Belə ki, qeyd edildiyi kimi həmin əlavələr qeyd edilən tarixədək büdcədənkənar vəsaitlər, müvafiq dəyişiklikdən sonra isə (ödənişin statusu dəyişərək) dövlət büdcəsi vəsaiti hesabına verilən ödəniş hesab edilmişdir. İddiaçının xidmətinə xx.xx.2022-ci il tarixdə xitam verildiyindən və bu halda onun təminat xərcliyi xidmətinə xitam verildiyi dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq hesablanması və buna müvafiq məlumat vərəqinin verilməsi əsaslı olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar