Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4685/2025 01.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə iddiaçı 27 oktyabr 1997-ci ildə Pakistanın Kəraçi şəhərində anadan olmuş İddiaçı qaçqın statusunun verilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı təyyarə ilə (Flydubai (FZ) 332) 7 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasına gəlmişdir. Vətəndaşı olduğu Pakistan İslam Respublikasını tərk etməsinə səbəb dini etiqadı üzrə mənsub olduğu şiə məzhəbinə görə həmin ölkədə ciddi təqiblərə məruz qalması, özü və ailəsinin həyatına qarşı təhdidlərin olması və vətənində yaşamağın hazırda qeyri-mümkün olması olmuşdur. Belə ki, iddiaçı 27 oktyabr 1997-ci ildə Pakistanın Kəraçi şəhərində müsəlman-şiə ailəsində anadan olmuşdur. Uşaqlıq və gənclik dövrlərində dini inancı (məzhəbi) ilə əlaqədar çətinliklərlə üzləşmiş, ailəsi və özü məhərrəm aylarında məscidlərə gedib ritualları yerinə yetirdiyinə görə fiziki, psixi təqiblərə, işgəncələrə məruz qalmışlar. Azərbaycan haqqında internet resurslarından məlumat əldə etmiş, Azərbaycan Respublikasında multikultural ab-havanın olduğunu anlamış, burada hər bir millətə, dinə, məzhəbə hər kəsin hörmətlə yanaşdığından, ayrı-seçkilik olmadığından xəbərdar olmuş, bu səbəbdən Azərbaycana gəlmiş, qaçqın olaraq ölkə də yaşamaq üçün müraciət etməyi qərara almışdır. İddiaçı 30 oktyabr 2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinin internet saytı vasitəsilə qaçqın statusunun alınması ilə bağlı müraciət etmiş, 5 noyabr 2024-cü il tarixdə isə müraciəti ilə əlaqədar Xidmətin inzibati binasında onunla görüş keçirilmişdir. Həmin görüş bitdikdə İddiaçı ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. 07 noyabr 2024-cü il tarixdə isə iddiaçının e-mail ünvanına Dövlət Miqrasiya Xidmətindən məktub daxil olmuşdur. Həmin məktubda qeyd edilmişdir: “Onun Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəsmi elektron poçt ünvanına daxil olmuş 30 oktyabr 2024-cü il tarixli, 3-37/1-A-87xx-xx/2024 nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Müraciətdə qeyd edilən məsələ ilə bağlı 5 noyabr 2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinin inzibati binasında görüş keçirilərək qanunvericiliyin tələbləri izah edilmişdir. İddiaçı bildirdiyinə əsasən onun müraciətinə faktiki olaraq imtina verilmiş, lakin məhkəməyə və ya digər orqana müraciət edilməsi qaydası izah edilməmiş, onun həqiqətdən Azərbaycan Respublikasında qaçqın statusuna ehtiyacının olduğu tam olaraq araşdırılmamış, imtina obyektiv və ədalətli mövqe olmamışdır. Bu səbəbdən hesab edilir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə 27 oktyabr 1997-ci ildə Pakistanın Kəraçi şəhərində anadan olmuş İddiaçı qaçqın statusunun verilməsi öhdəliyinin qoyulması zərurəti yaranmışdır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onun heç bir hüquqi əsası yoxdur. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2024-cü il tarixdə DMX-yə müraciət edərək xx.xx.2024cü il tarixədək olduğu yer üzrə qeydiyyata alınmışdır. Sonradan əcnəbi sui-istifadə edərək ölkə ərazisində daha artıq qalmaq üçün olma müddətinin bitməyinə 7 gün qalmış, yəni xx.xx.2024-cü il tarixdə DMX-yə elektron müraciət ünvanlayaraq ona qaçqın statusunun verilməsini xahiş etmişdir. İddiaçı Xidmət əməkdaşları tərəfindən DMX-yə dəvət edilərək onunla qanunvericiliyin tələbləri əsasında söhbət aparılmışdır. İddiaçı ilə söhbət zamanı onların qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, yəni ilkin uyğunluq aşkar edilmədiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü bəndinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlməsi nəzərlərinə çatdırılmaqla onlara qanunvericiliyin tələbləri izah olunmuş və bununla bağlı şəxslərə rəsmi qaydada cavab məktubu göndərilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. Tədqiq edilən sübutlar Azərbaycan Respublikası Dövlət Miqarasiya Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-37/2-A-8768-xx-xx-11130/24 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəsmi elektron poçt ünvanına daxil olmuş 30 oktyabr 2024-cü il tarixli, 3-37/1-A-87xx-xx/2024 nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətə aidiyyəti üzrə baxılmışdır. Müraciətdə qeyd edilmiş məsələ ilə bağlı 5 noyabr 2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinin inzibati binasında onunla görüş keçirilərək qanunvericiliyin tələbləri izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15(103)-29/2025 saylı xx.xx.2025-ci il tarixli ərizəçi İddiaçı “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” qərardadına əsasən apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 15(112)-566/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və ərizənin mümkün sayılmaması qərara alınmışdır. IV. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdeh Dövlət Miqrasiya Xidmətinin üzərinə qoymağı tələb etdiyindən, hazırki iddia məcburetməyə dair iddiadır. İddia mümkündür. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: - 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. - 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göründüyü kimi, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Bu səbəbdən cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməsi ilə məhdudlaşdırılır. Ərizəçi mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğuna dair sübut olaraq yalnız fotşəkilə və izahatına istinad edir. Həmin şəkillərdə əsaslı təqib qənaətinə gəlməyə imkan verən nəticə əks olunmamışdır, habelə hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər. İnzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı qeyd edilən əsaslı təqib qorxusu müəyyən etməmişdir, hazırda da müəyyən olunmur və məhkəmə hesab edir ki, cavabdehin gəldiyi qənaət əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2-1(112)-4685/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4685/2025
01.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver