Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4687/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1964-cü il təvəllüdlür. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur (02 il 13 gün). ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X2 1 saylı tara sexi üzrə fəhlə (01 il); - xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Azərbaycan SSR Quba rayonu Sabir adına sovxozda fəhlə (01 ay 22 gün); - xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Bakı ş. 22 saylı OTPM-də təhsil (05 ay 22 gün); - xx.xx.1985-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Abşeron Quraşdırma İdarəsində quraşdırıcı çilingər (11 il 04 ay 29 gün); - xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" SC Xüsusiləşdirilmiş Enerji- Təmir Müəssisəsi Abşeron Quraşdırma İdarəsində quraşdırıcı çilingər (05 il 02 ay 01 gün); - xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərbaycan DRES-də çilingər (01 il 02 ay 16 gün); - xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək (xx.xx.2006-cı il tarixədək 03 il 05 ay 09 gün) "xxxx" Birgə Müəssisəsində boruçu (06 il 10 ay 13 gün); - xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixdən "xxxx" ASC “STP Tikinti Layihəsinin” Quraşdırma sahəsində boru quraşdırıcısı (03 il 01 ay 13 gün); - xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-də boru quraşdırıcısı (01 il 14 gün); - xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" Birgə Müəssisəsində konstruksiya quraşdırıcısı (ayaqaltı), xx.xx.2015-ci il tarixdən ayaqaltı işləri üzrə nəzarətçi (02 il 10 ay 15 gün); - xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində ayaqaltı işləri üzrə nəzarətçi (01 il 06 ay 13 gün); - xx.xx.2018-ci il tarixdən hal-hazıradək "xxxx" Birgə Müəssisəsində nəzarətçi vəzifəsində işləyir. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir: “...Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" MMC-nin Sizə dair 15 fevral 2024-cü il tarixli AZF-2024/21-K nömrəli arayışında xx.xx.2002xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə boruçu, "xxxx" ASCnin 13 fevral 2024-cü il tarixli 01-PH/76 nömrəli arayışında xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində boru quraşdırıcısı, "xxxx" MMC-nin 22 fevral 2024-cü il tarixli 06 nömrəli arayışında xx.xx.2012-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində boru quraşdırıcısı vəzifələrində işlədiyiniz qeyd olunub. Lakin sözügedən arayışlarda boruçu və boru quraşdırıcısı vəzifələrində işlədiyiniz müddətdə sənaye dəmir-beton boruların çəkilməsi ilə məşğul olub-olmamağınız barədə hər hansı məlumat qeyd olunmayıb. Bundan başqa, "xxxx" MMC-nin Sizə dair yuxarıda qeyd olunan arayışında xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə kontruksiya quraşdırıcısı, xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində isə ayaqaltı işləri üzrə nəzarətçi vəzifələrində işlədiyiniz qeyd olunub. Lakin, sözügedən arayışda konstruksiya quraşdırıcısı vəzifəsində işlədiyiniz müddətdə polad və dəmir-beton konstruksiyaların quraşdırılması ilə məşğul olub-olmamağınız barədə hər hansı məlumat göstərilməyib, həmçinin işlədiyiniz ayaqaltı işləri üzrə nəzarətçi vəzifəsi isə iş icraçıları vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də güzəştli iş stajınız 12 il 6 aydan az (1 il 2 ay 16 gün (xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işləmişdir. 01 yanvar 2006-cı il tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 № li siyahı ilə müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 ay işlədiyi və 25 il ümumi iş stajı olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh qeyri-qanuni və əsassız olaraq müxtəlif bəhanələr göstərməklə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə qeyri-qanuni və əsassızdır. Belə ki, iddiaçı 12 il 6 aydan da artıq müddətə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işləmişdir. Ona görə də hesab edir ki, cavabdehin güzəştli şərtlərlə yaşa görə ona pensiya təyin etməkdən imtinası tamamilə qeyri-qanuni və əsassızdır və cavabdehin bu imtinası ilə onun hüquqlarını kobud şəkildə pozmuşdur. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Əmək Pensiyaları haqqında Qanun: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin təhlilindən göründüyü kimi o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 57 yaşına çatmış olsun; həmin şəxs xx.xx.2006-cı il tarixə azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını istehsalatların, Azərbaycan Respublikası Nazirlər Kabinetinun 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinun 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda əksini tapmış işlərdə işləmiş olsun. İş üzrə icraat materiallarına əlavə edilmiş İddiaçı məxsus əmək kitabçasının və hərbi biletin surətinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi stajı mövcud deyildir. İddiaçı xx.xx.2006-ci il tarixədək 12 il 06 ay güzəştli iş stajı daxil olmaqla 25 il ümumi iş stajını toplamasa da, xx.xx.2017-ci il tarixədək bu stajı toplaması aşağıdakı şərtlər də ödənildiyi halda, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək olan redaksiya) əsasən 3 şərtin ödənilməsi tələb olunur: 1) xx.xx.2017-ci il tarixədək 57 yaşının tamam olması; 2) həmin tarixədək azı 25 il ümumi; 3) azı 12 il 6 ay xüsusi iş stajına malik olması. İş üzrə icraat materiallarına əlavə edlmiş İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. Lakin, İddiaçı 57 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur. Əlavə olaraq iddiaçının güzəştli iş stajına münasibətdə bildirilir ki, xx.xx.2017-ci il tarixədək qanunvericiliklə tələb olunan güzəştli iş stajı da mövcud olmamışdır. İddiaçı güzəştli iş stajına daxil edilməsini tələb etdiyi illər "xxxx" MMC tərəfindən tərtib edilmiş 15 fevral 2024-cü il tarixli AZF2024/21-K nömrəli arayışda xx.xx.2002-xx.xx.2009cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə boruçu, "xxxx" ASC-nin 13 fevral 2024-cü il tarixli 01-PH/76 nömrəli arayışında xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində boru quraşdırıcısı, "xxxx" MMC-nin 22 fevral 2024-cü il tarixli 06 nömrəli arayışında xx.xx.2012-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində boru quraşdırıcısı vəzifələrində işlədiyi illərdir. Qeyd olunan dövrlərə münasibətdə bildirlir ki, sözügedən arayışlarda iddiaçının boruçu və boru quraşdırıcısı vəzifələrində işlədiyi müddətdə sənaye dəmir-beton boruların çəkilməsi ilə məşğul olub-olmadığı barədə hər hansı məlumat qeyd olunmamışdır. Bundan başqa, "xxxx" MMC tərəfindən tərtib olunmuş yuxarıda qeyd olunan arayışda iddiaçının xx.xx.2014-cu il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr ərzində həmin müəssisədə kontruksiya quraşdırıcısı, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində isə ayaqaltı işləri üzrə nəzarətçi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən arayışda iddiaçının konstruksiya quraşdırıcısı vəzifəsində işlədiyi müddətdə polad və dəmir-beton konstruksiyaların quraşdırılması ilə məşğul olubolmamadığı barədə hər hansı məlumat göstərilməyib, həmçinin işlədiyi ayaqaltı işləri üzrə nəzarətçi vəzifəsi isə iş icraçıları vəzifəsinə uyğun deyil. İddiaçının qanunvericiliklə tələb olunan ümumi iş stajı 25 ildən azdır. Həmçinin, oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1(102)-1410/2021, 2-1(102)-131/2022, 2-1(102)-1399/2023 №-li işlər üzrə qərarlar). Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, iddiaçı güşətli şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdir. Belə ki, onun 60 yaşı, 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq xüsusi iş stajı var. Sonda Vəkil iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə mübahisə üzrə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 60 yaşı, həmin tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün azı 25 il stajı (ümumi) və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə güzəştli iş stajı olmalıdır. İddiaçının 60 yaşı xx.xx.2024-cü il də tamam olmuşdur. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan bütün dövrləri, o cümlədən hərbi xidmət və təhsil dövrləri nəzərə aldıqda onun xx.xx.2024-cü il tarixədək ümumilikdə 42 ildən artıq iş stajı mövcuddur. Göründüyü kimi, iddiaçının xx.xx.2024-cü il tarixədək tələb olunan ümumi iş stajı 25 ildən çoxdur. 12 il 6 ay güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, həmin stajın mövcudluğu iş materillarına əlavə edilmiş arayışlarla öz təsdiqini tapır. Belə ki, məhkəmənin sorğusuna əsasən daxil olmuş "xxxx" MMC-nin AZF- 2024/339/L nömrəli xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir: “...İddiaçı xx.xx.2002-ci il tarixindən hal-hazırki dövrə kimi Azfen BM-in (hal-hazırda Azfen MMC-nin) layihələrində boruçu, konstruksiya quraşdırıcısı, ayaqaltı işləri üzrə nəzarətçi işində çalışmaqdadır və onun yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: • Polad dəmir-beton konstruksiyaların və sənaye dəmir-beton boruların quraşdırılması; • Polad dəmir-beton konstruksiyaların və sənaye dəmir-beton boruların quraşdırılması, yığılmasında istifadə olunan elementlərin (tavr, ikitavr, künclük və s.) növləri və tərkibləri haqqında məlumatın olması və iş əsanasında istifadəsi; • Polad dəmir-beton konstruksiyaların və sənaye dəmir-beton boruların quraşdırılması işlərinin icrası üçün lazımi bütün iş alətləri və avadanlıqlardan istifadəsi; • Polad dəmir-beton konstruksiyaların və sənaye dəmir-beton boruların işləri ilə bağlı cizgi və planın oxunması, izah edilməsi, cizgi əsasında metal hissələri və bütün növ polad, dəmir-beton detalların kəsimi, uyğunlaşdırılması, yerləşdirilməsi, tərkib hissələrinin quraşdırmasının təmin edilməsi; • Bütün növ tətbiq olunan odluqların, reduktorların, balonların istifadə qaydaları, nəzarət ölçü cihazlarının təyinatını və tətbiqini təmin etmək; • Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını, verilmiş cizgi və ya eskizlər əsasında metal detal, element, polad və dəmirbeton konstruksiyaların hazirlaması, hazırlanmış detal, element konstruksiyaları cizgi ilə tələb olunan yerlərdə koordinatla yerinə çəkilməsi; • Detal element və konstruksiyaların hazırlanmasında cilalayıcı elektrik avadanlıqlarından, deşmə avadanlıqlarından və qazla kəsən alətlərdən istifadə edilməsi; • Qapalı sahədə kəsmə zamanı ventilyasiya sisteminin quraşdırılması; • Polad və dəmir-beton konstruksiyaların cizgilər əsasında armofleks, xüsusi rezin, mineral, pambıq, kömür və s. odadavamlı izolyasiya materialları ilə izolyasiya edilməsi; • Polad dəmir-beton konstruksiyaların və sənaye dəmir-beton boruların şablonlarının işlənib hazırlanması, sınağı, yerləşdirilməsi və nişanlanması, o cümlədən flans birləşmələrdən istifadə edərək boru sistemlərinin birləşdirilməsi; • Polad dəmir-beton konstruksiyaların və sənaye dəmir-beton boruların kəsilməsi, konusvari və düz yonulması, cilalanması, zimpara ilə yonulmasi, parça ilə təmizlənməsi və yapışqanla birləşdirilməsi, istilik döşəkçələri ilə qurudulması, boltla bağlanan flans birləşmələrin quraşdırılması və bərkidilməsi; • İşçilərin ləvazimatlardan, fərdi mühafizə vasitələrindən, xüsusi geyimdən düzgün istifadə etmələrinə və onlar tərəfindən işlədilən alət və ləvazimatların mal, material, avadanlıq, inventarların yararsız hala salınmasına, korlanmasına, xarab edilməsinə yol verilməməsinə nəzarət etmək; • Sahədəki işin, digər tikinti proseslərinin əmək mühafizəsi və təhlükəsizlik qaydalarına, müvafiq təlimatların tələblərinə uyğun olaraq təşkil edilməsini təmin etmək; • Zərərli, partlayış təhlükəli materialların (maddələrin) təhlükəsizlik qaydalarının, müvafiq təlimatların tələblərinə uyğun olaraq istifadəsini təşkil etmək; • İşçilərin təhlükəsizlik qaydalarına və təlimatlarına riayət etmələrini təmin etmək; • Tabeliyində olan işçilər tərəfindən əmək intizamı üzrə qayda və təlimatlara riayət etmələrini təmin etmək; • İşdə nasaz və yararsız avadanlıqdan, mexanizmdən, alətlərdən, qurğulardan istifadə olunmasına yol verməmək; • İşçilərin səhhətinə, həyatına təhlükə yaradan amillərin aşkar edildiyi zaman işi saxlamaq, tabeliyində olan işçilərin xüsusi iş paltarlarından, ayaqqabılardan, mühafizə vasitələrindən istifadə etmədikləri, xəstə və sərxoş halda olduqları zaman onlan iş görməyə buraxmamaq; • Qəzaların və bədbəxt hadisələrin baş verdiyi halda rəhbərinə, SƏTƏM nümayəndəsinə məlumat vermək və işçini sahə tibb məntəqəsinə göndərmək. Əgər hadisə yeri işçilər üçün təhlükə yaratmırsa, onda iş yerini əvvəlki qaydada saxlamaq; • Baş vermiş bədbəxt hadisələrin səbəbləri barədə tabeliyində olan işçilərə məlumat vermək və bu səbəblərin nəticəsində baş verə biləcək hadisələrin qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi istiqamətində iş aparmaq; • Zəruriyət olduqda əmək şəraitini yaxşılaşdıran və ətraf mühitin çirklənməsinin qarşısını alan tədbirlər planının hazırlanmasında və yerinə yetirilməsində iştirak etmək; • İş yerinin normaya əsasən yanğınsöndürən avadanlıq və alətlərlə təciz olunmasına diqqət yetirmək. İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş yuxarıda göstərilən müvafiq bəndlərə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.” "xxxx" MMC-nin AZF-2024/21-K nömrəli xx.xx.2024-cü il tarixli güzəştli arayışında göstərilmişdir ki, “Verilir İddiaçı ona görə ki, o, həqiqətən Azfen MMC layihələrində aşağıdakı peşələrdə işləmişdir və hal-hazırda işləyir. Onun güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir: Sıra İşlədiyi dövr İşlədiyi peşə, vəzifələr və iş stajı №si Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının müvafiq maddə, başlıq və bəndləri
1. xx/xx/2002 Boruçu peşəsində 6 il 10 ay 13 gün 29-cu maddə " Bina, qurğu və digər obyektlərin inşası, xx/xx/2009 (altı il, on bir ay, on üç gün) yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" çalışmışdır. başlığı altında “Sənaye dəmir-beton borularının boruçəkənləri’'
2. xx/xx/2014 Konstruksiya quraşdırıcısı xx/xx/2015 peşəsində 1 il 2 ay 4 gün (bir il, iki ay, 29-cu maddə " Bina, qurğu və digər obyektlərin dörd gün) çalışmışdır. inşası,yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar bəndi Qeyd: Konstruksiya quraşdırıcısı peşəsi polad və dəmirbeton konstruksiyaların quraşdırılması peşəsi eyni işləri icra edir.
3. xx/xx/2015 29-cu maddə " Bina, qurğu və digər obyektlərin xx/xx/2016 inşası,yenidən qurulması, texniki təchizatı, bərpası və Ayaqaltı işləri üzrə nəzarətçi təmiri" başlığı altında vəzifəsində 1 il 8 ay 13 gün (bir il, b) mütəxəssislər bölməsinin iş icraçıları bəndi səkkiz ay, on üç gün) çalışmışdır. Qeyd: Ayaqaltı işləri üzrə nəzarətçi vəzifəsi “İş icraçıları”
4. xx/xx/2017 vəzifəsi ilə eyni işləri icra edir. xx/xx/2018 Ayaqaltı işləri üzrə nəzarətçi vəzifəsində 1 il 6 ay 14 gün (bir il, altı ay, on dörd gün) çalışmışdır.
5. xx/xx/2018 Hal-hazırda Ayaqaltı işləri üzrə nəzarətçi vəzifəsində 5 il 3 ay 14 gün (beş il, üç ay, on dörd gün) çalışmışdır.
6. Cəmi: 16 il 6 ay 27 gün (on altı il, altı ay, iyirmi yeddi gün)
İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş yuxarıda göstərilən müvafiq bəndə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.” Məhkəmənin sorğusuna əsasən daxil olmuş "xxxx" MMC-nin 001/0240/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “…İddiaçı "xxxx" MMC-də xx.xx.2012ci il tarixindən xx.xx.2014-cü il tarixinədək X1 1 №-li Quraşdırma sahəsinin Hazırlanma bölməsinin 6-cı dərəcəli boru quraşdırıcısı vəzifəsində işləmişdir. Həmin dövrdə İddiaçı əmək müqaviləsi rəsmiləşdirilərkən, əmək müqaviləsində “işçi aşağıdakı əmək funksiyanın icrasını öhdəsinə götürür bölməsində” “vəzifə təlimatlarına uyğun olaraq” sözləri qeyd edilmişdir. Lakin həmin dövrdə sənədləşməni həyata keçirən əməkdaşlar tərəfindən 6-cı dərəcəli boru quraşdırıcısı vəzifəsi üzrə vəzifə təlimatları hazırlanmamışdır (təsdiq edilməmişdir). Buna görə də İddiaçı vəzifə funksiyasının nədən ibarət olmağını təsdiqləyən vəzifə təlimatını məhkəməyə təqdim etmək imkanımız xaricindədir. İddiaçı "xxxx" MMC-də 6-cı dərəcəli boru quraşdırıcısı vəzifəsi üzrə faktiki yerinə yetirmiş olduğu əmək funksiyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 29-cu fəslində müəyyən edilmiş “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” – “a” (fəhlələr) bəndinin 28-ci sətrində müəyyən edilmiş sənaye dəmir-beton borularının boruçəkənləri vəzifəsinin xüsusiyyətləri ilə eynilik təşkil edir. "xxxx" MMC-nin 06 nömrəli xx.xx.2024-cü il tarixli “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair Arayış”ında göstərilir ki, “...Verilir İddiaçı (FİN xxxxxxx) ondan ötrü ki, o, həqiqətən “Sumqayıt Texnologiyalar Parkı" MMC-nin X1 1 N-li Quraşdırma sahəsinin Hazırlanma bölməsinə 6-cı dərəcəli boru quraşdırıcısı vəzifəsində xx.xx.2012-ci il tarixindən (əmr 01-kş saylı) xx.xx.2014-cü il tarixinədək (əmr 08-kş/x saylı) işləmişdir. Göstərilən peşə Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu hissəsinin - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri “a” (fəhlələr) bəndinin 28-ci sətrində müəyyən edilmiş sənaye dəmir-beton borularının boruçəkənləri vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 1 (bir) il, 0 (sıfır) ay, 14 (on dörd) gün təşkil edir. Məhkəmənin sorğusuna əsasən daxil olmuş "xxxx" ASC-nin 01-PH/575 nömrəli xx.xx.2024-cü il tarixli mətubunda göstərilmişdir ki, “...1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2009-cu ildə (əmr № 88/21-kş, xx.xx.2009-cu il) "xxxx" ASC-nin “STP Tikinti Layihəmin Quraşdırma sahəsinin boru quraşdırıcısı peşəsinə qəbul edilib, xx.xx.2012-ci ildə (Əmr№741-kş, xx.xx.2012-ci il) vəzifə və dərəcəsi saxlanılmaqla 1 Saylı Quraşdırma sahəsinin Hazırlama bölməsinə peşəsinə keçirilib və xx.xx.2012-ci ildə ( Əmr №-48/6-irş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən işdən azad edilib. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “a” fəhlələr bəndinə əsasən “sənayedə dəmirbeton boruların boruçəkənləri” bəndinə əsasən Elektrik Stansiyalarında yüksək təzyiqli buxarın buxar turbininə ötürülməsini təmin edən boruların çəkilməsini boru quraşdırıcıları yerinə yetirirlər. İddiaçı peşəsi həmin işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XXVİİ Fəslinin “Bina, qurğu və digər obyektlərin inşaası. yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə ”a” Fəhlələr fəslinin “Sənayedə dəmir-beton borularının boruçəkənləri” yarımbəndinə əsasən boru quraşdırıcıları 2290000a-19233 saylı sifrəsi ilə eynidir və xüsusi zərərli əmək şəraitli işlər hesab edildiyinə görə güzəştli şərtlərlə pensiyası hüququna malikdir. Güzəştli pensiya üçün staj: 03 il, 01 ay, 13 gün təşkil edir. Göründüyü kimi, cavabdehin mübahsələndirdiyi və iddiaçının işlədiyi peşələr onun güzəştli iş satjına daxil edilməlidir. Belə ki, iddiaçının boruçu və konstruksiya quraşdırıcısı vəzifələrində işlədiyi müddətdə sənaye dəmir-beton boruların çəkilməsi ilə məşğul olması, konstruksiya quraşdırıcısı vəzifəsində işlədiyi müddətdə polad və dəmir-beton konstruksiyaların quraşdırılması ilə məşğul olması, həmçinin işlədiyi ayaqaltı işləri üzrə nəzarətçi vəzifəsinin isə iş icraçıları vəzifəsinə uyğun gəlməsi yuxarıda qeyd göstərilən arayışlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: a) Fəhlələr: -polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar -sənaye dəmir-beton borularının boruçəkənləri ... b) mütəxəssislər: -iş icraçıları ... Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2154/2023, xx.xx.2024-cü il tarixli 2-1(102)-90/2024 saylı qərarlarında mövqe eyni olmuşdur. Hətta, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2962/2024 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2- 1(103)- 1779/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmiş, məhkəmə kollegiyası qərarın 11-ci bəndində göstərmişdir ki, “...Həmçinin oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-90/2024 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1844/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)- 945/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 954/2023 nömrəli və xx.xx.2023-cü il, 2-1(102)-1551/2023 nömrəli).” Odur ki, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X3