Məhkəmə qərarları › İş №e-2-1(112)-4729/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4729/2025

30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4729/2025 30.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 06 sentyabr 2024- cü il tarixli inzibati aktının ləğv edilməsi və müvafiq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı adma çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin 22 Aprel 2005-ci il tarixli 035 nömrəli qərara əsasən Bilgəh qəsəbəsi ərazisində XX Qurultay küçəsində yerləşən 490 kv metr torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı mülkiyyətinə verilmişdir.Torpaqın alqı satqısına dair 22 Aprel 2005-ci il tarixli, 035 n-li kassa mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən ******* milyon manat vəsait ödənilmişdir. Qeyd edilən torpaq sahəsinin eskiz sxemi mövcuddur. Həmçinin qeyd edilən torpaq sahəsində fərdi yaşayış evi tikilib. xx.xx.2024-ci il tarixdə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirmişdir ki, torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir.Cavabdeh formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı 22 aprel 2005-ci il tarixli 035 nömrəli qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində XX Qurultay küçəsində yerləşən 490 kv.m torpaq sahəsinə hüquqlarının daşı nmaz əmlakı n dövlət reyestrində qeydiyyata alınması və adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********41 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Həmçinin, torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşı nmaz əmlak obyektlərinin və torpaqları n yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4729/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə, Bakı Şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsi hazırki iş üzrə inzibati məhkəmə icraatına adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmə Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasında üüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Bakı şəhər Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 035 nömrəli qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində XX Qurultay küçəsində yerləşən 490 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) ünvan 1 ünvanda yaşayan İddiaçı müliyyətinə verilmişdir. -xx.xx.2005-ci il tarixli 095 nömrəli Kassa mədaxil orderinin qəbzinə əsasən İddiaçı torpaq alqı-satqısı üçün ******* manat mədaxil edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 19 nömrəli məktubunda göstərilmişdir ki, Bilgəh bələdiyyəsinin 2000-2008 ci il tarixlərinə aid olan arxiv sənədləri oxunması mümkün olmadığı üçün Arxiv İdarəsinin 18 fevral 2009 cu il tarixli akta əsasən məhv edildiyindən tələb etdiyiniz sənədlərin sürətlərini təqdim etmək imkanımız yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli 3-48-2F/2-200/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinə müraciət etməyiniz tövsiyə olunur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-16-9/2-4285/2025 nömrəli məktubunda göstərilmişdir ki, qeyd olunan qərar Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-9760/2025 nömrəli məktubunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 598.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Sahədən 1.0- 4.6 metr məsafədən yüksək gərginlikli (6 kVt-lıq) elektrik xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin bir hissəsi yüksək gərginlikli (6 kVt-lıq) elektrik xəttinin mühafizə zonasında yerləşir. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə sahədəki tikilinin qeydiyyatı barədə məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-35-1/2-748/2025 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2-570/2025 nömrəli məktubunda göstərilmişdir ki, aparılmış araşdırma zamanı Sabunçu rayonu Bilgəh bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 035 nömrəli Qərarı ilə İddiaçı 490 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli **********41 nömrəli imtina məktubunda göstərilmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz sənədlər toplusunda olan torpaqların alqısatqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsassızdır. Hazırkı iş üzrə iddiaçı Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 035 nömrəli qərarı ilə Bakı şəhəri, Bilgəh qəsəbəsi, ərazisində 490 kv.m. toqpaq sahəsinin ayrıldığını əsas gətirərək, həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. Məhkəmə iddiaçının iddia tələbi və cavabdehin imtina əsasları ilə bağlı aşağıdakıları qeyd edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Göründüyü kimi, qanunverici bələdiyyəyə məxsus əmlakın mülkiyyətə verilməsinə dair inzibati aktı daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. Hazırkı iş üzrə iddiaçının istinad etdiyi nə xx.xx.2005-ci il tarixli 035 nömrəli qərarı, nə də torpaq sahəsinin yerləşmə cizgisi Bilgəh Bələdiyyəsinin arxivində, eləcə də dövlət arxivində aşkar olunmamışdır. Eləcə də torpaqayırma sənədi olan xx.xx.2005-ci il tarixli qərarda bələdiyyənin iclas protokoluna istinad edilməmişdir. Torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxt qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun aşağıdakı maddələrinə əsasən: -6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər) alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. - 6.7. Bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. - 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan redaksiyası) aşağıdakı bəndlərinə əsasən: - 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. - 7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. - 21. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. -23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. Yuxarıda sadalanan hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan normalardan müəyyən olunur ki, xx.xx.2005-ci il tarixdə bələdiyyə torpaq sahəsi ayırması üçün: 1.torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarının və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) rəyini əldə edir;

2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu həmin torpaq sahəsinin planını (cizgisini) təsdiq edir və torpaq sahəsinin normativ qiymətini müəyyən edir və həmin sənədləri bələdiyyəyə təqdim edir;

3. həmin sənədlər bələdiyyəyə daxil olduqdan sonra torpaq sahəsinin şəxsin mülkiyyətinə verilməsi ilə bağlı qərar qəbul edir.

4. şəxslə bələdiyyə arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanır. Hazırkı iş üzrə iddiaçıya torpaq sahəsi ayrılarkən həmin dövrdə qüvvədə olmuş qanunvericiliklə tələb olunan normalara əməl etməmiş, DTXK tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı təsdiq edilməmiş və Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi alınmamışdır. İş amteriallarına əlavə edilmiş Torpaq sahəsinin alqı-satqı aktı iddiaçı tərəfindən imzalanmamışdır. Eyni zamanda hazırkı iş üzrə naturada göstərilən mübahisəli torpaq sahəsinin mülkiyyət formasına gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin həm imtina məktubu, həm də məhkəmə sorğusuna cavabında vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahənin bağ massivində yerləşməklə, dövlət mülkiyyəti torpağı olduğu, sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə görə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Göründüyü kimi, torpaqların hüquqi statusu dövlət torpaq kadastrına daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyata keçirilir. Beləliklə, dövlət torpaq kadastrının məlumatlarının həqiqətə uyğunluğu kadastrı aparan orqanın məlumatına əsasən müəyyən edilməlidir. Belə ki, qanun birbaşa təsbit etmişdir ki, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”nın 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli, 936-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin 3.4.5-ci bəndinə əsasən bələdiyyələrin hüdudlarındakı torpaqların torpaq sahəsi kimi dövlət torpaq kadastrı məlumatlarının dürüstləşdirilməsi (dəqiqləşdirilməsi) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır (bənd 7.1). Bələdiyyələrin Dövlət reyestrinə daxil edilmiş bələdiyyələrin xəritələrində onların ərazisi (o cümlədən, sərhədləri, döngə nöqtələri və onların koordinatları) barədə məlumatlar dövlət torpaq kadastrının aparılması üçün əsas götürülür (bənd 7.2). Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə torpağına aid olması müəyyən edilərkən dövlət torpaq kadastrını həyata keçirən orqanın tabe təşkilatı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məlumatı əsas götürülməlidir. Məhkəmə bu qənaətə həm də o halı nəzərə alır ki, məhkəmə sorğusu ilə əldə edilmiş iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsinin ətrafında qeydiyyatdan keçmiş qonşu daşınmaz əmlaklara dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, qonşu torpaq sahələri 1756 nömrəli bağ sahəi və 32 nömrəli bbağ evi olmaqla dövlət mülkiyyətində, bağ massivinə aid olmaqla X1 və İstismarı Birliyi ilə bağlanmış bağların icarəyə verilməsi ilə bağlı müqavilə, yerli icra hakimiyyətinin sərəncamı əsasında vətəndaşların istifadəsinə verilmiş və qeydiyyata alınmış torpaq sahələridir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin bələdiyyə ərazisi olmadığından, eləcə də Bilgəh bələdiyyəsinə aid olması müəyyən edilmədiyindən aydın olur ki, onun müvafiq torpaq ayrıma səlahiyyəti olmamışdır. Beləliklə, iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesab edir ki, həmin hüquqmüəyyənedici sənədə əsasən daşınmaz əmlaka hüququn qeydiyyatı aparıla bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddia tələbinin əsaslılığını sübuta yetirə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar