Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4734/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvan təyin edilməsi və həmin tikiliyə dair digər şəxslərin adları qeyd olunmadan mülkiyyət hüququ haqqında ayrıca çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərabarədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan xx.xx.2025-ci il tarixdə iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 108 ünvanında yerləşən ümumi sahəsi 142.60 kv. metr olan (**********48-10301 reyestr nömrəli) daşınmaz əmlakın (fərdi yaşayış evinin) İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış 2 otağına dair yeni ünvan verilməklə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xətai rayonu, 2 №-li Zeytun Sovxozu, Zeytun küçəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 34,9 kv. m., köməkçi sahəsi 26,3 kv. m. olan mənzilə dair Abşeron rayonu 2 saylı notariusda alqı-satqı müqaviləsi bağlamaqla almış və həmin mənzilin onun mülkiyətinə keçməsinə dair qeydiyyat vəsiqəsi verilmişdir. O, mənzili aldığı vaxtdan həmin ünvanda ailə üzvlərilə birlkdə yaşayır. Belə ki, 2020-ci ildə o, Bakı şəhəri Xətai rayonu, Zeytun küçəsindəki 108 B ünvanında yerləşən fərdi yaşayış evinə aid texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsini xahiş etsə də müraciətlərinə hər dəfə əsassız olaraq müxtəlif bəhanələrlə imtina cavabları verilmişdir. Sonuncu yəni, 26 iyul 2024-cü il tarixli, **********69 nömrəli imtina məktubunda göstərilmişdir ki, texniki baxış zamanı “A” literli fərdi yaşayış evinin vahid konstruktiv yükgötürən divarlara malik tikili olduğu müəyyən edilmişdir. Konstruktiv cəhətdən vahid olan tikili bir neçə əsas tikiliyə bölünə bilinmədiyindən müraciətdə qaldırlan məsələnin həlli mümkün olmamışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinasının əsasları qanunsuzdur. Belə ki, ünvan 3 ünvanında inşa edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Bu zaman qonşusu X11 da qonşuluqdakı torpaq sahəsini və üzərindəki mənzili alqı-satqı müqaviləsi əsasında əldə etmişdir və onun həmin torpaq sahəsi üzərindəki hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu halda hesab edir ki, onun da ünvan 3 ünvanında inşa edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərindəki hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin cavabdeh daşınmaz əmlak üzərində olan hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməklə onun hüquq və mənafelərini pozmuşdur. Hazırda qonşu ilə evlərin bölünərək fərdi yaşayış evlərinin hər birinə ayrıca çıxarışın verilməsi ilə bağlı aralarında mübahisə yoxdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxsə təqdim olunaraq, iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur. Üçüncü şəxs - X5 iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evinin təqdim edilmiş xx.xx.2001-ci ildə tərtib edilmiş texniki pasportunda göstərilən 182.0 kv.m torpaq sahəsi arxivdə aşkar olunmuş 1996-cı ildə verilmiş ilkin texniki pasportda öz əksini tapmamışdır, həmçinin, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı “A” literli fərdi yaşayış evinin vahid konstruktiv yükgötürən divarlara malik tikili olduğu müəyyən edilmişdir. Konstruktiv cəhətdən vahid olan tikili bir neçə əsas tikiliyə bölünə bilinmədiyindən müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlarına əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh və üçüncü şəxs müvafiq olaraq nümayəndələrinin iştirakını təmin etməmiş və məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Gədəbəy Rayon İcra Hakimiyyəti Nərimankənd kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş Vİ-ЖГ № 366402 “Nigah haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, xx.xx.1968-ci il təvəllüdlü X6 ilə xx.xx.1977-ci il təvəllüdlü X8 xx.xx.1994-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlaması haqqında akt qeydləri kitabında 1994-cü ilin oktyabr ayının 13-cü günündə 08 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. Abşeron rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsi 34.9 kv.metr və köməkçi sahəsi 26.3 kv.metr olmaqla 2 otağı Abşeron rayonu 2 saylı Notariusunda xx.xx.2001-ci il tarixdə bağlanmış 4Ə-2-372 №-li alqı-satqı müqaviləsinə əsasən X4 adına daşınmaz əmlakın dövlət reyestrində 6154B №-li kitabının 159b invertar nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu X2 və mülkiyyət hüquqularının qeydiyyatı idarəsi tərəfindən Quliyeva (Məmmədova) İradə Cəlil qızının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 108B ünvanında yerləşən fərdi yaşayış evinə dair 12 iyul 2001-ci il tarixli texniki pasport tərtib edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən verilmiş çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 108 ünvanında yerləşən № **********48-10301 reyestr nömrəli fərdi yaşayış evi (daşınmaz əmlak) üzərində xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reyestrində aşağıda qeyd olunan paylarla qeydiyyata alınmışdır; - 4 otaq hissədə xx.xx.2022-ci il tarixdə, № ********** qeydiyyat nömrəsilə X5 adına; - 2 otaq hissədə Quliyeva (Məmmədova) İdarə Cəlil qızının adına X1 xx.xx.2025-ci il tarixli, 64 №-li “Mütəxəsis rəyi”ndə göstərilmişdir ki; - Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 108 ünvanında yerləşən mübahisəli mülk olan daşımnaz əmlak X9 qanuni sahibliyində (mülkiyyətində) olmuşdur. X9 mülkiyyətində olan daşınmaz əmlakın (mülkün) tərkibində yaşayış sahəsi 89,7 kv.m, köməkçi sahə 52,9 kv.m olan 6 (altı) otaqdan ibarət fərdi yaşayış evin yerləşdiyi 513,0 kv.m-lik torpaq sahəsi vardır. - X13 ilə Quliyeva (Məmmədova) İradə Cəlil qızı arasında bağlanmış 11 iyul 2001-ci il tarxili, 4-Ə-2-372 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X13 tərəfindən ona məxsus olan daşınmaz əmlakın yerləşdiyi 513,0 kv. m. torpaq sahəsinin 182,0 kv.m olan hissəsində yerləşən yaşayış sahəsi 34,9 kv.m, köməkçi sahəsi 26,3 kv.m-dən ibarət olan 2 yaşayış otağı Quliyeva (Məmmədova) İradə Cəlil qızına satılmışdır. - Alqı-satqı müqaviləsinə müvafiq olaraq Quliyeva (Məmmədova) İradə Cəlil qızının hüquqları qeydiyyata alınmış və buna dair Abşeron rayonu X2 və mülkiyyət hüquqularının qeydiyyatı idarəsi tərəfindən 159 B inventar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. - Həmin idarə tərəfindən, Quliyeva (Məmmədova) İradə Cəlil qızının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 108B ünvanında yerləşən fərdi yaşayış evinə dair 12 iyul 2001-ci il tarixli texniki pasport tərtib edilmişdir. Texniki pasportun “torpaq sahəsinin şərhi” bölməsində fərdi yaşayış evinin torpaq sahəsinin əslində 182,0 kv.m, o cümlədən tikililər altındakı sahənin 72,0 kv.m, həyətin sahəsinin 110,0 kv.m olduğu qeyd edilmişdir. - Texniki pasportun “binanın təsviri” bölməsinə əsasən “A” literli fərdi yaşayış evi 1 mənzilli 2 otaqlı olub, ümumi sahəsi 61,2 kv.m, o cümlədən yaşayış sahəsi 34,9 kv.m, köməkçi sahə 26,3 kv.m-dir. (evin 6, 7 və 8 saylı tikililəridir) - Texniki pasportun “tikili və qurğuların təsviri'bölməsində “A” literli yaşayış evinin 2001-ci ildə inşa olunması və evin həyətındə “1” literli ayaqyolu təyinatlı tikilinin yerləşməsi əks olunmuşdur. - Texniki pasportun “torpaq sahəsinin planı M 1:500” və “tikilnin planı M 1:100" bölmələrinə əsasən “A” literli fərdi yaşayış evi ilə həmsərhəddə yerləşən qonşunun 1, 2, 3, 4, 5 və 9 saylı tikililəri və bu tikililərin yerləşdiyi torpaq sahəsi qırmızı xətlə nişanlanmışdır. Həmçinin qeyd olunur ki, Quliyeva (Məmmədova) İradə Cəlil qızının mülkiyyətində olan evin torpaq sahəsinə və qonşunun torpaq sahəsinə ayrı-ayrılıqda giriş-çıxış yolu nəzərdə tutulmuşdur. - Ekspertiza tədqiqatına təqdim edilmiş sənədlərin tərkibində, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 108 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********48-10301 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış tərtib olunmuşdur. - Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 108 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 142,60 kv.m-dir, evin yerləşdiyi 0.01640 ha həyətyanı torpaq sahəsi istifadədə olmaqla dövlət mülkiyyətidir. Fərdi yaşayış evinin hüquqi sahibləri X10 (evin 4 otağının mülkiyyətçisidir) və X7r (evin 2 otağının mülkiyyətçisidir). - Bundan əlavə, ekspertiza tədqiqatına, İddiaçı sifarişi əsasında, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 108 ünvanında yerləşən fərdi yaşyış evində dair tərtib edilmiş eskiz layihəsi təqdim olunmuşdur. Eskiz layihəsinə nəzər yetirdikdə müəyyən olunmuşdur ki, fərdi yaşyış evi həyətyanı sahəsi olan birmərtəbəli ev olub, evin tərkibinə sahəsi 27,30 kv. m olan zal, sahələri 17,10 kv. m və 17,67 kv. m olan iki otaq, sahəsi 9,27 kv. m olan mətbəx və sahəsi 4,20 kv. m olan sanitar qovşağı daxildir. Evin qarşısında həyətanı sahə və çardaq (talvar) vardır. Eskiz layihəsinin məlumatlarına görə, tədqiq olunan fərdi yaşayış evi təcrid olunmuş sahə olmaqla müstəqil giriş-çıxış yoluna və konstruktiv elementlərinə (dam, divar və.s) malikdir. - Ekspertiza tədqiqatına təqdim olunmuş mübahisəli mülklərə baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan mülklər faktiki olaraq daşdan, dəmir-betondan və digər konstruksiyadan inşa olunmuş, bir və iki mərtəbəli, həyətyanı sahəsi olan fərdi yaşayış evləridir. Tədqiq olunan evlərə giriş-çıxış yolu nəqliyyat və piyada üçün nəzərdə tutulmuş gediş-gəliş yolundan, ayrı-ayrı dəmir qapı və darvaza vasitəsilədir. - İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 108B ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evinə daxil olduqda müəyyən olunmuşdur ki, evin qarşısında həyətyanı sahə və talvar tipli çardaq yerləşir. Tədqiq olunan fərdi yaşayış evinə giriş həyətyanı sahədən üstü örtülü açıq meydançadan dəmir qapı vasitəsilədir. Fərdi yaşayış evinin tərkibində qonaq otağı (zal), iki yataq otağı, mətbəx və birgə sanitariya qovşağı (hamam-tualet) vardır. - Tədqiq olunan fərdi yaşayış evinin mövcud vəziyyətinin evə dair tərtib edilmiş texniki pasporta uyğun olduğunu, eləcə də tədqiq olunan fərdi yaşayış evinin təcrid şəkildə olmaqla müstəqil giriş-çıxış yoluna və konstruktik elementlərinə (dam, divar və.s) malik olduğu müəyyən edilmişdir. - Beləliklə, aparılmış tədqiqat nəticəsində, yuxarıda qeyd olunanları, o cümlədən təqdim olunmuş sənədləri və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Azərbaycan Dövlət Tikinti Normaları 2.7-2 “Yaşayış binaları. Layihələndirmə normaları”nın tələblərinə müvafiq olaraq, İddiaçı qanuni sahibliyində (mülkiyyətində) olan fərdi yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin qonşuluqda yerləşən X5 mülkiyyətində olan fərdi yaşayış evindən və onun torpaq sahəsindən ayrılıb təcrird sahə şəklində bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. - Tədqiqatın nəticəsi: Rəyin tədqiqat hissədində qeyd olunanları, o cümlədən təqdim olunmuş sənədləri və baxış zamanı, tədqiq olunan evlərin bir-birindən təcrid olduğunu, hər hansı bir əlaqəsinin olmadığını, ayrı-ayrılıqda kommunikasiya xətləri (su, kanalizasiya, qaz, işıq və s.) ilə təchiz olunduğunu, müstəqil giriş-çıxışlara və konstruktiv elementlərinə, o cümlədən dam örtüyünə, yükdaşıyan divar və örtük konstruksiyalarına malik olduğunu nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 108B ünvanında yerləşən, İddiaçı qanuni sahibliyində olan fərdi yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin qonşuluqda, yəni Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 108 ünvanında yerləşən X5 mülkiyyətində olan fərdi yaşayış evindən və onun torpaq sahəsindən ayrılıb təcrid sahə şəklində bölünməsinin, Azərbaycan Dövlət Tikinti Normaları 2.7-2 “Yaşayış binaları. Layihələndirmə normaları”nın tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olduğu müəyyən edilir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********69 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “ ...idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı “A” literli fərdi yaşayış evinin vahid konstruktiv yükgötürən divarlara malik tikili olduğu müəyyən edilmişdir. Konstruktiv cəhətdən vahid olan tikili bir neçə əsas tikiliyə bölünə bilinmədiyindən müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyata alınmasından imtina edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 saylı Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunun: 2.1. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir: 2.1.1. Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri; 2.1.2. Dövlət Xidmətinin adı; 2.1.3. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs (şəxslər) haqqında məlumat:
1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı;
2. hüquqi şəxs olduqda – tam adı (o cümlədən təşkilati-hüquqi forması); 2.1.4. daşınmaz əmlakın növü; 2.1.5. daşınmaz əmlakın ünvanı; 2.1.6. daşınmaz əmlakın mülkiyyət növü; 2.1.7. daşınmaz əmlak üzərində hüququn növü; 2.1.8. daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə); 2.1.9. torpaq sahəsinin mülkiyyət növü; 2.1.10. torpaq sahəsi üzərində hüququn növü; 2.1.11.torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri); 2.1.12. torpaq sahəsinin ölçüsü (hektarla); 2.1.13. daşınmaz əmlakın dövlət reyestr nömrəsi; 2.1.14. daşınmaz əmlakın qeydiyyat nömrəsi; 2.1.15. daşınmaz əmlakın qeydiyyat tarixi; 2.1.16. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda – hər bir hüquq sahibinin adı, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq – hər bir hüquq sahibinin payı; 2.1.17. reyestr kitabının və onun vərəqinin nömrəsi; 2.1.18. dövlət reyestrindən elektron çıxarışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. 2.4. Daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda elektron çıxarış hər bir mülkiyyətçiyə təqdim edilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
“Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”: 1.1. Bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. ... 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. ... 2.1. Ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.1- 3.7.6-cı yarımbəndlərində göstərilən rekvizitləri, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü, haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır. ... 2.3. Ünvan reyestrinin elektron qaydada aparılması Ünvan Reyestri İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Ünvan Reyestri İnformasiya Sistemi ünvan reyestrinin məlumat bazasının elektron idarə edilməsini, habelə ünvan reyestri ilə inteqrasiya olunan digər dövlət orqanlarının informasiya sistemləri vasitəsilə qarşılıqlı məlumat mübadiləsini təmin edir. 2.4. Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda; nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda; 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir. 3.4. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. 3.5. Ünvan reyestrində saxlanılan daşınmaz əmlak obyektinin ünvanına aid ərazi vahidlərinin, nəqliyyat infrastrukturu obyektlərinin mövcud və əvvəlki adları, onların əmələ gəlməsi və dəyişdirilməsi əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektlərinin növü, daşınmaz əmlak obyektinin nömrəsi haqqında, əhəmiyyət dərəcəsi göstərilməklə, daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmaması barədə, daşınmaz əmlak obyektinin sadələşdirilmiş verginin məqsədləri üçün ərazi üzrə zonası ilə bağlı məlumatlar açıq hesab edilir və maraqlı şəxsin və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsin sorğusu əsasında 2 (iki) iş günü ərzində arayış şəklində ona verilir. 3.6. Daşınmaz əmlak obyektinə ünvanın verilməsi bu qaydaların 3.7-ci bəndində göstərilən rekvizitlərin həmin daşınmaz əmlak obyektinə təhkim və müvafiq məlumatların ünvan reyestrinə daxil edilməsi ilə həyata keçirilir. Daşınmaz əmlak obyektinə ünvan verilərkən bu qaydaların 3.7.1-ci və 3.7.2-ci yarımbəndlərində göstərilən rekvizitlər müvafiq qanunvericilik aktlarında və (və ya) sənədlərdə öz əksini tapmış məlumatlar əsasında müəyyən edilir. 3.7. Daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.1-1. ərazi vahidi üzrə poçt indeksi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). 3.7-1. Ünvan nömrələri inzibati ərazi vahidlərinin və ya nəqliyyat infrastrukturu obyektlərinin adları dəyişdirildikdə dəyişilmir. Ünvan nömrələri ünvan reyestrində qeydə alınan istinad nöqtələrinə və rəqəmsal xəritələrə bağlanılır.
MƏHKƏMƏNİN MÖVQEYİ
Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi yaşayış sahəsinin ona aid olan hissəsinə mülkiyyət hüquqları qeydiyyata alınmış və digər payçıların adları göstərilməklə ona çıxarış verilmişdir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının yaşadığı fərdi yaşayış sahəsinə mülkiyyət hüquqlarının tam payda, digər payçının adı olmadan göstərilib-göstərilməməsi ilə əlaqədardır. Belə ki, cavabdeh hesab edir ki, texniki baxış zamanı “A” literli fərdi yaşayış evinin vahid konstruktiv yükgötürən divarlara malik tikili olduğundan və konstruktiv cəhətdən vahid olan tikili bir neçə əsas tikiliyə bölünə bilinmədiyindən müraciətin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə bununla bağlı diqqətə çatdırır ki, hazırki mübahisənin həlli məqsədi ilə ümumi paylı mülkiyyətdə olan yaşayış sahəsinə münasibətdə bölgü sxemi və ya məhkəmə qərarı olmadan ayrıca çıxarışın verilməsinin qanunvericiliyinin tələblərinə uyğun olubolmamadığı müəyyən edilməlidir. Bu hissədə isə Məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəllənin müddəalarına istinad edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin müddəalarına nəzər yetirdikdə məlum olur ki, Məcəllənin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əşyaya öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun haqqında sərəncam vermək səlahiyyətlərini ifadə edir. İstinad olunmuş normanın məzmununa görə daşınmaz əmlak ümümi birgə mülkiyyətdə olduqda hər bir hüquq sahibinin adı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq, hər birq hüquq sahibinin payı dövlət reyestrindən çıxarışda göstərilir. Ümumi mülkiyyət iki və daha artıq şəxsin ümumi maraqlar əsasında formalaşdırdığı vahid obyekt üzərində istifadə, sahiblik və sərəncam hüququdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi əmlaka (əşyaya) sahiblik, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququ mülkiyyətçinin davranış imkanlarının hüquqi təminatını əks etdirir. Ümumi mülkiyyət hüququnun səciyyəvi xüsusiyyətlərindən biri burada subyektlərin bir nəfərdən artıq olmasıdır. Bu subyektlər ümumi mülkiyyət hüququnun iştirakçılarıdırlar ki, onlar ümumi mülkiyyətçilər ayılırlar.Qeyd olunmalıdır ki, qanunvericilik paylı ümumi mülkiyyətdə olan əşyanın bölünməsini və ondan payın ayrılmasını nəzərdə tutur. Normaların məzmunundan göründüyü kimi ümumi mülkiyyətçilər aralarındakı razılaşmaya əsasən paylı mülkiyyətdə olan əşyanı paylarına uyğun bölə bilərlər. Paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilə bilər. Bu mümkün olmadıqda əşya məhkəmənin qərarı ilə fiziki bölünür və ya hərracdan satılır. Paylı mülkiyyətçi öz payının ayrılması barədə ümumilikdə qalmaq istəyən digər payçılarla razılığa gələ bilmədikdə isə həmin payın ayrılmasını məhkəmə qaydasında tələb edir. Nəzərə alınmalıdır ki, payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Doğrudur ki, vahid məhkəmə təcrübəsində ümumi paylı mülkiyyətdə olan ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu tərəflərin razılığı əsasında, belə razılıq əldə olunmadığı təqdirdə isə məhkəmə qərarı əsasında həyata keçirilir. Bir çox paylı mülkiyyətdə olan əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı mübahisələrdə payçıların razılıqları ilə tərtib olunmuş bölgü sxeminin və ya payın ayrılması ilə bağlı məhkəmə qərarının mövcudluğu əhəmiyyət kəsb edir. Lakin nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə iddiaçının mülkiyyət hüquqlarının ayrıca çıxarış ilə gərçəklişdirmək istədiyi yaşayış sahəsinə münasibətdə payçıların razılaşması ilə tərtib olunmuş çıxarışa və ya məhkəmə qərarına ehtiyac yoxdur. Belə ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən işin faktiki halları tam qaydada araşdırılmamış, iddiaçının hüquqi marağı nəzərə alınmadan imtina verilmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən, eləcə də mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış sahəsi ilə üçüncü şəxsin payının olduğu fərdi yaşayış sahəsi eyni ünvan göstəricilərinə malik fərqli yaşayış sahələridir. İddiaçının adına olan hüquqmüəyyənedici sənədlərdən, eləcə də fərdi yaşayış fonduna daxil olan yaşayış evinə aid texniki pasportdan isə görünür ki, iddiaçının faktiki istifadəsində olan və ayrıca qeydiyyatının tələb etdiyi fərdi yaşayış evi faktiki olaraq üçüncü şəxsə aid paylı mülkiyyətdə olan sahəyə aidiyyəti olmayan ayrıca əmlakdır. Cavabdeh isə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsi 34.9 kv.metr və köməkçi sahəsi 26.3 kv.metr olmaqla 2 otağına dair ayrıca hüquqmüəyyənedici və texniki göstəriciləri əks etdirən sənədin mövcudluğunu nəzərə almadan çıxarışda adıçəkilən əmlakın paylı mülkiyyətdə olmasına istinad etməklə müraciətin təminindən imtina etmişdir. Halbuki, digər payçının paylı mülkiyyət hüquqlarının aid olduğu fərdi yaşayış evinin iddiaçının faktiki istifadəsində olan əmlakla hər hansı bağlılığı olmaması mütəxəssis rəyi ilə və iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının hazırda ayrıca tam hüquqla mülkiyyət hüquqlarını realizə etmək istədiyi fərdi yaşayış evinin özünə məxsus 34.9 kv.metr və köməkçi sahəsi 26.3 kv.metr olmaqla 2 otağı Abşeron rayonu 2 saylı Notariusunda xx.xx.2001-ci il tarixdə bağlanmış 4Ə-2-372 №-li alqı-satqı müqaviləsinə əsasən X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi ilə onun adına daşınmaz əmlakın dövlət reyestr 6154B №-li kitabının 159b invertar nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsi 34.9 kv.metr və köməkçi sahəsi 26.3 kv.metr olmaqla 2 otağına dair faktiki olaraq digər payçının payı ilə əlaqədar olmayan ayrıca X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə və texniki pasporta malik olan əmlakdır. Eləcə də, mütəxəssis rəyindən də göründüyü kimi tədqiq olunan evlərin bir-birindən təcrid olduğunu, hər hansı bir əlaqəsinin olmadığını, ayrı-ayrılıqda kommunikasiya xətləri (su, kanalizasiya, qaz, işıq və s.) ilə təchiz olunduğunu, müstəqil giriş-çıxışlara və konstruktiv elementlərinə, o cümlədən dam örtüyünə, yükdaşıyan divar və örtük konstruksiyalarına malik olduğunu nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 108B ünvanında yerləşən, İddiaçı qanuni sahibliyində olan fərdi yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin qonşuluqda, yəni Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 108 ünvanında yerləşən X5 mülkiyyətində olan fərdi yaşayış evindən və onun torpaq sahəsindən ayrılıb təcrid sahə şəklində istifadə olunmasını öz əksini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 108 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otağının digər tikililər ilə konstruktiv əlaqə olmadığından, tikilinin giriş-çıxışı ayrı olduğundan, həmçinin tikili digər tikililər ilə bir dam altında yerləşmədiyindən həmin tikiliyə münasibətdə payçıların razılıq ərizələrinin və ya payların ayrılmasına dair məhkəmə qərarının mövcudluğuna zərurət yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edən yaşayış sahəsinə (yaşayış sahəsi 34.9 kv.metr və köməkçi sahəsi 26.3 kv.metr olmaqla ümumi sahəsi 61.2 kv.metr olan 2 otağına) münasibətdə ayrıca çıxarışın verilməsini istisna edən hal mövcud olmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)-2567/2019 nömrəli qərarında qeyd olunmuşdur ki, “İddiaçılar D və Q tikilisinə çıxarış almaq arzusundadırlar, işdə olan çıxarışlarda D və Q tikililərinə iddiaçılardan başqa digər 4 nəfər payçının mülkiyyət hüquqlarının olması qeyd edilməmişdir. Odur ki, iddiaçıların D və Q tikililərinə digər payçıların adları və payları göstərilmədən yeni çıxarış almaq hüquqları vardır.” Məhkəmə diqqətə çatdırır ki, baxmayaraq ki, kassasiya instansiya məhkəməsinin sözügedən qərarı bilavasitə vətəndaşın xeyrinə nəticələnməsə də, həmin qərarda yuxarı instansiya məhkəməsinin mövqeyi iddia olunan tikililərin digər tikililərin daxilində olubolmamasının müəyyən edilməsi ilə bağlı olmuşdur. Hazırki mübahisə üzrə bu hallar araşdırıldığından və iddiaçının iddia etdiyi yaşayış sahəsinin digər tikililər ilə asıllığı müəyyən olunmadığından, iddianın təminini istisna edən halın mövcudluğundan da söhbət gedə bilməz. Beləliklə, məhkəmə cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu X2 orqanları tərəfindən verilir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 108 ünvanında yerləşən ümumi sahəsi 142.60 kv. metr olan (**********48-10301 reyestr nömrəli) daşınmaz əmlakın (fərdi yaşayış evinin) İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış 2 otağına dair yeni ünvan verilməklə, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın və texniki pasportun tərtib edilərək, verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev