Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4739/2025 13.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər X5 İcrakomunun xx.xx.1989-cu il tarixli sərəncamına və onun əsasında Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətini Başçısının xx.xx.2000-ci il tarixli, 592 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı Sahil qəsəbəsində ayırılmış 600 kv.m torpaq sahəsinin dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhər X5 İcrakomunun xx.xx.1989-cu il tarixli sərəncamına və onun əsasında Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətini Başçısının xx.xx.2000-ci il tarixli, 592 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə Sahil qəsəbəsində 600 kv.m torpaq sahəsi ayırılmışdır. Qeyd edilən torpaq sahəsi dövlət reyestrindən qeydiyyatdan keçirilməmişdir. Həmin torpaq sahəsinin dövlət reyestrindən qeydiyyatdan keçirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə dəfələrlə etdiyi müraciətlər (Əmlak Xidmətləri Məkanı vasitəsi ilə) müxtəlif səbəblərlə öz müsbət həllini bu günə kimi tapmamışdır. Belə ki, qeyd edilən sərəncamların əsli təqdim edilsə də arxivdən arayış tələb edildi. Arxiv arayışını əldə etdikdən sonra təkrar müraciət etdi. Bundan sonra Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin torpağın yerləşdiyi yerin sxemini tərtib edərək müşaiət məktubu ilə birlikdə təqdim etməli olduğu bildirildi. Məcbur qalıb, təkrar Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə və müraciət edib, sözügedən torpaq sahəsinin yerləşmə sxeminin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin müşaiət məktubu ilə birlikdə mümkün qədər qısa müddət ərzində onlara təqdim edilməsinə köməklik etmələrini xahiş etdi. Müraciətinə cavab olaraq qeyd edilən məsələ ilə bağlı səlahiyyətlərin Daşınmaz Əmlakın Dövlət Reyestrində olduğunu və aidiyyəti üzrə həmin təşkilata müraciət etməli olduğunu bildirildi. Bundan sonra Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı eyni tələblə məhkəməyə müraciət etdik və məhkəmə qərarı ilə tələbimiz təmin və qərar qanuni qüvvəsini aldıqdan sonra icra edildi. Bundan sonra yenidən cavabdehə müraciət etsə də müraciətinə yazılı cavab verilməmiş, Asan Xidmətdən edilən müraciəti zamanı sənədlərin qəbulundan imtina edilmiş və şifahi qaydada bildirilmişdir ki, yenidən imtina ediləcəkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı qeyd edilən məsələ ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2025-ci il tarixli, **********86 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən torpaq sahəsinin faktiki iki hissəyə bölünərək ayrı-ayrı hasarlandığı və hasarlanmış hissələrdə digər şəxslərin istifadəsində olan fərdi yaşayış evlərinin inşa olunduğu müəyyən edilmişdir. Həmçinin faktiki sahə 0,0811 ha təşkil etməklə sahənin 110 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakı n dövlət reyestri haqqı nda” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli 3-48-2F/2-10/2025 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2000-ci il tarixli 592 saylı sərəncama heç bir sənəd əlavə edilməmişdir. Həmin məktubla təqdim edilmiş Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 592 nömrəli sərəncamına əsasən Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 58, mənzil 17 ünvanında yaşayan X2 fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsinin şimal-qərbində ayrılmış yeni yaşayış massivindən 600.0 kv.m torpaq sahəsi ayrılması, Sahil qəsəbəsi, ünvan 1 ünvanında yaşayan şəhid atası X3 fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsindən 600.0 kv.m torpaq sahəsi ayrılması, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 51, mənzil 61-də yaşayan 2-ci qrup əlil X1 fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsindən 600.0 kv.m torpaq sahəsi ayrılması, vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsindən 600.0 kv.m torpaq sahəsi ayrılması, yaşayış evinin tikintisi fərdi və yaxud bir tipli layihə əsasında aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(112)-4747/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətini Başçısının xx.xx.2000-ci il tarixli, 592 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı Sahil qəsəbəsində ayrılmış 600 kv.m torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi vəzifəsi Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-13/2-761/2024 nömrəli məktubunda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-4747/2024 nömrəli qərarı icra olunmuş, İddiaçı ayrılmış torpaq sahəsinə yerləşmə cizgisi tərtib olunaraq vətəndaşa təqdim olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC xx.xx.2025-ci 13-13/2-1/16- 8339/2025 nömrəli məktubunda göstərilmişdir ki, elektrik qurğularının mühafizə zonaları “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə əsasən müəyyən edilir və qeyd olunan torpaq sahəsi 6 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-13/2-50/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4747/2024 saylı qərarına əsasən Vətəndaş İddiaçı Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 592 nömrəli sərəncamı ilə Sahil qəsəbəsində ayrılmış 600 kv.m torpaq sahəsinə yerləşmə cizgisi təsdiq olunaraq verilmişdir. Bu barədə Bakı İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixli, 5-13/2-761/2024 nömrəli məktub ünvanlanmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-6916/2025 nömrəli məktubu ilə təqdim olunmuş sənədlərdən görünür ki: -xx.xx.2025-ci il tarixli müayinə aktında göstərilmişdir ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0.06 ha, faktiki sahəsi 0.0811 ha olmaqla 0.0211 ha əlavədir. Torpaq sahəsinin cənub-şərq istiqamətindən 6.89 m, və 7.75 m məsafələrdən 6 kvt-lıq hava elektrik xətti keçir. Torpaq sahəsi faktiki iki hissəyə bölünərək ayrı-ayrı hasarlanmışdır. Hər bir sahənin üzərində fərdi yaşayış evi və köməkçi tikililər tikilmişdir. Torpaq sahəsi faktiki 0.0811 ha təşkil edir. -həmin məktubla təqdim edilmiş ortofoto görüntüdən görünür ki, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin ətrafında **********51, **********18-10301 və**********25 reyestr nömrəli torpaq sahələri yerləşir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə sərəncamları torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə məhkəmə icraatında tədqiq olunmuş materiallardan görünür ki,Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 592 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsindən 600.0 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı sərəncamla ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi ilə bağlı Qaradağ rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-4747/2024 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətini Başçısının xx.xx.2000-ci il tarixli, 592 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı Sahil qəsəbəsində ayrılmış 600 kv.m torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi vəzifəsi Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qərar qanuni qüvvəsini almış, icra olunması üçün Qaradağ rayon İcra Hakimiyyətinə göndərilmişdir. Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-13/2-761/2024 nömrəli məhkəməyə ünvanladığı məktubunda qeyd edilən qərarın icra olunduğu və İddiaçı ayrılmış torpaq sahəsinə yerləşmə cizgisinin tərtib olunaraq vətəndaşa təqdim edildiyi bildirilmişdir. İş materiallarına 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi Qaradağ rayonicra hakimiyyətinin təsərrüfat şöbəsinin mühəndisi, təsərrüfat şöbəsinin müdirinin imzaları və rayon icra hakimiyyətinə aid möhürlə təsdiq edilmiş yerləşmə cizgisi əlavə edilmişdir. Beləliklə, iddiaçının iddia etdiyi torpaqayırma sənədləri- sərəncam və yerləşmə cizgisi qüvvədə olmaqla həmin sənədlərin məhkəmə icraatında mötbərliliyini istisna edəcək hər hansı hala rast gəlinməmişdir. İddiaçının faktiki istifadəsində 0.0811 ha torpaq sahəsi olsa da o sərəncamla ona ayrılmış və yerləşmə cizgisi tərdib edilmiş 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. Cavabdehin mütəxəssisləri tərəfindən torpaq sahəsi yerli müayinə edilmiş, istifadədə olan sahədən sənəd üzrə olan 600 kv.m hissənin və əlavə 211 kv.m hissənin koordinatları, yerləşmə yeri müəyyən edilmiş, bununla bağlı baş plan tərtib edilmişdir. Başqa sözlə, hazırkı halda iddiaçının faktiki hasar daxilində 811 kv.m torpaq sahəsi olsa da iddiaçı ona sənəd üzrə olan ölçüdə 600 kv.m hissəyə mülkiyyət hüququnu mübahisələndirir, cavabdeh isə sənəd üzrə iddiaçıya aid hissəni, həm də artıq qalan 211 kv.m hissəni ölçərək koordinatlarını müəyyən etməklə, iddiaçıya aid olan 600 kv.m torpaq sahəsinin harada yerləşməsini bilavasitə təsdiq etmişdir. İddiaçı hazırkı iddiada yalnız sərəncamla ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etdiyindən (üzərində tikililərin qeydiyyatı tələb edilmədiyindən) torpaq sahəsinin faktiki iki hissəyə bölünərək ayrı-ayrı hasarlanması və hasarlanmış hissələrdə digər şəxslərin istifadəsində olan fərdi yaşayış evlərinin inşa olunması torpağa mülkiyyət hüququnun qeydiyyatını istisna etmir. İddia olunan torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (6 kV-luq) mühafizə zonasında yerləşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın: -1-ci bəndinə əsasən elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur. hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğularıdır; kabel elektrik ötürücü xətti — bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusudur; mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. -4-cü bəndinə əsasən elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. -5-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində: xətlərin gərginliyi 1-20 kvt arası olduqda məsafə 10 m-dir. -6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. -12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr (bundan sonra — müəssisə) həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər. Elektrik şəbəkələrinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş elektrik şəbəkələrinin mühafizə zonalarında işlərin görülməsi üçün ərizəçiyə razılıq verilmədikdə, ərizəçi qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət verə bilər. -18-ci bəndinə görə elektrik şəbəkələrinin yaxınlığında bina və tikililərin inşası, əsaslı təmiri, yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır. Göründüyü kimi qanunvericilik elektrik şəbəkəsinin mühafizə zonasında yerləşən torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qadağanedici norma nəzərdə tutmamışdır. Qanun yalnız elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən torpaq sahəsində binaların və qurğuların tikintisi, quraşdırılması zamanı həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığının alınmasını məcburi norma kimi nəzərdə tutur. Hazırkı halda həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal mövcud deyildir. Belə ki, cavabdehin istinad etdiyi elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı dəlil fərdi yaşayış evinin qeydiyyatı ilə bağlı irəli sürə biləcəyi dəlil olub torpaq sahəsinə qeydiyyatı istisna edəcək dəlil kimi çıxış etmir. İddiaçı fərdi evə deyil, fərdi evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.\ Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətini Başçısının xx.xx.2000-ci il tarixli, 592 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə Sahil qəsəbəsində ayırılmış 600 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4739/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4739/2025
13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver