Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4742/2025 25.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X6 və X7) qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən “197D” saylı torpaq sahəsi üzərində hüquqların miras qoyan X9 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********25 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilmiş sənədlər surətdir. İdarənin arxiv məlumatlarına əsasən iddiaçının ərizəsinə surəti əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 319 nömrəli sərəncamının idarənin arxivində mövcud olan nüsxəsində X8 adı aşkar olunmamışdır. Həmçinin, təqdim edilmiş bağın icarəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli, 23688 nömrəli müqavilə idarənin arxiv qovluğunda aşkar edilməmişdir. Vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu təqdim edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, sahəsi 1200 kv.m olan, 197D saylı bağ sahəsinin X9 mülkiyyət hüququ ilə məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 və X7 hazırki inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər XDS İK X2 və İstismarı Birliyi ilə icarədar X10 arasında imzalanmış xx.xx.2005-cı il tarixli 23688 nömrəli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 197 d nömrəli bağ sahəsi X9 icarəyə verilmişdir. X10 torpaq sahəsində abadlıq və yaşıllaşdırma işləri aparmışdır. 2005-ci il tarixli X2 və İstismarı Birliyinin müqaviləsinə əsasən qeyd edilən bağ sahəsi üzrə qanuni hüquqlar əldə etmişdir. Daha sonra həmin bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etmişdir. Müraciətinə əsasən 1200 kv.m sahəsi olan bağ sahəsinə dair müvafiq sənədləri yoxlanılmış və Bakı şəhər İH-nin BTİ və İB-nin xx.xx.2004-cü il tarixli 319 saylı protokolu əsas kimi götürülməklə, ona torpaq sahəsinin plan və ölçü sənədi təqdim edilmişdir. Həmin sənəddə torpaq sahəsinin koordinatları və s. məlumatlar qeyd edilmişdir. X10 29 aprel 2015-ci il tarixdə vəfat etmişdir. İddiaçının mərhum həyat yoldaşı qeyd olunan bağ sahəsinin qanuni istifadəçisi olmuşdur. 41 saylı Notariat ofisində vərəsəlik işi açılmışdır. Miras əmlakla bağlı mübahisə olduğundan həmin mübahisənin həlli üçün məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-342/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən miras qoyan X8 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə ərazisində 0,12 ha torpaq sahəsindən ibarət olan 197 d saylı bağ sahəsi üzrə olan hüquqlara (istifadə) X4 1/4 hissədə qanun üzrə vərəsəlik hüquqları tanınmışdır. Məhkəmə gedişatında İddiaçı və üçüncü şəxs Səfərova Mötəbər arasında imzalanmış barışıq sazişi məhkəməyə təqdim ediləcəkdir. Bu səbəbdən hazırki iddia ərizəsi üzrə tək iddiaçı qismində İddiaçı qeyd edilmişdir. Bundan sonra 41 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli cavabdehə ünvanlanmış məktubuna əsasən X8 vəfat etməsi ilə əlaqədar vərəsələri İddiaçı və X4 ərizəsi əsasında xx.xx.2015-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Surəti sorğuya əlavə edilən X14 kitabında xx.xx.2009-cu il tarixdə 12491 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi idarənin arxivində mövcuddur. Həyat yoldaşı vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün qanunun normalarına əsasən qanun üzrə vərəsənin qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinin üzərində vəfat etmiş şəxsin adına arayış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ vardır. Hazırda həmin bağ sahəsi iddiaçının istifadəsindədir. Bundan başqa, bağın icarəyə verilməsi haqqında müqavilənin cavabdehin arxivində aşkar edilməməsi imtina üçün əsas hesab edilə bilməz. Qeyd edilən hal iddiaçının iradəsindən asılı olan hal deyil və buna görə cavabdehlik daşımır. Həmin müqavilənin əsli iddiaçıda vardır, cavabdeh tərəfindən qeyd olunan müqavilənin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir, həmin müqavilə ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Torpaq sahəsinin ölçüsü 1200 kv.m-dir, heç bir mübahisə yoxdur, torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır, torpaq sahəsi hər hansı mühafizə ərazisində yerləşmir. Torpaq sahəsində fərdi yaşayış evi tikilərək istifadə edilməkdədir, sahə verildiyi vaxtdan həmin ölçüdədir. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edilərək, göstərmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən surəti əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 319 nömrəli sərəncamının idarənin arxivində mövcud olan nüsxəsində X8 adı aşkar olunmamışdır. Həmçinin təqdim edilmiş bağın icarəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli, “23688” nömrəli müqavilə idarənin arxiv qovluğunda aşkar edilməmişdir. Bundan əlavə elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsi “Sentrasoyuz” layihə institutu bağçılıq-yoldaşlığının ayrıc aktı daxilində yerləşir. Bağ nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs R.Daşdəmirov iddiaya etiraz edərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 1-ci hissəsində qeyd olunmuşdur ki, icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar X2 və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə Bağlar təsərrüfatı birliyinin nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə tədqim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq Protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokolda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Bakı şəhərində bağ sahələrinin verilməsi hazırkı Əsasnamə ilə həyata keçirilir. Vətəndaşlara bağ sahələri ya idarəyə, ya da bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində ayrılır. Dövlət imtiyazlı vətəndaşlar bağ sahələri ilə təmin edilmələrində müəyyən üstünlüklərə malikdirlər. Qeyd edilən Əsasnamənin 4-cü hissəsinə əsasən rəsmi sənədi olmadan 10 ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşların sənədlərinə Bakı şəhər İcra Hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq sərəncam qəbul edilir. Sərəncama əsasən ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda həmin bağ sahəsi (yaxud artıq olduqda 0, 12 hektarlıq hissəsi) aidiyyəti vətəndaşın adına təhkim edilir. Bunun üçün Bağlar Təsərrüfat birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: - Bağ sahəsini abadlaşdıran vətəndaşın ərizəsi; - Yaşayış yerindən 2№-li forma arayışı; - İş yerindən arayış, - Üç bağ qonşusunun təsdiq olunmuş qaydada ərizəsi; - Bağlar təsərrüfatı birliyinin mühəndisləri tərəfindən tərtib edilmiş yoxlama aktı; - Bağ sahəsinin planı "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 319 nömrəli sərəncamının surətindən görünür ki, Zirə bağ massivində X9 bağ sahəsinin verilməsi barədə X2 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli 92 nömrəli protokolunu təsdiq etmişdir. X2 və istismarı Birliyinin Zirə ərazisindəki 197D nömrəli bağın istifadəyə verilməsi haqqında 23688 saylı, xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 319 saylı sərəncamı ilə Zirə ərazisində 0.12 hektar torpaq sahəsi olan 197D nömrəli bağ müqavilədə göstərilən tikililər, qurğular və ağaclar ilə X8 istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A №123220 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Bakı şəhər İH-in BTİ və İB-nin xx.xx.2004-cü il tarixli 319 saylı protokolu ilə Əzizbəyov rayonu, Zirə bağ massivində bağ evi tikintisi üçün X9 verilmiş 1200 kv.m sahəsi olan 197D saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. xx.xx.2015-ci il tarixli, 725799 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2015-ci ildə ölmüşdür. Bakı şəhər 41 saylı Notariat kontorunun xx.xx.2024-cü il tarixli 175 nömrəli məktubundan görünür ki, X8 vəfat etməsi ilə əlaqədar vərəsələri İddiaçı və X4 ərizəsi əsasında 27 iyul 2015-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələrinin dairəsi müəyyən edilmişdir. İddiaçı hazırda bu sənədlərə istinad edərək 197d saylı bağ sahəsinin Namiq Səfərova verilməsini iddia edir və həmin bağ sahəsinə mülkiyyət hüququnun yarandığını iddia edərək buna dair arayış verilməsini xahiş edir. Lakin işdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2024cü il tarixli, 3-48-2F/2-1708/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhər İHB-nın 2004-cü ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncamı Dövlət arxivinin Bakı filialına təhvil verilməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 27 fevral 2025-ci il tarixli, 3-52/2-607/2025 nömrəli məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 nömrəli sərəncamı böyük həcmlidir və həmin sərəncamla X9 Zirə qəsəbəsində bağ sahəsinin ayrılması barədə hər-hansı müddəa aşkar edilməmişdir. Həmçinin cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mərhum X8 adına Bakı şəhər İH-nin BTİ və İB-nin xx.xx.2004-cü il tarixli 319 saylı protokolu (qərarı) ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 197D saylı bağ sahəsinin ayrılmasına dair ilkin torpaqayırma sənədi idarənin arxivində aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının tələbinin əsası kimi təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin heç birinin arxiv əsası mövcud deyil. Bu isə həmin sənədlərin mötəbərliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının təqdim etdiyi sənədlərin heç birinin onu qəbul etmiş inzibati orqanda və ya arxivsaxlayıcıda olmaması həmin sənədlərin mötəbər qəbul olunmasını istisna edir. Bundan əlavə, işdən görünür ki, iddiaçı əvvəl ayrılmış torpaq sahəsini naturada göstərmiş, cavabdeh həmin əraziyə baxış keçirərək müəyyən etmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 3035.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Sentrosayuz Layihə İnstitutu bağçılıqyoldaşlığın ayrıc aktı daxilindədir. Bağçılıq-yoldaşlığın bölgüsü olmadığından hansı bağ sahəsinin ərazisinə uyğun gəlməsini müəyyənləşdirmək mümkün olmadı. Həmçinin qeyd olunan tikililərin qeydiyyatı barədə məlumat yoxdur. Sənədlər toplusuna əlavə olunan (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X8 adına verilmiş **********0544 nömrəli plan-ölçü fərqli ərazidə yerləşir. Koordinatlarla göstərilən ərazi isə X5 məxsus **********0543 nömrəli (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan-ölçü ilə üst-üstə düşür.Sonradan iddiaçı 197d saylı bağın yerləşmə yerini dəyişmiş, fərqli konfiqurasiyalı ərazi göstərmişdir, hansı ki, həmin ərazi 12220 saylı torpaq sahəsinin plan və ölçüsündə göstərilən torpaqğın yerləşmə yerinə uyğun olmuşdur. İddiaçı iddia ərizəsində məhz göstərilən 12220 saylı torpaq sahəsinin plan və ölçüsünə istinad edərək, onun arxivdə mövcud olmasının digər sənədlərin də mötəbər qəbul edilməsinə əsas olduğunu bildirmişdir. Məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşmır, çünki hazırkı halda iddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi sərəncam və müqavilə, hansı tarixdə tərtib edilməsindən asılı olmayaraq qeyri-mötəbərdir. Yəni həmin sənədlərin 2009-cu ildə tərtib edilərək dövlət orqanına təqdim edilməsi nəticəsində plan və ölçünün tərtib edilməsi onların etibarlı olduğu qənaətinə gəlmək üçün əsas ola bilməz. Çünki həmin sərəncamı qəbul edən Bakı Şəhər İcra Hakimiyyəti xx.xx.2004-cü il tarixli sərəncamın olduğunu qəbul edir, lakin həmin sərəncamla İddiaçı torpaq ayrılmasını inkar edir. Bu isə iddiaçının təqdim etdiyi xx.xx.2004-cü il tarixli sərəncamdan çıxarışın saxta olmasını deməyə əsas yaradır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçının hüquqların dövlət qeydiyyatı üçün təqdim etdiyi sənəd həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş sənədlərə uyğun olmamışdır. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4742/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4742/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver