Məhkəmə qərarları › İş №e-2-1(112)-4743/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4743/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4743/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, üçüncü şəxs X12 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X24, X8, X19, X15, X25 və X13) “mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququnun iddiaçının mərhum atası X6 məxsus olması barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırırılmışdır ki, İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanında yerləşən mərhum atası X5 mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət ünvanlamışdır. Həmin müraciətə əsasən cavabdeh inzibati orqan iddiaçının şəxsi və xüsusi mülkiyyətinə olan hüquqlarının qeydiyyatından boyun qaçırmaq üçün İdarənin mütəxəssislərinə şərait yaradılmadığı və qeyd olunan mənzildə məcburi köçkünlərin məskunlaşdığını qeyd edərək ərizənin icrasından imtina etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013cü il tarixli, 2 inz (81)-185/2013 saylı qərarına əsasən iddiaçının mərhum atası X2 76.18 kv.metrdən və otaqlarının sayı 5 otaqdan az olmayan yaşayış sahəsi ilə təmin olunması vəzifəsi Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bundan sonra, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının 367 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Yasamal Rayonu, Yeni Yasamal-1 küçəsi, 9 saylı evin, 45 saylı mənzili X6 verilmişdir. X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum atasının vərəsəsi kimi tanınmışdır. Bütün bu sənədlər cavabdehə təqdim edilmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli cavab məktubunda öz mülahizələrinə görə müxtəlif bəhanələr gətirməklə öz vəzifələrinin icrasından imtina etmişdir. Cavabdeh tərəfindən qeyd edilən bütün arxiv sənədləri trəfimizdən əldə edilmiş və cavabdeh idarəyə təqdim edilmişdir. Lakin buna baxmayaraq adıkeçən məsul idarə, ərizəmi icra etməkdən səbəbsiz və əsassız yerə boyun qaçırmaqdadır.

3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilə dair təqdim edilmiş sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun deyil. Belə ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 367 saylı sərəncamı xx.xx.2013-cü il tarixdə verilmişdir. Həmçinin İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı və qeyd olunan mənzildə məcburi köçkünlərin məskunlaşdığı müəyyən edilmişdir.

4. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 9 saylı evin, 45 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 367 saylı sərəncamı xx.xx.2013-cü il tarixdə verilmişdir. Həmçinin İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı və qeyd olunan mənzildə məcburi köçkünlərin məskunlaşdığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir.”

5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 9, mənzil 45-də qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir.

6. Məhkəmənin sorğusuna əsasən Qaçqınların və X14 üzrə Dövlət Komitəsi xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, Komitədə olan məlumata əsasən məktubda göstərilən ünvan 2 ünvanında adları qeyd edilmiş vətəndaşlar X24, X8, X19, X15, X25 və X13 faktiki olaraq məskunlaşmışlar.

7. Azərbaycan Respublikasi Dövlət X28 tərəfindən təqdim edilən Yasamal rayon İH-nin arxiv fondu üzrə xx.xx.2013-cü il tarixli, 367 saylı sərəncamının təsdiq edilmiş surətinə (fond- 142, siy.1, iş-1003, vər.149,150) əsasən qərara alınmışdır

1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2013-cü il tarixli, İş № 2in(81)- 185/2013 saylı Qərarı icra edilsin;

2. X1 mənzil verilməsi barədə Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 200 saylı sərəncamı və bu sərəncama əsasən yazılmış 06.04 1998-ci il tarixli, 031204 saylı order ləğv edilsin.

3. X1 - 4 nəfər ailə tərkibi ilə (özü. h/yoldaşı, 2 oğlu) Bakı şəhəri, Yeni Yasamal-1-də yerləşən 9 saylı evin yaşayış sahəsi 76.18 kv.m. olan 5 otaqlı 45 saylı mənzili verilsin.

8. Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın Bakı şəhər Ərazi İdarəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli X-103 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1957-ci il tarixdə anadan olmuş (FİN kod: 1U08UDK), ölən günədək, yəni xx.xx.2022-ci il tarixədək, Baki şəhəri, Y.ünvan 4 ünvanında qeydiyyatda olmuş mərhum X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsə oğlu - İddiaçı tərəfindən Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət daxil olmuş, tərəfimizdən vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA-02775-2022 saylı arxiv çıxarışına və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 367 nömrəli sərəncamına əsasən ünvan 5 ünvanında yerləşən 45 saylı MƏNZİL-ə miras qoyan X5 adına mülkiyyət hüququnu təsdiq edən sənəd verildikdən sonra onun vərəsəsinin dairəsi müəyyən edilərək vərəsələrə vərəslik hüququ haqqında şəhadətnamə veriləcəkdir.

9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2013-cü il tarixli, İş № 2in(81)- 185/2013 saylı Qərarı ilə iddiaçı X10 iddiasının təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 200 nömərli sərəncamı və xx.xx.1998-ci il tarixli ******* nömrəli orderin ləğv edilməsi, X5 iddiasının təmin edilməsi, X2 76,18 kv.mdən və otaqların sayı 5 otaqdan az olmayan yaşayış sahəsi ilə təmin olunması vəzifəsinin Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012ci il tarixli qərarından görünür ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə X10 Bakı şəhəri, Yeni Yasamal-1, 13 N-li evin 43 №-li mənzilinə (bundan sonra mübahisəli mənzil) yaşayış hüququnun tanınması və həmin mənzilə icarə müqaviləsinin bağlanmasının cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir. Adıçəkilən qətnamə Yasamal rayon İcra Hakimiyyəti tərəfindən icra edilmiş, iş materiallarında olan 374 N-li xx.xx.2004-cü il tarixli Sərəncamdan görünür ki, X11, ailə tərkibi 4 nəfərlə (özü, arvadı, oğlu, qızı) məskunlaşdığı mübahisəli mənzilə order verilmişdir. İş materiallarından görünür ki, mübahisəli mənzilə dair 4 nələr ailə tərkibi ilə X11 Yasamal rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2004-cü il tarixli 037259 N-li Order verilmişdir. X3 mübahisəli mənzili özəlləşdirmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvenlarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən mübahisəli mənzilin xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olmasına dair ÖM seriyalı, 227340 Nli. xx.xx.2005-ci ıl tarixli Qeydiyyat vəsiqəsi verilmişdir (iş materiallarına əlavə edilmişdir). Eyni zamanda həmin mübahisəli mənzilin Ç.Mustafayev küçəsindəki qəza vəziyyətində olan 3 N-li evin sakini X6 7 nəfər ailə tərkibi ilə (özü. arvadı, 3 oğlu, qızı, qaynanası) verilməsi barədə Yasamal rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.1997-ci il tarixli 200 N-li Sərəncam və Yasamal rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1998-ci il tarixli 031204 N-li Order verilmişdir (sərəncam və order iş materiallarına əlavə edilmişdir). Göründüyü kimi, evin mənzilə dair Yasamal rayon İcra Hakimiyyəti tərəfindən iki fərqli şəxslərə sərəncam və order verilmişdir. İş materiallarında olan Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 64 saylı Mənzil Kommunal İstismar Sahəsinin 98 N-li iyun 2012-ci il tarixli Arayışından görünür ki, X9 ünvan 6 ünvanında xx.xx.1990-cı il tarixdən qeydiyyatdadır. Mübahisə predmeli olan Yasamal rayon Məhkəməsinin adıçəkilən Sərəncamından görünür ki, X9 ünvan 8 ünvanında qeydiyyatda olmuş və həmin mənzil Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 591 N-li Sərəncamı ilə kəskin qəzalı ev hesab olunmuş və bu əsasdan ona cavabdeh tərəfindən mənzil ayrılmışdır. X7 öz izahatında və iddia ərizəsində qeyd etmişdir ki, mübahisəli mənzili 1992-ci ildən Laçın rayonundan məcburi köçkün düşmüş X17 öz ailə üzvləri ilə birlikdə zəbt etmiş və həmin mənzildə məskunlaşmışlar, bu əsasdan o, həmin evə köçə bilməmişdir. Məhkəmə hesab edir ki, X6 Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 200 №-li Sərəncam və xx.xx.1998-ci il tarixli 031204 №-li Order Yasamal rayon İcra Hakimiyyətinin hüquqa uyğun olmayan hərəkətləri nəticəsində ləğv edildiyindən, X6 digər yaşayış sahəsi verilməlidir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X24 iddia tələbinə etiraz etməyək işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

16. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmənin mövqeyi

17. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Yasamal Rayon İH-nin başçısının xx.xx.2013-cü il tarixli, 367 saylı sərəncamı ilə X6 4 nəfər ailə tərkibi ilə birlikdə verilmişdir, həmin şəxs isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 40 saylı Notariat Ofisinin cavabdehə ünvanlanmış məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir.

18. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

21. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarının əsas gətirilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir.

22. Konstitusiya Məhkəməsinin Plenumunun nümayiş etdirdiyi mövqeyi ona deməyə əsas verir ki, əgər kirayə müqaviləsinin bağlanılması barədə sərəncamda və ya kirayə müqaviləsinin özündə kirayəçi ilə yanaşı, həmçinin kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin adları göstərilmişdirsə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin tələbləri baxımından kirayəçinin özü və ya kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri (razılıq ərizələri əsasında) mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatını tələb etmək hüququna malikdirlər. Başqa sözlə, əgər kirayəçinin və kirayə müqaviləsində qeyd olunan digər şəxslərin razılıqları olarsa, bu zaman kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvü mənzil üzərində mülkiyyət hüquqlarını tələb edə bilər.

23. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 9 saylı evin, yaşayış sahəsi 76,18 kv.metr olan 5 otaqlı 45 saylı mənzil X6 ailəsi ilə birlikdə yaşamaq üçün verilsə də, həmin şəxs vəfat etdiyindən qeyd edilən əmlaka dair vərəsəlik işi açılaraq İddiaçı mərhum atasının vərəsəsi kimi tanınmışdır.

24. Məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər mübahisə predmetini təşkil edən əmlakın iddiaçının mülkiyyətinə keçməsində digər ailə üzvlərinin razılığının olduğunu ifadə edir və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən kirayəçinin özü və ya kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılıq ərizələri hesab oluna bilər. Beləliklə, iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir.

25. İşin faktiki hallarından, o cümlədən cavabdehin etirazından göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hal qismində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 367 nömrəli sərəncamın xx.xx.2013-cü il tarixə aid olmasını göstərmişdir.

26. İddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədinin olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

28. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

29. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.

31. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin həmin maddənin tələbindən də aydın olur ki, həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də müəyyən edilmişdir.

32. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Yasamal Rayon İcra Hakimiyyətinin “Məhkəmə qərarının icrası haqqında” Sərəncamı xx.xx.2013-cü il tarixdə qəbul edilmiş olsa da, həmin mənzilə dair hüquq münasibətləri 2009-cu il oktyabrın 1-dək yaranmışdır. Belə ki, Yasamal Rayon İH başçının sərəncamı ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 19 iyun 2013-cü il tarixli, 2in(81)-185/2013 saylı Qərarı icra edilərək X6 mənzil verilməsi barədə Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 200 saylı sərəncamı və bu sərəncama əsasən yazılmış 06.04 1998-ci il tarixli, 031204 saylı order ləğv edilmiş, X6 4 nəfər ailə tərkibi ilə (özü. h/yoldaşı, 2 oğlu) Bakı şəhəri, Yeni Yasamal-1-də yerləşən 9 saylı evin yaşayış sahəsi 76.18 kv.m. olan 5 otaqlı 45 saylı mənzili verilmişdir.

33. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2013-cü il tarixli, İş № 2in(81)- 185/2013 saylı Qərarında göstərilmişdir ki, Bakı şəhəri, Yeni Yasamal-1, 13 N-li evin 43 №-li mənzilinə dair 4 nələr ailə tərkibi ilə X11 Yasamal rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2004-cü il tarixli 037259 N-li Order verilmişdir. Daha sonra sonuncu tərəfindən mənzil özgəninkiləşdirilmişdir. Eyni zamanda, həmin ünvana dair X6 Yasamal rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.1997-ci il tarixli 200 N-li Sərəncam və xx.xx.1998-ci il tarixli 031204 N-li Order verilmişdir. Beləliklə, həmin mənzilə dair Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən iki fərqli şəxslərə sərəncam və order verilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 200 nömərli sərəncamı və xx.xx.1998-ci il tarixli ******* nömrəli orderi ləğv edilməli, X2 76,18 kv.m-dən və otaqların sayı 5 otaqdan az olmayan yaşayış sahəsi ilə təmin olunması vəzifəsi Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir.

34. Məhkəmə hesab edir ki, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam 19 iyun 2013-cü il tarixdə qəbul edilmiş məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə verilsə də, həmin sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənəd kimi qəbul edilməlidir. Belə ki, mənzilin verilməsinə əsas olan məhkəmə qərarında qeyd olunmuşdur ki, X9 4 nəfər ailə tərkibi (özü, arvadı, 2 oğlu) ilə birlikdə 1997-ci ildə icra hakimiyyətinin müvafiq sərəncamı və müvafiq orderi əsasında mənzil ilə təmin olunmuş, lakin sözügedən sənədlər - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 200 №-li Sərəncam və xx.xx.1998-ci il tarixli 031204 №-li Orderi Yasamal Rayon İcra Hakimiyyətinin hüquqauyğun olmayan hərəkətləri nəticəsində verildiyindən ləğv edilərək, X6 digər yaşayış sahəsi verilməlidir.

35. Göründüyü kimi, mübahisəli daşınmaz əmlak xx.xx.2013-cü il tarixli sərəncam əsasında ayrılsa da, həmin mənzilə dair hüquq münasibətləri 1997-ci ildən, başqa sözlə 2009-cu ilin oktyabrın 1-dək yaranmışdır. Mənzillə bağlı hər hansı mübahisə yoxdur. Sərəncamda mənzilin eyniləşdirilməsi və mənzilə dair hüquqların qeydə alınması üçün zəruri məlumatlar mövcuddur.

36. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtinanın digər əsası isə qeyd olunan mənzildə məcburi köçkün ailəsinin məskunlaşmasıdır.

37. Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin məlumatına əsasən ünvan 2 ünvanında X24, X8, X19, X15, X25 və X13 faktiki olaraq məskunlaşmışlar.

38. Məhkəmə mənzildə yuxarıda adı çəkilən məcburi köçkün ailəsinin məskunlaşması ilə bağlı qeyd edir ki, həmin hal iddiaçının mənzilə dair mülkiyyət hüququnun tanınmasından imtina üçün əsas ola bilməz. Belə ki, sözügedən şəxslər hazırda müvəqqəti olaraq ünvan 2 ünvanında yaşayırlar. İcra hakimiyyətlərinin mənzil fondunda olan mənzilləri zəbt elmiş qaçqın və məcburi köçkünlərin hazırda dövlət proqramına əsasən dövlət tərəfindən inşa edilmiş evlərə köçürülməsi hamıya məlum olan haldır. İş materialları ilə də müəyyən olunur ki, hazırda həmin ünvanda qeydiyyatda olan şəxs yoxdur. Göründüyü kimi, cavabdeh «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün müəyyən olunmuş əsaslardan heç birinə əsaslanmadan formal mülahizələrə istinad etməklə müraciətin təmin edilməsindən imtina etmişdir.

39. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.

40. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququnun iddiaçının mərhum atası X6 məxsus olması barədə arayışın (çıxarış) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar